Musa Yaqubun həsəd apardığı şair kimdir?

Musa Yaqubun həsəd apardığı şair kimdir?
30 iyul 2014
# 10:35

İyulun 2-si gözəl alim, şair-publisist Aydın Səlimzadənin İsmayıllıda keçirilən anım tədbirinə getmişdim. Tədbirdən sonra qələm dostum, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Musaoğlu ilə (bütün dostlar kimi mən də ona “İlqar Musayeviç” deyirəm) Buynuza getməyi qərara aldıq. Eşitmişdik Musa Yaqub xəstədir.

Buynuz yoluna çıxanda yadıma düşdü ki, 2010-cu ilin elə bu vaxtları mən, yazıçı-publisist İntiqam Mehdizadə, rejissor Vəli Səyyadi və dostumuz Allahyar Muradovla Buynuz yolunun üstündə, meşədəki kafedə Musa Yaqubun başına yığışmışdıq. Söhbət o qədər şirin idi ki, diktofonu yandırmalı oldum. Heç özüm də bilmədim bu söhbət nə vaxt müsahibəyə çevrildi. Düzü, heç Musa müəllim də bunun fərqində deyildi.

İndi üzü Buynuza gedəndə o söhbət yadıma düşdü. Fikirləşdim ki, Bakıya qayıdan kimi onun bəzi fraqmentlərini yazıya köçürüm... Mənim ilk şeirimi Musa Yaqub çap eləyib. O vaxt İsmayıllıda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olan Musa Yaqub, yadımdadır, o şeirimin bir misrasında düzəliş eləmişdi.

Onda təzəcə 21 yaşa keçmişdim. İndi 59 yaşım var. Musa müəllim isə ağır-ağır 80 yaşın qapısına yaxınlaşır. İndi isti bir yay gecəsidir. Musa Yaqubla dörd il əvvəlki söhbətə bəzi düzəlişlər edib onu yazıya alıram. Doğrudan da, vaxtın necə keçdiyini hiss etmək olmur. Amma dörd il əvvəlin səsini indi dinləyəndə, yenə o 21 yaşındakı oğlan və “Zəhmətkeş” qəzetinin cavan redaktoru gəlib dayandı gözümün qabağında. İndi də ilk qələm təcrübəmi ona göstərib deyirəm: “Salam, Musa müəllim! Sizə bir yazı gətirmişəm”.

Beləcə, keçirəm dörd il əvvəlki müsahibəyə...

- Musa müəllim, lap çoxdan yazdığınız məşhur bir şeiriniz var: “Dağlar nə qəribə olur gecələr”. Hardasa 2001- ci ildə qələmə aldığınız “Buynuza qar yağır” şeiriniz də var. Bu iki şeiri, gəlin, müqayisə edək. Birinci şeir təmiz poetik külçədir. İkinci şeiriniz isə publisistikadır - zamandan, dostlardan şikayət notları üstündə köklənib. Bu notlar, bu ovqat mənə elə gəlir ki, Musa Yaqubu poeziyamızın qızıl külçəsi olan “Dağlar nə qəribə olur gecələr” kimi şeirlərdən uzaqlaşdırır. Bir oxucu kimi mən bunu istəmirəm. Bu məqamla bağlı danışmağınızı istərdim.

- Bu, həm ömür, həm əhval- ruhiyyə, həm də zamanla əlaqəlidir. Deməli, Yazıçılar İttifaqından mənə ezamiyyət veriblər İsmayıllıya. Şeykəm yaylağına qalxmışam. Burda xoşbəxt günlər keçirirəm. Sovet dövrüdür. Kolxozun alaçıqları var. Bir alaçıqda da mənə yer veriblər. Bir dəfə alaçıqdan çıxıb dağlara baxdım. Orda nə cəmiyyət, nə insan, nə narazılıq... heç nə görməmişəm. Dağlar görmüşəm, o əzəməti, ucalığı, rahatlığı görmüşəm. Yəni belə bir sakitlikdə yazmışam o şeiri, nə var ürəyimdə, demişəm. Lakin o, “Buynuza qar yağır” şeirimlə tamamilə təzad təşkil eləmir. Yenə o təbiətdir, o Babadağdır. Ancaq mən elə dönəmlərdən, elə ziqzaqlardan keçmişəm ki... Nə bilim, Milli Məclisin, cəmiyyətin içindən keçmişəm. Yaşımın və arxadaşlarımın, yoldaşlarımın, dostlarımın etibarı, etibarsızlığı, yaxşısı, pisi içərisindən keçmişəm. Ailənin çətinliyindən keçmişəm. Dünyanın qəribəliyinə, mürəkkəbliyinə təzədən baxmışam. O şeirdə belə yer var ki, mən sanki dəmir bir seyfdəyəm. Elə bir seyfdə ki, gizli sənəd kimi orda yatıram. Bəzi adamlara arzuolunmazam. Bax, bu təzadların arasında o şey bəlkə də doğmalıqdan, bəlkə də nifrətdən, bəlkə də şöhrətdən, bəlkə də dünyanın ağır həyatından doğan hisslərdir. Yəni bunların arasında həm bənzəyişlər var, həm də qəribə-qəribə uzaqlıqlar. İkisi də mənimdir, könlümdə olan şeylərdir. Ancaq ayrılıqlar var.

- Bütün şairlərin yaradıcılığında avtobioqrafik məqamlar var. Bu, sizdə daha çoxdur. Və bu şeirlər sizdə həddindən çox gözəl alınır. Məsələn, atanız haqda olan şeir. Yaxud “Un işığı” poeması. Bunlar adamı çox duyğulandırır.

- Bu, həqiqətdir. Mən indi “Payıza baxıram” kitabını hazırlayıram. Bu kitabda seçmə şeirlərim olacaq. Mən o şeirləri korrektura xatirinə oxuyanda ağlamışam. Atam haqqındakı şeiri oxuyanda elə yerlər olub, vallah, təzədən ağlamışam ürəyimdə. Fikirləşmişəm ki, ay Allah, necə olub o şeir yaranıb? Biz o əzabların, ata, ana məhəbbətinin içindən keçmişik. Yaxınlarda Belinskinin qəribə bir fikrini oxudum. Deyir ki, həyatdan doğmayan, çətinlikləri görməyən adamlar bəzən oturub şeir yazırlar. Bu, “gəlincik-gəlincik” oynamaq, çör-çöplə oynamaq kimi bir şeydir. Ancaq o dərinlikdən, ürəyində çəkdiyin əzablardan yaranan şeir adamı göynədir. Mən ata-anamla bağlı o əzabları görmüşəm. O tərcümeyi-halımla bağlı şeirlər, doğrudan, mənim özümə də çox təsir eləyir. Nə təhər olub ki, ay Allah, mən onları yazmışam? Məsələn, atamla bağlı “Birinci qar” şeiri var. O əzabları çəkməsəydim, o şeiri yazmaq olardı? Ya da ki, “Atam... atam” şeiri. Ya da “Anamın məzarına layla” şeiri.

“Un işığı”nı oxumusuz. Allah haqqı, orda yazdıqlarım gözümün qabağında olub. Yadımdadır, gəldilər bizə. Bir kisə qarğıdalı unumuz vardı, azca da çörəyimiz. Gəldi o qadın, vallah, bizim kənddəndir, adını çəkmək düz olmaz. İndi onun uşaqları yolumda başlarından keçməyə hazırdılar. Gəldi o uşaqların anası ki, ay Rəbiyyə xala, başına dönüm, sənə qurban olum, uşaqlarım acdır, bircə kasa un ver. Düzdür, anam gətirib o unu verib, ancaq vallah- billah, onun pilləkənin altında xalça qoyub getməyini görməmişik. Allah rəhmət eləsin atama, niyə yadımda qalıb? Böyük şöhrəti olmayıb. Atam həyətə girdi, xalçanı gördü, az qala anamı öldürsün ki, bir kasa qarğıdalı ununa xalça almısan. Anam and-aman elədi ki, xəbərim olmayıb, vallah, görməmişəm, xalçanı gizlicə pilləkənin altına qoyub. O qış gecəsi atam yazıq anamı məcbur elədi ki, o xalçanı yiyəsinə qaytarsın. Atam dedi ki, mən quzğun Zəki deyiləm ki, bir kisə kartofu qızıla satam. Anam gecə o xalçanı çiyninə atdı, mən də onun dalınca düşdüm. Aparıb xalçanı verib qayıtdıq. Maddi dünya dəhşət şeydir, mənəvi dünya tam başqadır. “Un işığı” poemam bax, belə yaranıb.

***

“Un işığı” xatirəmdə qar işığına çevrilir. O ağappaq işığın arxasında özümü görürəm. Deyəsən, 8-ci sinifdə oxuyurdum. Qış idi. Möhkəm qar yağmışdı. Ara-sıra çıxan Günəşin qarı əritməyə gücü çatmırdı. Quzeydəki qar xarlamışdı. Belə vaxtlarda kənddə iş az olurdu, klub isə qaynayırdı. Nərd, domino, şahmat, az qala, ayaq açıb yeriyirdi. O gün yaşıdlarımla kənd klubunun həyətində dayanıb söhbətləşirdik. Hər yan qar olsa da, göydə Günəş par-par parıldayırdı. Uşaqlardan kiminsə əlində qəzet gördüm. Alıb baxdım. Dörd səhifəlik “Zəhmətkeş” qəzetinin sonuncu səhifəsindəki “Ulduztək üstümə səpələn, ey qar” misrası ilə başlayan balaca bir şeir məni sarsıtdı. Şeirdə qara müraciətlə deyilirdi ki, sən adamı üşüdürsən, soyuq gətirirsən, ancaq sənin təmizliyinlə isinmək olar.

“Təmizliyinlə isinmək olar”- bu fikir, elə bil, məni elektrik cərəyanı kimi vurdu. Bax, həmin şeirə görə Musa Yaqubu sevdim. Sonralar böyüdüm, az-çox dünya ədəbiyyatı ilə tanış oldum. Qar mövzusunda neçə- neçə bədii-sənədli mətnlər oxusam da, heç biri Musa Yaqubun o şeirinin əvəzini vermədi. Bu gün də, həmişə ilk qar yağanda o şeir yadıma düşür. Uzaq illərin arxasında qalmış o qış günü - Günəş işığından bərq vuran bəmbəyaz qar və o tər-təmiz, qalaylanmış səma Musa Yaqubun o şeirinə nə qədər oxşayırdı, İlahi!

Nə isə, qayıdıram müsahibəyə.

- Musa müəllim, 70-ci illərdə arada Bakıya getdiniz, ancaq şəhərdə çox qala bilmədiniz, qayıtdınız Buynuza. O Bakıya getməyinizə görə ürəyinizdə bir peşmançılıq hissi keçirmisiniz? Yəni o getməyiniz düz addım idi?

- Vallah, o getməyim zərurətdən doğmuşdu. Vəziyyətim rayonda o qədər də yaxşı deyildi. On yeddi il idi kənddə müəllimilk eləyirdim. Bəzən mənə müəyyən biganəlik olurdu. Ədəbi aləmdən, bir çox dostlardan uzaq idim. Bir də, könlüm qanadlanırdı Bakıya ki, bəlkə orda mənim üçün yaxşı olar. Yəni ürəyimdə getmək meyli vardı.

Uğurlu günədir niyyətim, yolum,

Gələrəm, gəlmərəm, bağışla məni.

Tutdun ətəyimdən böyürtkan kolu,

Yox, qala bilmərəm, bağışla məni.

Yəni o ağrılarla getdim. Ancaq o ağrıları mənə işıqlandıran, üfüqləndirən yaxşı dostlar oldu. Demək, səkkiz may günü işdən çıxmışam. Ondan bir ay əvvəl Fikrət Qoca, Əkrəm Əylisli Mirzə İbarhimova deyiblər ki, bəs Musa Yaqub Bakıya gəlir, ona bir iş vermək lazımdır. Gəldim Mirzə müəllimin yanına. Qayıtdı ki, a bala, gəl çıx da. Gəl çıx da, mənim abrımı töküblər. Sən kənddən gəlmisən, təmiz oğlansan, təmiz uşaqsan. Mənə o saat nəşriyyat şöbəsinin müdirliyi vəzifəsini verdi. Amma işim sənədləşəndə Mirzə müəllimin katibəsi Kübra xanım dedi ki, şəhər qeydiyyatın yoxdu, səni işə götürmək olmaz. Mən də elə bilirəm ki, Mirzə müəllim deyibsə, qurtardı-getdi. Yox, gördüm qanun qanundur. Getdim Azad Talışoğlunun yanına. Şair idi, həm də Daxili İşlər Nazirliyinin pasport-masa rəisi işləyirdi (Burda bir məqamı, yeri gəlmişkən, qeyd etməliyəm. Şair Azad Talışoğlu ədəbi aləmdən başqa, qəzet, radio və televiziyada çalışan bir çox jurnalist və rejissorların - hələ mən tanıdıqlarımdan danışıram - “şəhər qeydiyyatı” məsələsini həll edib. Özü də pulsuz və minnətsiz. Xatırladım ki, o vaxtlar şəhər qeydiyyatına düşmək zülm idi. Allah Azad müəllimə qəni-qəni rəhmət eləsin! - Q.Ş).Götürdü zəng elədi o vaxtkı Ordjenikidze rayon pasport şöbəsinə. O rayonda əmim oğlu yaşayırdı. Məni onun evinə qeydiyyata götürməliydilər. Azad müəllim dedi ki, Bakıya xuliqanı qeydiyyata götürmürəm, şairi qeydiyyata götürürəm. Bu iş on günə düzəldi. Bu tərəfdən də televiziyadan Məmməd Kazım məni çağırdı “Hünər” verilişinə. Orada heykəltəraş Fuad Əbdürrəhmanov haqqında böyük süjet hazırladım. Bu cür sənədli ssenarilər yazırdım. Mənə yaxşı qonorar verirdilər. Doğrusu, bu cür dostların, gözəl insanların hesabına Bakıda heç bir çətinlik görmədim. Həyatdır da, belə alınır.

Bakıya istəyib gəlmişəm. Ancaq o vaxtlar poeziyamızda yayılan “kənddən ötrü ölürəm”, “mən doğma yurda qayıtmalıyam” kimi çağırışlardan dəhşətli şəkildə xoşum gəlmirdi. A bala, gəlmisən Bakıya, yaşa da. Əgər kənd üçün ölürsənsə, çıx get kəndə. Daha bu ah-uf, ah-vay nəyə lazımdır? Belə şeylərə o vaxt da çox pis baxırdım. Mən istəyəndə gedib-gəlirdim kəndə. Sonra ailəmi də köçürtdüm Bakıya. Yazıçılar İttifaqından, “Azərbaycan” jurnalından bir çətinlik görmədim. Taleyin işi idi.

- Dağlar cavanlıqda sizə çox yaxın idi, yoxsa indi - bu yetmiş yaşdan sonra?

- Düzü, indi dağlara qalxa bilmirəm, ayağım ağrıyır, ona görə çətinlik çəkirəm. Ancaq o İsgəndər quşlarının sədası qulağımdadır. Onlar lap dağların əlçatmaz, ünyetməz yerlərində yaşayır. Vaxtilə onları tərənnüm edirdim, oylaqlarına gedirdim. İndi həsrətlərini çəkib yazıram. Deyirəm, ay Allah, bəs necə oldu o günlər, o vaxtlar? Ancaq mənim üçün həmən dağlardır. Türk dünyasında dağ mövzusunda çox şeir var. Nədir o dağı bizə bağlayan? Tək daşı, ağacı, çayı, suyu? Bəlkə də bu yaşda bizi maraqlandıran onun əyilməzliyi, ucalığı, əzəmətidir. Biz insanı belə görmək istəyirik. Biz onun ölməzliyinə, vüqarına, şimşəyinə, ildırımlı daşına həsəd aparırıq.

- Qədimdən bəri bu fikir var: deyirlər ki, insan bu dünyada tək olduğunu iki dəfə anlayır. Birincisi, insan bunu fitrətən bilir, amma buna əhəmiyyət vermir. İkincisi, insan yaddaşın mövcudluğunu hiss edəndə bunu başa düşür. Yaddaşla poeziya arasında qəribə bir əlaqə var. Gəlin, bu əlaqədən danışaq.

- Poeziya da yaddaş kimidir, əslində, insanla doğulur. Yaddaşla poeziyanı bir-birindən ayırmaq çox çətindir. Yaddaş, yəni yadda qalan deməkdir. Məsələn, insanın atası, kəndi. Yəni yadında qalan, yaddaşında yaşayan bir nəsnə, hesab elə ki, poetik bir lövhədir. Yaddaş anlayışı, düzü, əvvəllər bu qədər dəbdə deyildi. Bu, Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanından sonra çox aktuallaşdı. Doğrudan da, çox şey yaddaşdan asılıdır. Yaddaş insanı yaşadır. Yaddaş sənin içində fotodur. Ancaq o fotonu sən necə yazıya gətirirsən, onu sözlə necə yaradırsan, o da şairin zehnindən, sənətindən və bacarığından asılıdır.

- Musa müəllim, ağlıma gəlib, qoy soruşum: ürəyinizdə ən çox kimlə söhbət edirsiniz?

- Ən çox uşaqlıq dostlarımla söhbətləşirəm. Biz bir dəstə uşaq idik. Bizim May dərəsində günlərimiz keçib onlarla - gözəl, işıqlı günlər. Mayın ilk iki günü ora yığışardıq. Ən uzaq yerdən - Sibirdən belə kim vardısa bu kənddən, hamısı May bayramına kəndə qayıdardı. Düz on beş il yığılmışıq ora. Məsələn, bizim kənddən olan Həbib Ocaqov - indi professordur - Kamçatkada yaşayırdı. O da mütləq gəlirdi.

- Çap etmədiyiniz şeirlər var?

- “Qarağacların ölümü” şeirimi o vaxt çap eləmədilər. Ancaq Moskva çap elədi. “Karusel” vardı, qaldı. Beş şeirimə görə kitabımı nəşriyyat bir il gecikdirib. “Qlavlit” işə qarışıb, axırı bir ildən sonra o şeirləri kitaba sala bilmişəm.

- Hansı fəsil qəlbinizə daha yaxındır?

- Payız çox xoşuma gəlir, yəni düşündürücüdür. Adamların çoxu yazı sevir. Düz-dünya yaşıllaşır, gözəlləşir. Ancaq mənim üçün yaz, bir balaca şıltaqdır, dünyanın heç bir əzab-əziyyətindən xəbəri yoxdur, öz gülləri, çiçəkləri ilə elə bil, bir az güləyəndir. Mənim də o güləyənliklə aram yoxdur. Ancaq payızın bütün rəngləri və solğunluğu ilə ürəyim çox gözəl tutur. Payızın rəngləri arasında çox böyük fərqlər görürəm.

Orda bitməyəcək o bitən çiçək,

O yel, o xəzəli ayıltmayacaq.

Düzdür min-min belə payız gələcək,

Amma heç bu payız qayıtmayacaq.

Ardınca ki, baxırsan görürsən, payız deyil ee... ömürdür. Hər ömrün qəribə payızları var. Deyirlər ki, payız payızdır. Yox, bir payız o biri payıza bənzəmir. Heç vaxt fəsilləri bir-birinə qarşı qoymuram. Hamısını sevməsəm də, hamısı sevilməlidir. Payız mənə çox doğmadır.

***

Musa müəllim heç bunu deməsə də, şeirlərində parlaq payız ovqatını görmək çətin deyil. Həm də ki... Magistraldan Buynuza ayrılan yol sıx meşələrin çətiri altındadır. Buradakı sərinlik elə yayın ortasında da adama payızı xatırladır. Bəlkə də mənim aləmimdə heç nə insana can rahatlığı gətirən bu yol qədər Musa Yaqubu yada salmır. Bir də, düşünürəm ki, elə bu ağaclar, elə bu meşə kimi təbii olan Musa Yaqubun doğulduğu kənd yolu, əslində elə bu cür gözəl olmalıdır. Musa müəllimin sorağı ilə ilk dəfə bu kəndə gələnlərin, bu gözəl şairlə birinci tanışlığı da elə bu yolun gözəlliyindən başlayır. Mən bu yolu qışda qar dizdən olan vaxtlar da getmişəm. İndi o qar basmış ağacların, o ağappaq yolun əsrarəngizliyindən söz açsam, onda Musa Yaqubla bağlı bu yazını gərək sonraya saxlayam. Yol dedim, qoy oxucular məni bağışlasın, bir sözü də deyib, vallah, keçirəm müsahibəyə. Uzaq yola çıxanda həmişə ürəyimdə bir payız ovqatı yaranır və həmişə də Musa Yaqubun çox sevdiyim bu şeiri yadıma düşür:

Yollar, yenə yollar aldı qəlbimi,

Qulaq ver yağışın xəfif səsinə.

Damcılar qaranquş dimdiyi kimi,

Çırpılır vaqonun pəncərəsinə...

***

- Sizin poeziyanızda Şəhriyarla bir yaxınlıq var. Yəqin özünüz də hiss edirsiniz. Oğlunuzun da adı Şəhriyardır.

- O yaxınlığı mən təxminən altmışıncı illərin əvvəllərindən hiss edirdim. Hardasa ,1968-ci ildə Şəhriyarın “Heydərbabaya salam”ı təzədən çap olundu. Bu poema o vaxt bütün şairlərin dilində idi. Bizə çox doğmadır o. Şəhriyar doğmalığı, bilirsən, nədir? Kənddə doğulub, çətin həyat yaşayıb. Mən də kənddə eyni çətinlik və məhrumiyyətlərlə yaşamışam. Məni də yaşadan anam olub, onu da. Onun kəndi Xoşginab olub, mənim kəndim Buynuz. Taleyimizdə oxşarlıqlar var. Ona həsəd aparmışam. Niyə? Elə adi şeylərdən Şəhriyar yazıb ki, məəttəl qalmışam. Demişəm, yəni belə adi şeylərdən yazmaq olar? Özü də necə? Fikirləşmişəm ki, gərək mən də belə yazım, kəndimizi belə təsvir edim. Çox incə və nazik hiss və duyğuları var. Bax, o hiss və duyğular bizi birləşdirir, hardasa yaşadır. Mən onun oğlu Hadi ilə dostam. Şəhriyar şeirimizin, sənətimizin böyük zirvəsidir. Həm fars, həm türk dilində eyni cür - böyük sənətkarlıqla yazıb. O qədər şövqlü yazıb ki!

Gözəl quşlar gəlib burdan keçərlər,

Xəlvətləyib bulaqdan su içərlər.

Bu “xəlvətləyib” sözü o qədər mənə ləzzət eləyir ki!

- Musa Yaqub Azərbaycan poeziyasının nəhənglərindən biridir. Sizin poeziyanız haqda həmişə xoş sözlər eşidirik. Şöhrət sizə mane olmur ki?

- Mən də belə sözləri çox eşidirəm. Ancaq, Allah haqqı, mən bu cür sözləri özümə yaxın qoymuram. Çünki hərə özünü yaxşı tanıyır. Deyim ki, mən poeziyanın zirvəsindəyəm - bu, düz olmaz. Qısası istərəm ki, mənə o cür tərifli sözlər deyilməsin. Vallah, istəmirəm. Zaman özü bilər. Mən xalqımdan böyük razılıq eləyirəm ki, 800 il ərzində şahdırsa da, quldursa da, müharibəsi ilə, vuruşması ilə Xaqaninin, Nizaminin, Nəsiminin əsərlərini gətirib çıxarıb bura, mən də onları oxuyuram. Xalq poeziya qədri bilməsəydi, bu əsərlər gəlib bizə çatmazdı.

- Musa müəllim, siz Xaqanidən tez-tez misal çəkirsiniz. Birdən, qohum olarsız haa? (Əslində, mən bu zarafatı bilərəkdən eləyirdim).

***

Biz söhbət eləyəndə Lahıca getdiyimiz o günün mənzərəsi gözümün qarşısına gəldi. Onda “Niyaldağ” televiziya filmini çəkirdik. Qar Lahıcda təzə ərisə də, hələ soyuq çəkilməmişdi. Biz, yazıçı Manaf Süleymanlının evi ilə üzbəüz qonaq evində qalırdıq. Bir axşam Lahıcın ağsaqqal ziyalısı, doxsan yaşlı Ənvər Balayevgilə çəkilişə getdik. O bizə söylədi ki, Xaqani Lahıcdan yuxarı, Ximran adlı şəhərdə anadan olub. Orada böyük bir mədəniyyətin qalıqları var. Musa Yaqubgilin də kökü Ximrandandır. Onlar da buradan köçüb gediblər. Ənvər müəllim bunları söyləyəndə, yadıma düşdü ki, bir yay günü dostum, rejissor Vəli Səyyadi ilə Musa Yaqubgilə getmişdik. Axşamüstü yaxınlıqdan axan çayın kənarındakı kafedə başlayan qonaqlıq Musa müəllimgilin həyətindəki dalanda davam elədi. Qəfildən söhbət Xaqaninin üstünə gəlib çıxdı. Musa müəllim sanki elə bu məqama bənd idi. Xaqani mövzusu bir də səhər-sübhün ilk işartısında səngidi. Musa müəllim o qədər maraqlı danışırdı ki, indi də yadıma düşəndə yanıb-tökülürəm, niyə o vaxt özümlə diktofon götürməmişdim... Yadımdadı, Musa müəllim danışdıqca, elə bil, qədim Ximranın dağ-daşı üzərində Gün doğurdu. Mən Xaqaninin “Mədain xərabələri” ilə Ximranın qalıqları arasında bir doğmalıq gördüm. O qədim dünyanın uzaqlığı Musa müəllimin söz-söhbətinə qarışıb, bizi sehrləmişdi. İndi Ənvər müəllim Musa Yaqubun Ximrandan olduğunu deyəndə sanki o yay gecəsinə qayıtdım. Yenidən Mədainin, Ximranın xarabalıqlarını gördüm sanki. Xaqaninin səsini eşitdim, onun Lahıcın qədim küçələrində bir qaraltı kimi keçib getdiyini gördüm. Mən Lahıcı, Xaqanini, Musa Yaqubu belə tanıyıram, belə sevirəm. Ona görə də, indi Buynuzda bu şux zarafatın arxasında Musa müəllimin mənə nə deyəcəyi çox maraqlıydı...

***

- Vallah, mənim ürəyimdə belə qəribə bir yaxınlıq meyli var. Mən Xaqani haqqında “Dəyirman” poeması yazmışam. Niyə yazmışam, bilmirəm. Qohum haqda yazmıram ki, Xaqani haqda yazıram da. Mənim ata babam Zanqı kəndindəndir. Ximrana lap yaxındır. Oradan köçüb gəliblər. Ancaq Xaqaninin ruhu mənə o qədər doğma və əzizdir ki, elə bilirəm hardasa bizim bir qohumluğumuz, bizim bir məkanımız var. Bax, indi qalxaq evə, Xaqaninin kitabı stolun üstündədir, onu oxuyuram. Oxuyursan, elə bilirsən bu gün yazıb, o qədər adama doğma gəlir.

- “Bu dünyanın qara daşı göyərməz”. Bu məşhur şeir birdən yarandı, yoxsa onun da bir tarixi var?

- Tarixi var. Onda mən Əhmədlidə yaşayırdım. Mən yaşayan evin qarşısında böyük əhəng karxanası vardı. Onun şöləsi düşürdü bizim pəncərəmizə. Hər gecə səhərə yaxın oyananda durub ona baxırdım. Heç daşı da yandırarlar? Heç daş da yanar? Daşı o əzabla yandırırdılar. İlahi, bu nə olan şeydir? Əgər daşı yandırıb əhəngə döndərə bilirlərsə, demək, dünyada hər şeyi yandırmaq olar. “Əhəng daşı” adlı şeir yazdım. Sonra o məni, bax, yavaş-yavaş gətirib çıxardı bu şeirə. Və o şeiri ilk dəfə Bakıda Sabir adına kitabxanada oxumuşam. Şair Qabillə görüş keçirilirdi orda. O vaxtlar “Azərbaycan” jurnalında bir yerdə işləyirdik. O, baş redaktorun müavini idi, mən şöbə müdiri. Sonra da... Noyabrın yeddisi idi. Hamımızı yığmışdılar Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun otağına. Televiziya da çəkirdi. Şairlər Oktyabr inqilabı, Lenin, partiya haqda şeir oxuyurdular. Mən də qıraqda oturmuşdum. Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov, Süleyman Rüstəm də burdaydılar. Birdən Qabil yerindən qalxdı ki, Musa, ogünkü şeiri oxu. Mirzə İbrahimov dedi ki, a bala, əgər Qabil deyirsə, dur oxu. Oxudum. Əllər əvvəl göydə dondu. Çünki şeirin Oktyabra dəxli yoxdur axı. Birdən Rəsul Rza qayıtdı ki, çox gözəl şeirdir. Bunu deyəndə əllər hərəkətə gəldi, alqışlar kəsilmək bilmirdi. Hamı qışqırdı ki, sağ ol, ay Qabil! O şeirin çox qəribə taleyi oldu. Ona səksənə yaxın şeir yazıldı.

- Adam var təklikdə yaxşı düşünür, adam var sıxlıqda. Daha çox nə vaxt yazırsınız?

- Yayda az yazıram. Qalan vaxtı, nə vaxt düşdü, yazıram. Ailə var, uşaq, nəvə, ev, Allaha şükür, hər şey var. Ancaq birdən darıxıram. Niyə? Deyə bilmərəm. Bilmirəm, hardasa, nəsə çatışmır.

- Ürəyinizdən keçən şeiri yaza bilmisiniz?

- Yazmışam. Əksər şeirlərimdən razıyam. Narazı olduqlarım azdır.

- Siz həm də atasınız...

- İki qızım, bir oğlum var. Balalarımdan razıyam. Bu dünyanın övladlarıdır da. İndi az-çox onlara nəsihət eləmişəm müəyyən şeyləri. Ancaq indi hansı uşaq nəsihətə baxır ki? Min dörd yüz ildir “Quran”ın nəsihətlərinə qulaq asırıq? Mənim atam-anam savadsız idi. Ancaq bütün dastanları əzbər bilirdilər. Özü də bütün şeirləri ilə. Onları toylarda aşıqlardan öyrənmişdilər. Bir az təvazökarlıqdan uzaq olsa da, deyim ki, şair kimi yetişməyimdə ata-anamın rolu çox olub. Atamın dilindən eşitdiyim sözlərdir, dastandandır:

Qəflətdə yatmışdım gəldi yuxuma,

Ürəyim eşq ilə doldu, neyləyim?

Bəlkə də ürəyim elə o vaxt eşq ilə dolub, nə bilim. Poeziyanın daşıyıcısı o vaxt, əsasən, aşıqlar olub. Anam deyirdi:

Əzizinəm, bir üzdü,

Bir pərdədi, bir üzdü,

Üzün qoy üzüm üstə,

Görən desin: bir üzdü.

- Qonağınız çox olub bu evdə?

- Qulu Xəlilov, Anar, Məmməd Araz, Süleyman Rüstəm, Fikrət Qoca, Qabil, Oljas Süleymenov, Əkrəm Əylisli, İsi Məlikzadə, Sabir Rüstəmxanlı, Abbas Abdulla, İsa İsmayılzadə, Rəfiq Zəka, İshaq İbrahimov, Ələkbər Salahzadə. Sənət adamlarının əksəriyyəti bizim evdə olub.

***

Meşə qırağında tənha ev. Uzaqdan o nə qədər işıqlı görünür. Musa müəllimin həyətdəki dalanın altında oturub nəvəsi ilə çay içdiyini gördük. Bu dalanın yerə döşənmiş daşlarını Musa müəllim cavanlığında çay qırağından yığıb gətirib. Şimşəklərin möhürlədiyi bu daşların çoxu xına rəngindədi. Biz çay içib söhbət edəndə də bu daşlardan diqqətimi yayındıra bilmirdim. Babadağın, Niyaldağın, Canalı dağının başı üzərindən ötüb keçən şimşəklərin işığı donub qalıb bu daşların üstündə.

Hardasa saat yarım söhbətləşdik. Geri qayıdanda Buynuz meşələrinin dəyişən kölgələrini seyr edib, yenə o daşları, şimşəkləri, bir də, Musa müəllimin çox sevdiyim bir şeirini xatırladım:

Buludlar toqquşub coşanda hərdən,

Göylərin qılıncı düşəndə işə.

Meşə kənarında, tənha bir evdən,

Ürəyim nigaran qalır həmişə.

Qorxmaz Şıxalıoğlu

5-10 iyul 2014-cü il

# 3280 dəfə oxunub

Oxşar xəbərlər

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

15:00 16 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
Qar tanrısının qeydiyyatı haradır? - Qismət Rüstəmov

Qar tanrısının qeydiyyatı haradır? - Qismət Rüstəmov

16:25 15 iyul 2024
Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

12:00 11 iyul 2024
#
#
# # #