Sevgilim, nə yaxşı gəldin – QISA HEKAYƏ

Sevgilim, nə yaxşı gəldin – QISA HEKAYƏ
6 may 2016
# 11:59

Kulis.az Günel Natiqin “Sevgilim, nə yaxşı gəldin” qısa hekayəsini təqdim edir.

Divarın o tayından yenə tanış səslər gəlirdi:

- Gülüm, ürəyim, sevgilim...

- Pişiyim, popuşum, canımın içi...

Bu biri böyrü üstə çevrilib balışı qulağının üstünə qoydu. Səslər eşidilməz oldu. Balışı yavaşca götürdü, qulağını təzədən divara tutdu.

- Heç bilirsən, səni nə qədər sevirəm?

Kim bilməsə də o bilirdi. Bu adam hər gün gecə yarı gəlir, səhər erkəndən gedirdi. Ondan başqa bu adamı görən olmurdu. Amma bu adamı təkcə sevgilisi gözləmirdi. İkisi də gözləyirdi onu. Gecə yarıya qədər yatmayıb tanış addımları gözləyirdi.

- Canım sevgilim... Nə yaxşı gəldin... – divarın o tayından hər gün eyni sözlər qulağını oxşayırdı.

- “Nə yaxşı gəldin”, - o da özlüyündə pıçıldayırdı.

- Mələyim mənim, gəlməyə bilməzdim...

Sonra bu sözlər təkcə qulağını yox, bütün bədənini oxşayırdı. Səsin toxunuşunu üstündə hiss edirdi.

Divarın o tayındakı səslər get-gedə zəifləyir, sözlər bütün ixtiyarını təmasa verirdi.

- Sevgilim, nə yaxşı gəldin - qeyri-ixtiyari pıçıldayırdı.

Gecə gözəl sonluqla bitirdi. Lap sevdiyi filmlərdəki kimi.

Səhər işlədiyi dərzixanaya yollanırdı. “Sevgilim, nə yaxşı gəldin” – deyə pıçıldayırdı qeyri-ixtiyari. Başını qaldırmadan işləyirdi. Atelyedəki qadınlar çay süfrəsinə yığışar, tikməkdən çox qeybət edərdilər. Kimi ərinin qohum-əqrəbasının, kimi sevgilisinin, kimi də qonşusunun dedi-qodusunu edərdi. Arada da ona çımxırırdılar.

- Ay qız, çıx bu qaramatın içindən. Köynəklərin axıra kimi düyməli, ətəyin də ayağının üstündən. Bir az sərbəst ol, qadın ol bir az. Bu yaşa çatmısan, nə ailə var, nə oğul-uşaq. Parçaların içində itib-batmısan ey.

- Sevgilin olsa başa düşərik, amma o da yoxdur.

Belə vaxtlarda gecələr yolunu gözlədiyi “sevgilisi” yadına düşürdü. Xəfifcə gülümsəyib yenə parçaların içində itib-batırdı. İnsafən pis də tikmirdi. Amma bir dəfə bir müştərisi az qalmışdı paltarı onun başına çırpsın.

- Bu nədi belə? Özünə oxşayan bir şey tikmisən. Tikməmisən, quraşdırmısan. Nə bədənə yapışır, nə əyinə düz-əməlli oturur.

Qır-qızıllı, əndamlı xanım susmaq bilmir, durmadan deyinirdi.

Onda başa düşmüşdü ki, tikdikləri onun özünə oxşayır. Yəni bundan artıq azad, sərbəst ola bilmirdi.

Bir dəfə isə kişi gəlmişdi. Şalvarının balaqlarını qatlamaq istəyirdi. O isə qızarıb “mən kişilər üçün tikmirəm”, - demişdi. Kişini gülmək tutmuşdu: “Mən kostyum tikdirmirəm ki! Xahişim sadəcə şalvarın balağıdır”. O da tez-tələsik geri çəkilmişdi:

- Yox, yox, xahiş edirəm.

Kişi təəccüblə ona baxıb atelyeni tərk etmişdi. Məsələdən agah olan müdirsə düz bir saat mühazirə oxumuşdu.

O da qızarıb bozararaq onu dinləmişdi.

Belə vaxtlarda ağlamaq, kədərini göz yaşlarıyla yumaq istəyirdi. Amma gecəki görüşü xatırlayıb toxdayırdı.

“Sevgilim, nə yaxşı gəldin...”

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #