news-inner
clock13:32 calendar-gray 27 Aprel 2021 view-gray711 dəfə oxunub
view-gray711 dəfə oxunub

Bala, ağzını yerə tut - Nadir Rzalının hekayəsi

Kulis.az Nadir Rzalının "Bala, ağzını yerə tut" hekayəsini təqdim edir.

Kəndimiz gözümü açandan bəri hasardan üzülüb çıxmışdı. Evlər qoşa-qoşa sıralanırdı. Bir deyim var ha, o evin işığı bu evə düşməz. Bax bizim kəndimizin camaatı bu deyimi də o hasarlarla bir yerdə sındırıb ata bilmişdi. Bir evin istisinə o biri ev qızınardı. Evlərin arasında təkəmseyrək çürümüş taxtalar olardı, ya olmazdı.

Səhər naxıra gedəndə söhbət həvəsinə növbəyə gedən adamdan əlavə bütün tay-tuş cayıllar yığışardı. Adətim idi, yuxudan oyanan kimi əl-üzümü yumamış düşürdüm həyətə, yarpaqların üstündəki şehlə əlimi, üzümü nəmlədirdim. Yarpağın ucundan damcı elə sallanırdı, elə bil inəyin məməsindən süd giləsi sallanır, yerə düşmür, sallanıb durub. Bu şeh adətim yekə kişi olanacan başımda qalmışdı. Hər səhər həyətə düşəndə eşidirdim, qonşumuz Maral xala yenə qışqırır:

“Zəhrəəəə, ay Zəhrəəə, ikicə gözzərünnən olasan, niyə aynabəndi süpürməmisən”.

Elə bir arvad hər gün Zəhranın ikicə gözlərinə yaman söz demək üçün bəhanə gəzirdi. Hələ dünyanın başı ilə ayağını başa düşməsəm də, öz-özümə deyirdim, bu cür gözə qarğış demək insafdandımı?! Elə gözləri var idi, heyrətdən heç yerini süzə bilmirdi adam, eləcə gözlərinə baxmaq istəyirdin. Zəhragilin həyətində bir yellənçək varıydı. Xalası qonşuya keçəndə macal tapıb yellənirdi. Yellənmirdi ha, elə bilirdin sola-sağa turac süzür. O yellənəndə baxa qalırdım pəncərədən. Gözümün qara giləsi sağa-sola yırğalanmaqdan başım gicəllənirdi. Birinci sinfə getməyə hazırlaşan uşaq aşiq ola bilərdimi? Bilmirəm, amma bir onu bilirəm, onu görməkdən ötrü həyət-bacadan evə yığılmırdım.

Zəhra atadan kənar, anadan nakam idi. Nənəm deyirdi, atası Zəhra qundaqda olanda bir gürcü qızının əsiri olub arvadını boşamışdı. Anası da xiffət çəkməkdən yorğan-döşəyə düşmüşdü. Zəhraya uşaq vaxtından Maral xalası baxırdı. Adamın Allahı var, qarnı tox, əyni-başı taraz olurdu Zəhranın. Amma göz verirdi, işıq vermirdi. Maral xala sonsuz idi, elə ona görə də əri hələ cavan vaxtı atıb getmişdi. Buna görə də acı dil idi. Qızın ürəyi üzülmüşdü. Hərdən eyvandan Kürə sarı uzanan yola gözünü elə zilləyib baxırdı, elə bilirdin bəndüstü bir atlını gözləyir. Gözləyir ki, gəlsin, alsın, aparsın. Amma onun bu baxışı məni həmişə qorxudurdu. Elə bilirdim, Zəhra bir gün özünü Kürə atacaq. Bir dəfə nənəmə də demişdim bunu. Demişdi, “bala, ağzını yerə tut”.

Məktəbimizə Bakıdan bir tarix müəllimi gəlmişdi, Cəlil. Cəlil müəllim boylu-buxunlu adam idi. Yar-yaraşığından adamın gözü qamaşırdı. Bizdən iki ev aralıda qalırdı. Cəlil müəllim Zəhradan sarı dəli-divanə idi. Küçəmizin xırda cocuğ-mocuğundan tutmuş, başı “panamalı” kişilərinə, noxudu kəlağayılı ağbirçəklərinə qədər hamı bundan danışırdı. Hələ bir dəfə çolaq İsgəndərin yetimçəsi dəli Qasım bunun üstündə Cəlilə əl toyu da vermişdi. Nə yalan deyim, dəli Qasım Cəlilə ilişdirəndə ürəyimdən tikan çıxarmışdı. Axı Zəhranı özüm alacaqdım. Hə, uşaq ağlı, deyirdim, böyüyəcəm Zəhranı alacam, kim nə deyir desin. Özü də ağlıma nə gəlirdi nənəmə deyirdim. Elə yazıq arvadın dili qabar olmuşdu deməkdən, “a bala, ağzını yerə tut”.

Amma Cəlil sevdasından əl çəkmirdi, Zəhranın da könlü var idi. Cəlilə acığım sonsuz idi, amma onların bu sevgisi bir yandan da mənə şirin gəlirdi, həsəd aparırdım. Elə bu haqq-hesablara tamaşa eləməyə başım necə qarışmışdısa, hərfləri yaxşı tanımırdım. Birinci sinfi beləcə yola vermişdim.

Cəlilin sevgisi bütün davranışına kar eləmişdi. Onu iki göz lazım idi görə ki, Zəhranı görəndə necə haldan-hala düşür. Bir müddət tamam olandan sonra Cəlil Bakı məktəbi ilə əvəzlənə bilərdi. Nənəm deyirdi, o özü bilə-bilə bundan imtina edib. Hərdən fikirləşirdim ki, ay həzrət Abbas, belə də şey olar, qonşu cayıllar ilişir, döyür, kənd camaatı tənbeh edir, amma Cəlil Zəhradan əl çəkmir. Hətta deyirdim ki, mən ki Zəhraya bu cür məhəbbətlə bağlıyam, Cəlil nə mənədir, bunu qanıb geri çəkilməsin? Elə bunu da deyəndə nənəm bir qapaz ilişdirib deyirdi, “bala, ağzını yerə tut”. Bilirdim, mənimki xam xəyaldı. Mən bir para uşaq, Cəlalla Zəhra püxtə cavan. Amma yenə də Zəhranı görəndə ürəyim elə möhkəm vururdu ki, ayağımın altda torpaq da silkələnirdi.

Günün birində Cəlil qalan evin küçəsindən bir çığırtı gəldi. Cəlil müəllim Xanım nənənin həyətindəki daxmada qalırdı. Gördük Xanım nənə çığırır. Uşaq yüyrək olar deyiblər, tez götürüldüm həmin həyətə. Xanım nənə başına-başına döyürdü. Cəlil eləcə həyətin ortasında uzalı qalmışdı. Fağırın ürəyi partlamışdı. Hərdən məktəbdə pilləkənləri qalxanda möhkəm tövşüyürdü. Nənəm də mənim ardımca həyətə girdi. Hamı mat-məəttəl qalmışdı. Nənəm Cəlili həyətin ortasında elə dil deyib oxşadı ki, ölüncə yadımdan çıxmaz. Nə dedikləri yadımda qalmamışdı, amma bir cümləsi xatirimdən çıxmır: “Gözü qonşu evində, könlü yar sorağında qalan bala laylay”... Bir gün sual verdim ki, ay nənə, niyə elə yanığlı ağladın Cəlili, qohumumuz ki deyildi. Dedi ki, “qərib idi, qərib öldü, ana-bacı yoxuydu yanında, ana-bacı kimi ağladım”. Dedim ay nənə, mənim də anam, bacım yoxdu, məni də belə ağlayarsan? Yenə həmişəki cümləsini dedi: “Bala, ağzını yerə tut”.

Zəhra o gündən nə hallara düşdüsə, onu bir o bildi, bir Allah, bir də mən. Ömür boyu onu güdürdüm ki, birdən nəsə olar. Elə bil Zəhranın qaraçuxasına çevrilmişdim. Uşaq idim deyə məndən çəkinib ehtiyat etmirdi. Rahat həyətlərinə keçə bilirdim. Bu dərdi onunla yarı-yarı çəkirdim.

İllər keçdi, Zəhranı qonşu kənddən bir dəllək aldı apardı. Mən isə evlənə bilmədim. Çünki yetim idim, qazancım da kasad idi. Nənəm elə mən uşaq olanda ölüb getmişdi. Qonum-qonşu qarınımı doyuzdururdu. Qonşumuz Xanım nənənin oğlu mənə dördcə qoyun vermişdi, altı cücə ki, onlara baxım, başım qarışsın. Bu illər uzunu tək yaşadım. Bu gün-güzəran məni böyütmədi. Elə ömrümün sonunacan uşaq qaldım, Zəhranı sevən, nənəsinə hər sözünü deyən bir uşaq. Onun-bunun verdiyi paltarı geyinirdim, hamısı da əynimə ya dar olurdu, ya gen. Ona görə heç kim mənə qız vermədi. Sözün düzü, mən də heç bir qıza könül verə bilmədim. Elə bil tilsimlənmişdim. Tək-tənha ömür sürürdüm. Allaha gümanım olan kimi qonşulara da gümanlı yaşayırdım. Bir gün o yemək verər, bir gün bu. Bir gün filankəs geyindirər, bir gün bəhmənkəs. Kənd-kəsəyim məni böyüməyə qoymadı...

Qulağıma çatırdı ki, Zəhranın günü qaradı. Hərdən istəyirdim onu götürüb uzaqlara qaçım. Amma Zəhranın onda 40-dan çox yaşı olardı. 40 yaşında arvadı qaçırmaqmı olardı?! Həm də uşaqları da var idi: bir oğlu, bir qızı.

Günün birində xəbər gəldi ki, Zəhranı gətirirlər. Tez hay-haraya çıxdım ki, bu nə xəbərdi? Sən demə, Zəhra yataq xəstəsi imiş, yerdən dura bilmirmiş. Əri də qızını yanına salıb kəndimizdəki evə yollamışdı ki, qızı orada baxsın. O gündən elə bir ayağım ordaydı, odunlarını doğrayırdım, haylarına çatırdım. Zəhra nə danışa bilirdi, nə yeriyə bilirdi. Məni görəndə gözlərinə işıq gəlirdi. Axı mən daha xoşbəxt günlərinin adamı idim. Axı mən onu sevən yaşda qalmışdım, heç böyüməmişdim...

Hava yavaş-yavaş qaralırdı. Təzəcə çay süzmüşdüm ki, o vaxtı Xanım nənə Cəlil öləndə çığıran kimi bir çığırtı gəldi. Tez yüyürdüm Zəhragilin həyətinə. Zəhra keçinmişdi, amma Cəlildən fərqli qərib deyildi, qızı da yanında idi. Amma mən nənəm kimi Zəhranı ağlamaq istədim, bacarmadım. Eləcə tıxcanıb qaldım.

Dəfindən qayıdanda çadır qurmaq üçün o vaxtkı yellənçəyi sökdülər. İstədim çığırım, bağırım, sonra nənəm demiş, ağzımı yerə tutdum. Elə həmin vaxt gözümün qara giləsinin dayağı söküldü. Səssiz-səmirsiz qayıtdım evə. Sabahsı gün həyətimlə Zəhragilin həyəti arasında daşdan hündür çəpər hördüm. Ancaq yenə hər səhər gözüm çəpərin o üzündəki qız Zəhranı axtarırdı...

news-inner-user

19092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021