Xalq şairinin erməni qızı ilə macərası

Xalq şairinin erməni qızı ilə macərası
13 fevral 2014
# 09:00

Kulis.az xalq şairi Sabir Rüstəmxanlının “Xətai yurdu” kitabından “Erməni qızı olayı” yazısını kiçik ixtisarla təqdim edir.

(Yarımbaşlıqlar redaksiyaya məxsusdur)

“Elmiranın sizi sevdiyini bilirsiniz?”

Yadıma neçə il öncə olmuş bir əhvalat düşdü. Onda həkim dostumun dəvətiylə birinci dəfəydi Zuğulbaya gəldiyim. Neçə il keçib üstündən? Onda da tərki-dünyalığın kimsəni görmək, kimsəni eşitmək istəmədiyim bir anında, insan səsinə dəli ola bilmək vahiməsinə büründüyüm bir vaxtda qapım döyülmüşdü. “Özgə aləmdən” adam gözləmirdim. Şəhərin söz-söhbətindən, qayğılarından, hətta sevgisi və nifrətindən də uzaqlaşmaq istəmişdim. Amma üzünü cəmi beş-altı dəfə gördüyüm erməni qızı Nora, nə düşünübsə, Allah bilir, hansı yolla yerimi öyrənmiş və gəlib günahkar təbəssümlə qapının ağzında dayanmışdı.

- Hə, xoş gördük! Nə yaxşı?

- Gəlmək olar? Elə bilirdim qapıdan qovacaqsan!

- Qapıdan qovulmayacağına arxayınsan ki, gəlmisən. Keç!

Noranı azərbaycanlı rəfiqəsinə - Elmiraya görə tanıyırdım. Elmira hardasa Şərq bazarı tərəflərdə bunların evində kirayənişin qalırdı. Nora gülərüzlü, dilli-dilavər qızdı, azərbaycanca təmiz danışırdı, azca cəhd eləsə erməni olduğu bilinməzdi. Amma bəzi sözləri qəsdən rus-erməni tərzində işlədirdi, bu da danışığına ayrıca bir ahəng verirdi.

- Oy, bilməzsiniz, necə çətin tapdım sizi. Dedim, ölsəm də tapmalıyam. Çox uzağa gəlmisiniz. Müalicəyə?

- Yox, elə belə, səhərlər burdan dənizə, dənizdən bura qaçıram, vəssalam. İşim çoxdu...

- Hə... bildim. Yazmax işi. – gözucu masanın üstündəki kağızlara baxdı.

- Mən də neçə gündü işinizə zəng çalıram, cavap vermir. Sekretarşa da demək istəmir yerinizi, v otpuske, vse, axırda yalvardım ki, çox lazımdı, dedi.

- Gör nə qədər əziyyət çəkmisən.

- Əziyyət də olsa, tapmışam. Ürəyi istəyən tapar.

Abşeronun yaxşı vaxtıydı, hələ istilər düşməmiş, yal-yamacın yaşıllığı pozulmamışdı. Balkonun qırağına söykənmişdik.

Ömrünün ən şux çağını yaşayan zərif qızdı. Üzü elə bil qələmlə çəkilmişdi. Qaşı, gözü, burnu, dodaqları – ilahinin ilhamlı çağında yaradılmışdı. Axşam mehində saçları oynayır, üzünə dağılır, hər dəfə də dikəlib saçlarını boynunun ardında dəstələyəndə köksü dənizə doğru qabarır, donu ona darlıq edirdi. Qız özünü yaxın adamının yanındaymış kimi arxayın aparır, dərslərindən, Elmira ilə başına gələnlərdən üyüdüb tökür, arada cingiltili səslə gülürdü.

“Yəqin gəlişi elə-belə deyil, nəsə xahişi var, bəlkə kiməsə zəng vurdurmalı, kiməsə ağız açdırmalıdır...” – deyə düşündüm.

- İçmək istəyirsən?

- Bir şeyiniz var? Özüm gətirmək istəyirdim. Papamın yaxşı tut arağı var, Hadrutdan qohumları göndərif. İstədim bir şüşə götürəm, qorxdum bilər.

- Yox, məndə var, araq da, şampan da...

- Nədi, banketə hazırlaşırınız?

- Ehtiyata saxlayıram, birdən qonağım gəldi, ürəyim istədi.

- Qonaxların tez-tez olur? Bəlkə bu gün də kimsə gələcək? A ya naxalka... icazəsiz...

- Heç kimi gözləmirəm, qonağım da olmur.

- E...e! Həmişə yazmax olar?! İşdə yaz, burda yaz. Bəs nə vaxt dincəlirsiniz?

- Yaza-yaza dincəlirəm.

- Hər halda bu gün məni tək qoyub işləməyəcəksiniz? Ni tak?

Məni gülmək tutdu.

- Sizdən bir şey soruşum. Tolko, obeşayte, çto pravdu skajite!

- Buyurun.

- Elmiranın sizi sevdiyini bilirsiniz?

Gözlənilməz sualdan çaşsam da, gülə-gülə demişdim:

- Elmira bilmir ki, mənim tayım deyil, onun dədəsinin yerindəyəm?

- Yox bir! Dədəsi yerində! Eto ne pravda! Vı simpatiçnıy, molodoy çelovek! Devuşki za vas suma sxodyat!

- Sən də!

- Gülməyin e! Bax, biri Elmira.

- Elmira ilə bizim aramızdakını bilirsən.

- Boje moy. Heç nədən xəbəriniz yoxdur. O qız dəli-divanədi sizin üçün.

“Bu axşam yanınızda qalım”...

Bir az arxayınlaşdım. “Məsələ məlumdur, rəfiqəsinin “elçiliyinə” gəlib. Başları xarabdı, vallah!”.

Nora rəfiqəsinin hisslərini çatdırmaq istəyirdi.

- Gecə-gündüz sizdən danışır! Həyətdə ona verdiyimiz otağı sizin muzeyinizə döndərib, hardan tapıb o qədər şəklinizi? Harda adınızı görür, kəsib saxlayır, səhər-axşam şəkillərinizlə danışır, salam verir, dua edir onlara.

Elmiranın xüsusi münasibətini hiss etmişdim, amma əhəmiyyət verməmişdim.

- Yazıxım gəlir ona. Bəxti yoxdu! Rayona ərə gedib, boşanıb. Sonra orda qala bilmədiyinə görə gəlib Bakıya.

- Xoş gəlmisən, “çağırılmamış” yox, gözlənilməz qonaq. Amma sevindirdin məni. Yorulmuşdum, içməyə yoldaş axtarırdım. Sənin sağlığına.

- Sizin sağlığınıza.

İkinci dəfə özümə araq süzəndə:

- Bəlkə şampanı açım? Araq səni kefləndirər. Avtobusla gedəcəksən, yaxşı deyil.

- Qonax saxlamazsınız? Siz yazarsınız, mən yataram.

Bir anlığa çaşmışdım:

- Yaxşı, özüm apararam.

- Mənə inanmırsınız? Xahiş eləyirəm, yola salmayın. Qoy bu axşam yanınızda qalım. Gör necə gözəl axşamdır. Tezdən sizinlə dənizə qaçajam.

Pəncərədən düşən zəif işıqda qızın üzü aydın görünürdü. Düz sözlə əyri sözü seçmək çətin deyil ki... Cingiltili səs səmimiydi və yalan deyə bilməzdi:

- Yaxşı ki sizə rast gəlib, kömək eləmisiniz, yoxsa acından ölərdi, ya da alçaxın birinə rast gələrdi. Vı je ponimaete! Znaete kakie lyudi u nas... Ac canavar kimi...

Elmira deyilən qızla rastlaşmağım isə heç nəyi ilə seçilməyən, yüzlərlə təsadüfdən biriydi. Rayonların birində raykom katibi ilə ekologiya barədə söhbətləşməliydim. Qəbul otağında katibə qız çay təklif elədi.

- Mən sizi tanıyıram.

- Hardan?

- Necə hardan? Qəzetdən, televiziyadan.

- Hə, yazıçı artist kimidir...

- Yox, siz dərdli məsələlərə toxunursunuz.

- Bunun nəyi yaxşıdır? Millətimiz dərdi sevmir.

- Başa düşən düşür.

Bu sarışın, iri ala gözlü qızın tərifi canıma yağ kimi yayılsa da, müzakirə mövzusu olmaq istəməyib, mövzunu dəyişdim:

- Bəs siz nə işlə məşğulsunuz?

- Görürsünüz də...

- Xoşunuza gələn işdi?

- Gəldi-gəlmədi, rayonda iş tapmaq çətindi, institutu qurtaraq, sonra baxarıq...

- Harda oxuyursunuz?

- İncəsənət İnstitutunda, qiyabiçiyəm.

Sonra qız telefonumu xahiş eləmişdi, “Bakıya gələndə zəng vuraram” - demişdi, - birdən çətinliyə düşdüm. İki-üç ay sonra qız zəng vurmuşdu.

- Bakıda olacaqsınız?

- Hələ ki burdayam.

- Qış sessiyasına gəlməliyəm. Sizi görmək istəyirəm.

Belə xahişlərə öyrəşmişdim. Adamlar zülm içindəydi, xırda işlərini də öz gücləri ilə aşıra bilmirdilər. Ya pul, ya tanışlıq... Əyriliyin, saxtakarlığın içində, qapılarda, növbələrdə çürüyürdülər. Elə bil ayrı millətdəndilər. Ağrıları duymur, bir-birinə yanmırlar. Qızın xahişi də beləydi: rayonda qala bilmir, köməyi yoxdur: rayonda qala bilmir, köməyi yoxdur, atası ölüb, bir bacısı ərdə, anası balaca qardaşına zorla baxır, institutu qurtarana kimi Bakıda yaşasa yaxşı olar, imtahanları vermək də asanlaşar, onsuz da maaşı yollara gedir, elə iş axtarır ki, yataqxanası da olsun. Bu dumanlı söhbətdən bir nəticəyə gəldim: qıza əl tutmaq Allaha da xoş gedər, bir zəngim ilə onu arzusuna çatdıra, öz dediyi kimi xoşbəxt edə bilərəmsə, əsirgəmək kişilikdən deyil. Çarəsiz qalar, küçələrə düşər...

Elmiranın qeydiyyata düşməsi, işə girməsi belə olmuşdu. Bu işlər başa çatana kimi gəlib-getmişdi. Oturub tamaşa edir, qabağıma çıxan hər maneəni telefonla aşırmağıma baxa-baxa gözündə sevinc, minnətdarlıq duyğusu oyanırdı. Ala gözlərindəki parıltını Bakıda qalmağın əlaməti sadığım kimi, işə düzəlmək əmrini aldığım gün boynuma atılıb üz-gözümdən öpməsinə də təbii baxmışdım. Sonra qızın qayğıları başladı, ara-sıra gəlirdi, çox vaxt da bu erməni qızıyla. Yataqxanadan çıxıb otaq kirələmişdi, acgözlüklə can atdığı Bakının gur həyatı onu qoynuna almışdı, kinolar, teatrlar, görüşlər... Elmira erməni qızını göstərib “bu olmasa bağrım çatlayar” deyirdi.

“Bilirsiniz necə ağıllı qızdır? Heç bizdən seçilmir, özü də “azərbaycanlıya gedəcəyəm” - deyir. Aidiyyətim olmayan bu söhbətə məni də qoşurdular: “Belə işlər də var, deməli, hazırlaşırsan, Nora xanım?”. “E, zarafatdı da, amma düzünü deyim ki, Bakıdan kənarda yaşaya bilmərəm, mənim nəyim ermənidir, başa düşə bilmirəm. Sürücü atam, - xarici ölkələrə gedir, həftələrlə üzünü görmürəm, fabrikdə işləyən anam... Hərdən anamdan soruşuram, düzünü de, azərbaycanlı tanışın olmayıb ki, hirslənir...”. Söhbətə Elmira qoşulur: “Onda gərək sənə azərbaycanlı oğlan axtaraq”. “Nə bilim, bəxtim olsa, tapılar...” Yarıciddi, yarızarafat söhbətdi. Şuxluğun axarı ilə gələn bir atmaca atıb, şərt kəsmişdim: “ Erməniyə getməyəcəksən ha! .. Səni erməniyə vermərik. Lap toyun içindən də olsa qaçırarıq səni...Özüm qaçıracam!..” “Doqovorilis, razıyam!” Gülə - gülə ayrılmışdılar.

“Kül olsun elənçik yazıçıların başına”

Üçlükdə, rəfiqəsinin yanında dil – ağıza qoymayan Nora o axşam nədənsə narahatdı, sözlü adama oxşayırdı. Sən demə, Elmira söhbəti, sadəcə olaraq, bəhanəymiş... Amma qızın başının üstünü alıb: “ Tez ol, danış, niyə gəlmisən?” – demək də düzgün deyildi. Bəlkə elə qəsdən göndəriblər. Allah bilir kimin qarmağındadı bu qız... Nə iş gördüyümü öyrənmək istəyirlər...

Belə fikirlərlə qızın dilini açmaq üçün araq süzür, onun ahənginə uyğun söhbəti davam etdirirdim:

- Özüm üçün döymədiyim qapıları haqqı tapdalananlar üçün döyürəm. Adamları köməksiz görəndə ürəyim ağrıyır.

- Kakoy vı xoroşiy çelovek!

- Düzünü de, səni o göndərib?

- Allax haqqı, yox. Özüm gəlmişəm...

- Uşaq deyilik axı, onun özünü qəribə aparmasını hiss eləmişəm.

Ayrı nə söhbət ola bilər?

- Siz onun idealısınız!

- Öz işidir, nə olar! Amma mən qapımı açıb köməyə gələn, işi düşən adamlara ayrı gözlə baxa bilmirəm. Yəni adamlar bir – birinə təmənnasız kömək edə bilməzlər? İdeal əlçatmaz olsa yaxşıdı!..

- Yəni siz heç görüşməmisiniz?

- Sən bütün görüşlərimizin şahidisən, işdə, vəssalam!

Nora fikrə getmişdi. Axşamın sərin havası, araq, bir yandan da ideal məsələsi məni əməlli – başlı şənləndirmişdi. Onun dediklərinə ciddi baxmırdım, amma borc kimi elədiyim bir iş sevgiyə dönüb arxamca gəzirsə bundan yaxşı nə ola bilər? Onsuz da yavaş – yavaş keçib gedəcək, minnətdarlıq isə heç vaxt itməyəcək!..

Əslində çağırılmamış qonağın gəlişi ürəyimin dərinliklərində məni sevindirmişdi. Nora işimin çətin, ağrılı yerində gəlmişdi.

- Bilirsiz niyə gəlmişəm?..

- Yox

- Doğrudan bilmirsiz? Nə tez unutmusunuz! Mənə nə demişdiniz?

- Nə demişdim?

- Demişdiniz toydan da olsa qaçıracağam səni...

- Demişdim erməniyə getsən!..

- Hə indi məni istəməyə - istəməyə anamın bir uzax qohumuna verirlər. Heç bilmirəm bu avara hardan çıxdı.

- Deməli, şərtimizi pozursan...

- Yox, vallax! Amma məcbur edirlər. Bilirsiniz, çox əziyyətimi çəkiblər. Axı mən heç onların qızı da deyiləm! Əsl anam doğuş vaxtı ölüb. Mənə xalam baxıb. Bu yaxında açıb sirrini. Atalığım də məni tez başdan eləmək istəyir.

Bunu bilmirdim. Birdən – birə yazığım gəldi ona.

- Yazığınız gəlməsin. Eta sudba!

Ürəyimdən keçənləri oxuyurdu və nəyisə qət eləyibmiş kimi stəkanı qaldırdı:

- Za vas! “Mən sizi çox sevirəm!” Bu sözlər yadınızdadır?

Bir dəfə yenə nəşriyyata gəlmişdilər. Dildən, yazıdan, Allah bilir nədən danışırdılar. Nora dedi ki, mən azərbaycanca səhvsiz yazıram. Danışığıma baxmayın. Sonra təqvimdən bir vərəq cırıb nə isə yazdı. Başım telefon zənglərinə qarışmışdı və qızın vərəqi qaytarıb təqvimin arasına qoyduğunu sezmədim. Amma ertəsi gün təqvimi aşıranda o vərəq əlimə gəldi. Azərbaycanca iri, aydın hərflərlə yazılmışdı. “Mən sizi çox – çox sevirəm. Mənə inanın!” Öncə ağlıma gəldi ki, yəqin elə bu cümləni yaza bilir. Bunlar planeti gəzən, beynəlxalq cümlələrdi: “Ay ləv yu!”, “Ya tebya lyublyu1”, “Mən səni yaratam!”, “Mən tu ra dust darəm”...Eybi yox, savadını yoxlayarıq – deyə vərəqi təqvimin ötən günlərinin arasına qoydum. Amma sonra savadını yoxlamağa vaxt olmamışdı. Nora indi onu xatırladırdı.

- Sizi çox – çox sevirəm. Sonunda da “Mənə inanın!” Kim öyrətmişdi səni?

- Dil bilmək bəhanəydi, ürəkdən yazmışdım. O sözü dünyada yalnız Sizə demişəm. Bundan sonra heç kimə deməyəcəyəm!

Cavabımı gözləmədən qəribə bir təbəssümlə əlavə elədi:

- Şərtimizə görə gəlmişəm. Bu yaxınlarda toyumdu. Birdən qarışıqlıq salarsınız toyda. Buna görə də əvvəldən gəlmişəm...

Belə açıq təklifə, tərəddüdsüz etirafa hazır deyildim. Toy qabağı, həm də öz rəfiqəsinin guya çılğın və cavabsız vurğunluğunun şahidi ola – ola, onu ayaqlayaraq və onun bağlandığı adamın yanına gəlməyə hələ heç iyirmi yaşı olmamış bu gözəl qızı nə məcbur edirdi? Əvvəlcə Noranın sözlərini zarafat saymışdım. Qız bunu hiss eləmirdi. Heç nə demədən səssizcə yaxınlaşıb boynuma sarılmışdı və sanki ehtirassız, uşaq mehrinə bənzər bir sakitliklə üzünü üzümə söykəmişdi, yanağım islanmışdı, sonra bu yaşı əllərimdə, dodaqlarımda hiss eləmişdim... Qızın belindən tutub sındıracağımdan ehtiyat edirmiş kimi özümə doğru çəkəndə müqavimətsiz dizimin üstündə oturmuşdu. İslaq yanaqlarına yapışan saçlarını üzündən, alnından qaldırdım, suallarımın cavabını yaşlı gözlərində arayırdım:

- Deyəsən çox içdik?

- İçkinin təsirindən deyil. Klyanus boqu! Anamın ruxuna and olsun, düz deyirəm.

- Hissiyyata qapılıb sonra da peşmançılığını çəkirik.

- Nə peşmançılıq? Bağışla! Bəlkə məni səfeh, axılsız uşax sayırsan. No ya ne takaya, uşax deyiləm. Həmişə sərbəst olmuşam. Nə istədiyimi bilirəm.

Ürəyimdə gülürdüm, bir az keçsin, beyni açılacaq. Mövzunu dəyişmək istədim:

- Erməni yazıçılarını əsərlərini oxuyursan?

- Kül olsun elənçik yazıçıların başına. Özləri bir zibil deyil, xalxa da yazıqları gəlmir.

- Vallah sən erməni deyilsən!

- Bəlkə də əsl erməni elə mənəm. Nə istəyirlər onlar xalxdan. Atamla Hadruta getmişdik. Gəlib Qarabax kəndlərində nə danışdıxlarını eşitdik! Mən uşax da olsam bilirəm, zdes krovyu paxnet! Qoymurlar camaat rahat yaşasın. Nə istəyirlər?

Gör bu söhbət nə vaxt olmuşdu. Elə-belə, söhbəti yayındırmaq üçün verdiyim sualın cavabından qızın aramızdakı münaqişə barədə düşündüyümdən daha məlumatlı olduğunu duymuşdum.

- Bizdən zirəksiniz, neyləyək?

- Nədir axı, “siz – biz?” Düzünə qalsa, mən özümü sizdən sayıram. Amma bəxtim gətirmədi. Qızlarınızın əlindən imkan yoxdur.

“Yuyunub yatağımda uzanmışdı”

İçəri keçib həmişə yanımda gəzdirdiyim balaca maqnitafonun düyməsini basdım. Ürəyi çəkən qəmli bir səs “Evlərinin dalı təpə, yağış gəlir səpə - səpə, oyadaram öpə - öpə” – deyə sirrin üç telli durnaya açırdı.

Nora dalımca gəldi. Yenə qollarını boynuma doladı.

- Oynamaq istəyirəm.

- Oyun havası deyil.

- Mən oyun havasını oynaya bilmirəm, sözə oynayıram.

Mahnılar dəyişilirdi. Melodiyalarla yox, qızın bədənini uçunduran, sanki bizi sıxıb bir cismə çevirəcək ləngərlə asta – asta ortada dolanırdıq.

Sonra birdən qollarını açıb soruşdu:

- İsti su gəlir burda?

- Gəlir!

- Yuyunmax olar?

- Necə istəyirsən!

Vanna otağına keçib suyu açdım və onu çağırdım. Sonra yazı masasının arxasına qayıdıb sonuncu cümlələri oxudum. Amma sözüm qalmamışdı. Ürəyimdə yüz cür fikir baş qaldırmışdı. Çağrılmamış qonağın söhbətlərini götür - qoy edir, bir yana çıxara bilmirdim. İnanımmı? Ayrı nə niyyəti ola bilər? Bəlkə Elmira ilə bağlı bir oyundur? Şərt kəsiblər, ya da ona nəyisə sübut etmək istəyir. Axı Elmiranın yanında Noraya dediyim adicə zarafatdı. “Səni toyundan da olsa, qaçıracağıq” – sözünə qız doğrudan – doğruya inanıb? Yoxsa bu da bir bəhanədir? Adamları tez tanısam da həmin gün çətinliyə düşmüşdüm. Hər halda görüşün təsadüfi olmadığını da hiss edirdim. Elə ilk rastlaşdığımız gündən sözü ürəyinin güzgüsü olan qızda məni çəkən , həyəcanlandıran gizli bir qüvvənin olduğunu duymuşdum. Hər dəfə onu görməyimə sevinirdim və bu sevinci gizləmirdim. İşin içini bilmədən yaxın rəfiqələri bir- birinə qarşı qoyurmuşam, bu görüşlərin səbəbkarı olan Elmira içindəki istəyinə baxmayaraq, biganə qarşılandığı halda yanında gələn rəfiqəsi söz nəvazişində xumarlanırmış. Bəlkə elə hər şeyin kökü burdaydı. Noranı gətirən də adicə rəqabətdir?

Vannada suyun kəsildiyini, qızın otağa qayıtdığını hiss eləməmişdim.

Arxadan eşitdiyim xışıltıya fikirdən ayrılanda ürəyimdən bütün tərəddüdləri unutduran bir duyğu keçdi. Yuyunub yatağımda uzanmışdı. Biraz əvvəlin, oynamaqdan çox dərvişlərin cəzbinə bənzəyən, sərxoş, başsız fırlanmalarında, taleyin iradəmizə bağlı olmayan bir çağırışı vardı. Oyun zamanı, hələ kimsənin nəfəsini duymamış, əlçatmaz, amma son hüceyrəsinə kimi əllərimə tapşırılan, sanki mənimlə bir cildə girmək, içimdən keçib getmək istəyən kövrək varlığı bütünlüklə hiss eləmişdim. Açılmağa hazırlaşan qızıl gül tumurcuqlarının altında ürəyi ələ keçmiş sərçə kimi partlamaya düşmüşdü; amma uçub getmək istəmirdi. Ovcumda əriyəcək qar dənəsi qədər yüngüldü. Amma əriməkdənsə pardaxlanırdı, gözümə həmişə solğun dəymiş yanaqları pörtmüşdü.

Hələ dünyanın çox işlərindən xəbəri olmayan, üzdən, xasiyyətdən uşağa oxşayan qızın belə qətiyyətlə məni axtarıb tapması gözlənilməzdi, ürəyimdə razılıq və inamsızlıqdan doğan qarışıq bir hiss dolanırdı. Amma bayaqdan bəri gözəlliyini gizləməyən, gözümün qabağında alov dilimi kimi şölələnən qız vücudu bütün tərəddüdlərdən güclüydü və başımı dumanlandırırdı.

Araya çevrilmədən adyala bükülmüş bu Allah bəlasının bütün cizgilərini dönə - dönə görübmüş kimi təsəvvür edirdim. Lakin bayaqdan içimdə dolaşan, qatma-qarışıq fikirlər məni masaya bağlayır, yerimdən tərpənməyimə imkan vermirdi.

- Nə fikrə getmisən? Qonaq saxlamağına peşman olmusan?

Talehdən qaça bilməzsən!

Bu xəfif sataşmalar qarşısında başımı tutub masa arxasında oturmağım illər uzunu qıl körpüsünə bənzər, hər an qırılacağı gözlənilən körpülərdən tərəddüdsüz keçən adam üçün gülməliydi. Durub yanına getməsəm qızı sındıra biləcəyimdən, duyğularına hörmətsizlikdən ehtiyatlandım.

İdman formasını soyunanda hələ onu başa salacağıma, bu ötəri həvəsi ürəyindən çıxaracağıma inanırdım.

Ondan ətirli, ürəyi qarsan hənir vururdu. Birdən – birə milyon illərin təbii instinkti bütün başqa hissləri üstələdi, tərəddüd tamamilə mənasız göründü.

Sanki fikrimi dəyişəcəyimdən qorxurmuş kimi tələsirdi. Bu tələskənlik məni çəkindirirsə də pıçıltıyla dediyi sözlər hər şeyi unutdururdu:

- Bilirsiniz bu anı nə qədər gözləmişəm. Sizdən başqa heç kimi təsəvvür edə bilmirəm. Amma qurban olum, yavaş – yavaş. Qorxuram. Sən mənim ilkimsən.

Həyəcandan, qorxudan, istidən, bilmirəm, bədəninə zərif tər gəlmişdi. Səsini boğmaq üçün dodaqlarını sıxıb bərk – bərk boynuma sarıldı. Uçunurdu. Bir azdan özünə gəlib sakitləşdi və sübhə kimi dünyanın ən şirin sözlərini eşitdim, öz taleyindən, musiqimizi, dilimizi çox sevməsindən, mənimlə bağlı düşüncələrindən, qısqandığından danışdı. Qısası Elmira öz gizli sevgisini bölüşdürdükcə bunun ürəyini körükləyirmiş... İllərlə gözlədiyi sirli, möcüzəli andan sonra elə bil dil açmışdı. Amma bircə kəlməylə də peşmançılıq hiss elətdirməmişdi. Səhər tezdən hərgünkü vərdişimi pozmadan dənizə hazırlaşanda yerindən sıçradı:

- Mən də sizinlə!

- Gedək!

“Bunu sənin çayına tökməliydim...”

... Yamac boyu qalaqlanmış qayalıqlarda daşdan – daşa hoppana – hoppana sahilə endik. Bu qayaların arasında gündüz də adam az olur, belə ertədən isə heç kim yoxdu. Bir az aralıda, sanatoriyaya aid olan qumlu çimərlikdə bir – iki nəfər idman edirdi. Buralara bələddim, çatan kimi soyunub qayanın üstündən suya tullandım, elə bil dünyanın bütün dərdlərindən də soyundum, nigarançılığım keçib getdi. Suya girməyə qorxan Nora zarafatından qalmırdı:

- Üşüyürəm. Çimsəm ölmərəm ki!..

- Ölməzsən! Birdən atıl suya!

Gün çıxanda yamac yuxarı qalxırdıq.

- Özünü neçə hiss edirsən?

- Əla! Rus, erməni podruqalarımın yanında utanırdım, kişi tanımayanı yoxdur. İndi mənim də kişim var. Kimə getməyimdən, harda yaşamağımdan asılı olmayaraq! Onsuz da Bakıdan başqa heç yerdə yaşaya bilmərəm.

Sonra meydançada saxladığım maşınla onu avtobus dayanacağına aparmışdım.

Dayanacağa çatmamış əlini sükana, əlimin üstünə qoydu:

- Bir dəqiqə saxlayın burda!

Maşın dayananda çantasını açıb balaca bir şüşə çıxartmışdı:

- Sizə bir hədiyyə vermək istəyirəm

- Nə hədiyyə? Nədir o?!

Rəngi ağarmışdı. Cinayət eləmiş adamlar kimi danışırdı.

- Yanına təkcə ürəyimin səsiylə gəlməmişdim. Ayrı bir tapşırığım da vardı.

- Nə tapşırıq?

- Fikirləşin, görün Qarabax yazıçılarından kimə düşmançılıx eləmisiniz, kitabına görə.

- Kitabın bəyənilməməsi düşmənçilikdir bəyəm?!

- Bəlkə kitab işi deyil nə bilim? Atamın uzax qohumudur. Sizi tanıdığımı bilir. Bir həftədir əl çəkmir məndən. Bunu sənin çayına tökməliydim.

Birdən – birə səsi kəsilmiş, şüşəni qaytarıb çantasına qoymuş, nazik qollarını bərk – bərk boynuma dolamışdı. Sonra heç nə demədən maşından düşüb dayanacağa doğru qaçaraq, özünü qapıları bağlanmaqda olan avtobusa salmışdı...

Bununla hər şey bitmişdi, bir də görüşməmişdik, tək bircə dəfə maşınla Ağa Nemətulla küçəsindən keçəndə metronun girişinə bir qız diqqətimi çəkmişdi; bu oydu, enli plaşı qarnının şişkinliyini gizlədə bilmirdi, maşını saxlamağa yer tapana kimi adamlara qarışıb aşağı enən pillələrdə görünməz olmuşdu. Bəlkə də oxşatmışdım, heç o deyildi, Allah bilir.

Bəs necə olub ötən illər ərzində bircə dəfə də olsa onu axtarmamışam, axı onu tapmaq o qədər də çətin bir iş deyildi, bunu yalnız işimin çoxluğuyla bağlamaq da düzgün olmazdı, bəlkə o şüşə məsələsi işi qəlizləşdirmişdi, “beləsindən uzaq olsan yaxşıdır”, bəlkə sevgi, “ilkinim” etirafının arxasında gizli bir hiylə dayandığından ehtiyatlanmış, hər şeyi onun və ya taleyin ixtiyarına buraxmışdım? Amma bu gün, həmin axşamın bütün hissiyatı və yaşantıları qəfildən qayıtdı, təp – təzə bir duyğu kimi içimi alt – üst elədi və bu otaq gözə görünməyən qəribə bir ehtiras burulğanında fırlanmağa başladı, içimin kükrəyən bir ilhamla dolduğunu hiss elədim.

# 9237 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #