news-inner
clock12:01 calendar-gray 27 İyul 2018 view-gray208 dəfə oxunub
view-gray208 dəfə oxunub

Əkrəm Əylislinin Markesdən etdiyi yanlış tərcümə - Təvəkgül Boysunar yazır...

Kulis.az gənc tərcüməçi Təvəkgül Boysunarın “Markesin romanındakı o epiqraf və tərcümədəki yanlışlar” məqaləsini təqdim edir.

Qabriel Qarsiya Markesin məşhur əsərlərindən olan və real həyat hadisələri əsasında qələmə alınan “Gözlənilən bir qətlin tarixçəsi” romanının başlanğıcında belə bir epiqraf oxuyuruq:

“Sevgini təkəbbürlə də qazanmaq olur.” (Jil Visenti)

Romanın ingiliscəsində isə fərqli bir epiqrafla üzləşirik:

The pursuit of love is like falconry” (Gil Vicente). Bu cümləni ingiliscədən ana dilimizə aşağıdakı şəkildə tərcümə etmək olar:

“Sevgi axtarışı şahinlə ov etməyə bənzəyir”.

Ayıq oxucu hər iki cümləni qarşı-qarşıya qoyub ani bir diqqət yetirdikdə təəccüblü mənzərə ilə üz-üzə qalır: “Sevgini təkəbbürlə də qazanmaq olar” cümləsi ilə bu cümlə arasında hansısa bir əlaqə ola bilərmi? Şahinlə ov etmək və lovğalıq arasında nə dərəcədə bağlılıq var? Necə olub ki, eyni cümlə fərqli dillərə fərqli mənalar verəcək şəkildə tərcümə edilib?

1981-ci ildə nəşr olunan bu roman Azərbaycan türkcəsinə ilk dəfə Ə.Əylisli tərəfindən çevrilmiş və 1993-cü ildə çap olunmuşdur. Ə.Əylisli əsəri tərcümə etmək üçün rus dilindəki versiyaya müraciət etməli olmuş və nəticədə bu roman ikinci dil vasitəsi ilə ana dilimizə ötürülmüşdür. Bu fakt, yuxarıdakı cümlə ilə bağlı çözməli olduğumuz ilk düyünlərdən birini önə çıxarır və bizi əsərin rus dilindəki tərcüməsinə yönləndirir. Bu tərcümə L.Novikova tərəfindən “Хроника объявленной смерти” adı altında tərcümə edilmiş versiyadır və haqqında danışılan epiqraf tərcümədə aşağıdakı kimi verilmişdir:

“Любви надменностью достигнуть можно.”(Жиль Висенте).

Bu cümlənin ana dilimizə tərcüməsi eynən ilk başda qeyd etdiyimiz epiqrafla üst-üstə düşür: “Sevgini təkəbbürlə də qazanmaq olur.”

Nəticədə məlum olur ki, dünyanın iki nəhəng dilinə – rus və ingilis dillərinə bir epiqrafın çevrilməsi zamanı iki tərcüməçidən hansısa səhvə yol verib. Bu səhv ya mükəmməlliyinə və yüksək keyfiyyətinə görə hər zaman tərifini eşitdiyimiz rus tərcümə məktəbinin nümayəndəsi Novikovada, ya da ingilis dilindəki tərcümənin müəllifi Qriqori Rabassadadır. Qriqori Rabassa isə o tərcüməçidir ki, Qabriel Qarsiya Markes “Tənhalığın yüz ili” romanını onun tərcümə etməsi üçün Argentina yazıçısı Xulio Kortasarın məsləhətinə əsasən bir il gözləmiş və tərcüməni oxuduqdan sonra onun orijinaldan daha üstün olduğunu demişdi.

Beləliklə, qarşımıza belə bir sual çıxır: Doğru tərcümə hansıdır və bu mübahisəli epiqraf orijinalda hansı mənanı ifadə edir? Yaxud bu cümlələrin məna etibarilə üst-üstə düşməyi mümkündürmü?

Əsərin orijinalında (Cronica de una muerte anunciada) epiqraf bu cürdür: “La caza del amor es de altanería”. Bu cümlədə tərcüməçilər üçün əsas problem qaynağı olan “altanería” sözüDiccionario de la lengua española”lüğətinə əsasən bir neçə mənanı ifadə edir və bu mənalardan ikisi kontekst daxilində işlədilmə imkanına malikdir:

1. altivez, soberbia (lovğalıq, təkəbbür)

2. Cazaquesehaceconhalconesyotrasavesderapiñadealtovuelo. (Şahinlə və yüksəklikdə uçmağı bacaran digər ov quşları vasitəsi ilə edilən ov)

Göründüyü kimi rus dilindəki tərcümədə birinci məna, ingilis dilindəki tərcümədə isə ikinci məna istifadə olunmuşdur.

Hansı variantın daha doğru olduğunu aydınlaşdırmaq üçün əvvəla bu iki epiqrafın məna etibarilə hansı məqamlarda kəsişmədiyini tapmaq lazımdır. Bunun üçün təhlil edəcəyimiz bütün variantları ayrıca yazmağı gərəkli hesab edirik:

1.“La caza de amor es de altanería”

(Sevgi axtarışı şahinlə ov etməyə//lovğalığa bənzəyir)

2. “The pursuit of love is like falconry

(Sevgi axtarışı şahinlə ov etməyə bənzəyir)

3.“Любви надменностью достигнуть можно.”

(Sevgini təkəbbürlə də qazanmaq olur)

Sonuncu variantdan, yəni “Sevgini təkəbbürlə də qazanmaq olur” epiqrafından anlaşılan odur ki, axırda qazanılan sevginin əsas səbəbi təkəbbür və lovğalıqdır. Orijinalda sevginin əldə edilməsindən heç bir söhbət getmir, yəni sevgini qazanmaq üçün hansısa gərəkli vasitədən bəhs edilməyib. Lakin rus dilinə tərcümə zamanı sevgini əldə etmək üçün təkəbbür bir vasitə kimi göstərilib. Bu cümlənin yuxarıdakı cümlələrlə heç cür tutuşmadığını hiss etmək çətin deyil.

İngilis dilindəki nümunə orijinala kifayət qədər yaxındır. Orijinaldakı “La caza de amor”(sevgi axtarışı) ifadəsi ingiliscədə olduğu kimi əksini tapıb: “The pursuit of love”. Sevgi axtarışının bənzədildiyi “altanería” (lovğalıq; şahinlə ov etmə) kəlməsi də ikinci məna ilə “falconry” şəklində çevirilib.

Həqiqətə daha da yaxınlaşmaq üçün bu məqamda “altanería” yaxud “falconry” sözlərinin ana dilimizdə hansı mənanı ifadə etdiyini tapmağa gərək duyuruq.

İngilis və ispan dilindəki bu ifadələrin ana dilimizə bir kəlmə ilə tərcüməsi mümkünsüzdür. “Şahinlə ov etmək” kimi çevirdiyimiz həmin sözlər qədim tarixə malik olan və bir çox zamanlarda hökmdarların əyləncə vasitəsinə çevrilmiş ov növünü ifadə edir. “Kitabi-Dədə Qorqud”da istifadə olunan “Ov ovlamaq, quş quşlamaq” ifadəsindəki “quş quşlamaq” birləşməsi, zənnimizcə, bu ov növü ilə bağlı işlənir. Çünki Azərbaycan dilinin izahlı lüğətində də “quşlamaq” sözünün izahı qeyd etdiyimiz məna ilə verilir: Alıcı quşla ovlamaq.

Image result for Gabriel García Márquez

Bu ov növündə ovu insanın özü yerinə yetirmir. O, sadəcə əhliləşdirdiyi vəhşi quşu ovun üstünə göndərir. Bu quşlar əsasən şahin və qırğı kimi vəhşi quşlar olur. Onlar şikarın arxasınca gedərək onu öz sahibi üçün gətirir və qarşılığında öz sahibindən “mükafat” olaraq nəsə alır. Böyük səbr tələb edən bu ov növünün yaranma tarixi, bəzi mənbələrə görə Mesopotamiyaya, bəzi mənbələrə görə isə qədim monqol tayfalarına və Orta Asiya türklərinə dayanır. Avropada bu ov növünün yayılması isə Hunların işğallarından sonra başlanır.

Beləliklə, daha bir sual ortaya çıxır. Nəyə görə Markes bu epiqrafdan istifadə etmişdi? Sevgi axtarışını şahinlə ov etməyə bənzədən bu epiqraf ilə Markes nəyi deməyə can atırdı? Əsərin məzmunu ilə o epiqraf hansı məqamlarda kəsişir? Bu suallara cavab vermək üçün romanı qısa şəkildə özətləmək ehtiyacı yaranır.

Baş qəhrəmanı Santyaqo Nasar olan romanın elə ilk cümləsindəncə sonda onun öləcəyi məlum olur. Bu ilk cümlə ilə Santyaqo Nasarın ölümünü təsvir edən son səhnə arasında yazıçı özünəməxsus təhkiyə üslubundan istifadə edərək hadisələrin necə cərəyan etdiyini, qətlin baş vermə səbəbini, bütöv bir kəndin cinayətdəki rolunu təsvir edir. Hadisə, illər sonra kəndə qayıdaraq cinayəti yenidən araşdıran şəxsin dili ilə nəql edilir.

Qətlin baş vermə səbəbi isə o qədər də sadə deyil:

Kənd-kənd, qəsəbə-qəsəbə hər yanı gəzib dolaşan, var-dövlət sahibi Bayyardo San Roman evlənmək üçün özünə qız axtarır və bir gün Anxela Vikarionu görüb öz qərarını verir. Anxela Vikario özündən razı olan bu adamı bəyənmir və ilk başda evliliyə etiraz etsə də, sonda ailəsinin və Bayyardo San Romanın təkidi ilə razılaşır. Lakin toy günü gözlənilməyən faciə baş verir. Bayyardo San Roman, Anxela Vikarionun bakirə olmadığını öyrənir və gecənin bir yarısında onu ailəsinə qaytarır. Ekiz qardaşları Pablo və Pedro Vikarionun verdiyi “Kim?” sualı qarşısında isə Anxela, Santyaqo Nasarın adını çəkir. Santyaqo Nasarı axtarmağa başlayan qardaşlar getdikləri yerdə onu öldürəcəklərini deyirlər. Santyaqo Nasardan başqa, demək olar ki, bütün kənd camaatı baş verəcəklərdən xəbər tutur, amma onlardan heç kim Santyaqoya xəbər verib onu xilas edə bilmir. Nişanlısının evindən çıxan Santyaqo Nasar ona ünvanlanan “Oradan yox, türk balası, köhnə limandan get!” çağırışları içində çaş-baş qalır və əlində bıçaq onu öldürməyə hazır dayanmış qardaşları görərkən evlərinə tərəf qaçır. Oğlunun evdə olduğunu düşünən ana isə Santyaqo Nasar evə çatacağı anda bilmədən qapını bağlayır və qardaşlar qapının ağzındaca Santyaqonu yaxalayıb öldürürlər.

Əsəri bütöv şəkildə oxuduqda, Santyaqo Nasarın əslində heç bir günahı olmadığını anlamaq olur. Çünki Santyaqo heç öldürüldüyü anda da nə üçün öldürüldüyünü başa düşə bilmir. Çoxları düşünür ki, Anxela Vikario, Santyaqo Nasarın adını ona görə deyir ki, əsl günahkarı, yəni naməlum sevgilisini qorusun; ona elə gəlir ki, Pablo və Pedro varlı, güclü və nüfuzlu Santyaqo Nasarı öldürməyə cürət etməzlər. Hadisəni araşdıran şəxs cinayətdən illər sonra da əsl günahkarın kim olduğunu Anxela Vikariodan soruşarkən o, bu suala cavab verməkdən boyun qaçırır.

Əsəri rus dilindəki epiqrafla oxuyan oxucu Anxela Vikarionun Santyaqo Nasarı sevdiyini və cavabsız qalan sevgisinə görə Santyaqodan qisas almaq üçün onun adını çəkdiyini də düşünə bilər. Belə olan halda “Sevgini təkəbbürlə də qazanmaq olur” cümləsindəki təkəbbürün Santyaqoya aid olduğunu və Anxelanın sevgisini bu təkəbbürlə əldə etdiyini də zənn etmək olar. Əsərin bir yerində Santyaqo hadisəni nəql edən və uzaqdan-uzağa Anxelaya qohumluğu çatan dostuna belə deyir: “Sənin xalanəvən başdan xarabdır”. Oxucu bu səhnəni, Santyaqonun Anxelaya qarşı laqeydliyinin və təkəbbürünün əsas göstəricisi hesab edə bilər.

Lakin Anxelanın Santyaqo Nasarı sevməsi, bu lovğalığına görə ona vurulması fikri əsərin heç bir məqamında özünə aşkar təsdiq tapmır. Bu, oxucunun müstəqil olaraq güman edə biləcəyi bir ehtimal ola bilər və bu ehtimal doğru olsa belə, ən azından epiqrafla –“La caza de amor es de altanería” (Sevgi axtarışı şahinlə ov etməyə//lovğalığa bənzəyir) cümləsi ilə heç bir əlaqəsi yoxdur.

O zaman bu epiqraf əsərdə hansı şəkildə əks etdirilib?

Bu suala cavab vermək və araşdırma ilə bağlı yekun həqiqətə nail olmaq üçün məsələnin kökünə gedərək Markesin istifadə etdiyi bu epiqrafın hansı mənbədən qaynaqlandığını öyrənməliyik.

Epiqrafın altında adı qeyd edilən müəllif Jil Visenti 1465-1536-cı illərdə yaşamış Portuqaliya şairidir və haqqında danışılan epiqraf onun bir şeirindən alınmışdır. Portuqal dilinin ispan dili ilə yaxınlığı səbəbindən şeirin mətnini anlamaq o qədər də çətin deyil. Bu səbəbdən şeirin orijinalını və Obri Bell tərəfindən ingilis dilinə edilmiş tərcüməsini oxucuya sunmaq gərəyini duyuruq:

Halcón que se atreve
con garza guerrera
,
peligros espera.
Halcón que se vuela
con garza a porfía
cazarla quería
y no la recela.
Mas quien no se vela
de garza guerrera,
peligros espera.

La caza de amor
es de altanería:

trabajos de día,
de noche dolor.
Halcón cazador
con garza tan fiera,
peligros espera.

The falcon that dares
With heron to fight
Has danger in sight.
The falcon that flies
And with heron would race,
So keen on the chase
That not hidden it lies,
But still with it vies,
And fears not its might,
Has danger in sight.

And the chase of love
Is high falconry,

That by day misery,
By night sorrows prove.
The falcon that strove
With heron in flight
Had danger in sight.

Sətri tərcüməsi:

Vağ quşu ilə cəng etməkdən çəkinməyən şahini təhlükə gözləyir. Vağ quşu ilə ötüşən, onun arxasınca düşüb tutmağa çalışan və ondan qorxmayaraq təqib edən şahini təhlükə gözləyir. Sevgi axtarışı da şahinlə ov etməyə bənzəyir: Gündüzü əziyyət, gecəsi ağrı-əzab. Vəhşi vağ quşunu ovlamaq istəyən şahin təhlükə ilə üz-üzədir.

Beləliklə, şeirin mətnini oxuduqdan sonra sualların bir qisminə də aydınlıq gəlir. Deməli, doğrudan da, şeirin özündə şahinlə ov etməkdən, şahindən bəhs edilir. Yəni istənilən halda tərcüməçi şahin obrazından istifadə etmək məcburiyyətindədir. Bunu gərəkli edən digər səbəb isə ondan ibarətdir ki, Markes bu şeirdən təkcə epiqrafda istifadə etməyib. Əsərdəki fahişə obrazı Maria Alexandro Servantesi birinci dəfə görərkən ağlı başından çıxan və ona aşiq olan Santyaqo Nasarı bu yoldan çəkindirmək istəyərkən dostu, yəni hadisəni nəql edən obraz onu şeirin ilk misraları ilə xəbərdar edir: “Halcón que se atreve con garza guerrera, peligros espera” Hərfi tərcüməsini yuxarıda verdiyimiz bu cümlə ingilis dilindəki və Azərbaycan türkcəsindəki versiyalarda aşağıdakı kimi əks tapmışdır:

“A falcon who chases a warlike crane can only hope for a life of pain”

“Qorx, şahinim, o zərif durnadan qorxmaq gərəkdir.”

Bundan əlavə, əsərdə Santyaqo Nasar haqqında verilən məlumatlara görə onun da şahinlə ov etmək həvəskarı olduğunu öyrənirik.

Sualları cavablandırmağa davam edək. Şeirin məzmununu bildikdən sonra romanın sujeti ilə epiqraf arasındakı hansı əlaqəni tutduğumuzu deyə bilərik.

Kənd-kənd, qəsəbə-qəsəbə hər yanı gəzib özünə həyat yoldaşı axtaran Bayyardo San Romanın bu axtarışını məntiqli şəkildə şeirdəki şahinin ovuna bənzətmək olar. Yəni, şahinin cəsarətlə davam etdirdiyi bu ov əslində onun üçün təhlükədən ibarətdir və ona “gündüzlər əziyyət, gecələr isə ağrı-əzab” gətirir. Bayyardo San Romanın sevgi axtarışı da, demək olar ki, bu cür yekunlaşır. O, uğursuzluğa düçar olur və bu uğursuzluq uzun müddət onun həyatını iflic edir. İllər sonra Anxela Vikarionun qarşısında dayansa da, bu, onun əvvəlki faciədən xilas olmağı anlamına gəlmir.

Markes bununla eyni zamanda sevgi axtarışının nə ilə nəticələnəcəyinin müəmmalılığına da işarə vurur. Belə ki, şeirdəki “altanería” sözünün yuxarıda izahını verdiyimiz ov növü anlamında işlədildiyini nəzərə alsaq, güman edə bilərik ki, müəllif, sevgi axtarışını bu ov növünə bənzətməklə bəzən uzaq səmalarda yoxa çıxan şahinin hansı qəniməti gətirəcəyinin naməlumluğu kimi, sevgi axtarışının da müşkül, mümkünsüz və müəmmalı olduğunu deyir.

Bunu da qeyd etmək lazımdır ki, şair Visente Jil “altanería” sözünü təsadüfən istifadə etməyib. O, bu kəlməni söz oyunu məqsədi ilə seçərək ikinci mənasını da (lovğalıq) vurğulayıb. Çünki şeirdə o şahindən bəhs edilir ki, o, vağ quşunun təhlükəsini hiss etsə də, ovu ilə cəng etməkdən çəkinmir, ondan qorxmur və təkəbbürünü gizlətmədən axıracan onu təqib edir. Bundan isə belə bir nəticə çıxır ki, epiqrafın ingilis dilinə edilən tərcüməsində də məna əksikliyi var. Əsəri tərcümə etmək vəzifəsi bizim üzərimizdə olmadığı üçün bədii mükəmməlliyinə tam sığorta vermək istəmədiyimiz aşağıdakı cümlələrin, haqqında danışılan epiqrafa məna baxımından ən uyğun qarşılıq olduğunu zənn edirik:

1. Sevgi axtarışı təkəbbürlü bir şahinin ov etməyinə bənzəyir.

2. Sevgi axtarışı təkəbbürlü bir şahinlə ov etməyə bənzəyir.

Beləliklə, məlum olur ki, rus dilindəki tərcümədə məna ümumiyyətlə təhrif edilmişdir. Bu, isə şübhəsiz ki, tərcüməçinin epiqrafın mənbəyini ətraflı araşdırmadığından qaynaqlanır. Burda digər diqqətçəkən bir məqam isə ondan ibarətdir ki, həmin səhv “virus” kimi ana dilimizdəki versiyaya da hopmuşdur və əsərin rus dilinə edilmiş digər tərcümə variantlarında bu yanlışın düzəldilmə ehtimalı olsa da, Azərbaycan türkcəsində yeni tərcümə variantı ortaya çıxmayana qədər həmin səhv ana dilimizdəki versiyada dəyişilməz şəkildə öz əksini tapacaq.

news-inner-user

13518 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti