Mənim əsir şəhərim

Mənim əsir şəhərim
5 noyabr 2013
# 11:27

Uçurum insanın içindədi...

Qəlbinin tam ortasında. Tutmağa bir saman çöpü belə olmayanda özünü bu uçurumun dibində tapır insan.

Sən də qəlbimin tam ortasındasan. Uçurum kimi...

Orda saxlamışam, elimi, evimi, uşaqlıq yaddaşımın ən şirin xatirələrini, həyətimizdəki yasəmən ağacını, dağdağan ağacını, qızılgülləri.

Həyatın hər ağır silləsi üzümə dəyəndə bu uçurumun dibinə yuvarlanıram.

Sənə gəlirəm, sığınmaq üçün mənim yaralı şəhərim.

Ocaq üstə bişən yeməklərin qoxusu, toyların gecənin qaranlığından süzülüb gələn səsi üçün darıxıram..

Hər şeyin dadı bir başqa olurmuş vətən torpağında...

Sərin mehin, yaşıl yarpağın, çiçəyin, ləçəyin həsrətini çəkirəm.

Böyüdükcə dünyanın bu keçməkeşindən canım daha çox yanır, qəlbi viran şəhərim.

Səndən uzaqlarda qocaldığım üçün utanıram. Daşımdan, torpağımdan xəcalət çəkirəm. Kaşkilərim yeyib-bitirir ürəyimi.

Necəsən, deyə halını sormağa nə üzüm var, nə cəsarətim.

Saçların xiffətdən ağarıb, dağların dərddən qocalıb. Kimsə anlamaz dərdimizi səndən, məndən başqa...

Nə ATƏT-lər, nə BMT-lər duymaz ömrünü qəriblikdə yaşayan insanların vətənsizlik acısını.

Yanıb külə dönən evlərimizin yerində düşmən xarüqələr yaradır, deyirlər...

Biz isə hər gün bir az sınırıq, azalırıq, xırdalanırıq.

Bir az incik, bir az qəzəbli... Düşmən tapdağında əzilən, düşmən qəhqəhəsindən fəryad edən şəhərim.

Ağaclar saçını yolar, bulaqlar həsrətdən quruyar. Düşmənə məskən olmaq asan deyil ki...

Vətənində ölməyən insan iki dəfə ölər deyirlər... Amma biz hər gün ölürük, sənin kimi.

Zaman məlhəm olmadı yaramıza, kimlər üçünsə vətənsizlik dərdi adiləşdi, kimlərində ürəyində qara yaraya döndü. Amma bizi sənə qovuşdurmadı bu zaman.

Doğmalarımın köksündə nisgilə, çin olmayan yuxuya dönən qəlbi pərişan şəhərim.

Yenə uçurumun dibindəyəm, sənə ehtiyacım var.

Bütün sərhədləri keçib gəlsəm, saçlarına sığal çəksəm, dərdinə məlhəm olsam, yanan evimin külünü öpüb, başımı köksünə sıxsam.

İllərin yorğunluğunu çıxaran bir yuxuya getsəm... Dərin yuxuya... Oyanmasam bir daha...

Heç olmasa mənim yuxum çin olsun...

Çin olsun ki, ikimiz də ayrılıq zəncirindən azad olaq, mənim əsir şəhərim.

# 3261 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər