İçəri kimi buraxacağına yalnız sən qərar verirsən... - Sözün ipi kimin əlindədir?

İçəri kimi buraxacağına yalnız sən qərar verirsən...  - Sözün ipi kimin əlindədir?
28 may 2026
# 10:30

Kulis.az Gültəkin Cəfərovanın "Sözün ipi kimin əlindədir?" yazısını təqdim edir.


Dünyaya göz açdığımız andan etibarən sözlərin əhatəsində olur, sözlə düşünür, özümüzü söz vasitəsilə ifadə edirik. Biz sözü yox, sanki söz bizi idarə edir. Ağızdan çıxan hər kəlmə ilə həm öz daxili portretimizi yaradır, həm də ətrafımızdakı dünyaya yeni məna qazandırırıq. Səslərin birləşməsindən doğan bu güc həm insanın ən böyük silahı, həm də qəlblər arasında bağ yaradan bir sehrdir.

Sözün bu qədər güclü olmasının izləri bəşəriyyətin ortaq yaddaşında da öz əksini tapmışdır. Əsrlər boyu formalaşan, xalqların psixologiyasını və dünyaya baxışını özündə əks etdirən atalar sözləri elə bu həqiqətin ən canlı daşıyıcısıdır.

Məsələn, xalqımıza aid “Şirin dil ilanı yuvasından çıxarar” kəlamı elə-belə deyilməyib. Bu ifadə bircə gözəl kəlmənin ən sərt insanı belə dəyişəcəyinə, qəlblərin kilidini açacağına olan inamı göstərir. Uzaq Şərqdə də sözün insana bəxş etdiyi daxili rahatlıq bənzər bir incəliklə ifadə olunub: “Xoş söz insanı bütün qış boyu isidir”. Qərb düşüncəsində isə pis sözün insan psixologiyasında buraxdığı mənfi, sarsıdıcı izlər vurğulanır: “Sözlər sümükləri qıra bilməz, amma qəlbi parçalayar”. Həqiqətən də, bircə ağır kəlmə insanın qəlbində sağalmaz yaralar aça bilər.

Söz tarixin gedişatını və insan taleyini idarə edən qüdrətli qüvvədir. Elə Şah İsmayıl Xətainin beş əsr əvvəl dediyi kimi: “Söz vardır kəsdirər başı, söz vardır kəsər savaşı”. O dövrdə nə neyroelm vardı, nə də psixologiya kitabları, amma bir həqiqət gün kimi aydın idi: söz doğru anda deyildikdə ən kəskin poladdan daha təsirlidir.

Lakin məsələ təkcə bununla bitmir. Söz həm də sosioloji bir “silahdır”. Baxın, bir sözlə inqilablar alovlanır, “Vətən təhlükədədir!” nidası minlərlə insanı eyni amal uğrunda ayağa qaldırır. Amma burada bir məsələ var: kütlə daxilində söz məntiqə deyil, çox vaxt instinktlərə xitab edir. Ritorika və təbliğatın fərdi deyil, kütləni hədəf almasının səbəbi də budur. Çünki fərd sorğulamağa meyillidir, kütlə isə daha sürətli reaksiya verir. İp o zaman əlimizdən çıxır ki, öz səsimizi eşitmir, izdihamın xoruna qoşuluruq. Fərd olmaqdan çıxdığımız an sözün idarəsi “çoxluğun” əlinə keçir. Bu dağıdıcı gücdən xilas olmağın çıxış yollarından biri kütlənin içindən çıxıb, yenidən fərdi müşahidəçi olmağı bacarmaqdır.

Dediyimiz hər sözlə savadımızı, niyyətimizi və daxili dünyamızı göstərmiş oluruq. Sözün sadəcə bizi göstərən bir güzgü yox, həm də qarşı tərəfin reallığını dəyişdirən bioloji bir güc olduğunu da unutmamalıyıq. Tibb tarixindəki “plasebo” effekti bircə kəlmənin ən güclü ağrıkəsicidən daha effektiv ola biləcəyini sübut etmirmi? Yaxud əksinə, bircə mənfi nida ilə insanda sağlamlığı ilə bağlı şübhə yaratmaq olmurmu?

Bəs söz özlüyündə bu qədər qüdrətlidirmi? Yoxsa bu gücü ona biz veririk?
Umberto Ekonun dediyi kimi, “ağac” sözü ağacın özü deyil, sadəcə, beynimizdəki bir işarədir. Söz və reallıq arasında həmişə bir məsafə var. Kimsə sizə "uğursuz" deyə bilər, amma siz bu etiketi beyninizin süzgəcindən keçirib qəbul etməyənə qədər o söz daxili dünyanızın sərhədlərini aşa bilməz. Sözün mənasını yaradan sənin şüurundur.

Əlbəttə, necə deyərlər, insan dəmirdən deyil, deyilən kobud sözlərin canımızı yandırması təbiidir. Amma stoiklərin bizə öyrətdiyi budur: ağrını hiss etmək qaçılmazdırsa, o ağrıda boğulub qalmaq seçimdir. Stoik filosof Epiktet bu sirri çoxdan kəşf etmişdi: “Bizi hadisələr deyil, onlar haqqındakı mühakimələrimiz incidir”. Sənə deyilən acı bir söz, əslində, cəmi 10-15 hərfdən ibarət kiçik bir işarədir. Ona “ağrı” donunu geyindirən sənin öz düşüncəndir. Güclü insan – stoiklərin dediyi kimi – bu mexanizmi görəndir. “Sən heç kimsən" deyildikdə o bunun bir fikir, yoxsa fakt olduğunu sorğulayır. Əgər beynini bir qala kimi qorusan, kənardan atılan heç bir “söz oxu” sənin iradəni sarsıda bilməz.

Bu, sadəcə, fəlsəfi bir təsəlli deyil. Viktor Frankl bunu ən ağır şəraitdə – ölüm düşərgələrində yaşamışdır: eyni ağır təhqiri eşidən iki nəfərdən biri sınır, digəri isə gülümsəyirdi. Fərq sözdə deyildi, o sözü qarşılayan iradədə idi. Əlbəttə, hər kəsdən hər an soyuqqanlı bir stoik olmaq gözlənilmir. Uşaqlıqda davamlı alçaldılan, sevgidən məhrum böyüyən bir insan üçün bəzi sözlər illərlə formalaşmış travmaların tətikləyicisi ola bilər.

Düzdür, stoik düşüncə insana güc verir, amma hər kəsin eyni ağırlığı eyni dərəcədə daşıya bilmədiyini də unutmaq olmaz. Əsas məsələ sözlərin ağırlığı altında əzilmədən yenidən ayağa qalxa bilmək və kimliyimizi başqalarının ağzından çıxan kəlmələrə həvalə etməməkdir.

Sözün sosial çəkisi olsa da, onun mütləq hakimi sənin düşüncəndir. Əgər hər eşitdiyin fikrin küləyi ilə sovrulsan, həyatının sükanını başqalarına təslim etmiş olarsan. Unutma: söz qapını döyən qonaqdır. Otağın sahibi isə sənsən. İçəri kimi buraxacağına, hansı səsi mahnıya, hansı səsi küyə çevirəcəyinə yalnız sən qərar verirsən.


# 677 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər