writer1

Qismət

Məqalə sayı

186
clock12:30 calendar-gray 25 Fevral 2020 view-gray2647 dəfə oxunub
view-gray2647 dəfə oxunub

Kitabı necə xilas etməli?

Kulis.az Qismətin “Kitabı necə xilas etməli?” essesini təqdim edir.

Bir neçə il qabaq İstanbul Kitab Yarmarkasında bizim stendimizi görəndə, ehtiyatsızlıqdan ayıb bir işin üstünə çıxan adamlar kimi çaşıb qalmışdım, nə yolumu dəyişə bilmişdim, nə də özümü görməzliyə vurmağı şənimə sığışdırmışdım.

Bizimkilər bir qala maketi düzəltmişdilər, qalanın qabağına əlində ox-kaman tutmuş milli geyimdə bir cəngavər kuklası da qoymuşdular. Stendimizdəki bütün kitablar ya siyasi-ideoloji kitablar idi, ya da vəzifə sahiblərinin yazdığı şeirlər, hekayələr, romanlar. Dünyaya mesajımız beləydi: biz də şair də, yazıçı da, tənqidçi də məmurlardır.

Düz yanımızda həmin il yarmarkanın fəxri qonağı olan Koreyanın stendləri düzülmüşdü: led ekranlar, elektron vasitələr, az qala, elə ordaca kitab çapan ultramüasir texnologiyalar. Əslində, Mədəniyyət Nazirliyimiz şüuraltı şəkildə mövcud vəziyyətimizi, mədəni siyasətimizi stendimizdə simvollaşdırmışdı: dünyanın açıq cəmiyyət modelində təkamül etdiyi erada biz özümüzü kartondan bir qalaya qapatmışıq, bir vaxtlar bizə yapışdırılan “tatar” damğasının çölündə Covanni Droqoluq edirik, üstəlik, mədəni dünya ilə aramızda dayanıb bizə keşik çəkən ənənəvi qəhrəmanımızın əlinə oxdan-kamandan da vermişik ki, amanın günüdür, birdən milli-mənəvi dəyərlərimizin üstünə gələn olar.

Bu mənzərənin altına Alim Qasımovun uçduğu sehrli xalçanı, üstünə də eləcə “aman, aman”dan ibarət bir muğam qoya bilsəydik, bizi gözü götürməyənlərin lap ürəyi partlayardı!

Çox yazmışam: bizi təmsil etmək üçün Türkiyəyə gedən, ordan da bura gələn adamlar çox vaxt ortabablar, fırıldaqçılar olur. Bizim bircə sarımsaq-qatığı çatmayan “dolma ” siyasətimizə qardaş ölkənin Yunus Əmrə İnstitutu Bakıda “lavaş milli sərvətimizdir” aksiyasıyla cavab verdi. Bu iştahalı abzasda Türkiyədə hələ də ən tanınan şairimiz olan Bəxtiyar Vahabzadənin məşhur şeirinə bir bənd əlavə etmək istəyirəm:

Dolmadır, lavaşdır işi,
Sevir reyhanı, keşnişi,
Bir manqalın iki şişi –
Azərbaycan-Türkiyə.

Keçək mövzunun ürəyinə. Çox yekə-yekə danışsaq da, gözümüz Nobeldə, Buker də olsa da, həqiqət budur ki, hələ heç Türkiyənin ən məşhur kitab yarmarkasında normal təmsil oluna bilməmişik. Piti yeyənindən pide yeyəninə qədər hamı bir-birinə qardaş desə də, fakt odur ki, az qala, 40 ildir keçirilən bu yarmarkaya Azərbaycan fəxri qonaq kimi dəvət olunmayıb. Mən neçə ildir ox-kamanımı alıb hazır gözləyirəm, amma hələlik eyni mahnıdır: təklif yoxdur, inanmıram, yalandır, abi.

Kitab sənayesi formalaşdırmaq üçün ilk növbədə kitab çapıyla bağlı nəsnələrin üstündəki ƏDV-ni ləğv etmək lazımdır. Qonşularımız hamısı bunu çox sürətlə, bir həftənin içində həll ediblər. ƏDV ləğv olunandan sonra qiymətlər nəfəs alacaq, naşir-müəllif-oxucu həlqəsindəki münasibətlər intensivləşəcək. Sonrakı mərhələdə mədəni prosesin mərkəzdən bölgələrə doğru yayılmasına təkan vermək lazımdır.

Mədəni proses ölkəboyu getmir, az qala, bütün sənət qurumlarını, kitab evlərini yığmışıq bir küçəyə, o baş-bu baş gedib özümüzü aldadırıq. Tiraj qalxmayınca, mədəni proses mərkəzdən kənara çıxmayınca, oxucunun sayını dəqiq bilməyəcəyik. “Necə olurdu sovet vaxtı oxuyurdular, amma indi yox, demək siz yaxşı yazmırsız” – iradının cavabı da burda gizlənib, məncə, sovet yazıçılarından min dəfə yaxşı kitablar yazılır və min dəfə daha zövqlü oxucular da var, sadəcə bizim onlarla kitab vasitəsilə danışmaq imkanımızı yaradan mexanizmləri ya qura bilmirlər, ya da istəmirlər, bəlkə də hər ikisi.

Ötən günlərdə Xəzər TV-də yayımlanan bir süjet internet məkanında xeyli dolaşdı. Süjetdə ümidinə abunə yazılası Qazax sakini iddia edir ki, koronovirusun əlacını tapıb. Dediyinə görə, siçanlar üzərində araşdırma aparıb, bir xəstə siçan götürüb, bir sağlam, düzəltdiyi spreyi bunların üstünə sıxıb, ikisi də şairlər yurdundakı elmi kəşfin ilk qurbanları kimi canlarını tapşıraraq tarixə düşüblər. Bu uğursuz eksperimentdə “alimin” hansı yolla siçanın xəstəliyini müəyyənləşdirdiyi elm aləminə sirr qalsa da, ümidinə ümidlər çatmayan milli Eynşteynimiz kəmər belində durana qədər gecə-gündüz çalışaraq ikinci bir sprey hazırlayıb. Bu spreydə bir az sarımsaqdan, yüz qram xlordan, yüz qram içinə tütün qatılmış çəkmə araqdan və adını hələlik elm dünyasından gizlətdiyi “qəribə qoxulu” maddədən istifadə edib. Məncə, həmin “qəribə qoxu” bizimkinin qafasındakı mürgülü ət parçasının beşhərfli adındakı dodaqdəyən “b” samitinin cəhalətin təzyiqi altında “p” samitinə keçməsindən sonra yaranıb.

Yadıma gəlir, tələbəlik illərində jurnalistikayla bağlı korrekt bir ifadə oxumuşdum. Modern jurnalistikanın atalarından sayılan ingilis mətbuat generalı Lord Nordklif belə deyirdi: “Xəbər hardasa, kiminsə yayılmasını istəmədiyi şeydir, yerdə qalan hər şey reklamdır.”

Bu pəncərədən baxanda, bizimki jurnalistika yox, haqq dünyasına qovuşmuş mərhumun xatirəsini gündəlik, ya da aylıq yad etməkdir.

Yəqin, bu süjetdən sonra televizora çıxıb alim-alim danışan Qazax sakininin yanına dərdinə çarə axtaranlar gələcək, iraq-iraq, bu sarımsaqlı-xlorlu fısqırıq spreydən fısqıranda başlarına nəsə gəlsə, onda da yəqin Xoşqədəmin üstünə qaçacaqlar.

Və bütün bunların bircə səbəbi var: kitabsızlıq!

Bircə də günahkarı var: Mədəniyyət Nazirliyi!

Yaxın ayların ən çox müzakirə olunan filmi “Parazit”lə bağlı türk mətbuatında çıxan bir yazıda maraqlı bir informasiya oxudum, elə bilirəm, yazının külləmə hissəsində yaxşı gedər. Cənubi Koreya mədəniyyətinin inkişafı “Asiyanın Mandelası” ləqəbiylə tanınan, Nobel Sülh Mükafatının sahibi Kim De Çjun sayəsində oldu, onun şüarı çox sadəydi: “Dəstəklə, amma qarışma!”

2020, 20 fevral

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021