Başa düşmədim ki, bu hekayə nə üçün yazılıb?! - Hekayə müzakirəsi

Başa düşmədim ki, bu hekayə nə üçün yazılıb?! - Hekayə müzakirəsi
7 sentyabr 2022
# 15:00

Kulis.az “Hekayə günü” layihəsindən Əli Zərbəlinin “Başsağlığı” adlı yeni hekayəsini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

İlham Əziz

Səhər ilk işim bu hekayəni oxumaq oldu. Elə ilk abzasdan hekayə özünü sevdirməyə başladı. Oxuduqca mətn müəllifin arzuladığı atmosferi yaratdı. Hekayə buludlu günə bənzəyir, adam arzulayır ki, buludlar aralansın Gün pzünü göstərsin, amma onlar daha da sıxlaşır, sıxlaşdıqca adamın ümidi azalır. Əvvəldən axıra mətn dinamikasını qoruyub saxlayır.

Bir iki yerdə redaktəlik cümlələr vardı. Buna baxmayaraq müəllif istədiyinə nail olur. Bəzən müəllif mətndə demək istəmədikləri ilə yadda qalır. Bu tip hekayələr bizim nəsrdə var və əminəm bu mətndə o çəmənliyin gözəl güllərindəndir. Gün çıxmasına ümidimiz azalsa da bu yazıçıya böyük ümidlərim doğdu.

Canı-dildən təbrik edirəm!

Orxan Cuvarlı

Əli Zərbəlinin bu mətni tragikomik məqamlarla dolu bir mətn kimi yadımda qaldı. Dayanmadan başsağlığı verilən adamın situasiyadan xəbərsizliyi, ətrafındakı adamların şübhəli, davamlı sükutu qəhrəmanın psixikasını pozur və bu sarsıntılar ölümlə nəticələnir. Müəllifdən oxuduğum ilk mətndir. O səbəbdən, müəllifin üslubuna, yazı texnikasına bələd deyiləm.

Amma bu hekayənin texniki parametrlərini uğurlu saymaq olar. Dili yüyrək mətndir, müəllif hekayə janrının xüsusiyyətlərinə görə bəzi hissələri çaparaq keçməli olub. Buna görədir ki, hekayədə çiy qalan, təhkiyə ritminin yavaşıdığı yerlər var. Bəzən yersiz işlədilən inversiyalar oxu prosesini xeyli ağırlaşdırırdı. Ümumi mənzərəyə baxdıqda isə yaxşı hekayədir. Müəllifə uğurlar arzu edirəm!

Nargis İsmayılova

Azərbaycanlı filoloq beynəlxalq konfransda iştirak edib

Hekayəni oxudum. Hekayədə heç bir yenilik, heç bir mahiyyət görmədim. Ümumiyyətlə, başa düşmədim ki, bu hekayə nə üçün yazılıb? Heç bir məna yükləmək olmur. Ədəbi-bədii dəyəri, demək olar ki, yoxdur. Müəllif, bəlkə də, hansısa bir fikir çatdırmaq istəyib, amma bacarmayıb.

Orxan Həsəni

Məni onlar xilas etdi – Orxan Həsəni yazır…

Əli Zərbəlinin hekayəsi olduqca maraqlı idi. Eyni zamanda hekayə bütövdur və ənənəvi deyil. Bu hekayədən gələcək gözəl mətnlərin işartısını asanca görmək olur. Hekayə canlı situasiyalardan yetim olsa da, mətnin havası mənə kafkaest situasiyaları xatırlatdı.

Bu fərq asanca duyulur. Nəticələrin səbəbi doğurması öyrəşdiyimiz sistematikanı baş ayaq edir. Məsələn, Kafkanın "Məhkəmə" romanı bu sistemin üzərində inşa olunub. Cinayət cəzanı yox, cəza cinayəti doğurur.

Bu xarakterdə məntlərin işlənməsini ədəbiyyatımızda əhəmiyyətli olduğunu hesab edirəm. Anlayışların zövqlə yerdəyişməsi ustalıq istəyir. Əli Zərbəli bu hekayəsi ilə ürəyimə yol tapdı.

Təvəkgül Boysunar

Dərs - Hekayə. Təvəkgül BOYSUNAR | Edebiyyatqazeti.az

Hekayə ilə bağlı deyiləcək müsbət məqamlardan biri odur ki, dili çox da yorucu deyil, dialoqlar və obrazların danışığı təbiidir. Üstəlik, Səməndərin üzləşdiyi təəccüblü durum oxucuya da maraqlı gəlir və oxucu bilmək istəyir ki, hər kəs niyə ona təsəlli verir, yaxud əgər ortada təsəlli veriləcək nəsə varsa, Səməndərin nə üçün bundan xəbəri yoxdur?

Amma məncə, müəllif, istədiyinə nail ola bilməyib. Daha doğrusu, mən hekayəni anlamaqda bir qədər çətinlik çəkdim. Anladığım ondan ibarət oldu ki, Səməndər, doğrudan da, dəhşətli bir faciə ilə üzləşib və ona təsəlli verən adamlar haqsız deyillər, lakin o məhz elə üzləşdiyi bu dəhşətli faciəyə görə artıq öz hiss-duyğularını itirib, belə demək mümkünsə, dərd və kədər onu bu dünyadan qoparıb və məhz bu səbəbdən o, hər kəsin nə üçün ona təsəlli verməyə çalışdığını anlamır.

Yəni yazıçı, insan kədərinin hansı miqyasa qədər böyüyə biləcəyini oxucuya çatdırmaq istəyib. Amma iş orasındadır ki, müəllif, Səməndəri kifayət qədər soyuqqanlı təsvir edib və hadisələri Səməndərin prizmasından elə göstərib ki, oxucu onun hansısa fəlakətlə üzləşmədiyinə, əksinə ətrafında ona ürək-dirək verənlərin nədəsə yanıldığına inanmalı olur.

Məqsəd Səməndərin kədərini göstərmək idisə, yazıçı mətnə başqa nələrsə qatmalı və oxucunun üzləşdiyi bu son dərəcə böyük yanlış anlaşılmanı aradan qaldırmalıydı. Səməndərin kədərinə işarə edəcək başqa detalların olmaması hekayəni kifayət qədər uğursuz edir və oxucu mətnin sonunda hekayədən çox da xoş təəssüratla ayrılmır.

Bundan əlavə, mətnin dili yorucu olmasa da, bir sıra məqamlarda nəsr dili formalaşmamış, yaxud yeni yazmağa başlamış bir müəllifin cümlələlərinə rast gəlmək mümkündür. Müəllifə uğurlar arzu edirəm.

# 3960 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #