Kulis.az Vüsal Bağırlının "Yuxarı baxma" yazısını təqdim edir.
Fikir vermisinizsə, insanların çoxu yerə baxır. Başını qaldırıb, nəzərini səmaya dikənlərə nadir hallarda rast gəlmək olar. Bəlkə elə buna görədir ki, yol-izdə, küçə-bacada rastlaşdığımız adamlar qaşqabaqlı və bikef görünürlər. Çünki yer-torpaq həmişə - ayağımızın altı zülmətə və ölümə işarədir – istər-istəməz adamı mənfi enerjiyə kökləyir. Mavi səma isə əksinə, ümid və gələcəklə assosiasiya olunur. İçimizə nikbinlik gətirir.
Bəs yuxarı baxarkən heç quş kimi havaya pərvazlanmağı, uçmağı arzulamısınız?
Yəqin ki, hamımızın bu suala cavabı birmənalıdır:
Əlbəttə!
İnsan daim hündürlüyə, zirvəyə, mavi səmaya can atır. İnsan övladı göy qübbəsini o qədər şiddətlə arzulayır ki, bütün şüurlu ömrü boyu, doğuşdan ta ölənə qədər aşağıda, torpaq üzərində yaşasa da tapındığı Tanrısını daim göylərdə axtarır, öldükdən sonra hətta ruhunu belə göyə, səmaya uçurur.
Beləcə insan daim qanadlanıb uçmaq, havada süzmək hissi ilə alışıb-yanır. Halbuki onun yaranışdan bəri qanadı heç yerli-dibli olmayıb. Göy üzü həmişə bizi maqnit kimi özünə çəkir, cəzb edir. Biz uçmağı, havaya qalxmağı bacarmırıq. Aerodinamik xüsusiyyətdən məhrum qollarımızı yana açıb mexaniki şəkildə ha aşağı-yuxarı tərpətsək də göyə qalxa bilmirik. Uca bir yerə dırmanıb oradan üzüaşağı tullansaq da havada qalmağı bacarmırıq. Kəllə-mayallaq gəlirik yerə.
Amma qol-qanadı sınıq, boynubükük xəyallarımızın, qısır arzularımızın əvəzini biz başqa bir dünyada artıqlaması ilə çıxırıq.
Söhbət yuxu dünyasından gedir.
Yuxularımızda biz hər şeyi bacarırıq. Bəs deyincəyə qədər uçur, havada quş kimi süzür, ta buludların yanına qalxır, ürəyimiz istəyən uçuş manevrlərini həyata keçiririk.
***
Soyuq müharibənin qızğın vaxtlarında ABŞ prezidenti Ronald Reyqan “Strateji Müdafiə Cəhdləri” (Strategic Defenge İnitiative) adlı proqram irəli sürdü. Proqramın digər adı “Ulduz müharibələri” adlanırdı.
Proqrama əsasən guya əgər başqa planetlərdən, daha inkişaf etmiş yerdənkənar sivilizasiyalardan bizə qarşı hər hansı təhlükə yaranardısa bəşəriyyət olaraq səfərbər olunmalı, özümüzü müdafiə etməli, qorunmalıydıq. Bunun üçün Amerikada xüsusi uzaqmənzilli “yer-hava” və “hava-hava” tipli ballistik raketlər hazırlandı.
Əslində isə məqsəd bu deyil, tamam başqa idi. Reyqan siyasi kamuflyaj üsulu ilə pərdələnərək “Ulduz müharibələri” adı arxasında əsas düşməni SSRİ-yə qarşı yeni silahların alınması, hərbi xərclərin artırılması üçün özünə bəraət qazandırır, konqres və senatın dəstəyi ilə büdcə pullarından rahatca istifadə edirdi.
O vaxt belə söhbətlər mənə fantastik və qeyri-real görünürdü. İndi isə həmin proqramı müasir dövrün baxış bucağından analiz etdikdə görürük ki, nə qədər aktual və vacib məsələdir. Çünki bizim bundan sonrakı şüurlu həyatımız, taleyimiz, gələcəyimiz yalnız göylərdən, səmadan, kosmik ənginliklərdən asılıdır.
Qədim dövrlərdən üzü bəri bütün dinlər apokaliptik fəlakətlərin yetişdiyi qiyamət günündə nicatın məhz göylərdən gələcəyini söyləyiblər. Sonra isə elm inkişaf etdi və demək olar, alimlər də eyni nəticəyə gəldilər. Sən demə, dini müddəalar doğru imiş, bizim sonrakı xilas yolumuz həqiqətən də səmadan, kosmosdan asılı imiş.
Beləliklə, ortaya iki ssenari çıxır.
Birinci versiyaya görə, göydən təpəmizə daş düşəcək. Yəni fantastik filmlərdə olduğu kimi, səmadan enən nəhəng bir asteroid, yaxud meteorit qırığı planetlə toqquşaraq, partlayış dalğası hamımızı dinozavrlar kimi məhv edəcək.
İkinci versiyaya görə isə, İlon Mask (ağ atlı oğlan) kimi fərasətli, diribaş bir alim ortaya atılacaq, Nuhun missiyasını öz boynuna götürəcək və seçilmiş fərdləri nəhəng kosmik gəmisinə mindirərək bizi başqa planetləri fəth etməyə aparacaq.
Görünən odur ki, Yer kürəsi bir planet kimi artıq yaşayış üçün əlverişsizdir. Əhali artıb, ekoloji tarazlıq pozulub, ozon qatı yırtılıb, xəstəliklər çoxalıb, resurslar tükənib. Bu son həddir və planet insanları, bu zərərli, ziyanverici ikiayaqlı şüurlu məxluqları saxlaya bilmir.
***
Adı səmayla, göylərlə bağlı olan bir film var.
“Don't Look Up ”.
Yəni “Yuxarı baxma”.
2021-ci ildə rejissor Adam Makkeyin çəkdiyi bu kino işində xeyli məşhur aktyorlar (Leonardo Di Kaprio, Cennifer Lourens, Keyt Blanşet, Timoti Şalame, Ariana Qrande) çəkilib və film olduqca vacib mövzuya toxunur.
Belə ki…
…nəhəng teleskoplarla, ultramüasir cihazlarla silahlanmış alimlər, astronomlar fəzada, uzaq kosmosda qəribə bir şey müşahidə edirlər. Nəhəng komet yüksək sürətlə planetimizə yaxınlaşır. O tükənməz dağıdıcı gücə malikdir və Yerlə toqquşacağı təqdirdə bütün məxluqatı cəhənnəmə vasil edəcək. Tez fiziki araşdırmalar aparılır, mürəkkəb riyazi hesablamalar edilir və kometanın Yerə çatacağı vaxt dəqiq hesablanır.
Altı aydan bir az çox müddət. Daha dəqiq desək, məlum olur ki, sonumuza 197 gün qalıb. Film öz dramatizmi, həyəcanı, tamaşaçıya aşıladığı gərgin süjet xəttiylə yanaşı, həm də başqa, daha geniş və önəmli mesajlar verir, xəbərdarlıqlar edir.
Ey insanlar, ay camaat, dayanın. Biz, planetin şüurlu məxluqları - hara gedirik?
Biz nə edirik?
Filmdə quyruqlu ulduz, kometa geniş anlamda fərqli məna daşıyır, o sadəcə fəzada süzən kosmik cisim deyil, həm də planetimizi bürüyən bütün problemləri - iqlim dəyişikliyi, ekoloji pozuntu, yoluxucu xəstəlik, artan insan sayı, tükənən resurslar – özündə ehtiva edir.
Filmin tamaşaçını düşünməyə vadar edən əsas motiv budur: biz sivilizasiya olaraq öz doğma evimizi, Yer kürəmizi məhvə sürükləyirik. Əgər bütün ölkələr, dövlətlər, siyasətçilər, alimlər, elm adamları təcili birləşib, ümumi məxrəcə gəlməsələr, planetar problemlərə qarşı çıxış yolu tapmasalar heç birimiz qaçılmaz aqibətdən, labüd ölümdən xilas ola bilməyəcəyik.