news-inner
clock16:30 calendar-gray 28 İyul 2020 view-gray25280 dəfə oxunub
view-gray25280 dəfə oxunub

Arvadı başqasına qoşulub qaçan çobanımız, Ceyrançöldə əlimi öpmək istəyən mırıq qadın və mənim yenidən doğulmağım – Orxan Həsəni yazır...

Kulis.az bu günlərdə hərbi xidmətdən qayıtmış gənc yazar orxan Həsəninin “İçimə sıxdığım Ceyrançöl” yazısını təqdim edir.

Ötən həftə həyatımın ən xoşbəxt günlərindən birini yaşadım. Sərhəd Qoşunlarından ehtiyata buraxıldım. Tozanağı can sıxan sarı Ceyrançöl səhralığına bir “əlvida” çəkib evin yolun tutdum. Yaşayanlar bilər, tərxis olmaq hissi neçə yaşında, hansı həyat təcrübəsində səni yaxalayır-yaxalasın, əlini-ayağını qamarlayıb bükür, çıxırsan, elə bilirsən, dünya-aləm gözünü dikib sənə baxır, yeriyirsən, elə bilirsən, düz yoldaca büdrəyib yıxılacaqsan, artıq ayağında patinka, əynində mundir yoxdur, bu küçələr sən öyrəşən, dağına, dərəsinə, yarğanına bələd olduğun yerlər deyil.

Harda olursan ol, qəribçilik yaman hisdir. Maye içindən eşələnib çıxmağa çalışan bir nəfəslik hava kimi bu böyük xoşbəxtliyin içində də o qəribçilik sıxılır-sıxılır, sonra bir bakal pivə ilə dünya durulub olur şəffaf.

Nə vaxtsa Ceyrançölə bu qədər öyrəşəcəyimi bilməzdim.

Ceyrançöl – boz təpələrin sürüyüb apardığı ucsuz-bucaqsız səhralıq. İlanların yerdən, quzğunların göydən qohumu. Çobanların tük basmış, cadar sifətlərini qaşıyaraq “Ya Allah” deməsi ilə oyanan, şər qarışan hayda uzaq təpələrdəki qurdların ulaşmasıyla uyqulayan körpə.

Ceyrançöl – dağların üzünə yara kimi tökülmüş kol-koslar. Səssiz gecələrdə gendən-genə adam güdən canavarlar. Yol qırağında pıçıldaşan koramallar. Yağışın güllə kimi yağdığı, ildırımın ərklə çırpıldığı ölü zona. Və həyatımın düppədüz on ayı.

Ceyrançöl ilk günlər mənə “Haramı”nı xatırlatmışdı. Uşaqlığımda “Haramı”ya tez-tez gedərdim. Dayımın ağ “Niva”sına minib zillətlə çatardıq ora. Bir neçə hektar taxıl sahəsi və kiçik bir yatağı vardı dayımın. Biçin vaxtı məhsula qoruq çəkirdik ki, yiyəsizliyi fürsət bilənlər taxıla yiyə durmasınlar. Eşitdiyimizə görə, çox adamın məhsulun gecəylə yığıb aparmışdılar. Şayə yayılmışdı ki, bu işləri ermənilər törədir. İnandırıcı olmasa da, dayım tüfəngini kürəyindən salmırdı. Təkcə taxıl oğrularına görə yox, həm də girəvə tapıb sürüyə soxulmaq üçün sinov gedən canavarlara görə.

Bir çobanı vardı dayımın. Adı Əfqandı. Qaçqınlıq dövründə yatacaq yeri kimi verilən vaqonu sürüyüb gətirmişdi həmin yerə. Vaqonda yaşayırdı Əfqan. Dəmir çarpayısı, mizi, stulu, qırmızı, iri termosu, iki-üç rus stəkanı, iki-üç göy naxışlı dərin nəlbəkisi, küncdə şey-şüyü, bir də vaqonun baş ucundan səliqə ilə asılmış çərçivəli şəkli. Kişi çox zaman şəklin qabağında duranda, ya keçib içəridən şey-şüy götürəndə özünü düzəldərdi, üst-başına, cod saqqalına yaraşmayan bir nəzakətlə davranardı. Dayımın dediyinə görə, şəkil onun dədəsinin şəkliymiş. Deyir, qaçaqaçda kənddən bircə bu şəkli gətirə bilib. Bir arvadı varmış, “Haramı”ya dözməyib qoşulub özgə köçünə, gedib. Çox zaman onu xatırlayanda öz-özünə mızıldanırdı:

- Louşkanın g...ü göynən gedirdi… Südü xarabdı, neynəh!

İçəndə həssaslaşır, xüsusən, Qədir Rüstəmova qulaq asanda qalın “Bakı”sını sümürə-sümürə ağlayırdı. Nədənsə, o ağlayanda elə bilirdim arvadı üçün darıxır.

Vaqona girəndə adamın ürəyi üzülürdü. Qızmar günün vurub qap-qaynar elədiyi dəmir qutu nəhəng sobanı xatırladırdı. İçəridə nəfəs almaq müşkül iş olsa da, çobanın əhvalından heç nəyin vecinə olmadığını duyurdum.

İllər sonra hərbidə günlərlə elə bir vaqonun içində yaşayanda, qızmar günün qap-qaynar elədiyi “sobada” bişəndə o çobanı tez-tez xatırladım. İstəyirdim bir şəkil tapım, salım çərçivəyə, asım baş ucdan, heç olmasa baxıb özümü düzəltməyə bir bəhanəm olsun.

“Haramı”da da eynən Ceyrançöl kimi isti keçirdi. Az qala bədənimizdən yanmış yağ qoxusu gəlsin, ancaq uşaq gözlərim hər şeyi oyun kimi gördüyündən o günlər də dayımın öldürdüyü ilanlara barmaq eləməklə keçdi. Ceyrançöl mənə “Haramı”nı xatırlatmayanacan oranın necə dəhşətli bir yer olduğumu bilmirdim.

Ceyrançöl qışlaq yeriydi. Yayı Gədəbəyin dağlarında keçirən yataq yiyələri payızı bir az keçmiş köçürlər çölə. Sərhəd bölgəsinə yaxın ərazidə yerləşən yataqları qeydiyyata almaq, onlara nəzarət etmək də bizim işimizdir. Ol səbəbdən çox zaman çobanlarla ünsiyyətdə olurduq.


Mən Ceyrançölə gələndən bir ay sonra sürülər fasiləylə gəlməyə başladılar. Köç uzaqdan iri bir tozanaq kimi görünürdü. Bu tozanaqdan hər şey məlum idi. Yenə eyni hadisələr - sənədlər, heyvanların sayılması, qeydiyyata vurulması, icazə vəsiqələri və s.

Həmin gün mən ərazidə “naryad” idim. Yaxınlıqdakı dağın hündürlüyündə gözləyir, geniş əraziyə bir cüt “binokl” gözləriylə nəzarət edirdik. Hava açıqdı deyə uzaqdan küləklə yaxınlaşan tozu-torpağı aydın görmək olurdu. İlahi, o nə sürüydü…

Çıxdıq qabaqlarına. Fars ordusuna müqavimət göstərən 300 Spartalı kimi qətiyyətlə dayanıb bir başı papaqlının çıxıb gəlməsini gözlədik. Başı papaqlılar çıxdı. Danışdıq. Məruzələr-fılan. İş uzandı. Gözləyəsi oldular.

Başı papaqlılardan özgə sürüylə başqa adamlar da gəlmişdi. Bəziləri uşaqlardı, bəziləri qadınlar. Bir topa adam at arabasına yığılmış, büzüşüb oturmuşdu və təkdənbir bir-ikisi dönüb bizi süzürdü.

Üst başından şamanlara bənzəyən, saçları pırtlaşıq bir qadın dəydi gözümə. O biri əsgərin başı məruzəyə qarışmışkən qadın mənə yan aldı. Gəldi, özünü düzəltdi, qəfilcən əyilib yun, toxunma corablarını yuxarı çəkdi, corablar dizlərinəcən qalxdı. Nimdaş, kirdən parıldayan tumanını çırpa-çırpa gülümsədi, ağzındakı tək-tük dişlərini görüb diksindim. Dodaqları elə büzüşmüşdü ki, elə bil bütün sifətini yığıb ağzında itirmək istəyirdi.

Agstafa Agroservis MMC Ceyrancol 800 ha - YouTube

Qəribədir, çatan kimi əyilib əllərimdən öpmək istədi. Qorxdum. Əlimi geri çəkdim. Sonra danışdı:

- Ağrın alım, ay bala. Ver əllərini öpüm. Siz olmasaz, başımıza daş yağar. 25 ildi bu çöllərdəyəm, qoyun çıxaq gedək obamıza, qadanızı alaram, kəsməyin yolumuzu.

- Xala, məndən olsa, çıxın gedin, amma gərək icazə verələr. Bizə nə deyirlər, onu eləyirik!

Həmin gecə gözümə yuxu getmədi. Bir ucdan külək, bir ucdan darıxmaq, bir ucdan o qadının əsmər bənizi, bir ucdan 25 il, bir ucdan Ceyrançöl.

İcazə veriləndən sonra sürü obaya yola düşdü. O qadını da həmən gündən sonra bircə dəfə görə bildim. Yatağın önündən keçəndə iki-üç yaşında nəvəsinin fırtılıqlı burnunu tumanına silirdi.

İndi fikirləşirəm ki, görəsən, həmin qadın niyə əllərimi öpmək istəmişdi və bu şeyləri düşündükcə xəcalət çəkir, xəcalət çəkdikcə az qala əllərim olduğuna görə utanıram.

Yenə həmənki günlərdən biriydi. Göydə parça-parça qara buludlar gözə dəyirdi. Elə bil, indicə yağış yağacaqdı. Göy üzü nəfəsini sıxıb durmuşdu. “Naryad” yolunda qarşımıza çıxan çobanı görəndə nəsə kefim açıldı. Dodaqlarını büzüb fışqırıq çalırdı, sürü də ehtiyatla otlayır, insana həyatın adiliyini xatırladırdı.

- Görünür, buralara irağ adamsan, əmi. Yaman nabələd aparsan özünü. – mən irişə-irişə dedim və elə bildim, yatağa təzə gələn çobanlardandı.

- Oğul, iraq nədi, mən Ceyrançöl adamıyam. Buranın dağıynan, dərəsiynən yaşıdam – çox ciddi.

- Əmi, sən canı, görmürsənmi bulud gəlir, gərək sən sürünü sürəsən obaya. Yağışa düşmək nabələdlik deyilmi? – çobanlardan öyrəndiklərimi ona satırdım.

- Nabələd o adamdır ki, buludu tanımır. Küləyi duyursanmı? Bu küləkdən yağış iyisi gəlmir. Göyün o ucuna da yaxşı bax. Hər tərəf qara bulud da olsa, orda səma gömgöydü. Bu buluda ala bulud deyillər. Sən qara buluddan qorxasan gərək. Hava bir azdan dinəcək.

Susdum və hava beş-on vaxta həqiqətən də dindi.

Əlbəttə, çoban “mən Ceyrançöl adamıyam” deyəndə qımışmışdım. Bu gün-güzəranla biz də Ceyrançöl adamıydıq. O səhranın ədaləti ilahiyə dirənirdi. Hamını bir qızdırır, hamını bir isladırdı, küləyi hamını bir döyür, şaxtası hamıya bir çəkilirdi və çoban itləri yadın heç birinə fərq qoymaz, hamıya bir ağızdan həvəs və arxayınlıqla hürərdi.

Çobanlar dastanlar söylərdi. Boğazların nazik yerinə verib şeirlər deyər, mahnılar oxuyar Ceyrançölün qılığına girərdilər. Ceyrançöl də xam deyildi, qılığına girənləri yağışıynan, küləyiynən sınayıb çəkərdi canına.

Mənə ən xoşu Qaçaq Kərəmdi. Deyir, Kərəm Çobandağın ətəklərində çoban olub. İsrafil ağanın çobanı. İsrafil ağanın də Ceyrançöldə ona yaxın yatağı varmış. Pulunu balta kəsmirmiş kəsməyinə ancaq, mərd addamış. Günlərin bir günü Qaraçöpdə toyda Kərəmlə İsrafil ağa tutaşırlar və olurlar düşmən. Kərəm qaçaq düşür. Neçə vaxt olur, gəlir İsrafil ağanın balıncının altına patron qoyur, neçə vaxt olur İsrafil ağanın əlinə fürsət keçir ki, Kərəmi tutsun, eləmir. Beləcə, mərd-mərdana yaşayırlar və əhvalatlar zamanla dastanlaşır. Bu əhvalatı Toğrula danışanda özündən əmin gülümsəmişdi.

Toğrul əsgər yoldaşımdır. Naxçıvan Dövlət Univerisitetinin hüquq fakültəsini bitirmişdi. Danışanda qarşı tərəfin gözlərinə baxmır, nəsə kənar bir nöqtəyə zillənib düzürdü sözləri. Psixologiyanı gözəl bilirdi. Ədəbiyyat isə ortaq eşqimizdi. Nazim Hikməti sevirdi. Nazim Hikməti mən də sevirdim.

Bizim zastavaya 20 Aprel günü gəlmişdi. Başqa hərbi hissədən ezam… Onda yağışlardan canımız təzə dincəlmişdi. Gələn kimi səmimiyyətlə gülümsəyib salamlaşdım.

- Hardan gəlmisən?
- …
- Yaxşı vaxtda gəlmisən. Cındırımızı çıxarmışdı bu yağışlar. Bundan o yana inanmıram yağa.

Həmin günün axşamı Toğrul “naryad” çıxdı və cımcılıq su içində qayıtdı xidmətdən. Bu, bizim üçün öyrəncəliydi, canımız it canına dönmüşdü, nə külək eynimizəydi, nə yağış, hərçənd təzə gələnlər üçün həmişə çətin olur. Belə bir fırtınanı görən adam tezcənə dabanına tüpürüb qaçmaq istəyirdi burdan. Gəlib iki gün qalmamış aşağı düşənlər az olmamışdı.

O axşam Toğrul çıraq işığında qeyzlə baxmışdı mənə. Elə bil, yağışı mən yağdırmışdım, küləyi mən əsdirmişdim, çoban itlərini onun üstünə mən qısqırtmışdım. Yəqin, ona görə qeyzlə baxırdı ki, səhərki “Bundan oyana inanmıram yağa” cümləsini elə bilmişdi onla məzələnib demişəm. Amma vallah məzələnməmişdim, Ceyrançölün ulduzuna aldanmışdım.

Bir gün belə-beş gün belə, öyrəşdi, hamıyla zarafat, deyib gülmək və nəhayət elə alındı, gecə xidmətlərimiz bir düşdü. Lap dərininəcən orda tanıdım. Həyatımızda o qədər ortaq cəhət vardı ki, ikimiz də qəriblik çəkmirdik.

Kələk yollardan keçib Nazimin şeirlərini dinlədiyimiz günləri xatırlayanda o dövrün məhrumiyyətləri, doğrudan da, gülməli gəlir. “Ne güzel şey hatırlamak seni”, “Ben içeri düşdüyümden beri”. Dinlədiyimiz mahnılar vardı. “Güneşimi kaybetdim. Gözlerini görmem gerek.”

Sonra çətin günlər. Yağışa düşməyimiz. İsinmə məntəqəsində patinkalarımızı çıxarıb, corablarımızı sıxıb asmağımız, o məzlum anda belə şeirdən, ədəbiyyatdan danışmağımız. “Yaşamak ciddi bir iş” deməyimiz.

Mənim cibimdə yamyaş olmuş kitabdan şeirlər oxumağım. Ona Şərifdən, Orxandan, Rəvandan, Ayxandan, Müşfiqdən danışmağım. Həyatımızdakı ortaq xatirələr. Gözəl bir dost qazandığımı hər yeni xatirədə ehtiyatla duymaq.

Toğrul Kərəm əhvalatına nəsə ağız büzmüşdü. Deyirdi, nə tutmusan e, bu çobanlardan, Allahın bədbəxtləridir, orda insanlar sevir, əylənir, həyat yaşayır – barmağı ilə uzaqda boz-bulanıq görünən kənd evlərini göstərirdi. O kənd yeri artıq Ceyrançöl deyildi – bunlar da düşüblər beş-on qoyunum dalınca, arxalarınca kir-pas içində bir ömür sürünüb gəlir. Sən qayıdacaqsan, mədəniyyət görəcəksən, adam görəcəksən, amma onlar həyatlarının sonunacan qoyun-quzu dalınca sürünəcəklər. Orxan, haqdırmı bu həyat? – nəsə doluxsunduğunu hiss eləmişdim. Ümumiyyətlə, axır-axırda emosiyalar fışqırır, adam çox həssaslaşır.

Toğrulun söylədiklərinin qabağına heç nə demədim. Ancaq həmin gecə dayımın “Haramı”dakı çobanı haqqında uzun-uzun düşündüm və həmin günləri arxayınlıqla xatırlamağa çalışdım. Əvvəl çobanın sifətini xatırladım, sonra vaqonun nimdaş və səliqəli görünüşünü, sonra rus stəkanlarını, göy naxışlı nəlbəkilərini, qırmızı, iri termosunu, tüklü əlləriylə stəkanı ovuclamağını, üzündə puçur-puçur olmuş qırışları və ən nəhayət baş ucdan asılan şəkli. Mən hardaydım? Burda nə gəzirdim? On ay iradəmi kim mismarlamışdı bura? Bütün bunlar niyə baş vermişdi? Suallar cavabsızdı. Dayımın yataq yerində, köhnə-kürüş vaqonun içində qəzəblə baxan şəklinin gözlərindəki sual kimi.

...Evə çatan kimi artıq çölü unutmalı olduğumu dərk etdim. Bir ilin üstündən xətt çəkilməliydi. Ancaq sərhədə elə öyrəşmişdim ki... Oranın toz-torpaqlı romantikası şəhərin bər-bəzəkli hüznündən daha işıqlı görünürdü. Əlbəttə, həyat davam edir, gələcək həvəslə qaçır üstümüzə. “Büyük bir ciddiyyetle yaşamak gerek”.

Ötən həftə həyatımın ən xoşbəxt günlərindən birini yaşadım. Dünyaya yenidən gəlmək deyirdilər, inanmırdım, ancaq sən demə dünyaya yenidən gəlmək içindəki başqa bir adamı öldürməkmiş, əslində. Məsələn, qaçıb əllərimdən öpmək istəyən qadını nəvəsinin burnunu tumanına silən yerdə öldürməkdi, dağları uçurdub toz eləməkdi, uduzmağın və məğlubiyyətin dibini görməkdi, dünyaya yenidən gəlmək, sınıb çilik-çilik olmaqdı. Ceyrançölü içində sıxıb suyunu çıxarmaq, çölü canına çəkmək, çöl olmaqdı. Və günün yandırıb sobaya çevirdiyi həmin vaqondakı şəkli qucaqlamaq... Alnından tər süzülə-süzülə ağlamaqdı. Nəhayət…

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020