Gürcüstan estradasının ulduzu: "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

Gürcüstan estradasının ulduzu:  "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə
3 iyun 2026
# 15:05

Gürcüstan estradasının ən parlaq ulduzlarından olan, özünəməxsus ifa tərzi ilə seçilən Veriko Turaşvili son illərdə Azərbaycan mahnılarına tez-tez müraciət edir. İfaçının repertuarında artıq "Sarı gəlin" və "Laçın" xalq, "Bahar sənsiz" və "Arzu" mahnıları (Maestro Niyazinin bəstələdiyi "Arzu" romansı - red.) yer alır. Müğənni bu yaxınlarda "Laçın" mahnısının musiqisinə gürcü dilində sözlər yazdıraraq "Çemo erto" (Bircəciyim) adlı mahnı təqdim edib və ona klip çəkdirib. Mahnı dinləyicilərin zövqünü oxşayıb və böyük rəğbətlə qarşılanıb.

Kulis.az Veriko Turaşvilinin APA-nın Gürcüstan bürosuna müsahibəsini təqdim edir.

Mənə elə gəlir ki, keçmiş həyatımda Azərbaycanda yaşamışam

- "Laçın" xalq mahnısını 2021-ci ildə Azərbaycan dilində ifa etmişdiniz. Beş ildən sonra bu əsərin musiqisinə gürcü dilində mahnı ifa etmək istəyiniz necə yarandı?

- İlk öncə onu vurğulayım ki, Azərbaycan xalqına böyük sevgim var. Xüsusilə sizin musiqinizin vurğunuyam. Mənə elə gəlir ki, keçmiş həyatımda Azərbaycanda yaşamışam. Ənənəvi Azərbaycan musiqisini çox sevirəm və artıq bir neçə ildir mahnılarınıza müraciət edirəm. Çox kəskin səslənməməsi üçün musiqinizə olduqca nəzakətlə toxunmağa çalışıram və bunu ən yaxşı musiqiçilərlə edirəm. "Çemo erto" mahnısına gəlincə, "Laçın" mahnısını 2021-ci ildə ifa etmişəm. Həmin ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin tədbirində fəxri qonaqlar qarşısında mahnını Azərbaycan dilində ifa etdim. İfam çox yaxşı qarşılandı və bu məni çox ruhlandırdı. Fikrimcə, Azərbaycan və gürcü musiqisinin bir sıra ümumi cəhətləri var. "Laçın" mahnısına böyük sevgimə görə onu gürcü dilində də oxumağa qərar verdim. "Laçın" son dərəcə gözəl mahnıdır. Bilirəm ki, bu mahnı Azərbaycan xalqı üçün xüsusilə dəyərlidir. Mən əsəri Azərbaycan musiqisinin incisi adlandırardım. Bu mahnını kamera versiyasında çox nəzakətlə ərsəyə gətirdik. Mətni gürcü dilində yazdıq. Mənə elə gəlir ki, elə təbii alındı ki, bəzi insanlar onun hətta Azərbaycan musiqisi olduğunu fikirləşmirlər, mahnını doğma kimi qəbul edirlər. Hesab edirəm ki, bu, nail olmaq istədiyim ən yaxşı nəticədir. Mahnı ilə bağlı həm azərbaycanlı, həm də gürcü dinləyicilərdən çoxsaylı komplimentlər alıram. Məncə, layihə uğurlu alınıb.

Mahnını böyük məmnuniyyətlə ərsəyə gətirdik

- Mahnı üzərində çalışan yaradıcı heyət Azərbaycan xalq mahnısının musiqisinə necə yanaşdı?

- Yaradıcı heyət "Laçın" mahnısı barədə məlumatlı deyildi. Mahnılarımız bir-birinə o qədər yaxındır ki, onların xüsusi düzəlişlərə ehtiyacı yoxdur. Biz studiyada mahnını böyük məmnuniyyətlə ərsəyə gətirdik. Lakin mahnının kamera versiyasında ifası ideyası mənə məxsus idi. Orada fortepiano, simli alət partiyası yer alıb, ritm seksiyası belə mənim ideyam olub.

- Bəs mahnıya çəkilən klip necə qarşılandı?

- Klip əvvəlcə kiçik çarxlar şəklində paylaşıldı və böyük ajiotaj yaratdı. Dinləyicilərim şərhlərdə klipin tam versiyasını səbirsizliklə gözlədiklərini bildirirdilər. Mahnı barədə bir dənə olsun belə mənfi rəy almamışam. Bu mənim üçün ən önəmlisidir. Mənim üçün əsas qiymət verənlər dinləyicilərdir.

Azərbaycan hökumətinin Laçında bərpa işləri ilə bağlı çox böyük planları var idi, əminəm ki, onlar artıq reallaşdırılıb

- "Laçın" mahnısına klipi Laçında çəkdirmək istəyiniz var idi. Bu planın həyata keçirilməsi hansı mərhələdədir?

- Təəssüf ki, bu ideya hələ baş tutmayıb. Müxtəlif insanlarla razılaşmalar olsa da, ideyanı sona qədər həyata keçirmək mümkün olmadı. Buna görə də "Laçın" mahnısının musiqisinə yazılan "Çemo erto" mahnısına klipi Gürcüstanda çəkdirməyə qərar verdim. Əgər Azərbaycan dilində ifama klipi Laçında lentə almaq imkanı yaransa, bunu böyük məmnuniyyətlə edərəm.

Bir neçə il öncə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi qrup səfəri çərçivəsində Laçında olmuşam. Yəqin ki, Laçında böyük dəyişikliklər baş verib. Azərbaycan hökumətinin Laçında bərpa işləri ilə bağlı çox böyük planları var idi. Əminəm ki, onlar artıq reallaşdırılıb.

"Ayrılıq" mahnısını ifa etməyi düşünürəm

- İfa etdiyiniz Azərbaycan mahnılarından ibarət albom hazırlamaq ideyanız da var idi. Bu istiqamətdə hansı işlər görülür?

- Bu vaxtadək dörd Azərbaycan mahnısı yazdırmışam. Ola bilsin ki, iki mahnı da əlavə edəcəyəm. Albomun xüsusi tərtibatda hazırlanmasını istəyirəm. Ola bilsin ki, vinildə və Şərq üslubunda işıq üzü görəcək. Bu mahnılar mənim üçün yalnız layihə deyil. Onlar qəlbimin səsidir. Buna görə də albomla bağlı planımı mütləq həyata keçirəcəyəm.

- Repertuarınıza daha hansı Azərbaycan mahnılarını daxil etməyi düşünürsünüz, seçim etmisiniz?

- Bəli, yeni mahnıları seçmişəm. Sadəcə onları müxtəlif vaxtlarda müxtəlif ifaçılar oxuyublar deyə ifamın daha yaxşı alınması üçün hansı yanaşmanı ortaya qoymağım barədə durmadan düşünürəm. Məsələn, "Ayrılıq" mahnısını çox bəyənirəm. Çoxdandır onu ifa etməyi düşünürəm. Elə tərzdə ifa etmək istəyirəm ki, xarakterimə uyğun olsun. Bu mahnının bir çox uğurlu ifaları var. Ən sevdiyim versiya isə Əzizə Mustafazadənin ifasındadır. Bu versiya barədə fikirləşirəm. Hesab edirəm ki, ən yaxşı musiqiçilərlə mənim versiyam ən yüksək qiymətə layiq görülə biləcək. Mahnını mütləq həm Azərbaycan, həm də gürcü dilində oxuyacağam. Azərbaycan dilində təbii səslənəcək, amma mən istəyirəm ki, gürcü dinləyicilər də bu mahnını dinləyib sevsinlər.

Bakıda konsertlə çıxış etməkdən şad olardım

- Son dövrlərdə gürcü ifaçılar və musiqiçilər, rəqs kollektivləri Bakıda mütəmadi olaraq konsert proqramları ilə çıxış edirlər. Sizin Bakıda konsert vermək arzunuz var?

- Niyə də yox? Bakıda konsertlə çıxış etməkdən şad olardım. Azərbaycanda səfərdə olarkən mədəniyyət xadimləri ilə görüşlərim oldu və konsertlərin təşkili ilə bağlı bir sıra təşəbbüslər səsləndirildi. Mən hər zaman hazıram. Dəvət əsasında olmasını daha çox istərdim. Məni dəvət etsələr və bu mümkün olsa, öz musiqiçilərimlə konsert verə bilərəm.

Yeri gəlmişkən, bildirim ki, yaxın vaxtlarda gürcü dilində ifa etdiyim "Arzu" mahnısına klip çəkilişlərinə başlayacağam. Bu, klassik ariyadır. Mən onu daha əvvəl romantik stildə ifa etmişəm. Aranjimanın müəllifi pianoçu Etibar Əsədlidir.

- Yeni "Çemo erto" mahnınızı konsert proqramlarınıza daxil edəcəksiniz?

- Əlbəttə, konsertlərimdə yalnız "Çemo erto" mahnısını deyil, Azərbaycan dilində ifa etdiyim digər mahnıları da təqdim edirəm və edəcəyəm. İnsanlar bu mahnıları ifa etməyimi xahiş edirlər. Repertuarımdakı "Sarı gəlin" mahnısının gürcü dilindəki versiyası gürcü dinləyicilərin çox xoşuna gəlir. Konsertlərimdə bu mahnını tez-tez ifa edirəm.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

15:34 3 iyun 2026
“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

14:21 3 iyun 2026
İosif Kobzonun mənzili satışa çıxarıldı

İosif Kobzonun mənzili satışa çıxarıldı

14:00 3 iyun 2026
"Karmen"in premyerasından sonra depressiyaya düşən Jorj Bize

"Karmen"in premyerasından sonra depressiyaya düşən Jorj Bize

13:00 3 iyun 2026
Orhan Pamukdan yeni kitab: Şəxsi xatirələr, sənət dünyası və "Məsumiyyət muzeyi"

Orhan Pamukdan yeni kitab: Şəxsi xatirələr, sənət dünyası və "Məsumiyyət muzeyi"

11:58 3 iyun 2026
Türkiyəli aparıcı Reha Muhtar vəfat etdi

Türkiyəli aparıcı Reha Muhtar vəfat etdi

11:14 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər