Fərhad, Zərdüşt, Mövlud - bizə ölüm dərsi keçən dostlar

<span style="color:red;">Fərhad, Zərdüşt, Mövlud  - bizə ölüm dərsi keçən dostlar
29 noyabr 2017
# 11:30

Kulis.az Elnaz Eyvazın “Dost, ay dost...” yazısını təqdim edir.

Mən dost itirməyə nə vaxtdan başladım, bilirsən? İlk dəfə on səkkiz il əvvəl. İki sinif yoldaşımı dalbadal itirdim, ikisilə də möhkəm dost idik. Məktəbi illər öncə bitirməmizə rəğmən, dostluğumuz davam edirdi.

Universiteti də bitirmişdim Vüqarı itirəndə. Vüqar artıq hərbçi idi, səhv etmirəmsə, hərbi hissə komandiri. İlk onu itirdim. Hələ də o ağır günləri, saatları xatırlayanda eyni dözülməz hissləri keçirirəm. O qədər yanmışdım, o qədər göynəmişdim ki, özgəsini öz doğman kimi sevə biləcəyinə inanmayan adamlar elə bilmişdilər, biz bir-birimizi sevirmişik. Sevirdik sevməsinə, amma ətrafdakıların düşündüyü kimi deyil. Bizim üçün sevgi anlamı daha böyük, daha müqəddəs idi. Biz əhd eləmişdik, bir-birimizin toyunda necə oynayacaqdıq, bir-birimizlə gələcəkdə də ailəvi dost olacaqdıq... Ailəvi dost... Heç birimizə nəsib olmadı...

Qohum-əqrəba məclislərindən daha çox dost məclislərini sevmişəm, dost məclislərində eynim açılıb, özümü tapmışam. Nəyə güldüyünü, niyə güldüyünü, nəyə təsirlənib kədərləndiyini, niyə doluxsunduğunu anlayan adamların arasında xoşbəxt olmuşam.

Vüqar dünyasını dəyişəndə sinif yoldaşlarımla baş-başa verdik. Məzarını ziyarətə gedirdik vaxtaşırı, ailəsinə baş çəkirdik tez-tez (Mən hələ də davam edirəm, artıq ailəsilə doğmalaşmışıq). Yas məclisinin ağır günlərindən birində digər sinif yoldaşım Azər (həm də əmim oğlu) məni bir qırağa çəkdi. Dedi, neynəmək istəyirsən, ölmək? Bəsdir, uşaq deyilsən, az öldür özünü. Kim bu dünyanı tutub duracaq? Sən, ya mən? Bax, indi burdayam, yanında, - əlimi tutdu, - toxuna bilirsən mənə, ancaq nə bilirsən bir aydan, iki aydan sonra olacam, ya yox? Özünü ələ al, əsəbiləşirəm artıq sənə.

Düz iki aydan sonra Azəri itirdik. İki aydan sonra artıq Azər cismən yox idi, ona toxuna bilmirdik, o bizi eşitmirdi artıq. Və bu həmin o Azər idi ki, məktəb illərinin ən xoş, ən şən xatirələri onunla bağlıdır.

Deyib-gülən, zarafatcıl, Araz aşığından, Kür topuğundan. Həmin Azər təsadüfən dolu çıxan təlim qumbarasının partlayacağını görüb özünə sıxmışdı. Heç kəs onun başqasından ötrü tükünü tərpədəcəyinə inanmazdı, amma o, dəhşətli məqamda özünü, öz canını deyil, yoldaşlarını düşünmüşdü. Bircə dəfə bağırıb iki kəlmə sözlə həyatına nöqtə qoymuşdu: “Ay mama!!!”

Bir ilin içində iki əziz dostu itirmək nədir, bunu bilmək düşmənimə də nəsib olmasın.

İllər zülmlə keçir, həyat insafsızcasına davam edirdi. Bəlkə də, yox.

Əslində:

Həyat davam eləmir,
inanmıram kim desə.
Kimsə kimdəsə yaşayır,
Kimsə ölür kimdəsə...

İllər keçir, Zərdüştü (Zərdüşt Şəfi), Fərhadı (Fərhad Mete) itiririk. Fəqət indi ətrafım daha genişdir, dərdin hər küncündən bir dost yapışıb, zor-birtəhər qaldırıb daşıyırdıq. Hər toxunanda yaramız qanayırdı ki, Mövlud topamıza bir şillə çəkdi. Dedi ki, özünüzə dərd axtarmayın, az sızıldayın, ölmək necə olur, görməmisiniz, göstərərəm, dincələrsiniz. Ağlınızı başınıza yığıb ayıbınıza kor olub yaşayın getsin. Naşükür olmayın...

Yox, mən Mövluddan yazmayacam, hələ ki... Özümə gələndən sonra, toparlananadan, yoxluğuna inanandan, qəbul edəndən sonra, bəlkə... Bəlkə yox, yəqin ki. Ancaq indi yox. İndi Mövludla bağlı xatirələri çözələməkdən başqa, heç nə gəlmir əlimdən. Ürəyimi bir neçə bəndlik şeirlə aldadıb ovutmuşam, vəssalam. Yaddaşımı dara çəkirəm hələ, səsini, söhbətlərini xatırlamaqla məşğulam. Vallah ki, hərdən elə bilirəm bizi yüz il ayırır, sonuncu dəfə yüz il əvvəl görmüşəm, danışmışam. Hərdən yaddaşımın etibarsızlığından qorxuram, hərdən də elə bilirəm, Mövlud şıltaqlıq eləyir, gizlənqaç oynayır yaddaşımla.

Zərdüşt haqqında yazımda demişdim: sən hardan biləsən dost itirmək nədir, ay heç vaxt dost itkisi yaşamayan bəxtəvər... İndi də bunu Mövluda deyirəm ürəyimdə tez-tez...O Mövluda ki, Ceyhun Nağı haqqındakı yazımı (“Hamı yatır ey... ayə, a camahat, hardasınız?!”) oxuyub demişdi, elə yazmısan ki, adam ölmək istəyir.

- Gicləmə, - demişdim. Qəhqəhə çəkib gülmüşdü. Elə gözəl gülmüşdü ki...

Ruhunu köksünə sıxıb yaşayan Adamların nəyi var e bu həyatda?! Beş-üç nəfər anlayanı, gözündən oxuyanı, səsindən duyanı. O da ya ola, ya olmaya. Hamımız bir-birmizin ətəyindən tutub gedirik. Ya ətək etibarsız ola. Ya yiyəsi... Harda əlimiz çıxdı, çıxdı.

Dost itkisi də dost toyları, məclisləri kimi fərqli olur. O qədər fərqli olur ki, adam az qalır dəli olsun. Hər şey gözündən düşür, ağzının dadı qaçır, qolun qüvvətdən qalır, yuxuların düyün düşür, əhvalın düzəlmir ki, düzəlmir. Dost dediklərin südlə, qanla bağlandığın adamlar deyil axı. Ruhunu duyana, ürəyin yananda əlindən tutana, səndən hali olana, ayağına daş dəyəndə ürəyinin başı yanana deyilir Dost. Dostun yaşı, cinsi olmur ha. Ruhuna qondumu, vəssalam. Yanında kitab-kitab susa bildiyin adamdır da. Etibarlısına canım qurban, etibarsızı da ki, boğazımızda qalan tikədir, hər dəfə çörək görəndə qoxusu burnuna gələn adamdır.

Dost sözdə olmur, sözdə sevmir. Deməklə olmur bu iş, yaşamaqla, yaşatmaqla olur. Hap-gop məsələsi deyil dostluq... Harda dostu itirən adam görürəm, gedib onun da dostu olmaq istəyirəm. Bilirəm axı nələr çəkir...

İndi o qədər acizəm ki, dizlərimi yerə atıb bütün “Dost” dediklərimə yalvarmaq keçir içimdən: Sən də getmə, dost, ay dost...

# 774 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #