Qan Turalı: "Ucuz kafelərdə də, bahalı restoranlarda da ədəbiyyat uyuyur" MÜSAHİBƏ

Qan Turalı: "Ucuz kafelərdə də, bahalı restoranlarda da ədəbiyyat uyuyur" MÜSAHİBƏ
6 noyabr 2013
# 17:20

Yazıçı, Kulis.Az internet jurnalının baş redaktoru Qan Turalının “OLAYLAR”a müsahibəsi.

- İnsanların belə bir şakəri var, söhbətə başlamazdan əvvəl “Necəsiniz?” sualından sonra “Neynirsiniz?”ə keçir. Tural bəy, indi də sizdən soruşaq, neynirsiniz?

- Yeni romanıma nöqtə qoymuşam, iki ildən çoxdur ki, üzərində işləyirdim. Təkcə müəllif redaktəsi qalıb. Noyabr ayının sonuna kimi redaktəsini də qurtarıb nəşriyyata verəcəm. Bütün fikrim onun yanındadır, rahat kitab oxuya, başqa layihələrimi gerçəkləşdirə bilmirəm. Gündəlik cari işlər – Kulis.Az-da yazı işləri, APA TV-də efirə gedən verilişlə məşğul oluram, Slavyan Universitetində həftədə bir saat dərsim olur. Amma bütün boş zamanlarım romana ayrılır. Bitmiş bir romanın redaktəsi qədər insana narahatlıq verən şey yoxdur, yazı prosesi nə qədər zövq verirsə redaktə prosesi o qədər də cansıxıcıdır.

- “Aysellə pivə söhbəti” şeirinizdə belə bir fikir diqqətimi cəlb etdi: “Gözünün qarşısına xəyalım gəlsin, sənə uzansın, sən də ona bax və əlinə “Yeni Müsavat”ın son səhifəsini götür”. Real həyatda da insanlar üçün qalan səhifələrlə müqayisədə, daha çox qəzetlərin son səhifəsi maraqlıdır.

- Qəzetin son səhifəsindəki yerləşdirilmiş ümumi xəbərlər insanları daha çox maraqlandırır. Bizim vaxtımızda belə xəbərlərə aclıq vardı. 90-cı illərdə bu tip informasiyalara daha az yer verilirdi. Həmin illərdə belə bir kitab vardı – “Nələr olmur bu dünyada”, çox məşhur idi. Bu yaxınlarda həmin kitabı mağazaların birində, latın qrafikası ilə çap edilmiş variantını gördüm. Kitabda dünyada baş vermiş maraqlı hadisələr barədə məlumatlar yazılmışdı. Orada belə bir xəbər vardı: “71 yaşlı kişi ilə 17 yaşında bir qız evlənib”. Hər iki rəqəmi tərsdən oxuyanda eynisi alınır. İndiki dövrdə də belə məlumatlar insanlar üçün maraqlıdır və qəzeti həmişə arxa səhifədən oxuyurlar. Çox təəssüf edirəm ki, Azərbaycan ictimai rəyində qəzetlərin nüfuzu getdikcə, aşağı düşür. Bu da onunla bağlıdır ki, qəzet internetlə rəqabətə girə bilmir. İnternet hər şeyin yerini alır, qəzetin, musiqinin, teatrın, filmin, televiziyanın...

- “Polis qorxusuyla öpüşmək” kitabı satışa çıxarılandan sonra tez satılıb qurtardı. Əsərin sirri nədə idi ki, maraq bu qədər böyük oldu?

- Kitaba marağın olmasında onun üz qabığı və adının da rolu oldu. Cəmiyyət arasında tabulu mövzular var ki, onun haqqında fikir bildirmək və danışmaq çox vaxt çətin olur. Bununla belə həmin mövzular insanları dərindən düşündürür. “Polis qorxusuyla öpüşmək”də cəmiyyətin tabu mövzularına həsr edilmiş kitabdır. Kitab o tabuların bəlli bir hissəsini – sevgi, eşq və seksi gündəmə gətirir. İnsanların marağında olan mövzulara toxunduğu üçün tez satıldı. Gələn il üçün ədəbiyyatla bağlı kitab hazırlamağı planlaşdırıram. Planımda hər romandan sonra bir fikir kitabı buraxmaq var. Azərbaycanda fikir kitabları çox az çap edilir. Halbuki buna təlabat var. Hər bir yazıçı romandan əlavə öz düşüncələrini də cəmiyyətlə bölüşməlidir. Məncə, bu düşüncələrin bölüşülmə yeri romandan daha çox esse kitabları olmalıdır. “Bizə yalan söylədilər” adlı bir kitab da yazmışam, qurtarmağa az qalıb. İldə bir kitab çap etdirməyə özümə söz vermişəm.

- Yeni yaranan ədəbiyyatda kimləri bəyənmirsiniz?

- Əvvəllər yazıçılar haqqında “Ədalət” və “525-ci qəzet”də tənqidi məqalələr yazırdım. Bir müddətdən sonra isə tənqidi buraxıb nəsr yazmağa başladım. Nəsrə başlayandan sonra tənqidi yazılarımı, qeydlərimi bir kənara atdım. Bir yazıçının tənqidi işi ilə məşğul olmaq çox çətindir. Düzdür, son bir neçə dəfə yazıçılar haqqında tənqidi məqalələr yazmışam, amma nəsrə keçəndən sonra kimisə tənqid etməyi düzgün saymıram.

- Niyə?

- Bu iş üçün tənqidçilər var. Tənqidçinin əsas işi odur ki, bütün ədəbi prosesi təhlil edib, həmin mühitdə olan və az-çox əhəmiyyət daşıyan əsərlərə münasibət bildirsin. Şeir, hekayə, roman, povest, hətta dramaturji materiallara da tənqidçi münasibət bildirməlidir. Yazıçının tənqidi fikirləri daha subyektiv olur. Bizdə “yazıçı tənqidi” deyilən bir anlayış da var, lakin ədəbi tənqid olmadığı yerdə yazıçı tənqidi nə edə bilər axı? Böyük yazıçıların biri-birinə münasibəti bəzən çox ədalətsiz olub. Məsələn, Tolstoy Şekspiri inkar edirdi; Axundov Füzulini inkar edib, şair olmadığını deyirdi; Tolstoyun Dostoyevksi haqqında son dərəcə sərt fikirləri var; Cəfər Cabbarlı Hüseyn Cavid haqqında dəfələrlə tənqidi məqalələr yazıb. Onlarla belə nümunələr var ki, yazıçılar digərini ədəbiyyat adamı hesab etməyib. Hər bir yazıçının öz dünyası, ədəbiyyata baxışı, hadisələrə subyektiv yanaşması var. Subyektiv yanaşma ilə yazıçıları tənqid etmək o qədər də ədalətli deyil. Yazıçılar haqqında onun peşəkar oxucuları fikir bildirməlidir. Daha əvvəllər hər hansı bir yazıçının tənqidini bir neçə yazıçıya verirdilər, beş nəfər oturub bir yazıçını tənqid edirdi. Tənqidçilər susurdu, yazıçılar bir-birini qırırdı. Yazıçının yazıçını tənqid etməsi idraki baxımdan da etik deyil. Yazıçı tənqidin qısqanclıqla bağlı ola bilər. Hər halda eyni işi görən iki adamdan danışırıq. Necə ola bilər ki, Tolstoy kimi bir düha Dostoyevskini başa düşməsin?! Heç bilmirəm, o niyə elə yazıb? Hər halda maraqlıdır.

- Əsəd Qaraqaplan və Cəlil Cavanşir son zamanlarda çap olunan əsərlərilə yaxşı görünürlər. Siz necə, bəyənirsiniz?

- Hər ikisi də yeniliyə can atan adam, yeni estetikaları öz əsərlərinə tətbiq etməyə çalışan yazıçılardır. Fərqli fikirlər səsləndirməyə çalışırlar.

- Qeyd edək ki, yaxında Cəlil Cavanşirin “Dinlər, təriqətlər, peyğəmbərlər”i nəşr olundu.

- Təbrik edirəm. Bu layihə kimi Kulisdə çap edilirdi. İdeyası ikimizdən gəlib, qərar verdik ki, Azərbaycanda təriqətlərlə layihə edək. Əslində yazıçının bu tip kitablar yazmasını müsbət hal kimi qiymətləndirirəm. Çünki yazıçı hər şeydən qabaq toplum mühəndisidir. Yazıçı cəmiyyətin dərin qatlarına, qapalı qruplarına, gizli sektalarına enməlidir, onlar barədə məlumatlı olmalıdır.

- Kitab haqqında nə deyərdiniz?

- Kitabı hələ görməmişəm.

- Əkrəm Əylisli “Daş yuxuları”nı qeyri-peşəkar yazmışdımı? Qeyd edək ki, yazıçı əsərində Azərbaycan tarixini təhrif etməkdə ittiham olunurdu.

- “Daş yuxular” Əkrəm Əylislinin özü üçün enişdir, yaradıcılıq imkanlarından çox aşağıdır. Digər əsərlərilə müqayisədə, yazıçı üçün neqativdir. Amma ədəbiyyatın faktlara obyektiv davranacağına qətiyən inanmıram. Ədəbi təfəkkürün birinci fikri obrazlılıqdır, oxucunu inandırmaqdır. Tarix isə elmdir. Elmin əsas funksiyası faktları aşkarlamaq, dəqiqləşdirməkdir.

- “Şahmat məktəbinin direktoru” hekayənizdə belə bir fikir var: “Çayxanada oturub qəzet oxuyurdum. Qəzetdəki maraqlı məqalələr qurtardı və mən başımı qaldırıb çayxanadakı adamlara baxmağa başladım”. Həyatda da yazıçıların çoxu belə yerlərə üz tutur.

- Bir gün Səbuhi Məmmədli mənə dedi ki, “Şamaxinka” tərəfdə “Arzular” adında balaca bir kafe var. Getdik. Çox kiçik yerdir. Bir-iki dəfə Qismətlə də getdik. İkimiz də ordan məqalə yazdıq. Hərdən uşaqlarla baş çəkirik. Ucuz kafelər yoxsul insanların faciələri ilə doludur. Orada insanların nə cür yaşadığını görmək olur. Nimdaş paltarlar, kasıb süfrələr və buna bamxayaraq insanların hələ də ürəklərində sevincin tapılması, həyat eşqinin ölməməsi... “Neftçilər” tərəfdə bir bazarda ucuz yataqxana var. İnsanlar gecə orada qalmaq üçün bir manat ödəyirlər. Teodor Drayzerin “Kerri bacı” əsərində belə ucuz yataqxanalardan bəhs edilir. Orada həyatın dibində olan insanların faciəsi yatır. Ora da getmək istərdim, amma bronxial-astmam vardı, allergiyadan qorxub getmədim. Amma deməzdim ki, əsl ədəbiyyat ancaq yoxsul insanların toplaşdığı yerdədir. Şəhərin ən bahalı restoranlarında da insan faciələri, ədəbiyyatla bağlı hadisələr var. “Teleqüllə” restoranında da, 8-ci km bazarının ucuz kafelərində də ədəbiyyat uyuyur. Hər ikisində insan var, həqiqi ədəbiyyat isə orada deyil, ədəbiyyatla bağlı nəsə var və ondan yazmaq olar. Sadəcə əlavə stimul verir. Həmin yerlərdə nimdaş paltarları ilə köhnəlmiş masa arxasında ucuz yeməklər yeyən insanlarla rastlaşırsan.

- Bir dəfə yazıçı Dilqəm Əhməddən müsahibə götürəndə onunla şairmiş kimi davrandım. O isə mənə dedi ki: “İndikilər arasında bir şair tanıyıram, o da Aqşin Yeniseydir”.

- Poeziya haqqında fikir bildirməyi özümü səlahiyyətli hesab etmirəm. Çünki poeziyanı dərindən bilmirəm. Aqşinə gəlincə, o həqiqətən də parlaq, istedadlı, yaxşı şairdir. Amma Qisməti unutmaq da bir az ədalətsizlik olardı. Aqşindən 8 yaş gənc olmasına baxmayaraq, Qismət Azərbaycan poeziyasına yeni nəfəs kimi gəldiyini sübut edib. Ümumilikdə götürəndə Azərbaycan poeziyasında son zamanlarda da çox yaxşı nümunələr ortaya çıxır. Azərbaycan ədəbiyyatında yaxşı şairlər çox olub, ədəbiyyatımız şeirlə qurulub. Lakin indiki Azərbaycan ədəbiyyatında nəsrin əhatə dairəsi daha genişdir.

- Nə ilə bağlıdır?

- Nəsr əsərlərinin çoxalması şəhərləşmə, urbanizasiya, ölkənin modernləşməsilə bağlıdır. Qoyun yetişdirilən bir ölkədə nəsr nümunəsi yazıla bilməz. Nəsr burjua dövrünün hadisəsidir – Hegel belə deyirdi. Bu yeni həyatımızın şeir qəliblərinə sığmaması ilə bağlıdır. Artıq ölkədə romanlara maraq artıb, bu çox yaxşı haldır.

- “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır - Literaturşina polemikası”. Tural bəy, amma yazıçı Ceyhun Musaoğlu deyir ki: “Yaxşı yazıçı olmaq üçün çox oxumamaq lazımdır”.

- Ceyhun mənim dostumdur, amma səhv fikirdir. Yazıçıların çoxusu belə fikirləşir. Yaxşı yazıçılar birmənalı şəkildə yaxşı oxucu olublar. Azərbaycan ədəbiyyatına baxanda da bu belədir. Ən parlaq yazarlar – Mirzə Cəlilindən tutmuş Yusif Səmədoğlusunadək – bunların hamısı öz mütaliələri ilə öyrənən adamlar olub. Başqa cür olada bilməz, yaxşı oxucu olmadan, yazıçı olmaq mümkünsüzdür. Səndən qabaq kəşfləri bilmədən fizikada böyük alim ola bilməzsən. Sovet dövründə belə bir hadisə olub. Bir fəhlə riyaziyyatla bağlı kəşf edir. Həmin kəşfini akademiyaya təqdim edir. Alimlər fəhləyə deyirlər ki, onun kəşfi laqorifimdir və bu ondan iki əsr qabaq kəşf edilib. Çünki bu adam laqorifmi bilmirdi, ona görə də bu səhvi edib. Ədəbiyyatda da belə hallar tez-tez təkrar olunur. Bunun üçün oxumaq lazımdır.

- Yazıçılar çox içirlər. Yoxsa ki, spirt yaradıcılığın əsas tərkib hissəsidir, yazdırır?

- Ədəbiyyat adamının içki düşkünü olmasını yaxşı hal kimi qiymətləndirmirəm. Tarix ərzində içməyən yazıçılar çox olub, onlar dəhşətli nümunələr yaradıblar. Dilimə içki vurmadan iki ay çox rahat yaşaya, yaza bilirəm. İçki yazıçılar üçün bir qədər rahatlaşma vasitəsidir, normal həyat tərzindən uzaqlaşdırır. Beynin bir çox funksiyasını – eşitmə və görməni dondurur, poetik şeylər haqqında düşündürür. Ədəbiyyat adamlarının tez xəstələnməsinin əsas səbəbi alkoqolizmdir. Şəhərin bu başından düşüb o birisi başınadək yüz kafeyə girsək, kafelərin səksən faizində yazıçıları görəcəyik. İçkiyə meyillilik ədəbiyyatımızda xroniki haldır. Anarından tutmuş Mövluduna qədər bu belədir.

- Yazıçı niyə yazıb qurtarmır?

- Məsələn, Elis Munro yaradıcılığının artıq bitdiyini elan etdi, elə hesab edirdi ki, yazıb qurtarıb. Və bundan sonra Nobel aldı. Amerikan yazıçısı Filip Rot da belə etdi. Rotun Amerika mətbuatına verdiyi müsahibəsini oxudum. O deyirdi: “Hər səhər içmək üçün qabağıma portağal şirəsi qoyuram və özümü çox xoşbəxt hiss edirəm ki, bu gün heç nə yazmayacam”. Rot həddindən artıq məhsuldar yazıçıdır, 20-dən çox romanı var, hal-hazırda yaşayır. Adı Nobelə namizədlər siyahısında da vardı. Yaxud, Markes 2006-cı ildə belə bir bəyanat səsləndirdi ki: “Bu il heç nə yaza bilmədim”. Həmin ildən başlayaraq Markesin heç bir əsəri ortaya çıxmadı. Axır vaxtlarda Azərbaycan ədəbiyyat adamlarının əksəriyyəti də yazmamağa üz tuturlar. Jurnalist səkkiz saatlıq işdən çıxandan sonra deyə bilməz ki, “mən jurnalist deyiləm”. Tutaq ki, bir qəza görsün, dərhal redaksiyaya bu haqda məlumat verəcək. Yazıçının 24 saatı müşahidələr, düşüncələr və xatirələrlə keçir. Hər şeyə bədii material kimi baxır. Paranoik ruh halıdır. Burdan xilas olmaq çox çətindir.

- Tural bəy, son olaraq nəşrinə hazırlaşdığınız axırıncı romanınız haqqında danışardınız.

- Yeni romanım “Fələk qırmancı” adlanır. Əsərin adı mərhum yazıçımız Mehdinin eyniadlı romanından götürülüb. Roman Mehdi Bəyazid kimi yazmayan yazıçıdan bəhs olunur. Mən bu əsərdə ikili zaman konsepsiya ilə işləmişəm. Əsərin digər qatı isə azadlığa can atan bir sufi haqqındadır. Bu mənim dördüncü kitabım, ikinci romanım olacaq.

# 2844 dəfə oxunub

Oxşar xəbərlər

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı - Onu kim qətlə yetirib?

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı - Onu kim qətlə yetirib?

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
# # #