Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir - İlham Əziz

Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir  - İlham Əziz
8 iyul 2024
# 12:00

Kulis.az İlham Əzizin Rəşad Səfərin “Keçilərin nəğmələri” romanı haqqında qeydlərini təqdim edir.

Romanlar haqqında yazmaq ağır məsələdir. Ona görə ağırdı ki, roman sənəti bizə Avropadan idxal olunub. Bu, ona bənzəyir ki, “Chanel”, “Armani”, “Nestle” kimi dünyanı lərzəyə gətirən məhsullar barədə fikir bildirməlisən, ancaq sən onun necə yarandığını, hansı zərurətdən ərsəyə gəldiyini bilmirsən.

Roman janrı elə mərhələyə gəlib çatıb ki, insanlığa verdiyi sualların cavabı indidə yox, keçmişdə, ənənədə, mifoloji və teoloji qatda axtarılmalıdır. Gələcəyin də sualları bu günümüzdədir.

Romanı oxumağa başlayanda müəllifi tanımırdım. Kitaba marağım “Keçilərin nəğmələri” adından başladı. Dedim, görən, bu keçilər hansı nəğmələri oxuyur?

Kitabın birinci hissəsi otuz qısa hekayədir. Beş-altı hekayəni oxuduqda adam çaşır. Fikirləşirsən, əgər bunlar hekayədirsə, burda tamamlanmamış ciddi məsələlər var. Peşəkar oxucu səbir etməlidir. Müasir roman forma və üslub oyunlarının meydanıdır. Qora halına dözməsən, şərabın dadını heç vaxt bilməzsən.

Romanı bitirdikdə bu hekayələrin nə qədər vacib olduğunu dərk edirsən. Bu yeni forma romana əlavə çalarlar qatıb. Uşaqlıq və yeniyetməlik illəri 30 hekayədə 3 xəyali hissədə toplanıb.

Qısa yolla getsək, roman iki adamın – Yazıçı və Müstəntiqin həyatını ədəbiyyatın qara dəliyinə yuvarlamaqla faniliyə yeni suallar verir.

İkinci hissə – cinayətin baş verməsiylə – sənət və populyar detektivin müharibəsidir. Bu hissə romanın ana sütunudur. Müstəntiq və yazıçının bir-birinə çevrilmə səhnələri, fəlsəfi və əxlaqi düşüncələrin rəqabəti, artan temp, qətl, sevgi və nifrətin qol-boyun olduğu məqamlar ikinci hissədə tüğyan edir.

Nəhayət, düyünlərin çözülməsi, oxucuya yüngüllük gətirən üçüncü hissə.

Bu hissəni bitirəndə birinci hissədəki hekayələrin qədir-qiyməti bəlli olur və ikinci, üçüncü hissədəki detallar bir-bir qayıdıb, ilk hissənin hekayələrindəki toxumları qızıldan qiymətli edir.

Romanın oxu prosesində yazıçı səni müxtəlif fəndlərlə aldatmağa çalışır. Bəzən sənə elə gəlir ki, yazıçı elə müstəntiqdir. Hətta bağda qonşu həyətdə bir uşaq və gənc ana peyda olanda, az qalırsan, buna inanasan. O anda yazıçı ustalıqla səni həyatın adi ritminə qaytarır, hoqqabazlıq eləmir. Roman elə nəsnədir ki, yazı prosesi bəzən xaosa, xaotik düşüncələrə sürüklənir. Sənətkarlıq bu xaosu sənətin məcrasına yönəltməkdir.

Romanı diqqətlə oxuyub analiz edəndə yazıçının fəlsəfi dünya görüşü ortalığa çıxır. Düzdür, o, əsərdə filosofların adını çəkməklə açıq göndərmələr də edir. Bu çox böyük cəsarətdir. Əgər sən açıq göndərmə edirsənsə, büdrəməyə haqqın yoxdur. Təqdim etdiyin fəlsəfi görüşə tam vaqif olmalısan. Əsəri bütöv oxuyub bitirdikdə prosesin bir fəlsəfi müstəvidə olduğu oxucuya aşkara olur.

Sadə dildə desək, insan ən vacib əxlaqi zəmində olsa da və ya ən alçaq həyat yaşasa da, onların kəsişmə nöqtəsi var və sən insanlığa münasibətdə bu nöqtəni bilib həyata davam etməlisən. Yoxsa fanilik duyğusu səni əldən salıb, həyatını cəhənnəmə döndərər.

Romanı bitirən kimi nədənsə qabarma-çəkilmə prosesini xatırladım. Ədəbiyyatın gizli əli adama şüur altındakı pas atmış qapıları açır.

Qabarma-çəkilmə hadisəsi Ayın hünəridir. İnsanda qabarma və çəkilməni yaradansa ölüm qorxusudur.

Qabaranda qəhrəman özünə çəkilir, ətraf mühitlə əlaqəsi kəsilir, öz içinə yuvarlanır, çəkiləndə ətrafa laqeydləşir, öz övladının ölümü belə onun ruh halına təsir etmir. Rəşad Səfərin “Keçilərin nəğmələri” romanında bunun şahidi oluruq. Qəhrəman ölüm qorxusu yaşayanda içində min illərin genetik dərdlərini, bu günün sıxıntısını çək-çevir edir. Elə ki ölüm qorxusu sovuşdu, özünə və təbiətə yadlaşır.

Roman sənətinin ən problemli məsələlərindən biri obrazların xarakter və xüsusiyyətini inkişaf etdirmək, onların təhkiyədə səslərini, danışıq formalarını, düşüncələrini ümumi kompozisiya içində rəng-rəng işləməkdir. Rəşad bunun öhdəsindən tutarlı üslubla, uğurla gəlib. İki əsas obrazı bir-birinə şəftəli-qaysı yaxınlığında, intəhası, dünya qədər uzaqlıqda göstərə bilib. Məni ən çox sevindirən şey, epizodik obrazların bəzən baş qəhrəman gücündə yazılmasıdır.

Elə epizodik obrazlar var qəhrəmanın xarakterinin formalaşmasına, elələri də var ki, romanın taleyinə xidmət edir.

Bu obrazlardan biri, müstəntiqin həyat yoldaşı, qətl törədən xanımdır.

Qətl dövründə və sonrakı həyatında bu qadının adi hərəkətləri belə sonrakı hadisələrə hesablanıb.

Sadə detallardan birində yazıçı qadının əllərindən danışır və sənə aydın olur ki, onun əlləri dirijor hərəkəti ilə bütün romanın orkestrini idarə edir. Bu obraz mənə Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda” filminin məşhur səhnəsini xatırladır.

Filmdə Anadolu kəndində bir axşam müstəntiq və adamlarını kəndin muxtarı qonaq çağırır, qaranlıq otağa əlində lampa girən qadının sirri bütün filmi ağuşuna alır. Bu romanda da qadın şimşək kimi hadisələrin üstünə çaxır. Roman boyu “dolan buludlar” bu “şimşəkdən” sonra dolu tökür.

Əsərdə qətl hadisəsi olduğuna görə məni detektivə yuvarlanma qorxusu bürümüşdü.
Oxuduqca bu qorxu “bahar budaqlardan çəkilən kimi” məni tərk etdi. Detektiv janrının qancıq cilvəsi yazıçını aldada bilmir, ikinci hissədə roman yarğan kənarında yürüyür, nasir taleyin iplərindən yapışıb mətni “uçurumdan qoruyur”.

Əsərin dili müasir sintaksis alətlərindən istifadə edilməklə axıcıdır. Yalançı, sulu sentimentallıqdan iraq, kifayət qədər sərt ifadə formasındadır. Belə mətnlərin başqa dillərə tərcüməsi də rahat, situasiya aydınlığı ilə yad oxucuya da anlaşılan olmalıdır.

Romanda hər nə qədər məişət, maddi məsələlər işlənsə də, sosialyönümlü deyil, sosial roman adlandırıla bilməz.

Məncə, “Keçilərin nəğmələri” müasir Azərbaycan nəsrində mərhələ gücündədir. Dəyərli tənqidçi və ədəbiyyatşünasları bu əsərə diqqət etməyə çağırıram.

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #