news-inner
clock18:51 calendar-gray 20 İyul 2020 view-gray2705 dəfə oxunub
view-gray2705 dəfə oxunub

Koronavirus kabusu

Kulis.az Təranə Arifqızının “Döyülən qapı” hekayəsini təqdim edir.

Gülzar arvad nəvələrının səs-küyündən təngə gəlmişdi. Hələ Novruz bayramı tətilinə iki-üç gün qalsa da bu gün dərsə getməmişdilər. “Bunlar dərsdən qalmazdılar. Qoy durum görüm bir...

- Ay bala, Elcan, gəlin görüm bura, dərsdən niyə qalıbsız?

Uşaqların ikisi də qaça-qaça gəldi, bir-birinə macal verməyərək, sevincərək xəbər verdilər:

- Nənə, sən bilmirsən, sinifdə uşaqlar deyirdi ki, koronovirus bayramıdı.

- Hə, müəlliməmiz dedi ki, gedin evə, çağıranda gələrsiz dərsə...

- Özünüzdən nə hoqqa çıxardırsız, təzə bayramdı bu da? Korun..avusdu nədi, adamın dili də çönmür...qoy gəlin gəlsin görüm, bunlar nə deyir axı? Gülzar arvad başını bulaya-bulaya günorta namazı üçün dəstəmaz almağa getdi.

***

- Nə bilim, ay ana. Dünyada təzə xəstəlik yayılıb. Yoluxucu olduğuna görə hələ ki, bizdə də məktəblərin hamısı bağlanıb. Yəqin ayın birindən açılar.

Fəridə bu dediklərinin bəlanın hələ başlanğıcı olduğunu bilmirdi. Axşam Cabir işdən gec gəldi. Təlaşını gizlətməyə çalışsa da, tez-tez fikrə getməyi, yerli-yersiz əllərini ovuşdurmağı Fəridənin gözündən yayınmadı. Həyat yoldaşının bu xasiyyətinə yaxşı bələd idi. Ciddi bir şey olanda barmaqlarını az qala qıraraq ovurdu. O, uşaqlardan və anasından gizlətdiyini Fəridədən gizlətmədi:

- Ölkəyə giriş-çıxış bağlandı.Vəziyyət ciddidi. Xəstəlik haqqında şaiyələr yayılmaqda davam edir.

- Vallah, adamın inanmağı gəlmir. Həkimlər də başlarını itirib. Yəni indiki dövrdə də, dərmanı olmayan xəstəlik olar?

- Mən də əvvəl inanmırdım, amma yox, tədbirli olmaq lazımdı.

- Hələ ki, bizdə yoxdu, deyirlər.

- Özün tibb bacısısan, vəziyyətin nə qədər qaçılmaz olduğunu sən bilməlisən... Gecdi, mən gedirəm yatmağa...

Divanın bir küncündə oturub qalan Fəridə bir anlıq qorxuya düşdü. Bu xəstəlikdən ölənlərin neçə dəhşətlə öldüyünü fikirləşdikcə, nəfəsi təngişdi. Ailəsini, sevdiklərini düşündü. Birdən onlara bir şey olar. Deyir, yaşlılara tez keçır, zəif olanlara da aman vermir... Qaynanasının 75 yaşı vardı. Bədəni gizildədi, tükləri biz-biz oldu.- Allah qorusun. Bu günümüzə min şükür! Bu nə gic-gic şeylərdi ağlıma gəlir e...

O, -“Tanrı özü bilən məsləhətdi”- deyıb, ayağa durdu, dünyadan xəbərsiz mışıl-mışıl yatan, bu faciəni bayram bilən uşaqlara baş çəkib, nigaran halda yerinə girdi.

****

Axşam yağan yağış təbiəti tər-təmiz yumuşdu. İnsanlardan başqa bütün canlıların həyatı adi halında idi. Bomboş şəhərin üzünə səhər çoxdan açılmışdı. Küçələrə isə sanki bir əl çəkilmişdi. Nə maşın, nə də insan görünürdü. Elə bil bu şəhərdə adam yaşamırdı. Küçələr dincini alırdı elə bil... - Allah kəssin belə dincliyi - deyənləri heç kim qınamırdı. Hamı nəfəsini çəkib, evə girmişdi. Həyatla əlaqəni ancaq sosial şəbəkələrdən izləyirdilər. Ölkə, dünya mətbuatı ancaq koronovirusun necə sürətlə yayıldığını, gündə neçə can aldığını yazırdı. İnsanlara –“Evdə qal! Evdə qal! - deyə bar-bar bağırırdılar. Hətta yalvarırdılar. Peşə həyatlarının ən ağır dönəmini yaşayan dünya həkimləri zülüm-zülüm ağlayırdı. Doğrudan da, həkimin əlacsızlığı onun faciəsidi.. insanlar özləri deyilənlərə əməl etməyəcəyi təqdirdə, faciənin necə geniş hal alacağını təsəvvür etmək belə, adamı dəhşətə gətirirdi....

Fəridə tələm-tələsik stəkandakı çayı başına çəkib, üzünü qaynanasına tutdu:

- Ana, mən gedirəm işə, özün də, uşaqlar da sənə əmanət. Həyətdən çıxmayın. Heç kimi də evə buraxmayın. Tapşırıblar ki, hərə öz evində otursun. Tez-tez əllərinizi sabunlayıb yuyun. Elcan, sən də, bacın da. Nənənin sözünə qulaq asın. Müəlliməniz voççapla sabahkı dərslərin yerini yazıb göndərib, qoymuşam masanın üstünə, məşğul olarsız, qurban olum...xəstələr məni gözləyir...di, sağ olun, öpdüm..

- Öpüşmək olmaz e, ana... televizorda deyirdilər... - Fəridə balaca Selcanın bu sözünə xəfif təbəssümlə cavab verib, az qala qaçaraq evdən çıxdı...

Küçəni o taya adlamaq istəyəndə səs eşitdi:

- Xanım, bir dəqiqə, hara gedirsiniz? Bilirsiniz ki, küçəyə çıxmaq qadağan...

- Mən tibb bacısıyam - deyə Fəridə qara maska üzündə, ona yaxınlaşan polis məmurunun sözünü kəsdi. Onu yolundan qaytaracağından qorxdu.

- Vəsiqəniz, sənədiniz varmı? - polis onu bu həyəcanından şübhələndi.

- Bəli, var, var... - İş yerindən aldığı arayışı çantasından çıxarıb, göstərdi... Polisin ona minnətdarlıqla baxdığını görüb, sağ olun - deyərək tələsik uzaqlaşdı...

****

Neçə gün idi ki, evdə idi. Saat səkkizə kimi yataqdan qalxmırdı. Qəribəsi də bu idi ki, neçənci səhər idi ki, azan səsinə oyanırdı. İlk ağlına gələn də - “görəsən kimdi?” sualı olurdu. Oyanıb, yerinin içində oturdu. Azan veriləndən beş-on dəqiqə sonra bu “xoşbəxtin” kim olduğunu biləcəkdi. Kəndin mollası zamanayla ayaqlaşan müasir molla idi. Facebook səhifəsində kimin öldüyünü, nə vaxt, harada dəfn ediləcəyini, yasın hansı mərasim evində saxlanacağını və ya saxlanmayacağını paylaşıb, xəbər verirdi. İki gün bundan qabaq zəng vurub bacısından hal-əhval tutan Fəridə onu möhkəm-möhkəm tənbehləmişdi:

- Az get yas yerlərinə, xəstəlik var...

Neynəsin, kənd yeridi, hamı bir-birinə qohumdu, tanışdı. Necə deyərlər, üz-üzdən utanır. Getməsən də olmur. Onsuz da son zamanlar getdiyi yer ancaq hüzr yerləri idi. Kim kimin qapısın açırdı ki?

- Nə deyirlər desinlər, getməyəcəyəm. Lap qohum olsa belə...giley eləsinlər, neyniyim... – Firuzə öz-özünə ürəyində götür qoy edirdi.

- Bu milləti başa salmaq olmur ki, ay anam-bacım, olmaz! Belə bir yerə yığışmaq, bir-birinin qulağının, burnunun dibində, ağzının içində oturmaq olmaz... Çünki bu adamları ancaq özləri qoruya bilərdi bu gözəgörünməz bəladan. Yenə cavanlar, sağlıqlı olanlar xəstəliyi yüngül sovurdular. Bəs yaşlılar, xəstələr? Heç kimin onların taleyi ilə oynamağa ixtiyarı yoxdu axı... Niyə onlar ən yaxınlarının, ailə üzvülərinin cahilliyindən, başısoyuqluğundan ölməlidirlər?

***

Hamının içini bir qorxu yeyirdi. Hamı içində öskürürdü, eşidərlər deyə... Hamı asqırmağı unutmuşdu sanki... Şübhə dolu baxışlar, qorxu içində danışan pıçıltılar. Bunları görməkdənsə... Nəfəsi tıncıxdı, sanki yoruldu. Harasa getmək istəyirdi. Hara getsin? Az qala hər gün qapısını açdığı qapıbir qonşusu da onu uzaqdan-uzağa yad adamlar kimi dindirirdi. Hə, dərman alacaqdı axı. Üstünü dəyişib yaşmağını ağzına aldı. Pirəligilin qapısında polis maşın dayanmışdı. Cavan bir oğlan - deyəsən Pirəlinin oğlu idi - polisi əlləri ilə itələyərək səsini başına atmışdı:

- Çəkil yolumdan, mən atamı-anamı görmək istəyirəm. Belə də şey olar? Üç aydı onların üzünü ancaq telefonda görürəm. Can mənim deyil? Qoy xəstəlik keçsin mənə, sizə nə var... Sabah onlar yiyəsiz-sahibsiz kimi evdə ölsələr, cavabdeh kim olacaq, hə?

- Olmaz, deyirəm, olmaz! Vətəndaş niyə inad edirsiniz? Onlar həkim nəzarətindədi..

- Necə nəzarət olduğun bilirik.. – oğlan dodağının altında donquldayaraq uçuq divarın kölgəsinə çəkildi və gözlərini qıfıl salınmış dəmir hasara zillədi...

Bu vəziyyətə yolda tez-tez rast gəlmək olurdu. Adamların səbri də qalmamışdı. Neyləməli? Dözmək lazım idi...

Reseptsiz verilən dərmanın adını dedi. Əczaçı qadın şübhəylə onu süzüb üzündəki qoruyucu maskanı bir az da yuxarı qaldırdı. Dərmanın pulunu verib sakitcə çıxdı....

***

Təpənin başında qəbir qazırdılar. Onu ölü maşınında gətirmişdilər. Hər tərəfləri bürünmüş, təkcə gözləri şüşə arxasından işaran dörd nəfər laqeyd halda onu dərin qazılmış qəbirə endirdi, dərmanlayıb, üstünü torpaqladılar, getdilər. Nə molla vardı, nə Quran səsi... Guya neyləyəcəkdilər? Canlarından bir parça deyildi ki... Gündə neçə belə adam basdırırdılar. Yaxınları yaxına buraxılmadı. Kənardan qorxu içində, gözlərinin yaşını udaraq baxa-baxa qaldılar...

Firuzə bir anlıq ayaq saxlayıb, uzaqdan-uzağa ölülərə bir salavat çevirdi:

- Vallah, xoşbəxtsiniz ölülər. Heç olmasa bir başdaşınız, nişanəniz var. Heç olmasa, ayda-ildə bir sizi yoxlayıb ruhunuza dua oxuyanların axırı necə olacaq, bilinmir... Ölülərimiz necə urvatsız oldu, ay Allah.... Nə günlərə qaldıq, qurban olum.

Guya dirilərin urvatı qalmışdı?

Maskalı adamlar yolda ağır-ağır yeriyirdilər. Elə bil yüz ilin yorğunu idilər. Gözlərdə o qədər çarəsizlik, qorxu vardı ki... Nə günəşin istisini, nə də yağışın, ağacların qoxusunu hiss edən vardı. Yer üzünə qərib bir sükut çökmüşdü. Qarğalar uca bir qarağacın başında özlərini yeyib tökürdü. Qarıltıları qulaq batırırdı. Göy üzündə bir dənə olsun bulud yox idi. Sanki sonsuzluğa yol açılmışdı... Tanrı qapılarını bağlamağa macal tapmırdı.

***

Xəstəxana qıcır-qıcır qaynaşırdı. Şəhərdəki səssizlik və boşluq səs-küylü xəstəxana otaqları ilə kəskin təzad təşkil edirdi. Fəridəgil səhərdən axşama kimi, çox zaman gecələr də insanları yoxlayır, ürəklərində hər analizin neqativ çıxması üçün yalvarırdılar. Onlara verilən qoruyucu tibbi geyimin içində, havasızlıqdan boğulsalar da şikayət etmirdilər. Dörd saat fasiləsiz iş saatından sonra növbə dəyişirdi. Adamlar gömrük məntəqəsindən gətirilib karantin üçün birbaşa xəstəxanaya yerləşdirilirdilər.

Fəridə ağır, yorucu növbədən sonra başını qolunun üstə qoyub, oturduğu stulun üstündəcə yuxlamışdı. Birdən qulağına tələsik addım səsləri, həyəcanlı danışıqlar gəldi..

- Nə olub? - deyə dik qalxıb rezin paltarı əyninə çəkdi.

Biradamlıq palatada çarpayıya zorla uzadılmış xəstə nəfəs ala bilmirdi. Qalxıb əl-qol atır, - Həəkim, mə..n ö..ölmək is..təmi..rəm...Ailəmi.. görmək.. istə..yirəm. - deyə göz yaşları içərısındə yalvarırdı. 45-50 yaşı ancaq olardı. Məlum oldu ki, vətəndən kənarda yaşayanlardandı. Ata evinə qonaq gəlib. Amma...amansız virus onu yolda yaxalamışdı. Baş həkim neyləyəcəyini bilmirdi. Boş tənəffüs aparatı yox idi. Fəridə həkimə yaxınlaşıb asta səslə:

- Həkim, bəlkə üç gün qabaq gətirilən qoca nənədən aparatı götürüb, bu cavanı qurtarmağa çalışaq? O, necə olmasa, az-çox yaşayıb, günün görüb, dövranın sürüb... Həkim sanki diksindi, sərt baxışla tibb baçısının üzünə baxdı...və dərindən köks ötürdü...

Dünyada olan ən əziz varlığı idi. Dünən xəstəxanaya öz əliylə gətirmişdi. Anası astma olduğu üçün koronavirusun cənginə keçmişdi. Amma onun öz anası olduğunu iş yoldaşları bilmirdi. Neçə ildi ayrı şəhərdə işləyirdi. Xəstəliyin sədası təzə çıxanda könüllü olaraq anasını da götürüb bura gəlmişdi. Onu ancaq təcrübəli həkim kimi tanıyırdılar. Bəli, amansız və çarəsiz xəstəlik onu böyük sınaq qarşısında qoymuşdu. Anası qoca olduğu üçün onun həyatını qurban verməliydi. Başqa əlac yox idi, seçim etməliydi - ya oğul kimi yaşlı anasının yaşatmağa çalışmalı, ya da...içdiyi həkim andına sadiq qalıb, anasına əvəz bir cavanın həyatını qurtarmalıydı...

***

Güclü külək kiçik evin damından bütün şifer örtüyünü hop götürüb yerə qoydu. Evin üstü çılpaq qaldı. Xoşbəxtlikdən, bayırda heç kim yox idi. Hamı evə qapandığından tufanın gətirdiyi bu “sürpriz” xətasız-bəlasız sovuşdu. Həyətdəki neçə illik tut ağacının bar dolu budaqlarını sanki gözəgörünməz varlıqlar hərəsi bir tərəfə dartırdı. Yerində oyum-oyum oynayırdı. Ağacın altında əl qalınlıqda sirəli, iri tutlar təpələnmişdi. Yarım saatın içində bomboş qalmış, əlli, bəlkə də yüzillik tut ağacı bırdən şaqqıltıyla ikiyə bölündü. Adamlar evin içində qorxudan diksindilər. Neçə saat keçmişdi. Başlarını bayıra çıxarmağa qorxan adamlar öz içlərində gizlənmişdilər.

Firuzə qapını ehmalca açıb çölə çıxdı. Həyət-bacanın dirriyinə baxıb dərindən köks ötürdü. Nə əzab-əziyyətlə özlərinə kiçik bir daxma tikib içinə yığışmışdılar. Nə fayda, yerin altını üstünə çevirmişdilər sanki... Birdən gözü qonşuluqdakı uca villanın damına sataşdı. Onun da üstü açıq qalmışdı. Tanrı bu dəfə varlı və kasıb qonşu arasında fərq qoymamışdı...

Əlacsız qadın “Buna da şükür” deyib həyəti yavaş-yavaş yığışdırmağa başladı. Üstünə şifer düşmüş birillik tut tingəsini ehmalca qaldırıb, dibini bərkitdi. Parçalanıb budaq-budaq olmuş ag tutdan tək nişanə idi. İncəvara qırılmamışdı. Gələn yaza mütləq pöhrələyəcəkdi...

***

Neçə vaxtdı su üzündə gəmi kimi dayanmaqdan bezmiş dünya indi yavaş-yavaş ləpələnməyə, hərəkət etməyə başlayırdı deyəsən. Artıq həyat öz axarına düşürdü. İnsanlar maskalarını yavaş-yavaş üzündən götürür, həbsxanadan çıxmış kimi üzlərini göyə tərəf tutub – “Çox şükür, ay Allah!- deyə dua edirdilər. İçlərindəki boşluğu doldurmaq üçün isə onlara xeyli vaxt lazım idi”.

Baş həkim “öz əliylə” öldürdüyü anasının şəkli qarşısında donub qalmışdı. Onun ölümündə günahkar bilirdi özünü. Anası son anlarında şüşə gözlük arxasından gözünü ondan qaçıran oğlunu nigaran baxışlarla süzüb, gözlərini yummuşdu. Bu fikirlə düşünməkdən beyni yorulan həkimi qapının döyülməsi diksindirdi. Gözlərini anasının gülümsəyən üzündən çəkib, gələn səsə boylandı. Aylardı döyülməyən qapını kim sevindirmişdi görəsən?

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020