“Dağıdıcı, yırtıcı sevginin möcüzəvi epopeyası...”

“Dağıdıcı, yırtıcı sevginin möcüzəvi epopeyası...”
24 oktyabr 2013
# 11:31

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz şair Məmməd İsmayıldır. M.İsmayılın ən sevdiyi əsər Knut Hamsunun “Pan” romanıdır. Müsahibə yazılı şəkildə alınıb.

- “Ən sevdiyiniz əsər” layihəsi üçün söhbətləşməyi sizdən xahiş edəndə niyə məhz Hamsunun əsərindən danışmaq istədiniz? Qəribədir ki, Knut Hamsunun “Aclıq”, və “Torpağın bərəkəti” kimi əsərləri daha çox əks-səda doğulub, ancaq siz onun məşhur olmayan “Pan” romanını sevirsiniz, bu əsər hansı məziyyətinə və üstünlüyünə görə sizin sevimli əsərinizə çevrilib?

- Əsərlərindən əvvəl yazıçı şəxsiyyəti gəlir. Ona görə də əvvəlcə yazıçının özü haqqında danışaq! Nədən başqa bir yazıçı yox, Knut Hamsun? Ağlıma və dilimə ilk gələn nədən onun adı oldu? Hamsun Şərqin, ya da Avropanın səsli-küylü şəhərlərində doğulmadı. Şimal təbiəti, zinrik gecə qaranlığı, arxasınca, gözqamaşdırıcı fərqli qütb işıqları, nəhayətsiz qarlı düzlər, bənzəri olmayan şimal meşələri Hamsunun bir yazar kimi içinə hopdurduğu sehrli aləmdir. Haralarda işləməyib Hamsun? Dünyaca ünə qovuşmaq üçün keçdiyi qeyri-adi həyat yoluna nəzər salanda heyrətlənməmək əldə deyil. Kasıb və “qaranlıq” bir ailədə doğulan, iş həyatında pinəçi şagirdi, altı aylarla göy başından, su ayağından çıxan okean ortasında balıq ovuna dayanan gəmidə matros yardımçısı, sərgərdan bir fəhlə, ayrı-ayrı sexlərdə usta köməkçisi, Amerikada kiçik satıcı köşkü xidmətçisi, oçaqçı, qəzet redaksiyalarında “şunu apar-şunu gətir” əl buyruqçusu! Alçaldıcı, ikinci dərəcəli işlər! Və yazıçılığa qədər ən böyük “vəzifəsi” “mirzəlik” olan sıradan birisinin Allah vergisi – fitri istedadıyla sonunda nələrə nail olduğunu görüb İlahi təqdirə şükran borcunun olduğunu dərk edirsən! Jan Jak Russonu, Lomonosovu, Qorkini çıxmaq şərtiylə Hamsun qədər dünya ədəbiyyatında “həyatın dibindən” sənətin zirvəsinə çıxa bilən başqa bir sənət adamı tapmaq çətindir. Bu anlamda təvazökarlıqdan uzaq olsa da, deyim ki, dövrün tərs şapalaqlarına baxmayaraq gələcəyə güclü canatımlarla öz-özünün arxası, köməyi, yolgöstərəni olub sonunda istədiyinə ulaşan, çıxış nöqtəsi, yüksəliş istiqaməti baxımdan bir-birinə çox bənzəyən Hamsunun həyat hekayəsi ilə ömürlüyüm arasında bir yaxınlıq görürəm. Amansız ehtiyacın, futbol topu kimi köşədən-köşəyə atılmışlığın, yer və iş dəyişimlərinin gətirdiyi tale sınaqlarının bu qədər bənzərliyi heyrətvericidir! Beləcə, əgər dünyəvi şöhrət boyölçümünü qarşılaşdırmasaq Hamsunla özümü dünyanın fərqli coğrafiya və vaxt kəsimlərində yaşamağımızdan asılı olmayaraq tale qardaşları sayıram. Bu mənada sualına cavabda Hamsuna öncəlik verməyimdə təsadüflərə yer yoxdur. “Pan” romanını bəzən povest də adlandırırlar. Hamsunun özgür, təbətlə iç-içə olan qəhrəmanları şimal təbiətinin özü kimi fərqli və gözəldir. Hamsunda nağıl kimi həyatı nağıl kimi ədəbiyyat hadisəsinə çevirmək istedadı var. Azad insanın sənət himni olan “Pan”ın istər Hamsunun yaradıcılığında, istərsə də dünya ədəbiyyatında ayrıca bir yeri var. Bu roman gözəl, hardasa dağıdıcı, yırtıcı sevginin möcüzəvi epopeyasıdır. Dədəmiz Adəm kimi Pan da ormanda özünə evcik düzəldib “orman və tənha adam” ömrünü yaşayır. Cəmi 30 yaşı var, 30 yaş qocalıq deyil axı. Sıxıb son fikri ortaya çıxardası olsaq, romanın mayasını sevgi hiss təşkil edir. “Sevgi”, bəlkə də Allahın işlətdiyi ilk sözdür. Nə zaman ki, “işıq olacaq” dedi, sevgi də o zaman doğdu. Allahın yaratdıqları o qədər gözəldir ki, sonralar qıyıb heç nəyi dəyişdirmək istəmədi. Həm də sevginin keçdiyi yollar “çiçək və qanla doludur” deyir, Hamsun. Amma sevgi həm də daşürəklidir, acımasızdır Hamsuna görə. Sevgi, ölüm qədər güclü, qısqanclıq, cəhənnəm kimi qəddardır. Hamsun da Dostoyevski kimi rəqibi olmayan tək ekspert, tək usta idi. O, qoynunda boy atdığı şimal təbiəti kimi gözəl, özgür, insanları-qəhrəmanları sevir. Nağıl kimi idillik həyatı nağıl kimi ədəbiyyat hadisəsinə çevirirdi. Ən doğrusu ona ustalığı ədəbi “izmlər”, sənət axınları, özündən təcrübəli və yaşlı yazıçılar yox, dünyanın başqa iqlim qurşaqlarına əsla bənzəməyən şimal təbiəti verdi. Qanunları yaradan da, yeri gələn də onları dəyişib pozan da yenə təbiətdir. Kobud külçəni dəyər biçilməz daşa döndərən də yenə odur. Oxucu onun həyat hekayəsini oxuduqca şübhə və inamsızlıq hissi keçirməkdə haqlıdır. Çünki oralardan buralara gəlmək gerçəkdən də ağılasığmaz bir şeydir.

- Romanın qəhrəmanı təbiətlə-insan sevgisi arasında təbəddülatdadır, hər ikisi həm onu yaşadır, həm də düşündürür. Sizcə, yazıçı bu paralel xətləri saxlamaqla nəyə işarə edirdi?

- “Pan”da Hamsun özünün təbiətə olan bütün büyüləyici psixologiyasını ortaya qoymuşdur. Əsərdə Qlanın gözü ilə dünya həyatına vəhşi-qurd həssaslığı və baxışı var. Ona əsla saat lazım deyil, saatı dənizin qabarma və çəkilmələrindən, ya da otların yatışından, oyanışından, quşların gün boyu dəyişən nəğmələrindən öyrənir. Özü də bunu belə ifadə edir: “...Mən vaxtı günortadan sonra qapanmağa çalışan güllərdən, çiçəklərdən, yarpaqlardan öyrənirəm, onlar gah işıqlı-yamyaşıl, gah da tutqun olur. Meşədə yaşayıram, meşənin övladıyam, yemək yeyəndə də masada yox, yerdə oturub yeyirəm. Burada hər şeylə danışa bilirəm, orman səsləri ürəyimin içindən gəlir...” Qlan bu etirafı sevdiyi qıza edir. Və onun bu sözləri qıza ən həzin musiqi kimi gəlir. Təbiətin hər anında bir yenilik, bir dəyişiklik Qlanın daxili səs musiqi kimi səslənir: “Sənə min şükürlər olsun, Allahım, gördüyüm hər kiçik işarət üçün. Mənim əziz meşəm mənim son sığınacaq yerim! Burada kapitalist yeniləşmə hərəkətlərinə baş qaldıran Jan Jak Russo idealına bir yaxınlıq duyulur. Jan Jak Russo deyirdi ki, kim ilk dəfə hələ mülkiyyətin nə olduğu bilinməyən icma quruluşu dönəmlərində hər hansı bir torpaq sahəsinin ətrafını çəpərləyib bura mənimdir dedisə, o bəşər cəmiyyətinin dövlətçilik və mülkiyyət ənənəsinin banisidir. O zaman ağıllı bir adam çıxıb çəkilən çəpərləri dağıdıb torpaq, – heç kəsin, məhsulu isə hamınındır desəydi, insanlıq sonrakı düşəcəyi bəlalara düçar olmazdı”. Hamsun da uzun zaman fərqiylə hardasa bu düşüncəni gündəmə gətirməkdədir. Bu sətirləri yazarkən çevrilib iş otağımda qohumdan-qardaşdan, dostdan-tanışdan uzaqda yalnızlığıma yoldaşlıq edən güllərə baxıram, o güllərə ki, mən onlarla ən sevdiyim insanla danışdığımdan daha içtənliklə danışıram.

- Knut Hamsunun "Torpağın bərəkəti" və "Aclıq" romanından fərqli olaraq burda ov daha çox əyləncə amili kimi nəzərə çarpır, həyat tələbatı kimi yox. Sizcə, Hamsun eyni sənətə niyə təkrar-təkrar müxtəlif aspektdən yanaşırdı?

- Bir az ədəbiyyatdan uzaq örnək olsa da deyim, heç bir əkinçi sahəsində becərdiyi yer altındakı məhsulu naşı bir adamın çıxarmasına etibar etməz. Bunun tək səbəbi, naşı adam ya yerin altında yetişən məhsulun harada olduğunu bilmədiyindən çıxardığını kəsəcək, ya da hamısını çıxarmayacaq. Amma əkinçi sadəcə tağın dibində deyil, sağa-sola uzanan köklərində daha çox məhsulun olduğunu bildiyindən bir təfkəç sağa, bir təfkəc də sola vurmaqla çəkdiyi zəhmətin əvəzini yerdən iki qatına çıxarar. İstedadlı və işgüzar yazıçı da hardasa eyni şeyi edir, beynində canlanan hadisə və süjeti sonuna qədər izləməyi sevir. Bir əsərində ələ aldığı mövzu, qəhrəman və ya hadisə o biri əsərlərinə də keçir. Bu da təsadüfü deyil. Əslində, təbiətdə hər şey davamlılığı sevir. Suyun davamlı axarı çayları, nəhrləri yaradır. Balzakla başlayan bu ədəbi yön Hamsuna da yabançı deyil. Və unutmamalı ki, arı çiçəyin ətrinə yox, şirəsinə uçur. Nə qədər ətri olur-olsun şirəsi sorulan çiçəyə arı yenidən qonmaz. Əsas şirəni sona qədər sormaqdır. Yazıçı da ələ aldığı mövzunun şəhdi-şirəsini sona qədər “sormamış” ondan əl çəkməz. Və dediyin fikirlə də razı deyiləm ki, “Pan”da ov daha çox əyləncədir. Qlan deyirdi ki, mən gülləni nəyisə vurub öldürmək üçün atmıram, atıram ki, yaşaya biləm. Ov Qlana təkcə əyləncə üçün yox, hardasa günlük ehtiyacını ödəmək üçün lazımdır. Qlan kimi insanlar, ya da belə deyək, qəhrəmanlar üçün təbii nemətlər sadəcə indiyə qədər yaşamış, ya da yaşayan nəsillər üçün deyil, eyni zamanda gələcək nəsillərin yaşaması üçün də gərəklidir. Ona görə də belə adamlar təbiəti istismar etmək yox, ondan ehtiyaclarını ödəmək üçün faydalanırlar. Əsərdə deyilir ki, yalnız aradabir yüksələn dəniz quşlarının və bir də Qlanın tüfənginin qurşun səsləri meşənin əbədi sükutunu pozurdu. Əsərdə yazıçının bizə təqdim etmək istədiyi Pan-Qlan deyil, güllərə, çiçəklərə, nəsnələrə ilk adları verən Adəmdi sanki. İnsanlar, quşlar, vəhşi heyvanlar yaşayan bu yalnız meşədə yalnız yaşam! Şərqi dinlə, qərbi dinlə, yox, sən ən yaxşısı Allahı dinlə bu sınırsız sakitlikdə. Bir şeirdə deyildiyi kimi, “Bəli sükutun da öz dili vardır”. Kəndlərin qəsəbələrə, qəsəbələrin şəhərlərə döndüyü, məkəzəqaçma hadisəsinin baş verdiyi, təbiətin amansızcasına istismar edildiyi bizim günlərin oxucularına Qlan xarakteri bəlkə də xoş gəlməyə bilər. Amma Hamsunun yazdığı əsərlərin kiminsə xoş gəlməsi deyə bir dərdi də yoxdu. Əslində, o elə təbiətin bir parçasıydı. Hamsun heç zaman öz-özünü təkrarlamadı. O, oxucularına bir-birinə bənzəməyən melodilər, ritmlər, qorxulu və tragik hadisələr verdi. Yazıçının sehri yandırdığı atəşdə və ya ehtirasdadır. Kim yanırsa, yandırmağı bacaran da odur. Hamsun hər zaman əgər belə demək mümkünsə qaynardır. Rus yazıçısı Kuprinin Hamsun ve onun “Pan” romanı ilə bağlı fikirləri ilə razılaşmamaq mümkün deyil, o yazırdı ki, “Pan”ın əsas qəhrəmanının demək olar ki, adı çəkilmir, bu, təbətin qüdrətli gücü, nəfəsində şimal dənizlərinin burulğanı duyulan böyük Pan, bəyaz gecələrin parlaq işığı, payızın “dəmir” gecələri, yarpaqların xışıltısı və sükutu, quşların çağrışımları, yuxu içində yuxu, həqiqətlə yuxu qarışımıdır. Romanı bir dəfə, beş dəfə, on dəfə oxuyursan və hər dəfəsində də şeirin, romantikanın bitib tükənməyən yeni çalarlarını tapırsan. “Pan” elə bir möcüzəvi romandır ki, yalnızca bu əsəri olsaydı, yenə də yazarına böyük şöhrət gətirə bilərdi. “Pan”, yazılarkən dil qrammatikası, özündən əvvəl gələn ədəbi təcrübələr, sonra gələcəklər, hansısa tənqidçinin haqqında nə deyəcəyi düşünülmədən yazılan bir əsərdir. Buna görə də əsəri oxuduqca yağışlı bir gündə görünməmiş bir çiçəyin vəhşi baş döndürən ətrini xatırlamalı oluruq. “Pan”ı dağlardan dərələrə, ovalara axan, dənizə çatmaq üçün hansı əngəllərlə qarşılaşacağını düşünmədən öz yolunu tutan çay ömrünə də bənzətmək olar.

- Sizcə, Qlanın itinin adının Ezop olması təsadüfüdürmü, yoxsa məlum miflə əlaqəlidir?

- “Panı” diqqətlə oxuduqda yalnız dəniz quşlarının və bir də ara-sıra Panın tüfənginin qurşun səslərini eşidirsən. Və bu səssiz meşələrin iki səsi var: Pan və iti Ezop! Bu təkrarsız əsərdə Panla Ezop münasibətlərində insan və təbiət bağlantıları iliyə işləyəcək bir həssaslıqla işlənmişdir. Məncə, bu ad məsələsində təsadüf aramağa dəyməz, kimə məlum deyildir ki, hər təsadüfdə bir zərurət gizlidir. İlk öncə onu deyək ki, fitri istedadını həyat təcrübəsi ilə birləşdirən sənətkarlar, nəinki, əsərlərinə və obrazlarına verdikləri adlarda, bəlkə hardasa az qala sözlər və cümlələrarası qoyduqları işarətlərə də yeni bir anlam ifadə etməyə çalışırlar. Bu mənada, “Pan”da heç nə təsadüfi deyil. Hələ desək “Ezop” adı da. Yunan mifologiyasının başlıca təmsilçilərindən biri olan Ezopun yaratdığı nağıl qəhrəmanlarıya böyük ünə qovuşduğu bilinməkdədir. Həm də bu qəhrəmanların aşağı-yuxarı hamısı heyvanlardı. Bəlkə “Pan”dakı Ezop da elə Ezopun nağıllarından çıxıb gəlmişdir, kim bilir. Amma eyniləşdirmək istəsək, əsərin sonunda Ezopun necə əzaba düçar olduğu görülür.

- Edvardaya olan sevgi əsərin baş qəhrəmanı olan Qlanı dəyişir və Qlan öz həyatına qayıda bilmir. Sizcə, bu məqamda sevgi insanın həyatının təyinatını dəyişməsi üçün vasitə kimimi göstərilir? Qlanı sanki sevgi yumşaldır və heyvani yaşamdan insani həyata gətirib çıxarır, siz necə düşünürsünüz?

- Mən deməzdim ki, sevgi Qlanı yumşaldır. Yumaşaldırmı? Bir sevgi yarasını sağaltmaq üçün bir başqa sevgi macərası aramaq insani, insani olduğu qədər də şeytani bir hissdir. Elə xarakterlər var ki, onlar, əgər etdiyi hərəkətlə kimdənsə qisas ala biləcəyini düşünsələr, bu yolda hətta öz səadətlərini də qurban verməyə hazır olurlar. Edvarda da belə bir xarakterə malikdir. Qlan və tacirin on altı yaşlı qızı Edvarda! Sevgi oyunları. İki sevgi arasında Qlan, tacir qızı Edvarda və sadəlövh Yeva. Qlanı qısqandırmaq üçün daha nələrə əl atmır Edvarda, yetər ki, Qlanı cızığından çıxartsın. Sevə-sevə sevdiyinə əzab vermək. Sevməyə-sevməyə Qlanın acığına başqasıyla nişanlanmaq və hər fürsətdə bunu Qlanın gözünə soxmaq. Edvardanun nişanlısı axsaq olduğundan Qlan da ayağına qurşun sıxıb şikəst olmaq istəyir. Bir-birini dəlicəsinə sevən bu iki sevgili, sanki bir-birindən qisas almaq üçün yarışa girir. Sonunda Qlanın problemi ilk baxışda adi görünən bir təsadüflə çözülür. Öz iradəsinin xaricində Qlan bir faciə düzəldir. Və bu faciənin qurbanı Qlanı sadə, amma sonsuz bir məhəbbətlə sevən Yeva olacaqdı. Qlanı isə Yevanı Edvardadan hayıf almaq üçün görüntü olaraq istəyirdi. Qlan, bu meşələr oğlu özü öz yaratdığı bu faciədən sarsılıb nə edəcəyini bilmir və beləcə özünün özündən qaçışı başlayır. Və harayasa uzaq bir yerə ya Afrikaya, ya da Hindistana getməyi qərarlaşdırır. Sonuncu görüşlərində Edvarda gözləri yaşarmış halda Qlana deyir ki, mən sizdən xatirə üçün bir şeylər istəyərdim, amma qorxuram bu sizin üçün həddindən artıq ağrılı bir şey olsun, Ezopu mənə verərsiniz? Qlan “Hə”dən başqa nə cavabı verə bilərdi ki?! Qayıdandan sonra Qlan, Ezopu yanına səsləyir, onu oxşamağa başlayır, başını itin başının yanına qoyur və tüfəngini götürür. Ezop sevinc içində zingildəyir, itə elə gəlir ki, hər zaman olduğu kimi sahibiylə birlikdə ova gedəcəklər. Bu zaman güllə səsi şimal meşələrinin hüznlü sükutunu pozur. Sonra Qlan adam tutub Ezopun cəsədini Edvardaya göndərir. Beləcə Qlan da öz qisasına görə onun üçün ən əziz olan bir varlığı qurban verir. Doğrudur, Ezopda ən yaxın dostundan ayrılmaq Edvarda kimi özünü, gələcəyini qurban vermək deyildi, amma bədii simvolik anlamda köpəyin cəsədi Qlanın Edvardonun üzünə vurması əvəz-əvəz idi. Sakit, ölçülü-biçili sevgi Hamsuna yaddır. Əslində, heç sakit, səssiz, ölçülü-biçili sevgi deyə bir şey də yoxdur. Sevgi deyəndə arxasınca iztirab gəlir. Sevgi hər zaman haradasa qaçınılmazlıqdır Hamsuna görə. Sevgi hardasa göylərdən tale kimi enib insanların başının üstündən asılır və onları vurğun kimi vurur. Nədir sevgi? Qızılgüllərin üzərindən əsən səhər yelimi? Yoxsa qanda elektrik qığılcımlarımı? Yox, sevgi hətta ixtiyarların belə ürəyini təlatümə gətirib rəqs etdirən alovlu cəhənnəm musiqisidir. O insanı məhv də edə bilər, ucalda da, ucaltdıqdan sonra yerə çırpıb usandıra da. ”Əzablı sevgi” Hamsunun bir çox roamanının “Pan”ın, ”Viktorya”nın “Misteri”nin ruhundan ana xətt kimi keçib gedir. Hamsuna görə oradakı fırtına səngiyib sakitlik başlayır, sevgi əriyib yox olur, poetikliyini itirir. Sevgi ilə əzab tale qardaşlarıdır. Sevgi büyüləyici əzab gözqamaşdırıcı və gözəl işgəncədir. İnsanlıq üçün sevgi büyüləyici bir oyundur həm də. Hamsun həqiqi sehrbaz, büyüləyici fantazi ustası, yorulmaz və bənzərsiz söz sərrafıdır. Knutun əsərləri kiminçünsə cansıxıcıdırsa, onunla şeirdən, romantikadan, ürəyin hakimiyyətindən danışmağın anlamı yoxdur. Sevgi həm də hardasa alın yazısıdır Hamsuna görə. Onuçün sevgi “Madam Bovari” sevgisi deyil. Onun üçün qadın kosmik enerjiyə sahibdir, kişidə sevgi oyandırdısa onu ya öldürür, ya ucaldır, ya da cinayətlərin uçurumuna atır. Hamsun boş bulvar yazıçılarından fərqli olaraq əsərinə qəhrəman kimi gətirdiyi qadınların geyim-keçimi ilə fərqləndirmək istəmir. Qadın təbiətin bir parçası kimi onun əsərlərinə necə varsa eləcə də daxil olurlar.

- Qlanın qadına aşiq olması, onun təbiət eşqini azaldır, o sanki əsl missiyasından uzağa düşür deyə faciə ilə üzləşir. Bu məqam, sizcə, niyə bu cür qabardılır?

- İnsan bütün varlığıyla təbiətin övladıdır. Bu yaxınlarda gərək ki, fizika sahəsində Nobel ödülü alanların “Tanrı parçasını” kəşf etdikləri haqqında xəbərlə çıxmışdı. Yəni kimə məlum deyil ki, insandan əvvəl Allahın bir “ol” sözündən insanlar yox, təbiət yaradıldı. İnsan təkamülü bundan sonra başladı. Əslində, təbiətdə nə varsa, insan öncəsinin varoluşlarıdır və biz də təbiətdən yarandığımızdan onun bir parçasıyıq. Bəlkə Hamsun insana sevgi xətrinə təbiətdən uzaqlaşmağın faciəyə gətirib çıxaracağını bizlərə xəbər vermək istəmiş, bilmirəm. Talesiz Suriyada Əl Mari şəhəri var. Bu şəhər adını böyük hikmət sahibi Əl Maridən almışdır. Bir zamanlar onun məzarını ziyarət etmişdim. Bilirsənmi onun məzar daşına nə yazılıb: “Mən atamın etdiyi yanlışlığı etmədim!” Nəymiş atasının yanlışlığı? Əlbəttə evlənməyi?! Yəni, mən evlənib Allaha olan sevgimi arvad-uşaqla bölüşmədim. Allaha, dolayısıyla təbiətə olan sevgidən vaz keçmək isə insanı faciəyə sürəkləyir. Təbiətə və verilən sözə xəyanətin son ucu hər zaman ölümdür.

- Edvarda gedəndə Qlandan onun iti olan Ezopu istəyir. Qlansa vermir, deyir ki, mənə olan hirsimi səndən çıxar. Qadına münasibətdə bu cur sərt reaksiya sizcə əsaslıdır? Kişiyə görə qadın onun itinə də əziyyət verir.

- Oğlum, sən bu fikri hardan çıxartmısan? Mən sənin beşinci sualını cavablandırarkən bu barədə geniş yazmışdım. Burada bir də təkrarlamaq zorundayam. Edvarda Ezopu Qlandan keçici olaraq istəməkdə “bəlkə də qaytardılar” düşüncəsinə qapılmış ola bilir. Bu bəlkə də son bir görüş üçün uydurulmuş bir qadın bəhanəsi idi. Qadınlar anadan həyata bilikli doğulurlar, biz kişilər çox zaman oxumaqla bilik sahibi oluruq. Yəni 30 yaşlı Qlan 16-17 yaşlı Edvardanın bu xahişi qarşısında nə edəcəyini bilmir. Və Ezopla daxili söhbəti keçirdiyi tərəddüdlərin psixoloji üzəvuruşudur məncə.

- Yunan mifologiyasına görə Pan meşə, tarla və mal-qara Allahı Hermesin oğludur. Qlanın barıtqabının üstündəki kiçik fiqur onun təsiri altında olduğuna işarə edir. Sizcə niyə əsər boyu bircə nüansdan istifadə edilərək ideya açılır?

- Dünya oxuya bilənə başdan-başa işarətlərdən ibarətdir. Bu işarətlər göyqurşağı da ola bilər, dörd qanadlı yonca da, nə bilim daha nə də. İnsan var ki, bu işarətlərin dilini bilir və həyatını bunun üzərində qurur, insan da var, ömrüboyu başını qaldırıb heç olmasa bircə dəfə də ulduzlu kəhkəşana baxıb heyrət içində yerindəcə donub qalmır. İşarətlərin dili ayrıca bir elmdir. Rus ədəbiyyatında gərək yazıçıların həyatlarında, gərəksə də əsərlərində bu işarətlərə tapınmalara az rast gəlinmir. Axtarsan bunu bizi ədəbiyyatda da tapa bilərik. Qlan kimi təbiətin oğlu üçün barıt qabının üstündəki fiqur da, məncə, Hamsun tərəfindən hazırlanan qəhrəman portretini tamamlamaq üçün istifadə edilən formaca kiçik, anlamca çox böyük bir düyünçə və ya detaldır...Ən kiçik zərrə atomdur... Amma...

# 4066 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #