Cəmo

Cəmo
31 iyul 2013
# 07:30

Kulis.Az yazıçı Cəlil Cavanşirin "Cəmo" hekayəsini təqdim edir.

- Cəmooooo! Ay Cəmooooo! Cəmo heyyyyyyy!

Camaat meşəyə səpələnib, dəli Cəmili axtarırdı. Adamlar hər beş metrdən bir, əlindəki ağaca söykənib, ətrafı dinşəyir, yavaş-yavaş irəliləyirdilər. Hərdən Dəli Cəmilin qardaşlarından biri iki əlini ağzına söykəyib səsi gəldikcə bağırırdı:

- Cəmooooooo, ay Cəmooo!!!!

Uzaqdan, hardasa Əhməd yaylağına gedən yolun Nazara qovuşduğu yerdən yolunu azmış bir inəyin böyürtüsü Dəli Cəmilin qardaşlarına hay verirdi. Canımızı dişimizə sıxıb, arxada qalmamaq üçün ayağımızı sürüyürdük. Əlimizdəki ağacdan başqa silahımız yox idi. Üstəlik, yarıqaranlıq meşənin vahiməsi canımızı üşəndirirdi. Üçüncü gün idi ki, hava işıqlanandan, gün batanacan meşədə Cəmonu axtarırdıq. Cəmonun anadangəlmə kar olduğunu, danışa bilmədiyini bütün kənd bilirdi. Di gəl ki, hamı növbəylə bağırırdı:

-Cəmooooooo, ay Cəmooo!!!!

***

Doqquzuncuda oxuyurduq. Dərslər təzə başlamışdı. “Dəli Cəmil meşədə itib” xəbəri bütün məktəbdə ildırım sürəti ilə yayıldı. Zavalsız, heç kəsə dəyib-toxunmayan Cəmilin (kənd camaatı onu Cəmo deyə çağırırdı) meşədə yoxa çıxması, heç bir əyləncəsi olmayan yuxarı sinif uşaqları üçün bir anda məzə mövzusuna çevrildi. Səhər dərsə gələndə Fuad mənə göz vurdu:

- Bu günə “tema” var!

- Nə məsələdi?

- Cəmo meşədə itib.

Cəmonun böyük qardaşının oğlu Əziz bizimlə eyni sinifdə oxuyurdu. İntizamsız, yekəpər bir uşaqdı. Hərdən əmisinə lağ edib, ələ salırdıq. Əziz də əsəbiləşib özündən çıxır, dərslər qurtaranda dava etməyə bəhanəmiz olurdu. Davanı həmişə mən başlayırdım. Məktəbin qapısından çıxhaçıxda Əzizin kürəyinə bir təpik ilişdirirdim və dava başlayırdı. Sözün açığı, birinci təpikdən sonra Əziz geriyə qanrılıb məni görəndə söyür, əsəbindən boğula-boğula qışqırırdı:

-Namərd, qorxaq! Kimə güvənirsən eeee! Duxun çatırsa gəl təkbətək çıxaq!

Əziz düz deyirdi. Mən namərd idim. Onunla təkbətək çıxmağa gücüm olsa da, ona baş qoşmurdum. Mən strateq idim. Birinci təpikdən sonra “dəstə”ni verirdim qabağa. Üst-başımı toz-torpağa bulayıb evə getməyə qorxurdum. Paltarım çirklənəndə anam burnuma duzlu su qoyurdu.

Əvvəlcədən şərtləşdiyimiz kimi uşaqlar Əzizi yaxşıca “isladırdı”. Əziz qaçıb canını qurtarandan sonra biz deyə-gülə evə yollanırdıq. Təbii ki, uşaqlar elə-belə döyüşmürdü. Mən bir dəstəbaşı kimi onları mükafatlandırırdım. “Məişət evi”nin yanına çatanda, “Kəmfürsət” Əlinin dükandan hərəsinə bir dənə “Turbo” saqqızı alıb, nisyə dəftərində atamın adına yazdırırdım. Ya da söz verirdim ki, sabah hərənizə bir səhifə inşa yazıb gətirəcəm. Beləcə özümü dəstə başçısı kimi aparır, “dəstə”mi ədalətlə idarə edirdim.

O gün də bir-birimizə qoşulub, “tema”nı yaxşıca lağ-lağıya çevirdik. Əzizi o qədər canından bezdirdik ki, tualetin arxasına çəkilib ağladı.

Bir sözlə, bütün istedadımızı işə salıb Əzizi cırnatdıq. Hər şey plan üzrə getdi və Cəmo itən günü Əzizi yun kimi çırpdıq. Qaçıb əlimizdən güclə qurtardı. Bu dəfə “saqqız qonaqlığı” yox, “siqaret qonaqlığı” oldu.

***

Qeyrət Cəmonun əlindən tutub, özünə tərəf çəkdi:

- Bax, bu diki də aşaq, çatırıq.

- Qaaaaqqqaaaa... əəəbəəə.... əəəbəəə...

Cəmo əliylə Qeyrətə qarnını göstərib, acdığını işarə elədi.

Qeyrət at çibini yapışmış dana kimi böyürdü:

- Səhərdən iki dənə çörək yemisən, qarnına şiş girsin Cəmo!

Cəmo Qeyrətin üzündəki ifadədən heç nə başa düşmədi:

- Həboooo, həbooo... Uuuuuuu... Vey-vey...

Sonra da, ağzını əyə-əyə qardaşının üzünə güldü. Qeyrət əvvəllər Cəmonun üzündə belə gülüş görməmişdi. Fıstıq ağacının dibinə çökdü:

- Cəmo, sənin əlindən bezmişəm eee. Bütün ailənin canı qurtaracaq sənin əlindən. İmkan vermirsən yaşayaq.

- Uuuuaaaat. Əpppəəəh, əppəh.

- Al boğmalan. Axırıncı yeyişin olsun!

Cəmo acgözlüklə pendir dürməyinə girişdi. Qeyrət ayağa qalxıb, ağaca söykəndi. “Bu dağı da aşsaq, Fıya çatırıq. Ordan ötürsəm, qayıda bilərəm” - deyə düşündü.

Əlləri, ayaqları üşüdü. Murovda tara düşüb, əl-ayağının donduğu vaxtları xatırladı. Qulaqları uğuldadı. “Yəqin qar qurdlayıb, qoşunlarda” - deyə düşündü. 200-300 metr aralıdakı qayalara baxıb, doluxsundu:

- Səni balam kimi istəyirdim, Cəmo.

Cəmo Qeyrətin üzünə baxıb, səy-səy gülümsədi...

***

- Cəmooooooo, ay Cəmooo!!!!

- Zəhirmar Cəmo, çor Cəmo!!! Bilmirsən o gij.ıllağın qulağı eşitmir! Lap tutaq ki, eşitdi, necə cavab verəcək? Danışa bilmir bu köpəyoğlu, lal-kardı! Nə tupoy camaatığ eee. 3 gündü anqıra-anqıra allahın dəlisini axtarırıq.

Uçastkovunun təpinməyi, Cavad kişini özündən çıxardı:

- Rəis, sənə yalvaran var, bizimlə gələsən? İmkan ver özümüz, öz dəlimizi axtarağ!

- Özümüz nədi, ay Cavad? Bəyəm mən bu kəndə kosmosdan gəlmişəm?

Cavad kişi susub, başını buladı. Xanların anası erməni olduğu üçün kənd camaatının bu qırmızısifət, boynuyoğun uçastkovudan zəhləsi gedirdi. Cavad kişi Xanların əsəbləşməyinə ürəyində gülüb, öz-gözünü turşutdu:

- Neyniyək ay papağın boş qalsın, çağırırıq ki, hənirti olsun. Görmürsən məktəb uşaqları necə qorxa-qorxa yeriyir? Cəmonu çağırmırıq ay nəçənnik, uşaqlar qorxmasın deyə sürək salırıq.

***

Kamil maşının qapısını çırpıb, həyətə keçdi. Sürətlə pilləkənləri qalxıb, eyvandakı soyuducunu açdı. Üç litrlik balonu soyuducudan çıxarıb balondakı buz kimi sərin ayranı stəkana süzmədən başına çəkdi. Yalan olmasın balonun yarısını boşaldandan sonra fikir verdi ki, arvadı eyvanın məhəccərinə söykənib ona baxır. Balonu soyuducuya qoyub, qapısını çırpdı:

- O erməni küçüyü, yenə bu küçədən keçirdi. Xeyir ola?

- Mən hardan bilim ay Kamil? Kəndin ağası odur, hardan istəsə keçər.

- Təsadüfən bizim həyətdən çıxmırdı, kəndin ağası? Kamil boğula-boğula arvadını yamsıladı.

- Başın xarabdı, burda nə ölümü var?

- Əziz hanı? Kamil suala-sualla cavab verdi.

- Çaya getdi, çimməyə. Qızlar da, moruq yığmağa gedib, Qeyrət əmiləriynən.

Kamil cin atına mindi:

- Ay qancıq, sənə deməmişəm yetişmiş qızları meşəyə getməyə qoyma? Nə olsun əmiləridir. Görmürsən qəzetlərdə nələr yazırlar? O gün də Ağdaşda dayı öz bacısı qızını zorlayıb. Dünya dağılır ey, xəbərin yoxdu.

- Sən uşaqların canı, ağzımı açdırma. Qeyrət zorlayandı arvadı Kəmaləni zorlasın. Murovda o söz...

Kamil hırıldayan arvadına baxıb yumruğunu sıxdı. Əlini qaldırsa da, vura bilmədi. Bilirdi ki, toxunsa axşam uçastkovu tutub olan-qalanını alacaq. Əsəbindən göm-göy göyərdi:

- Bu dəqiqə səni dəli inək balasını tapdalayan kimi ayaqlayaram. İtin belindən gələn! Camaatın ağzına söz salma!

Arvadı Kamilə məhəl qoymayıb, hırıldadı:

- Bıy, başıma xeyir, sənin də əlindən ancaq tapdalamaq gəlir. Ayranını içdin, köpdün? Di cəhənnəm ol, işim başımdan aşır. Uşaqların paltarları sudadır, gərək onları yuyam.

Kamil yenə bağırmaq istəyəndə, arvadı Qeyrətin həyətini göstərdi:

- Odeyyy, Cəmo Kəmalə ilə lobya tağlarının arasında dingildəşir.

Kamil qardaşıgilin həyətinə sarı boylanıb susdu. Əslində Cəmonun neçə vaxtdan bəri, Qeyrətin arvadı Kəmaləylə birlikdə olduğunu bilirdi. Amma dəli Cəmilə bütün bunları necə başa salsın? Necə başa salsın ki, qardaş impotent olsa da, onun arvadına göz dikmək olmaz. Kəmaləni görəndə Cəmonun ağzı açıq qalırdı və deyəsən Qeyrətin hər şeydən xəbəri vardı...

***

Əzizlə bütün sinif məzələnirdi. “Əzizin balaca qardaşı, uçastkovu Xanlara oxşayır”. Bunu da Fuad salmışdı dilimizə. Fuad Əzizlə çəpər qonşusu idi. Ona görə də Fuad danışmağa başlayanda Əziz qaçıb məktəb tualetinin arxasında ağlayırdı. Sinifə qayıdan kimi də lövhəni silmək üçün qızların əmək təlimi dərsində tikdikləri balaca yastıqcaya bənzər, tabaşir tozuna bulaşmış silgini üst-başına çırpıb, Əzizi ağappaq toza bulaşdırırdıq. Qorxusundan cınqırı da çıxmırdı. Bilirdi ki, Fuad yenə başlayacaq onunla məzələnməyə.

Əzizin atası fermada işləyirdi. Səhər çıxar, axşam qayıdardı. Bəzən 2-3 gün evə gəlməzdi. Mən Fuadın yalançısıyam. Guya Kamil dayı evdə olmayanda, uçastkovu günortalar Əzizgildə “dincəlir”.

Cəmo itməmişdən qabaq, yeni “tema” tapmışdıq. Fuad Əzizə deyirdi ki, Qeyrət əminin oğlu, Cəmoya oxşayır...

***

Qeyrət Cəmonun alnından, üzündən öpdü. Yuxu dərmanı qatılmış suyu son damlasına qədər içən Cəmo dərin yuxuya getmişdi. Qeyrət yanağından süzülüb, burnunun seliyinə qarışmış göz yaşını qolunun arxasıyla sildi. “El içində biyabır olmuşam, Cəmo. Bağışla məni. O dünyada yaxamdan yapışma, qurban olum!”

***

- Qeyrət əmi hardadı, mama?

- Cəmoyla meşəyə palıd qozası yığmağa gedib.

- Cəmo qoza yığa bilir?

- Mən nə bilim? Qeyrət də bu yazığı eşşək kimi işlədir.

- Heyfini çıxır...

- Nəyin?

- Bilmirəm...

***

Bir həftə Cəmonu axtardıq. Meşənin altını üstünə gətirdik. Axırıncı gün “bazar yerinə” toplaşan camaata icra nümayəndəsi təklif elədi:

- Bu gün axırıncı gündür. Dağıstana gedən yolu da axtaraq, bəlkə ölüsünü tapdıq.

Kamillə Xanlar bir-birinə baxdı. Qeyrətin Murovda şaxta görmüş burnu, qulaqları bozarıb badımcan rəngi aldı. Xanlar Kamilə göz basdı ki, narahat olma. Camaat arasında səs-küy başladı:

- Allahdan ümid kəsilməz. Fıya qədər gedək.

- Nə danışırsan a kişi, Balaşumdan Fıya gedib çıxmaq olar? Boş əziyyətdi çəkirik.

- Bəlkə yol çəkib aparıb?

- Boş-boş danışma, a məllim. Ova gedib-gələn adamsan. Yol dəlini hara çəkəcək?

İcra nümayəndəsi özündən çıxdı:

- Ay sizə qurban olum, bir həftədi məktəblər işləmir. Başçı anamı ağladacaq. Başınıza dönüm, bir qərar verin.

Xanlar ağır-ağır qabağa durdu:

- Mən rəislə danışmışam, daha axtarmağın mənası yoxdu. Ağıllı adam olsaydı, Bakıdan vertalyot göndərərdilər. İndi neyləyək ki, bizim dəlimizə dövlət yiyə durmur? Dağılışın gedin evinizə. Birinci gündən də uşaqları göndərin dərsə.

Camaat Xanları adam yerinə qoymasa da, fikri ağlabatan idi. Bir həftədi Cəmonu axtarırdılar. Hamı əldən düşmüşdü. Dağılıb getmək çoxusunun ürəyindən idi...

***

Camaat dağılışandan sonra, Fuad Əzizin qoluna girdi. Fuad da, Əziz də ağlayırdı. Yaxınlaşıb Əzizi qucaqladım. Uçastkovu Xanlara oxşayan balaca qardaşı Əzizin əlindən bərk-bərk yapışmışdı. Mənim qucaqlamağım Əzizi daha da kövrəltdi. Kolxoz anbarının arxasına keçib, bir qutu siqaret boşaltdıq.

Axşam evə gələndə hadisədən xəbərdar olan nənəm sorğu-suala tutdu. Elə qüssəli idim ki, nənəmin dizinin üstünə başımı qoyub gizlincə hıçqırırdım. Nənəm başımı tumarladı:

- Sən niyə ağlayırsan ay bala? Görüm Xanları qanına bələnsin. Kamillə birləşib Cəmonun başını yedilər.

Gözlərimi bərəldib nənəmin üzünə baxdım. Nənəm sual dolu gözlərimdən gözünü çəkib, yaylığının ucuyla gözündə parıldayan yaşı sildi...

Cəmo itən gündən sonra, bir də Əzizlə məzələnmədik...

# 3344 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #