Başsağlığı – Əli Zərbəlinin hekayəsi

Başsağlığı – Əli Zərbəlinin hekayəsi
6 sentyabr 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Əli Zərbəlinin “Başsağlığı” adlı yeni hekayəsini təqdim edir.

Məclis getdikcə qızışırdı. Yarım saat əvvəl əlində qədəh quzu kimi oturanları indi ortalıqdan yığışdırmaq olmurdu. Biraz əvvəlki sakit adamlar indi köynəklərinin yaxası açılmış, tərli əzik-üzük ətəkləri şalvarın üstünə sallanmış, qolları səliqəsiz çırmalanmış, peysərlərində əl dəsmalları gözlərini yumub, tullanıb düşürdülər. Qalib ad gününün belə maraqlı, hərəkətli keçəcəyini heç ağlına belə gətirməzdi. Əlindəki qədəhdən asta-asta qurtumlayır, üzünə düşüncəli bir ifadə verib qonaqlara gülümsəyirdi. Ancaq birdən elə bil nəsə yadına düşdü, rəngi qaçdı, qədəhi başına çəkəndə, şərab boğazında ilişdi, bayaqkı şən əhvalından əsər əlamət qalmadı. Ayağa qalxdı, gözlərini qıyaraq əlinin hərəkəti ilə musiqini söndürməyi xahiş etdi. Hamının diqqəti onda idi.

“Dostlar, əvvəla, iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm. Çox əla vaxt keçiririk, həqiqətən belə olacağını gözləmirdim. Sayənizdə özümü çox xoşbəxt hiss edirəm. Bunlar hamısı öz yerində. Ancaq bir məsələni diqqətinizə çatdırmaq istəyirəm, – onu dövrəyə almış adamlara bir-bir diqqətlə baxdı, sanki kimisə axtarırdı, – dostum Səməndər bir neçə gün öncə bədbəxt bir hadisə yaşadı, – baxışlarını izdihamın bitdiyi yerə zillədi, – özü aramızda deyil, ancaq harda olsa gəlib çıxar indilərdə. Sözüm ondadır ki, ona qarşı diqqətli olun, deyin, gülün, kefini açın Səməndərin – birdən çılğınlıqla səsini ucaltdı – Səməndər, güclü ol, biz yanındayıq, dostların yanındadır, güclü ol, başın sağ olsun”.

Hər kəs bir ağızdan qışqırdı: “Başın sağ olsun, Səməndər qardaş”. Qalib qonaqların jestini bəyəndi. Bərkdən bir də dedi: “Son qəmin olsun. Möhkəm ol!”. Qonaqlar yenə eyni anda ucadan təkrar etdilər: “Son qəmin olsun, Səməndər qardaş”.

Məclisin başlamasından düz iki saat keçirdi. Hamı sərxoş idi, hamı yorulmuşdu. Ofisantlar çiyinlərində məcməyilər o tərəf-bu tərəfə şütüyürdü. Bu vaxt kimsə içəri girdi. Taqətsiz başlar qapıya tərəf çevrildi. Gələn Səməndər idi. Utancaq gülüşlə hamını salamladı. Yöndəmsiz yerişi ilə Qalibə sarı getməyə başladı. Qalib əlində siqaret yumşaq kresloya yayxanmışdı. Gözlərini açıq saxlamaq üçün var-qüvvəsini səfərbər etmişdi.

“Sən Allah, üzrlü say, gör nə vaxt gəlib çıxmışam.” – Səməndər yazıq görkəm alıb Qalibin başının üstündə durdu.

Qalib yarıyumulu, kefli gözlərlə rəqs edənlərə tamaşa edirdi. Siqaretdən dərin bir qullab alıb tüstünü buraxdı.

“Boş şeydir, əsas odur ki, gəlmisən, – şalvarındakı siqaret küllərini təmizləyə-təmizləyə üzü yuxarı Səməndərə baxdı. – vəziyyətini başa düşürəm”. Sonra isə əlavə etdi: “Axır qəmin olsun”.

Səməndər tutulub qaldı. Bu nə deməkdir ki? Qaşlarını çatdı. Düşündü ki, yəqin səhv eşidib: “Nə dedin, Qalib?”.

Qalib susdu. Sonra alnının tərini silə-silə əsnədi: “Deyirəm möhkəm ol, gözəl insan…möhkəm…”.

Səməndər yenə bir şey anlamadı, “Boş şeydir” – dedi öz-özünə. İri, upuzun stolda gedib özünə yer tapdı. Əməlli-başlı acmışdı. Başını yuxarı qaldırmadan o ki var girişdi yeməklərə. Süfrədə nə varsa hamsının dadına baxdı. Ağ dəsmalı dizindən götürüb bir kənara qoydu. Köpmüş qarnını tumarlaya-tumarlaya ətrafa göz gəzdirdi. Bu vaxt bir nəfər yaxınlaşdı ona. Dirsəyini onun oturduğu stula dirəyib astadan Səməndərə dedi:

– Həqiqətən çox qəribədir. Kim bilə bilər ki, qismətdə nələr varmış. Allah bilən məsləhətdir. Sadəcə biz güclü olmalıyıq, güclü olmağı bacarmalıyıq. Əlbət ki, bu günlər də keçəcək. Başınız sağ olsun.

Səməndər dişini qurdalaya-qurdalaya ona diqqət kəsilmişdi. Ancaq dediklərindən bir şey baş aça bilmədi. İlk dəfə idi ki, bu adamı görürdü. Bir istədi soruşsun ki, sən kimsən, nə danışırsan, ancaq soruşmadı. Düşündü ki, səhv anlaşılar, Qalibin tanışına hörmətsizlik olar. Heç nə demədi. Gənc oğlan isə Səməndərin fikrə getdiyini görüb dedi: “Nə isə, Səməndər bəy, mən gedim”. Səməndər oğlana diqqətlə baxıb özünü gülümsəməyə məcbur etdi. “Bir daha başınız sağ olsun” – dedi oğlan, sonra dönüb getdi. “Başınız sağ olsun – pıçıldadı Səməndər öz-özünə, – Bu nə deməkdir axı?”. Başını yellətdi. Özünə araq süzdü, süzən kimi də çəkdi başına. Üz-gözünü büzüşdürüb xiyar turşusundan dişlədi.

***

Səməndər əlində qədəh hündür ağ sütuna söykənib rəqs edənlərə tamaşa edir, tox qarının verdiyi məmnunluqla xoşhallanırdı. Məclisdə iştirak edənlərin demək olar böyük əksəriyyəti ilə tanış deyildi. Hələ ki gözünə dəyənlərdən cəmi iki nəfəri tanıyırdı (şənliyin səbəbkarını – Qalibi saymasaq). Bunlardan biri qonşusu Eldar, digəri isə köhnə iş yoldaşı Elza idi. Elzanı burda görəndə sevindi. Uzun müddət idi ki, onu görmürdü. Elza işdən çıxandan sonra münasibətləri tamam kəsilmişdi. Ümumiyyətlə, Səməndər uzun, möhkəm münasibətlər qurmaqda çətinlik çəkirdi. Ələxsus da qadınlarla. İndi Elzanı görəndə əvvəlki günləri xatırladı, qədəhin dibindəki çaxırı başına çəkib hazırlaşdı ki, gedib köhnə iş yoldaşı ilə hal-əhval tutsun. Ancaq getmədi. Gözlədi ki, Elzanın həmsöhbətləri ondan uzaqlaşsın. Gedib beş-altı nəfər tanımadığı adamın yanında çoxdan görmədiyi iş yoldaşı ilə görüşməyi uyğun bilmədi. Qorxdu ki, gedib birdən özünü itirər, gülünc vəziyyətə düşər. Ancaq Elzanın yanındakılar ondan əl çəkmirdilər. Bir nəfər uzaqlaşırdısa, əvəzində ikisi Elzanın dəstəsinə qoşulurdu. Elza isə çox səxavətli idi; hamıya öz təbəssümündən pay verirdi. Səməndər isə əlacsız halda Elzanı uzaqdan izləməklə kifayətləndi. Alkoqolun təsirindən oyanmış ehtirasla Elzanın boynuna, açıq kürəyinə, incə belinə, dolu yanbızlarına göz qırpmadan baxırdı. Bir an Elzanın çiyinlərini öpdüyünü təsəvvür elədi. Ağzının içində nəsə mızıldandı və dikəlib yavaş-yavaş Elzaya sarı getməyə başladı. Elə bu vaxt qonşusu Eldar elə bil göydən düşdü qabağına. Səməndərin diksindiyini görüb gülə-gülə üzr istədi.

“Xoş gördük, qonşu, deyəsən harasa tələsirsən, ancaq gözlə sənə bir-iki sözüm var. Hansı ki, bu sözləri demək bir qonşu kimi, bir yaxın dost kimi mənim borcumdur, mənim ən başlıca vəzifəmdir...Deməli belə… – pırpız saqqalını qaşıdı, – Həyatda həmişə yaxşı şeylər olmur ki. – Səməndər boylanıb adamların arasından Elzanı axtarırdı, Eldar isə onun etinasızlığını vecinə almadan davam edirdi – Bəzən Allah bizləri sınağa çəkir. Bunu bilirsən. Bir şeyi unutma, qardaşım, həyat başdan-başa çətinliklərdən ibarətdir. Ancaq arabir nəfəsimizi dərmək üçün bəzi asan şeylər də qərar verilib bizlər üçün. İndi bax bizlər, məsələn, mən nəfəsimi dərirəm, kim bilir bundan sonra mənim başıma nələr gələcək, nə sınaqlarla üzləşəcəm. Ancaq nə xoş sənin halına, sən artıq bu çətinliyi yaşadın, indi qalır onu qəbul etməyin, baş verənlərlə razılaşıb nəfəsini dərməyin…Yəni ki…Yəni, güclü ol, qardaş, möhkəm ol! – əlini Səməndərin çiyninə iki dəfə vurub əlavə etdi – Başın sağ olsun, qardaş, axır qəmin olsun”.

Səməndər çaş-baş vəziyyətdə donub qalmışdı. Elə hey istədi nəsə desin, amma dili qurudu, lal qaldı. Elə hey istədi ki, yapışsın Eldarın yaxasından ki, ay maymaq, nə boş-boş zəhləmi tökürsən? Di gəl ki, əli-qolu boşaldı yanında qaldı. Eldar nəhayət əlini onun çiynindən götürdü, bir neçə saniyə Səməndərin əsəbi sifətinə baxdı, sonra özünə çəkib qucaqladı. “Keçəcək, Səməndər, keçəcək. Möhkəm ol.” – pıçıldadı qulağına, dərhal da ildırım sürətilə uzaqlaşdı ondan. Səməndər Elzanın yanına getmək fikrindən vaz keçdi və hirsli, yeyin addımlarla ona ən yaxın stola yaxınlaşdı. Stol, demək olar ki, boş idi. Hərkəs rəqs edirdi. Tanımadığı bir qoca yarıyuxulu vəziyyətdə yumşaq stula yayxanıb gilas yeyirdi. Səməndər cəld araq butulkasını qamarladı. Süzdü arağı əsəbi-əsəbi, süzən kimi də çəkdi başına. Stolun o başından qocanın səsi gəldi:

– Həə, Səməndər, necə hiss edirsən özünü?

Səməndərin başı salata qarışmışdı. Başını yuxarı qaldırmadan rişxəndlə “Əla” – dedi. Qoca bic-bic gülüb cavab verdi: “Təki əla olasan cavan oğlan, özün başa düşürsən də, həyatdır, hər şey ola bilər, daha uşaq deyilsən ki, maşallah yekə kişisən. Kişinin başına iş gələr. Son qəmin olsun” – dərin bir ah çəkdi. Sonra ağzının içində mızıldandı: “Son…son…”.

Səməndər az qaldı ağlasın hirsindən. Bir istədi ki, yapışsın bu qoca kaftarın yaxasından, qaldırıb çırpsın stolun üstünə onu. Ki, bəlkə hirsi soyuyar. Ancaq nəinki kimisə çırpmaq, heç ayaqüstə durmağa halı qalmamışdı Səməndərin. Havası çatmadı, tərli köynəyinin yaxasını bir az da açdı, stul çəkib oturdu qoca ilə üzbəüz.

“Ağsaqqal nədən danışırsan sən? Ay nə bilim həyatdır, hər şey ola bilər, ay nə bilim axır qəmin olsun filan… nə danışırsan sən?” Ağzı söz tutmurdu Səməndərin. Bu dediklərini də elə tez-tələsik düzdü bir birinin ardınca. Qoca əlindəki gilasın yan-yörəsinə baxıb ağzına atdı, ağzındakını biraz çeynəyib başını qaldırdı, barmağı ilə qulağına işarə edərək “Eşitmirəm, Səməndər” – dedi.

Səməndər ikrahla qocanı süzürdü. Özünü topladı, astadan: “Lənət şeytana” – dedi. Ayağa qalxdı süfrədən. “Deyirəm ki, ağsaqqal, biz tanışıq? Sən kimsən?”. Sonuncu sualı çox kobud alındı. Səməndər bir an nəzakətsizlik etdiyindən utandı, ancaq dərhal da özünə haqq qazandırdı, ona belə lazımdır – düşündü. Qoca zərrə qədər də kefini pozmadı. “Səməndər yaman keflənmisən ha! – gilasın saplağını külqabına atdı. – Yaman keflənmisən” – təkrar etdi, bu dəfə gülə-gülə. “Məni tanımırsan ki? – dərhal da əlavə etdi – onda icazə ver özümü tanıdım. Mənəm də Qoşqar, Qalibin əmisi”. Səməndər lap utanıb yerə girdi. Necə olmuşdu ki, Qoşqarı tanımamışdı? Dərhal qocaya yaxınlaşdı, ancaq üzrxahlıq etməyə bir söz tapmadı. Bilmədi nə desin kişiyə. İstədi desin ki, əmi, vallah tanımadım, həm biraz dəməm, həm də maşallah saç əkdirmisiniz başınıza (ya da saç gəlib başınıza) ona görə. Ancaq hiss etdi ki, indən belə nə desə gülünc çıxacaq. Gözlərini qocanın başından ayıra bilmirdi. Elə bil demək istəyirdi ki, ağsaqqal inan mənə hər şeyin səbəbkarı bax bu başdır, axı sən əvvəl keçəl idin. Heçnə demədi, yaxınlaşdı Qoşqara qucaqladı onu. Yalnız astadan: “Üzrlü say, Qoşqar əmi” – deyə bildi. Qoca etinasız halda onun açılmış qollarına qarşılıq verdi. “Olur belə şeylər – dedi, – özü də sənin indiki vəziyyətində səni başa düşmək olar, fikir vermə, hər şey keçəcək”. Əlini Səməndərin çiyninə qoydu – “Möhkəm ol. Allah heçkəsə daşıya bilməyəcəyi yük verməz. Nə isə. Mən gedim. Özünə yaxşı bax. Son qəmin olsun”. Qoşqar danışdıqca Səməndər qorxudan və təəccübdən bərəlmiş gözlərlə onun sözlərini başı ilə təsdiq edirdi. Qoca stoldan ayrılıb tualetə tərəf getdi. Səməndər fikirli halda və sanki qocanın dediklərinin fərqinə varmadan qeyri-iradi şəkildə onun arxasıyca: “Çox sağol, Qoşqar əmi” – deyə qışqırdı. Sonra yenə stula çökdü.

Bir neçə dəqiqə üzünü ovuclarında basdırıb tərpənməz qaldı. Bu müddət ərzində bütün baş verənlərin yuxu olduğuna inandırmaq istədi özünü. Ancaq yuxu deyildi, dəqiq bilirdi. Birdən başının üstündə tanış səs eşitdi. Başını qaldırdı. Elza idi bu. Elzanı görər-görməz ehtiras bürüdü bütün varlığını. Elza gülərüz siması ilə ona sarı gəlirdi. Səməndər bir an hər şeyi unutdu, yenə üzü güldü, yerindən qalxdı, arxa cibindən çıxardığı əzik-üzük salfet ilə alnının, boynunun tərini sildi. “Gör kimləri görürəm” – Elza zarafatcıl əda ilə dilləndi. Qucaqlaşdılar. Səməndərin əli bir neçə saniyə Elzanın çılpaq kürəyində qaldı. Sonra Elza qollarından tutub mehribancasına araladı onu özündən – “Hə, necəsən, neynirsən? – gözləri parıldayan Səməndərə əli ilə stulu işarə etdi – əyləş”. “Mənəm də, necə olacam, gördüyün kimi – Səməndər onun parıltılı xumar gözlərinə zillənib danışır, əl havasına stolda qədəh axtarırdı – Elə bugün işdən çıxan kimi qaçdım bura – iki qədəh şərab süzüb birini Elzaya uzatdı, digərini də əlinə götürdü, elə dərhal da acgözcəsinə iri bir qurtum aldı, – işi soruşursansa elə həmin yerdəyəm, köhnə hamam, köhnə tas, – Elzanın gözlərinin içinə baxa-baxa güldü – ehh… məni boş ver, sən özündən danış, sən neynirsən?”. Səməndərin kefi əməlli-başlı açılmışdı, sual verir, ancaq cavab gözləmədən sözünə davam edir, dayanmadan, həyəcanla əl qolunu ölç-ölçə danışırdı. Ancaq deyəsən onun bu qəribə həyəcanı Elzanın o qədər də xoşuna gəlməmişdi. “Hə, bir də ki, – Səməndər çaşqın ifadə aldı – sən Qalibi hardan tanıyırsan?.” Elza saçlarını qulağının ardına yığaraq güldü. “Qalibi haradan tanıyıram? Ha-Ha. Sən də lap kefsən e. Qalib mənim dayımoğludur, sən bunu bilmirdin ki?”. Səməndər yenə mənasız sual verdiyinə görə özünü danlamağa başladı. “Mənə nə olub axı – düşündü, – bayaq Qoşqar boyda kişini tanımadım, biabır oldum ağsaqqalın yanında, indi də gic-gic suallar verirəm”. Yenə bilmədi nə deyib özünü sudan quru çıxarsın. Kəkələdi, dili topuq vurdu, heçnə deyə bilmədi. Elə istəyirdi ki, söhbəti dəyişib vəziyyətdən çıxsın, bir nəfər hündürboy, enlikürək bir adamın stola yaxınlaşdığını gördü. Gəlib iri əlini Elzanın belinə qoydu, salamlaşmaq əvəzinə Səməndərə sərt baxış atdı, sonra isə dilləndi: “Taksi bizi gözləyir aşağıda”. Elza ayağa qalxdı. “Yoldaşımdır. Aslan – gülümsəyərək ərinə tərəf çevrildi, – Aslan, bu da Səməndərdir, əvvəllər iş yoldaşı olmuşuq”. Səməndər ürkək baxışlarla əlini uzatdı. Görüşdülər. Səməndər gülümsədi. Aslan donuq, ifadəsiz baxışlarla başını tərpətdi. “Nə isə, biz gedək. Sən isə özünə yaxşı bax. Əylən, de, gül. Pis günlərin ömrü azdır. Nə olubsa olub, dərd etməklə heç nə əvvəlki vəziyyətinə qayıdan deyil. Möhkəm ol”. Səməndər yenə bilmədi söhbət nədən gedir, yenə soyuq tər basdı onu. Elza isə ürək-dirək verməyə davam edirdi: “Həmişə sənin yanındayıq. Bunu özün bilirsən. Həyatdır da… bilmək olmur… Heç kəs heç nədən sığortalanmayıb. Etməli olduğun şey olanlarla barışmaqdır. Güclü olmalısan. Nə isə, biz tələsirik. Özünü qoru. Həyat davam edir. Axır qəmin olsun. Keçmiş olsun”.

Elza nataraz ərinin qoluna girdi və tələsik uzaqlaşdılar ondan. Səməndər isə yerindəcə donub qalmışdı. Gah düşündü ki, yəqin onu başqa Səməndərlə səhv salırlar, gah da düşündü ki, yəqin hamı sözü bir yerə qoyub onunla gic bir oyun oynayır. “Lənət sənə kor şeytan!” Əlini alnına qoyub dedi. “Lənət sənə!” Bir neçə dəfə təkrar etdi. “Lənət sənə! Bütün bunlar sayıqlamadır – saf bir inam zəbt elədi düşüncələrini – sayıqlamadır, başqa açıqlaması yoxdur. Mənim indi etməli olduğum yeganə şey evə gedib yatmaqdır. Bəli, yatmaq. Səhər hər şey əvvəlki kimi olacaq, hər şey toz olub uçacaq”. Bu fikirlərlə də iri zalda Qalibi axtarmağa başladı ki onu tapıb sağollaşsın. Ancaq bütün zalı aşa-aşa o baş-bu baş gəzsə də onu heç yerdə tapa bilmədi. “Qalib sənin də lap…” mızıldandı öz-özünə. Asta addımlarla qapıya tərəf yönəldi. Həm içki, həm də yorğunluq bərbad hala salmışdı onu. “Mən möhkəm adamam ki, bir belə həngamədən sonra hələ də ayaq üstəyəm” – düşündü Səməndər. Pilləkənləri asta-asta düşüb özünü küçəyə atdı. Ciyərlərini hava ilə doldurub, dərin bir ah çəkdi.

***

Səməndər evə çatan kimi vurmuşdu özünü çarpayıya. Div kimi yatmışdı günortaya qədər. Məhəllədə futbol oynayan uşaqların səs-küyünə oyananda saat birə qalırdı. Saata baxıb diksindi əvvəlcə. Sonra yadına düşdü ki, bu gün şənbə günüdür. Dəqiqləşdirmək üçün təqvimə baxdı. 2 Mart, şənbə. Tərli paltarlarını soyunub duşa girdi. Zümzümə edə-edə hamamdan çıxdı, təmiz paltarlarını əvvəlcə qoxuladı sonra geyindi əyninə. Əynini geyinib keçdi güzgünün qabağına, saçlarını daradı, sonra da cumdu soyuducuya. Əlqərəz, yeyib doyandan sonra gəlib divana sərələndi. Özünü gümrah hiss edirdi. Əlində pult ayağını ayağının üstünə atıb televizorda kanalları çevirir, fit çalır, mahnı oxuyurdu. Birdən dünən gecə baş verənlərin dumanlı xatirəsi canlandı yaddaşında. Ayağa qalxıb var-gəl etməyə başladı evin içində. Sonra əlini yellədib – “Əşşi…” – dedi öz-özünə. Eyvana çıxıb məhəccərə dirsəkləndi. Həyət bomboş idi. “Əcəb hava var! – astadan dedi, sonra bir siqaret yandırdı. Gözü eyvanın bir küncündəki toz basmış yüngül qantellərə ilişdi. “Neçə vaxtdır hərəkətsizlikdən quruyub qalmışam. – fikrə getdi, – Adama nə olursa, elə hərəkətsiz qalmaqdan olur”. Damağında siqaret qantellerden birini qaldırdı. Elə bu an kimsə “Hər vaxtın xeyir, Səməndər” – qışqırdı eyvana. Səs tanış gəlmədi Səməndərə, ancaq başını qaldıranda gördü ki, qonşusu Sadaydır, oğlu ilə eyvana zilləniblər. Salamlaşıb kef-hal tutdular. Sonra bir an sükut çökdü iki qonşu arasına. Danışmağa söz tapmayanda Saday dedi: “Hə, belə-belə işlər, nə isə, Səməndər, mən gedim balacanı gəzdirim biraz, sən də özündən muğayat ol, keçmiş olsun sənə, axır qəmin olsun”. Səməndər yenə cin atına mindi. Əllərini havada yellədib dişlərini bir-birinə sıxaraq deyindi: “Ay Allah, səbr ver mənə!”

“Əlbəttə ki, səbrli olmaq gərəkdir, Allah sənə səbr versin, Səməndər” – saqqalını qaşıya-qaşıya cavab verdi Saday üzüyuxarı. Səməndəri yenə ağlamaq tutdu. “Ay başına döndüyüm sən nədən danışırsan, nə qəm, nə keçmiş olsun?” – Səməndər eyvandan boylanıb zarımağa başladı, ancaq Sadaygil artıq buxarlanmışdı.

Səməndər siqareti balkondan aşağı vızıldadıb içəri keçdi. Başını tutub oturdu. İstədi ağlasın, amma ağlaya bilmədi. Yumruğunu masaya çırpdı, ayağa qalxdı, bağıraraq masanı devirdi. Təngnəfəs olmuşdu. Yavaş-yavaş sakitləşməyə çalışdı. “Qoy cəhənnəm olsunlar, – xalçanın üstünə uzandı, – qoy çərənləsinlər, – gicgahlarını ovuşduraraq öz-özünə fısıldayırdı, – onlara baş qoşsam dəli olaram. Dəli!”

Gözlərini tavana zilləyib fikrə getmişdi. Telefon zəngi fikirlərindən ayırdı onu. Yerindən qalxmadı, susmaq bilməyən səsin kəsliməyini gözlədi. Telefon isə ara vermədi. Asta-asta yerindən qalxdı ki, telefonun naqilini dartıb çıxarsın yerindən. Ancaq sonra fikrini dəyişdi. Götürdü dəstəyi.

“Səməndər – tanış qadın səsi dedi, – Səməndər, salam, yatmışdın?”

Keçmiş həyat yoldaşı idi danışan. Bir ilə yaxın olardı ki, boşanmışdılar. Təxminən üç-dörd ay idi ki, görmürdü Leylanı. Axırıncı dəfə oğlunun ad günündə görüşmüşdülər. Axırıncı dəfə onda eşitmişdi Leylanın səsini. Səməndər onsuz da özündə deyildi, indi Leylanın səsini eşidəndə lap birtəhər oldu, doluxsundu, boğazı düyünləndi, bir müddət susdu, danışa bilmədi.

– Yox, Leyla, yatmamışdım.

Sükut.

– Necəsən? Nə edirsən? Həsən necədi?

– Heç. Mənəm də, işə gedirəm, gəlirəm, gün bitir. Həsən də yaxşıdı, məktəbə gedir gəlir, gecə-gündüz oxuyur.

– Leyla, qulaq as, – Səməndər alnını divara söykədi, – Mən…Mən bilirəm çox böyük səhvlər etmişəm. Elə səhvlər ki…

– Xahiş edirəm, Səməndər, – Leyla sözünü ağzında qoydu Səməndərin, – bu söhbətlər çoxdan müzakirə olunub bitib, bu məsələ ilə bağlı bütün sözlər deyilib və eşidilib, mən başqa şey üçün zəng vurmuşam. Özün bilirsən yəqin.

– Nəyi bilirəm?

– Nə üçün zəng vurduğumu. Düzdür, səni bağışlamamışam. Heç bilmirəm nə vaxtsa bağışlaya biləcəm, ya yox. Ancaq bu çətin günlərdə sənə dəstək verməyi özümə insanlıq borcu bildim. Güclü olmalısan, Səməndər. Bir vaxtlar mənim olduğum kimi… – Səməndər Leylanın səsinin dəyişdiyini hiss elədi, deyəsən ağlayırdı – Öhdəsindən gələrsən. Hamı yaşayır belə bədbəxt hadisələr. Bunları onsuz özün də bilirsən. Sadəcə demək istəyirəm ki, güclü ol, keçib gedəcək. Başın sağ olsun.

– Leyla, sən nə danışırsan? Siz mənim axırıma çıxmaq istəyirsiniz? Nə olub axı? Mənə nə baş verib ki, mənim bundan xəbərim yoxdur, ancaq hamının var? Qurban olum, de mənə görüm nə olub?

– Səməndər, belə danışma yalvarıram sənə – Leyla burnunu çəkir, ağlayırdı – səbrli ol, keçib gedəcək, vallah keçəcək. İndi get yat, istirahət et, özünə gəl. Yaxşı olacaq hər şey, inan mənə…

– Leyla!

Leyla sözünü bitirən kimi asmışdı dəstəyi. Səməndərin gicgahları zoqquldayırdı. Astaca qoydu dəstəyi yerinə. Oturdu telefonun böyrünə. Başı gicəlləndi, gözlərini yumub təzədən söykədi başını divara. On dəqiqə keçməmiş əmisi oğlu Rusiyadan zəng vurdu. Başsağlığı verib dedi ki, axır vaxtlar başı yaman qarışıqdır burada, yoxsa elə növbəti relslə uçardı yanına. Gözlərini uzaqda bir nöqtəyə zilləyib duruxdu Səməndər, dinib danışmadı. Dəstəyi yerinə qoyan kimi yenə zəng çaldı telefon. Əsəbi gülüşlə götürdü dəstəyi təzədən. “Səməndər keçmiş olsun, Allah sənə səbr versin. – tanımadığı bir səs dedi, – Axır qəmin olsun, hər şey düzələcək”. Səməndər şaqqanaq çəkib güldü: “Çox sağol. – dedi, sonra istehza ilə davam etdi – “Çox sağol, bilirəm, əlbəttə düzələcək!”.

Telefonu qamarlayıb çırpdı divara. Hirsi soyumadı, götürüb bir də çırpdı. Onurğasında qəfil bir sancı hiss elədi. Ehtiyyatla oturdu divana. Bir əli belində, bir əli ilə üzünü tutub oturmuşdu. Gah saçını yoldu, gah da başını yumruqladı. “Mən indi bunlara necə dözüm – deyindi yazıq-yazıq – belə dərd olar…” Cib telefonu sataşdı gözünə. Demək olar ki dünən gecədən telefonuna baxmamışdı. Telefonunu həmişə səssiz rejimə qoyurdı. Ah-uf edə-edə telefona tərəf uzandı. 47 cavabsız zəng – ekranda yazılmışdı. Bu vaxt qapı döyüldü. “Cəhənnəm olun!” – qışqırdı qapıya tərəf. Sonra başladı söyüş söyməyə. Kimsə boylandı qapıdan: “Səməndər, evdəsən?”. Səməndərin söyüşlərini eşidəndə arxaya çevrildi, yarı ciddi, yarı zarafatcıl əda ilə arxasındakılara dedi, “Evdədir, ardımca!”. Gələnlər Səməndərin iş yoldaşları idi. Aşmış masanı, çilik-çilik olmuş telefon aparatını, divanda halsız vəziyyətdə uzanıb öz-özünə danışan Səməndəri görəndə hamsı gözlərini bərəldib bir-birilərinə baxırdılar. Onlardan biri divana əyləşib Səməndəri sakitləşdirməyə başladı, biri su gətirməyə getdi, biri də dağılmış şeyləri səliqəyə salmağa başladı.

“Səməndər, özünü ələ al, sən axı daha uşaq deyilsən”. Səməndər əllərini üzünə tutub, “Niyə mən?! Axı niyə? Nə istəyirsiniz məndən?” – deyə zarıyırdı. “Bədbəxt hadisələr hamının başına gəlir, inan mənə, uşaqlıq eləmə – dedi iş yoldaşlarından biri, sonra stəkanı əlinə aldı, yavaş-yavaş Səməndərə uzatdı – götür bu suyu iç özünə gəl biraz”.

Səməndər cəld hərəkətlə yerində dikəldi, stəkanı qapdı, əndərdi suyu iş yoldaşının başına. Sonra dəli kimi bağırmağa başladı, “Başınız sağ olsun! Başınız sağ olsun! – isterik gülüş səsi götürdü evi başına – Al, bax gördün, başın sağ oldu! Ha Ha!”

Birdən ayağı büdrədi Səməndərin, gözləri qaraldı, yer qaçdı altından, tappıltı ilə dəydi yerə. “Ay yazıq…” – sonuncu eşitdiyi söz bu oldu.

***

Qızarmış gözlərini açanda hava qaralmışdı. Qoluna sistem qoşulmuşdu. Qızdırmadan yanırdı. Dəhşətli bir ağrı var idi bədənində. Barmaq uclarına kimi ağrayırdı. Boynunu hərəkət etdirib baxa bilmirdi kim var yanında, ancaq bilirdi ki, otaq adamlarla doludur. Qalibin səsini eşidirdi: “Yaxşı görək! Su atdı? Yazıq, dərddən dəlilik gətirib”. Sonra Leylanın səsini eşitdi. Leylanın nə danışdığını anışdıra bilmədi. Birdən qapı səsi eşitdi. Hamı dərhal susdu. Gələn həkim idi. Həkim qoltuğundakı dəri çantanı çarpayıya qoydu. Sonra isə hərkəsdən otaqdan çıxmağı xahiş etdi. Həkim qırışlı alnının tərini silə-silə çarpayının baş tərəfinə yaxınlaşdı, termometer qoydu Səməndərin qoltuğuna. Səməndər diqqətlə süzdü həkimi; damarlı əllərinə baxdı, ağarmış qaşlarına, çənəsindəki bir topa ağ saqqala nəzər saldı, amma özündə deyildi, nəyə baxdığının, nə gördüyünün fərqində deyildi. Həkim eynəyini taxdı, gözlərini qıyıb termometrə zillədi baxışlarını. Səməndər yavaş-yavaş özünə gəlirdi. Gözləri əvvəlkindən biraz daha canlı, daha hərəkətli idi. Həkim termometri kənara qoydu, göz-gözə gəldilər.

“Ağsaqqal, qulaq as” – Səməndər xırıldadı, həkim yaş pambığı isladıb Səməndərin qupquru, çatlamış dodaqlarına sürtdü. “Ağsaqqal, nə baş verir axı? Nə baş verir?”.

Həkim Səməndərə tərəf azca əyildi, qayğıkeş baxışlarla dedi: “Heçnə olmayıb, a kişi, azca qızdırman var, səhərə top kimi olacaqsan”.

Səməndərin hirsindən gözləri doldu: “Onu demirəm, onu demirəm! – bir neçə saniyə gözlərini yumdu, sonra əlavə etdi, – Olub keçənlərdən xəbərin var yəqin ki – qoca təəccüblə başı ilə təsdiqlədi, üzünə məyusluq ifadəsi çökdü: “Əlbəttə var” – dedi. “Onda de görüm nə olub? Yalvarıram sənə, ağsaqqal, başa sal mənə görüm, nə baş verib, bezdim daha bu heyvərələrin əlindən”.

Həkim heçnə demədi. Altı kölgələnmiş, boş gözlərə bir neçə saniyə baxdı. Bomboş gözlər vahiməyə saldı həkimi. Bir anlıq özünü dibsiz, zülmət bir quyuya düşmüş kimi hiss elədi. Gözlərini ovuşdurdu, ağır hərəkətlərlə çarpayıdan qalxdı. Səməndərin ağzının içində “Ağsaqqal, cavab ver!”- deyə mırıldadığını eşitsə də reaksiya vermədi. Otaqdan çıxdı. Azca aralı qalmış qapıdan içəri küy doldu. Səməndər var qüvvəsini toplayıb yerində azca dikəldi, diqqət kəsildi ki, hay-küyün içindən həkimin sözlərini seçə bilsin. “Sayıqlayır” – dediyini eşitdi həkimin. Sonra yenə səslər bir-birinə qarışdı. Azca keçmədi ki, sakitlik oldu. “İynələr, – dedi həkim, – təsir etməyib qızdırmasına… Vəziyyət qəlizdir, çox pis sarsıntı keçirib… Təcili xəstəxanaya yatırmaq lazımdır”.

Səməndərin gicgahındakı zoqqultu getdikcə amansızlaşmağa başladı. Əzələləri boşaldı, süstləşdi, gözlərini yumdu. Qapının arxasından həkimin israrlı səsi gəlirdi: “Yox, yox, nə danışırsınız, güclü iynələrdir”.

***

Səməndər iki gün mərkəzi xəstəxanada canı ilə əlləşdi. İki gün gecə-gündüz sayıqladı, qızdırması düşmədi. Martın 5-i axşamüstü Səməndərin yatdığı palatada çaxnaşma düşdü. Həkimlərin biri çıxdı, beşi girdi. Bir müddət sonra gözləmə skamyasında qaşqabağını sallayıb oturmuş Leyla baş həkimin onun oturduğu skamyaya tərəf könülsüzcə addımladığını gördü. Diksinib ayağa qalxdı, sürətlə həkimin üstünə yeridi, ağlamaqdan qızarmış, ürkək baxışlarını həkimə zillədi. Həkim papağını əllərində dartışdıra-dartışdıra dedi. “Başınız sağ olsun”.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #