"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər
29 may 2026
# 12:00

Kulis.az Sevinc Mürvətqızının "Koroğlu" operası haqqında resenziyasını təqdim edir.

Ən şanlı tariximizin – 28 May Müstəqillik Gününün axşamı da elə günə layiq ehtişamlı bir şəkildə yekunu ilə yadda qaldı.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə start götürən II “Opera Günləri” layihəsinin açılışını “Koroğlu” etdi. Heydər Əliyev Sarayının salonunu bürüyən o ilk sədalar – dahi Üzeyir Hacıbəylinin milli ruhla klassik qərb musiqisini mükəmməl şəkildə qovuşduran "Koroğlu"nun məşhur uvertürası eşidiləndə tamaşanın bir az gecikməsinə görə səbirsizlikdən yaranan narahatlıq həmin andaca yox oldu.

Uvertüra hər səslənəndə yaranan o qəribə həyəcan, doğma mənəvi silkələnmə yenidən ruhumuzu ağuşuna aldı. Musiqinin və tarixin o sehrli dünyasına qapılmamaq qeyri-mümkün idi.



Pərdələr açılandan etibarən orkestrin dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altındakı yüksək peşəkarlıqla müşayiət olunan ifası tamaşaçıları dərhal əsərin əzəmətli ab-havasına daxil etdi. Dirijorun hər bir hərəkətində, heyəti idarə etmə sənətində dərin bir yaradıcılıq yanğısı, musiqini ruhla yaşamaq ehtirası aydınca hiss olunurdu. Onun o səmimi, ürəkdən gələn coşqusu heyranedici idi. Dirijorun rəhbərliyi ilə nəfəs alan orkestr və səhnədəki yaradıcı heyətin plastik, sinxron hərəkətləri sənət dilində desək, mükəmməl bir ansambl və xoreoqrafik polifoniya yaradırdı. Səhnədəki o böyük kütlənin vahid bir orqanizm kimi, qüsursuz və ritmik hərəkəti tamaşanın bədii təsir gücünü qat-qat artırırdı. Xüsusilə rəqs nömrələrində Xalq artisti Qəmər Almaszadənin qoyduğu o tarixi məktəbin ruhu, dəsti-xətti və estetik üslubu canlanırdı. Hər bir hərəkət daxili bir intizamla və milli zərifliklə yoğrulmuşdu.

Hafiz Quliyevin quruluşçu rejissor baxışı, Tahir Salahov və Tehran Babayevin bənzərsiz səhnə tərtibatı və vizual rəssamlıq həlli ilə birgə tamaşaçıya vizual bir ziyafət təqdim edirdi.

Sevil Hacıyevanın rəhbərlik etdiyi xor kollektivinin gücü və nizamı isə Üzeyir bəy musiqisinin kütləvi səhnələrdəki əzəmətini bütünlüklə ortaya qoyurdu.



Koroğlu obrazında çıxış edən dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov səhnəyə çıxdığı ilk andan etibarən partiyanın həm dramatik, həm də lirik qatlarını heyranedici vokal texnikası və artistizmlə təqdim etdi. Onun səsindəki güc, xüsusilə qəhrəmanlıq ariyalarında salonu titrədən o ecazkar ifası unudulmaz idi.

Nigar rolunun ifaçısı, Əməkdar artist Afaq Abbasova isə öz incə sopranosu ilə fədakar, aşiq və cəsur qadın obrazını həm ifası, həm də artistizmi ilə gözəl canlandırdı. Onun səhnə tərəfdaşı ilə qurduğu duetlər musiqi interpretasiyası dəfələrlə alqışlarla qarşılandı. Hər iki ifaçının səhnə harmoniyası, ötürdükləri emosiya canlı və səmimi təsir bağışladı.

Bəyəndiyim ifalardan biri də Həsən xan rolunu canlandıran Mahir Tağızadəyə məxsus idi. Baritonun səhnə plastikası, personajın zalım və mürəkkəb xarakterini vokal xəttində dəqiq cizgilərlə əks etdirməsi, obrazın dramatik yükünü böyük ustalıqla daşıması təqdirəlayiq idi. Həmçinin Əkrəm Poladov, Nəzakət Teymurova, Tural Ağasıyev və digər solistlərin çıxışları bütövlükdə tamaşanın bədii keyfiyyətini tamamlayırdı.

Musiqinin ilk sədalarından etibarən səhnədəki vizual və akustik mizanların vəhdəti tamaşaçıda xoş təəəsürat oyadırdı. Dirijor və orkestrin yaradıcılıq yanğısı, musiqinin dramatik gərginliyini sadəcə texniki cəhətdən deyil, səmimi bir ruhla salona ötürə bilirdi.



Baş rolların ifaçıları arasındakı vokal və psixoloji harmoniya, həmçinin xor və kütləvi səhnələrdəki o qüsursuz sinxronluğu xüsusilə bəyəndim. Rəqslərdəki milli elementlərin klassik məktəbin süzgəcindən keçərək təqdim olunması tamaşaya xüsusi bir estetik zəriflik qatırdı. Bu opera tamaşası bütövlükdə sənətin, vokalın, musiqinin və rəqsin ecazkar təntənəsi idi.

Maddi maraqların hökm sürdüyü bu dövrdə, kommersiya qayğısı güdmədən, sırf sənət naminə, milli irsin yaşadılması üçün can qoyan bu fədakar sənətkarları eyni səhnədə görmək insanda qürur, fərəh və səmimi bir minnətdarlıq hissi doğururdu. Onların bu əməyi, sənət fədakarlığı hər cür maddi mükafatdan ucadır və mütləq şəkildə ən yüksək səviyyədə qiymətləndirilməlidir.

Şübhəsiz ki, maddi dəyərlərin, kommersiya və kapitalizm maraqlarının ön plana çıxdığı, kütləvi mədəniyyətin hər tərəfi bürüdüyü və bürüşdürdüyü müasir dünyamızda opera və balet kimi sanballı, klassik sənət növlərinin qorunmasının, təbliğinin əhəmiyyətini bir daha ön plana çıxardı.



Məhz bu səbəbdən, insanda yüksək intellektual zövq və mənəvi dərinlik formalaşdıran belə böyük layihələrin sayı daha da artırılmalı və dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilməlidir. Çünki klassik sənət hər bir millətin mədəni pasportu, onun mənəvi ucalığının göstəricisidir.

Tamaşanın sonunda, pərdələr qapananda zalda qopan alqış sədaları da tamaşaçının bu mənəvi ucalığa olan ehtiramının və səmimi heyranlığın göstəricisi idi. Tamaşaçılar dəqiqələrcə ayaq üstə duraraq, bitmək bilməyən alqışlarla sənətkarlara öz sevgisini və təşəkkürünü bildirdi. Bu ayaqüstü alqışlar, sənətin zamansızlığına, Üzeyir Hacıbəyli dühasının ölməzliyinə və klassik opera sənətimizin gələcəyinə ünvanlanan və sənətkarın qazana biləcəyi ən ali, ən səmimi mükafat idi. Səhnədən ayrılarkən daxilimdə yaranan xoş mənəvi doyum hissi vardı, bir daha əmin oldum ki, həqiqi sənət heç vaxt köhnəlmir və həmişə insanın ruhunun dərinliklərinə ən gözəl şəkildə toxunmağı bacarır.

# 205 dəfə oxunub

Oxşar xəbərlər

“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

15:03 25 may 2026
Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

12:00 25 may 2026
Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər