news-inner
clock11:01 calendar-gray 06 May 2011 view-gray2407 dəfə oxunub
view-gray2407 dəfə oxunub

Rüstəm İbrahimbəyov: “ SSRİ-də yeganə adam idim ki...” - MÜSAHİBƏ

Keçmiş SSRİ-dən Oskar Akademiyasının yeganə üzvü, kibernetika alimi, yazıçı-ssenarist, rejissor, prodüsser, kinodramaturq... Nəhayət, təpədən dırnağa səmimiyyət olan Rüstəm İbrahimbəyov Kulis.az -in qonağıdır.

Həmsöhbətim məni qarşılayanda “nədən danışacağıq, siyasətdən?” - deyə soruşdu. “Hər şeydən” - deyə cavab versəm də, sual məndə sual doğurdu.

Ziyalı çoxdur, ziyalılıq isə yoxdur

- Mən Sizi heç siyasətdə görməmişəm, niyə Sizə elə gəldi ki, siyasətdən söhbət edəcəyik?


- Mən də özümü siyasətdə görmürəm, siyasət deyəndə ölkədəki vəziyyəti nəzərdə tuturam, bu barədə mənə çox sual verilir. Mən də həmişə demişəm ki, siyasətdən uzağam, məni yalnız bir məqam narahat edir ki, Azərbaycanda ictimai rəy demək olar ki, yoxdur. Hökumət möhkəmdir və möhkəm də olmalıdır, bu vəziyyəti də yaratmaq üçün cəmiyyətdə stabilliyi təmin edən nüfuzlu ictimai rəy olmalıdır. Hər zaman və hər yerdə məmurlar öz vəzifələrindən istifadə edə bilirlər, bunun qarşısını isə yalnız ictimai rəy ala bilər. Ziyalıların vəzifəsidir ki, siyasətə qarışmadan xalqın istəklərini iqtidara eşitdirə bilsin. Bunun üçün də ictimai rəyi yaratmaq ölkənin hörmətli şəxsiyyətlərinin boynuna düşür. Təəssüf ki, Azərbaycanda ziyalı çoxdur, ziyalılıq isə yoxdur. Bunu deyəndə bəzi vəzifəli şəxslər məndən inciyirlər. Amma mən hökumətin mənafeyi üçün çıxış edirəm, istəyirəm dövlət daha da möhkəmlənsin, ölkəmiz inkişaf etsin, kimlərsə dövlətin adından şəxsi maraqlarını həyata keçirməsinlər. Ayrı-ayrı mətbuat yazır, adamlar danışır, amma 100 nəfər nüfuzlu ziyalı bir araya gəlib, problemləri desə, məncə, bu, eşidilər.

- Problem nədədir ki?

- Ziyalılar öz vətəndaş borclarını yerinə yetirməlidirlər. Bəzən məhkəmə hakimiyyətinin qanunları pozaraq, qərarlar çıxarırlar. Sonra da bu məsələlər Avropa Məhkəməsində baxılır və bizim ölkənin imici zədələnir. Digər tərəfdən, düzgün qərar verilsə də artıq iş-işdən keçir.

- Siz də ziyalıları bir yerə toplaya bilmirsiz?

- Hərdən biz bir qrup ziyalılar yığışırıq, yaranmış vəziyyəti müzakirə edirik. Hər bir mövzu üçün ekspertlər dəvət edirik, məsələni təhlil edir, sonra müraciət yazıb geniş ictimaiyyətə təqdim edirik. Mən əminəm ki bu addımlar hökumətin xeyrinədir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bəlkə iqtisadi cəhətdən ən irəlidə olan ölkələr arasındadır, amma eyni zamanda neqativ hallar da var. Təqaüdlər bir insanın yaşayışı üçün çox azdır. İş adamları sərbəst iş qurmaqda çətinlik çəkirlər və s.

Təmiz Azərbaycanlıyam

- Sizin soy-kökünüz barədə son zamanlar mətbuatda müzakirələr gedir...


- Bu çox gülməli iddiadır, çünki həm ata, həm ana tərəfdən bizim ailə çox tanınmış ailədir. Heç olmasa beş-altı nəsil tanınmış adamlar olublar. Onların arasında bir nəfər də olsun başqa millətin qarışığı olmayıb. Ana tərəfdən Bakılıyam. Babamın mənim nənəmdən əvvəl rus arvadı olub. Ondan bir qızı vardı. Sevimli Mənzər xalam. Sonra nənəmlə evlənib, nənəm çox məşhur Sultanovlar nəslindəndir. İsmayıl bəy Sultanov anamın dayısıdır. Altı övladları olub. Ata tərəfdən babam Şamaxının şəhər idarəçiliyində işləyib. Ulu babam Sultanməcid bəy Şamaxıda məşhur vəkil olub. Qohumlarımız Ağalarovlar, Sultanovlar, Veysovlardır. Mən həmişə fəxr edirəm ki, təmiz azərbaycanlı olaraq dövlətimizi Amerikada, Rusiyada və başqa ölkələrdə təmsil etmişəm.

- Azərbaycan Neft Kimya İnstitutunu bitirib, sonra Moskvada Kinematoqrafiya İnstitutunda oxumusunuz?

- Yox, Neft Kimya İnstitutunu bitirəndən sonra bir neçə il elmlə məşğul olmuşam. Aspiranturanı Moskvada bitirmişəm. Orda oxuya-oxuya ali ssenari kurslarına getmişəm. Məndən əvvəl həmin kursları Anar və qardaşım Maqsud bitirmişdi. İkinci yığımda mən və Alla Axundova qəbul olunduq. Sonradan Ramiz Rövşən , rəhmətlik Mənsur Vəkilov və Eldəniz Quliyev də orda təhsil alıblar. İki illik ali kurslar idi, bir neçə ildən sonra elə oranın rejissor şöbəsini də bitirdim. Neft institutunu qurtarandan 9 il sonra Bakıda kibernetika üzrə beynəlxalq qurultay oldu. Dünyanın çox böyük alimlər iştirak edirdilər, tədbiri beynəlxalq təşkilat keçirirdi. Orada kibernetika üzrə Azərbaycandan yeganə məruzəni mən elədim. Həmin məruzədə ilk dəfə neftayırma zavodunun operatoru ilə yazıçı ssenariçinin gördüyü işin yaxınlığını açdım. Hamı mənə uğurlu alim kimi baxırdı. Kinodan da əvvəl nəsrlə məşğul idim, indi də nə ilə məşğul olsam da, nəsri kənara qoymuram.

Azərbaycandan başqa... hər yerdə

- Bildiyim qədər 50 filmin ssenarist-prodüser olmusunuz, yalnız “Etimad telefonu”nun həm də rejissorusunuz...


- İnternetdən götürdüyünüz məlumatdır, orda da mənim haqqımda məlumatlar yanlış verilib. Mən də buna böyük əhəmiyyət vermirəm. Beş-altı film çəkmişəm, onlardan üçü qısametrajlı film olub və hər biri beynəlxalq mükafatlar alıb. Sonra Ramiz Həsənoğlu ilə “Ailə” filmini çəkdik. Bu film də beynəlxalq festivallarda iştirak edib və bir-neçə birinci ödül alıb, amma Azərbaycanda göstərilməyib.

- “Nika” alan filmi də özünüz çəkmisiniz.

- Bəli, “Kabusun gözü ilə” filmim MDB ölkələri arasında ən yaxşı film kimi “Nika” aldı, onun həm ssenarisini yazmışam, həm prodüseriyəm, həm rejissoru. Sırf müəllif filmidir. Bu film Parisdə, Marseldə, Moskvada, Sank-Peterburqda göstərilib. İndi də Portuqaliyada nümayişi gözlənilir. Filmə maraq böyükdür.

Kino fəaliyyətimlə yanaşı, teatrın mənim həyatımda öz yeri var. Artıq 10 ildir Bakıda öz teatrım var, “İbrus”. Molyerin “Tartyuf” əsərini qoymaq istədim, məlum oldu ki, dünya üzrə tanınmış bu əsər bizim dilə çevrilməyib. O əsər üzərində “Tartyuf Ağayeviç” adlı pyes yazdım. Əsər bugünkü həyatımızdan bəhs edir. Payızda Azərbaycan dilində premyerası olacaq.

Üç dəfə nominasiya olub, bir dəfə “Oskar” alıb

- “Oskar” almağınızdan danışaq, çünki müxtəlif mübahisəli fikirlər var bu barədə, hansı filmdir və sizin o filmdəki fəaliyyətiniz nədən ibarət olub?


- Üç dəfə mənim filmlərim “Oskar”a nominasiya olub. Birinci film mənim və Mixalkovun ssenarisi əsasında Mixalkovun çəkdiyi “Urqa” filmi idi. Nominasiyadan keçib, “Oskar” almadı. 100 filmin arasında 5 film nominasiyaya təqdim olunur, onun özü böyük fəxrdir. “Oskar”ı fransız filmi aldı. İkincisi mənim ssenarimlə çəkilən “Günəşdən usanmışlar” filmi nominasiya oldu və “Oskar” aldı. Üçüncü filmim Bodrovla birgə yazdığımız ssenarini əsasında fransız rejissoru Rejis Varne çəkdi , o da nominasiya oldu, amma “Oskar” almadı.

Nəticə olaraq, mən keçmiş SSRİ ölkələrində yeganə adamam ki, Oskar akademiyasının üzvüyəm. Avropa Akademiyasında isə Azərbaycanı məndən başqa bu ildən operator Kənan Məmmədov da təmsil edir.

Los-Ancelesdə artıq 22 ildir evim var

- Hər şeyiniz var, kənardan hamı deyir çox xoşbəxtsiniz, amma təbii ki, insan özünü tam xoşbəxt hiss edə bilmir, bəs, sizə özünüzü xoşbəxt hiss etməyiniz üçün nə mane olur?


- İnsanlıq. Normal insan xoşbəxtliyi anlarla hiss edir. Bir adam ki, övladını itirib o necə xoşbəxt ola bilər? Heç vaxt ola bilmərəm... 20 yaşı vardı.

- Dünya ayağınızın altındadır, onun dərdi nə idi ki, əlacı tapılmadı?

- O dərdin indiyə qədər dərmanı tapılmayıb, tək-tək olan o xəstəlik akademik Saxarovda olub, kardiomiopatiya. Ürək əzələləri gücdən düşür, ürək başlayır böyüməyə. Tromblar yaranır və vurub bütün orqanları sıradan çıxarır. İndiyə qədər dərmanı yoxdur, təzə ürək qoymaq lazımdır, onu da 84-cü ildə eləmirdilər. O vaxtdan mən bədbəxt adamam. Amma insan hər vaxt sevinməyə səbəb tapmalıdır. Həyatın hər dəqiqəsi dəyərlidir. Həyatın özündən ləzzət almaq lazımdır. Buna da hər adamın qabiliyyəti çatmır.

- Kosmopolit adamsınız, Bakıda, Moskvada, bəlkə Amerikada da eviniz var...

- Los-Ancelesdə artıq 22 ildir evim var

- Bir gün qərar versəniz ki, bəsdir daha oturaq həyata keçim, harda düşüb qalardınız?

- Maraqlı sualdır. Vaxtilə Mərkəzi Komitənin bir katibi ilə mübahisəm olub, ona dedim ki, sizin işiniz burdadır, məcburən burda yaşayırsınız, amma mənim Moskvada evim də var, bağım da. Burdan çıxıb getsəm, heç bir yaşayış problemim olmaz, bura ona görə gəlirəm ki, Vətənimi sevirəm. Başqa yerdə uzun müddət qala bilmirəm, Bakı üçün darıxıram. Burdan üzülmək üçün gərək keçmişimi yaddaşımdan siləm. Los-Ancelesdə bir aydan artıq qala bilmirəm . Moskvada da həmçinin, orda işlərim çoxdur, amma yenə 2 aydan artıq qala bilməyib gəlirəm Bakıya.

Çalışıram ki, həyatdan ləzzət almaq qabiliyyətini itirməyim

- Şərq-Qərb kino festivalının taleyi necə oldu?


- İki ildir ki, hökumət tərəfindən festivalın keçirilməsinə vəsait ayrılmır. Utanıram, axı bu Azərbaycanın imicinə zərbədir. 11 dəfə keçirilən artıq dünyada tanınan festivalın keçirilməsi xırda, müəyyən olmayan səbəblərə görə dayandırılıb. Deyirəm, qoyun o festivalı başqa təşkilat, başqa adamlar keçirsin, mən kənarda qalım, təki festival olsun.

Lakin aydın cavab ala bilmirəm. Bütün bunlara baxmayaraq çalışıram ki, həyatdan ləzzət almaq qabiliyyətini itirməyim.


Ramilə QURBANLI

Oxşar xəbərlər

Xəbər lenti

Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
21:00 16 May 2021
Tut ağacı – Hekayə
18:39 16 May 2021
Teli zülmət, üzü məşəl, ömrü Kərbəla – Kazımoviçdən yeni şeirlər
17:51 16 May 2021
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
17:16 16 May 2021
Rassel Krou yenidən baş rolda
16:59 16 May 2021
Bakıda keçiriləcək “JARA 2022”-nin tarixi açıqlandı
16:14 16 May 2021
“Sözün Nizamı” adlı onlayn tədbir olacaq
15:36 16 May 2021
Sevişə-sevişə casusluq etdi, 50 min adamın qanına bais oldu, onu güllələyən əsgərlərə öpüş göndərdi – Avroviziya mahnımızın “Mata Hari”si kimdir?
14:52 16 May 2021
Çingiz Abdullayev: "Məni Ermənistanda da izləyirlər"
13:59 16 May 2021
Xanım yazarın kitab təqdimatı keçirildi
13:18 16 May 2021
Seksual tolerantlıq epoxasının qaranquşu – Lyosa “Lolita”dan yazır - Dilimizdə ilk dəfə
12:36 16 May 2021
Anar Şuşadan danışdı: “Dostluq, qardaşlıq mesajları verilirdi” - Fotolar
12:01 16 May 2021
Qocalmaqdan qorxub intihar edən qadın
11:05 16 May 2021
Şagirdimiz beynəlxalq müsabiqədə qalib oldu
10:55 16 May 2021
Şuşadakı Bayatı-Şirazla itirdiklərimiz
10:19 16 May 2021
Aşıq Ələsgərin nəticəsi bütün sirləri açdı: “Səhnəbanu başqası ilə ailəli olsa da...” - Müsahibə
09:00 16 May 2021
Qapılarda nökərçilik etdi, həbsə düşdü, qızına görə Siyavuş Aslanı döymək istədi – Məşhur aktyorun həyatından maraqlı faktlar
17:30 15 May 2021
Sevdiyi qız ona gizlincə tort bişirtmişdi - Gülsatan qız bu gün ad günü olan şəhiddən danışır...
15:49 15 May 2021
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında
14:24 15 May 2021
Havalandı Xanın səsi, Qarabağın şikəstəsi: “Xarıbülbül” festivalından qeydlər – Vüsalə Mahirqızı yazır...
13:15 15 May 2021