news-inner
clock15:45 calendar-gray 01 Fevral 2016 view-gray292 dəfə oxunub
view-gray292 dəfə oxunub

Nəriman Nərimanovun faciəsi – Anar yazır

Kulis Anarın “Yaşamaq haqqı” traktatından Nəriman Nərimanov haqda parçanı təqdim edir.

1920-ci il aprelin 28-də Bakını işğal edən XI Qızıl ordu Azərbaycan Xalq Cümhuriyyətini devirdi. Azərbaycanın bu gündən başlanan Sovet tarixi 71 il çəkdi.

Bu dövr xalqımız üçün nə ilə əlamətdardır - bütün nöqsanlara, kəsirlərə, hətta cinayətlərə baxmayaraq, müəyyən yönlərdə, xüsusən də mədəniyyətin inkişafı, elmin, sənayenin qabağa getməsi, milli düşüncənin tam şəkildə formalaşması, bir çox sahələrdə yerli kadrların yetişdirilməsi və digər müsbət cəhətləriyləmi?... Yaxud da bütün bu nailiyyətlərə baxmayaraq müsibətləriylə, ağır itkiləri, sağalmaz yaralarıylamı? Görünür, bu çətin sualın dəqiq cavabı hələ yetişməyib.

Azərbaycan Demokratik Respublikasını qoruyub saxlaya bilərdilərmi, yoxsa o da Gürcüstan və Ermənistan kimi sovetləşməyə, “SSRİ” təxəllüslü Rusiya tərəfindənzəbt olunmaya məhkum idi? O dövrdə M.Ə. Rəsulzadənin siyasi şansı vardımı, ya ADR çökəndən sonra, paytaxtı Bakı olmaqla Azərbaycanın bir dövlət vahidi kimi saxlanmasını, ərazi bütövlüyünün qorunmasını N.Nərimanov təmin etmişdi?

Bir şey aydındır ki, XX əsr tariximizdən nə Rəsulzadəni atmaq olar, nə Nərimanovu, amma buna müxtəlif istiqamətlərlə cəhdlər olunub və hələ də olunmaqdadır.

Əgər Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə M.Ə.Rəsulzadənin adı ilə bağlıdırsa, Azərbaycan SSR-in ilk illəri N.Nərimanovun fəaliyyəti ilə müəyyənləşir.

Peşəsinə görə həkim, ədəbi maraqlarına görə yazıçı, taleyinə görə siyasətçi olan Nəriman Nərimanov XX əsr Azərbaycan tarixində faciəli fiqurdur.

O, özünün siyasi fəaliyyətini Hümmət təşkilatının fəal rəhbərlərindən biri olaraq, Rəsulzadə kimi sosial-demokrat mövqeyilə başlayıb. Onu tanıyan adamların şəhadətinə görə, o hətta rəsmi olaraq Kommunist partiyasının üzvlüyünə keçəndən sonra da sosial-demokrat kimi qalıb. Keçmiş kommunist, sonradan Müsavat partiyasının üzvü olan A.Əhmədov təsdiq edir ki, öz siyasi məsləkinə görə Nərimanov Avropa tipli sosial-demokrat idi. Şamil Qurbanov “Nəriman Nərimanov Ömrün son illəri” kitabında belə bir fakt gətirir: “Nərimanov türk diplomatı Rza Nura deyirmiş: Bolşevizm nə olan şeydir? Bu rəzalət bizə yaraşmır”.

Yazıçı-dramaturq kimi N.Nərimanov N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə ilə yanaşı M.F.Axundzadənin bilavasitə davamçısıdır. Sovet hakimiyyətinin müəyyən illərində, Nərimanovun adı siyasi xadim kimi yasaq olunanda onun ədəbi fəaliyyəti ədəbiyyat və teatr tarixi ilə bağlı kitablarda yada salınırdı. Məsələn, tənqidçi və teatrşünas Cəfər Cəfərov Azərbaycan teatr tarixinə həsr olunmuş kitabında onun dramaturgiyasına dəfələrlə müraciət edir. Nərimanovun opponenti Rəsulzadə, onun siyasi mövqeyini tənqid etsə də, ədəbiyyat sahəsində xidmətlərini dəyərləndirir.

Nərimanovun faciəsi ondaydı ki, bütün şüurlu ömrünü sərf etdiyi, uğrunda həbsxanaya düşdüyü ideya və ideallarla real gerçəklikdə həyata keçirilən Sovet siyasətinin daban-dabana zidd olduğunu ilbəil daha aydın görürdü.

50-ci illərdə Nərimanovun adından qadağa götürüləndən sonra tarixçilərimiz onun xəyal qırıqlığının üstündən sükutla keçərəkidillik siyasi portretini yaradırdılar. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra isə bir çox tarixçilər, əsasən gənc nəslin nümayəndələri, Nərimanovu millətin maraqlarına xəyanətdə ittiham etməyə başladılar. Doğrudur, bununla belə, Nərimanovun çoxşaxəli şəxsiyyətini bütün ziddiyyətləri ilə nəzərdən keçirən, qəzəbsiz və qərərsiz, obyektiv yazılar da meydana gəldi. Yazıçı Elçinin kitabçası, partiya və dövlət xadimi Həsən Həsənovun və ədəbiyyatşünas Şamil Qurbanovun kitabları diqqət çəkdi.

Həsən Həsənov “Nəriman Nərimanovun fəaliyyəti və dövlətçilik baxışları” kitabında yazır ki, ilk əvvəl Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən Nərimanov, çox keçmədən başa düşür ki, onun çökməsi qaçılmazdır və bu mürəkkəb vəziyyətdən az itki ilə çıxmaq üçün yollar axtarır. Çıxış yolunu Sovet Rusiyası ilə ittifaqda və Kamal Türkiyəsi ilə sıx əlaqədə milli təmayüllü kommunizm ideologiyasını, sosialist sistemini qəbul etməkdə görür.

Elçin qeyd edir ki, Nərimanov nəzəri cəhətdən kommunist ideyalarının tərəfdarı idi, amma həyatda onların dəyişdirilmiş, eybəcərləşdirilmiş halda təcəssümünü görəndə dərin məyusluq hissləri yaşayırdı.

Nərimanov yazırdı: “Bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir”.

Tək Nərimanov yox, bütün kommunistlər o zaman inanırdılar ki, tezliklə dünya inqilabı başlayacaq (dindar insanlar ikinci zühuru, müsəlmanlar Mehdini gözləyən kimi). Əgər dünya inqilabı baş verərsə,yalnız Azərbaycan və Rusiya yox, kommunist Almaniyası da, Fransa da, İngiltərə də, Türkiyə də bərabərhüquqlu ölkələr olacaq. Amma hələ ki, bu baş verməyib, təcili Rusiya ilə ittifaqa girmək lazımdı.

Nərimanovun səmimi fikri (və yanlışı) da bundan gəlir: “Azərbaycan Respublikasının əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Onun bu kəlamı Sovet zamanında Bakının küçələrini bəzəyirdi, indi isə Nərimanova qarşı ittiham kimi irəli sürülür. Onun işğalçı ilə əməkdaşlığı, Azərbaycanın Kvislinqi rolunu boynuna götürməsi (İkinci Dünya müharibəsində işğalçı Almaniya ilə əməkdaşlıqda adı hallanan Norveçin baş naziri) də ona qarşı ittihamlar sırasındadır.

Nərimanovdan gətirilən başqa bir sitat daha böyük narazılıqla qəbul olur: “Sovet Rusiyası mənim öhdəmə nə qoymuşdusa, çətin zəhmət bahasına hamısını yerinə yetirdim. Sovet Rusiyası Azərbaycandan arxayın ola bilər, o qəti şəkildə anlayır ki, Azərbaycanın nefti Rusiyaya məxsusdur” (15 sentyabr, 1921)

Bundan açıq demək də olmazdı...

Nərimanovun bu cür bəyanatları ilə tanış olduqca, mən istər-istəməz tarixin nisbətən yaxın və uzaq iki faktını xatırlayıram. Teymurləng Şirvan dövlətinin sərhədinə ayaq basanda Şirvanşah İbrahim onun qarşısına hər birində doqquz adda hədiyyələr olan ənamla çıxır, yalnız qulların sayı 8 imiş. Şirvanşah izah edir: “Doqquzuncu qul mən özüməm”.

Nəticədə Teymur Şirvana toxunmur. Hökmdar özünü alçaldaraq ölkəsini xilas edir.

İkinci Dünya müharibəsində Fransa Prezidenti marşal Peten Parisi açıq şəhər elan edir və onu almanlara döyüşsüz təhvil verir. General De Qoll alman işğalçılarına qarşı müqavimət hərəkatına başçılıq edir. Almaniyaya qalib gələndən sonra Peteni satqın kimi mühakimə edirlər, De Qollun isə qəhrəman kimi başına çələng qoyurlar. Peten öz şərəfini itirdi, amma Parisi qorudu. Tarix çox vaxt hakimiyyət başında duranların qarşısında belə çətin seçimlər qoyur. Hər kəs öz anlayışından nəticə çıxardaraq öz ölkəsi, öz xalqı və nəhayət özü üçün seçim edir. Və bir aforizm də yada düşür: “Vətən naminə hər şeyi riskə atmaq olar, Vətənin özündən başqa”.

Əgər Nərimanov Sovet hökuməti ilə əməkdaşlıq etməsəydi, kim bilir Azərbaycanı və onun özünü hansı aqibət gözləyərdi. Tutalım Nərimanov da repressiya qurbanı oldu. Bəs Azərbaycana formal da olsa, kim rəhbərlik edəcəkdi? Həmin o Əliheydər Qarayev ki, bir zaman Nərimanov onun haqqında demişdi: “Bütün Azərbaycan onu hər mənada satqın adam kimi tanıyır”. Əgər Nərimanovun yerini Əliheydər Qarayev ya Mirzə Davud Hüseynov tutsaydı, bu nəinki pis olardı. Bəlkə heç Azərbaycan olmazdı.

Əliheydər Qarayevin əhval-ruhiyyəsini onun öz diliylə dediyi sözlər ifadə edir: “Denikini darmadağın etmək üçün Azərbaycan fəhlələri rus fəhlələriylə birləşib moskvalı yoldaşlara kömək edər, çıxış yolu qalmayanda isə Azərbaycanın meyitinin üstündən keçərlər” (!-A)

Görünür, o tarixi məqamda Rusiya ilə əlaqə qaçılmaz olub. Ancaq karyera haqqında düşünməyən, əsl inqilabçının - Nərimanovun yazar ürəyi bu gerçəyi müəyyən şərtlərlə qəbul edirdi. O, aydın şəkildə dərk edirdi ki, əgər o olmasa, Azərbaycanın şərəfi və ləyaqəti, sadəcə mövcudluğu uğrunda mübarizəni kimsə aparmayacaq. Məhz bu zəmində o özünü Azərbaycan neftinin sahibkarı kimi aparan Serebrovski ilə dəfələrlə toqquşdu. Nərimanovun şikayətinə Lenin “səxavətlə” cavab verir: - Sizə nə qədər neft lazımdırsa, mən tapşıraram, ayırarlar. Nərimanov: - Vladimir İliç, -deyir, neft Azərbaycana məxsusdur, Sizə nə qədər lazımdı, deyin, biz də müzakirə edib qərar verək.

Nərimanovun, Azərbaycanın sovetləşməsi ərəfəsində qarşısına qoyduğu məsələləri başa düşmək üçün, onun 1919-cu ilin fevralında yazdığı “Biz hansı şüarla Qafqaza gedirik” məqaləsini diqqətlə oxumaq bəs edər. Bu məqalədə mart hadisələri haqqında ətraflı yazır:

“Ermənilər müsəlmanları dəstə-dəstə əsir götürüb öz qərargahlarına aparır, yolda namərdcəsinə güllələyirdilər. İş o yerə gəlib çıxmışdı ki, hətta bolşevizmə məxsus olması da müsəlmanı xilas etmirdi: Daşnaklar deyildilər: Heç bir bolşevikin bizə dəxli yoxdur, əgər sən müsəlmansansa, yetər. Kimi istəyirdilər - öldürürdülər, kimi istəyirdilər - qarət edirdilər, soyurdular, evlər boşalırdı. Elə bir vəhşilik qalmırdı ki, müsəlmanın başına açmasınlar. Daşnaklar “bolşevizm” bayrağı altında müsəlmanlara qarşı hər cür zor tətbiq edirdilər”.

Aydındır ki, bu sözləri yalnız Bakı kommunası rəhbərliyinin “bolşevik” beynəlmiləlçiliyinin saxtalığını dərindən dərk edən adam yaza bilərdi. Bununla belə Nərimanov hələ də səmimi-qəlbdən inanırdı ki, müsavatçılar müsəlman əhalisini qoruya bilməsələr, bunu inqilabi Rusiya edəcək. Nərimanov həm də səmimi-qəlbdən inanırdı ki, “Rusiyada başlayan inqilab rus inqilabı deyil, o, dünya inqilabına çevriləcək və bütün dünyaya sirayət edəcək”.

Etiqadlı marksist kimi, hətta mart hadisələrini də sinfi mövqedən dəyərləndirirdi, ermənilərlə müsəlmanlar arasındakı aşkar milli zəmində olan toqquşmanın əsasını da burjuaziya ilə proletariat arasındakı mübarizə hesab edirdi.

Mart hadisələri yalnız Nərimanovu yox, həm də Azərbaycan kommunistlərindən Məşədi Əzizbəyovu, Sultan Məcid Əfəndiyevi və başqalarını sarsıtdı. Bununla belə bu hadisələrdən sonra Nərimanov da, Əzizbəyov da, Mir Həsən Vəzirov da, bu qanlı qırğını törətmiş Bakı komissarları sovetinin üzvü olaraq qaldılar. Bununla belə Nərimanovun bu mövzuda məqalələrini qərəzsiz-filansız oxuyanda, onun mart faciələrinə əsl münasibətini görmək olur.

Qırğının qarşısını almaq məqsədilə o öz mənzilində Rəsulzadə ilə Şaumyanı görüşdürür. Amma bu, daşnakların müsəlmanları məhv etmək planının qarşısını almır.

“Mən tamamilə əmin oldum ki, Bakıda hakimiyyət daşnakların əlindədir”. - Bir qədər gec olsa da, Nərimanov bunu duyur.

1918-ci il aprelin 3-də, mart faciəsindən sonra Bakı Sovetinin rəhbərləri S.Şaumyana və İ.P.Caparidzeyə ünvanladığı məktubda Nərimanov eyhamsız, açıq şəkildə göstərir ki, “...siyasi mübarizə milli dava olub. Bu halət Şura hökumətinə qara ləkədir. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir. Mən çox xahiş edirəm ki, bu yazılanlar ətrafında fikirləşəsiniz və tez bir zamanda müsəlmanların yaralı ürəyini sağaltmaq üçün vasitə tapasınız”.

Məktub öz təsirini göstərdi, müsəlmanlar arasındakı nüfuzundan yararlanan Caparidze vəd verdi ki, başqa işlərindən imtina edəcək və müsəlmanların təhlükəsizliyi məsələlərini əlinə alacaq.

Təhlükə Nərimanovun özündən də yan keçmədi. Daşnak döyüşçülər onun mənzilinə soxuldular və onu orda tapmayanda, sonradan möcüzə nəticəsində xilas olunmuş yaxın qohumunu apardılar. Yalnız Nərimanovun Şaumyana telefon zəngindən sonra onu rahat buraxdılar. “Qafqazın zəbt olunmasına bir nəzər” məqaləsində (1919, fevral) Nərimanov yazır: “Erməni silahlı bandaları tərəfindən müsəlman əhalinin vəhşicəsinə qətlə yetirilməsini kim vətəndaş müharibəsi adlandıra bilər? Tutalım ki, Bakıda mart hadisələri vətəndaş müharibəsi idi. Onda bəs daşnak Əmirov və daşnak Stepan Lalayevin bu hadisələrdən sonra Şamaxıda törətdikləri qırğınlara nə ad vermək olar?”

Və eyni zamanda bu da tariximizdə acı faktdır ki - Bakı Soveti xalq komissarlarının 1 iyul 1918-ci il tarixli müraciətinin altında Şaumyanın, Caparidzenin, Fioletovun, Karqanovun, Karinyanın və başqalarının imzaları ilə yanaşı N.Nərimanovun və M.H.Vəzirovun da imzaları var. Bu müraciətdə Azərbaycanın bəyləri və xanları günahlandırılır, guya onlar, millətçi daşnaklarla və gürcü zadəgan menşevikləriylə birləşərək, Qafqazın zəhmətkeş sinfinə qarşı xain siyasət yürüdürlər. Bu müraciətdə belə bir biabırçı ifadə də yer alıb: “Bakıda, kasıb müsəlman təbəqəsindən də qurbanların olması düzdür, amma bunlar bəylər və xanlar tərəfindən aldadılaraq Sovet hakimiyyətinə qarşı qaldırılan kütlələrdir”. Ancaq elə həmin Nərimanov (3 may 1918) öz məqaləsində Şaumyanı bu sözlərə görə ittiham edirdi: “Hətta, əgər vətəndaş müharibəsi bir sıra yerlərdə milli çalar alarsa, belə əsl sosialist bu təbii vəziyyətdən məyus olmamalı və ruhdan düşməməlidi”.

Təbii ki, “əsl sosialist” Şaumyan Nərimanovun yazdığı kimi məyus olmamışdı və ruhdan düşməmişdi, Qafqazda və Qafqaz ötəsində baş vermiş müharibədə məhv olanların 99 faizi müəyyən millətin nümayəndələri, daha doğrusu müsəlmanlar idi...

Amma Nərimanovun böyük nüfuzu nəzərə alınırdı.

Sovet Rusiyasının Xarici İşlər Komissarı yazırdı: “Nərimanovla yaxından tanış olandan sonra, mən əmin oldum ki, o Yaxın Şərqin və Rusiyanın müsəlmanları arasında, partiya təbliğatı və təşviqatı sahəsində ən mükəmməl rəhbərdir”.

Gürcüstanın kommunist rəhbərlərindən M.Orexelaşvili Nərimanovu “yalnız Sovet Azərbaycanın yox, həm də Yaxın Şərqin böyük rəhbəri” adlanır.

Beləliklə Moskvadakı bolşevik başbilənləri Nərimanovu Sovet Azərbaycanına rəhbər olmağa ən münasib namizəd sayırlar. Amma Lenin eyni gündə Nərimanova: “Yaşasın müstəqil Azərbaycan Sovet respublikası” və Orcenikidzeye “Bütün hakimiyyəti əlinizə alın” - teleqramları vurur.

Sovet Azərbaycanının əsl hakimləri Orconikidzenin, Kirovun və Mikoyanın formal rəhbərə - azərbaycanlıya nə üçün ehtiyac duymaları, hansı səbəbdən onu belə təkidlə Bakıya dəvət etmələri aydındır. Sən demə Mikoyanın Nərimanova aid öz planı varmış: “Nərimanovu İnqilab komitəsi sədri seçək və onu elə əhatəyə alaq ki, o öz təsir gücündən istifadə edə bilməsin”.

Nərimanov: “Mən bu yaşa çatmışam ki, şirma olum?” - deyə etiraf etsə də, ondan məhz bu məqsədlə yararlanmaq istəyirdilər.

Nərimanovun ölümündən on il sonra, hətta daha onun adı belə yada düşməyən bir zamanda “Azərbaycanın zəhmətkeşləri” Bakıda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi ilə əlaqədar “Sovet xalqlarının atası yoldaş Stalinə” yubiley məktubunda yazırdılar: “Bolşevik partiyasının bayrağı altında, Sənin göstərişin əsasında, silahdaşlarınız Serqo Orconikidze, Sergey Mironoviç Kirov, Anastas Mikoyanın bilavasitə rəhbərliyi ilə Azərbaycan fəhlə və kəndliləri (bu fəhlə və kəndlilərdən hansınınsa adı olubmu?-A.) müsavatçıların təqibinə qarşı silahlı üsyan qaldıraraq, 1920-ci ilin aprelində, rus proletariatının və onun rəşadətli Qızıl Ordusunun dəstəyi ilə Azərbaycanda fəhlə - kəndli hökuməti qurduq”.

Göründüyü kimi “Azərbaycanın zəhmətkeşləri” yalnız Nərimanovu yox, hətta Lenini də unudublar, Stalinə isə Allah kimi, SƏN deyə müraciət ediblər.

Maraqlı budur ki, “zəhmətkeşlərin” məktubunda “Azərbaycan fəhlə və kəndlilərin üsyanından” bəhs olunur, amma axı Stalin iddia edirdi ki, Azərbaycanda proletariat yoxdur. Üsyan isə məlum olduğu kimi, müsavatçılara qarşı yox, Gəncədə və başqa şəhərlərdə bolşeviklərə qarşı baş verib. Amma məsələ heç bunda da deyil. Axı, Sovet təbliğatı dönə-dönə bəyan edirdi ki, inqilab eksport olunmur, xalqın öz istəyilə baş verir. Elə isə, rəhbərləri arasında bir nəfər də azərbaycanlı olmayan Qızıl Ordunun Azərbaycanda Sovet hakimiyyəti qurmasını necə izah etmək olar? Xalqın seçdiyi Parlamenti və hökuməti xalq özü devirmişdi? Əlbəttə, Sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarlarının, Partiya katiblərinin sırasında azərbaycanlılar da var idi (özü də bir-birini didib-didişdirən azərbaycanlılar), amma onlar hamısı, təkrar edirəm, hamısı bir nəfər kimi 20-ci, 30-cu illərdə məhv edildilər. Gözümçıxdıya salınan Nərimanovun isə adını belə çəkmək qadağan olundu. Azərbaycanda Sovet hökumətinin azərbaycanlıların istəyi ilə qurulması, guya, onların Bakıda Orconikidzenin, Kirovun və Mikoyanın, Moskvada Leninin, Trotskinin və Stalinin rəhbərliyi altında yaşamağı arzulaması kimi yalanı Sovet təbliğatı illər boyu beyinlərə yeridirdi.

1920-ci ilin mayında Bakıya qayıdan Nərimanov nəinki Azərbaycanın azad, firavan gələcəyinə ümid bəsləyirdi, o həm də inanırdı ki, bütün Şərqin inqilabi azadlığı yaxındadır. Bu inam həm də bir çox cəhətdən özünü doğrultmuşdu. Hələ Moskvada Xalq komissarlığında işləyəndə o, Stalinlə ətraflı söhbət etmişdi. “O məndən xahiş etdi ki, Şərq şöbəsi ilə ciddi məşğul olum, bizim siyasətin ağırlıq mərkəzi sosialist inqilabının inkişafında mühüm rol oynayacaq Şərqə keçir”.

Şərqdə inqilabi hərəkatın ən parlaq təzahürü Mustafa Kamal paşanın rəhbərliyi ilə Türkiyədə aparılan Qurtuluş savaşı oldu. Sovet rəhbərliyi və o cümlədən də Nərimanov bu mübarizəni yalnız milli azadlıq uğrunda, yaxud imperializmə qarşı mübarizə kimi qəbul etmirdilər. Onların fikrincə bu mübarizə təbii olaraq Türkiyənin sovetləşməsi ilə nəticələnməli idi. Azərbaycan İnqilab komitəsinin inqilabi Türkiyəyə ünvanlanmış, N.Nərimanov tərəfindən imzalanan 26 aprel 1921-ci il tarixli təbriki bu çağırışla qurtarırdı: “Yaşasın inqilabi Türkiyə! Yaşasın Türkiyə ilə Sovet Federasiyaları İttifaqı! Yaşasın Üçüncü İnternasionalın bayrağı altında məzlumların azadlıq uğrunda ümumbəşəri mübarizəsi!”

Amma bu çılğın ümidlərin əksinə olaraq Türkiyə Sovet Federasiyaları ilə heç bir İttifaqa girmədi və onun mübarizəsi əsla Üçüncü İnternasionalın bayrağı altında davam etmirdi.

Türkiyəyə kömək edən, o cümlədən də maddi dəstək göstərən Nərimanov yalnız sinfi yox, həm də milli mövqedən çıxış edir. Borc haqqındakı suala cavab olaraq deyir ki, qardaş qardaşa borc vermir, o lazım olan anda ona kömək göstərir”.

Nərimanov Şərq ölkələrində sosialist inqilabı əvəzinə kommunist daşnakların birləşmiş qüvvələri ilə, hakim millətçi rus bolşevikləri və onu millətçilik meyllərində təqsirləndirən radikal Azərbaycan kommunistləri ilə toqquşmalı oldu. Nərimanov yana-yana qeyd edirdi ki, o, azərbaycanlı oğlanla erməni qızının məhəbbətindən bəhs edən beynəlmiləl ruhlu “Bahadur və Sona” romanını çap etdirəndə, onu millətçilikdə günahlandıran Mikoyan hələ daşnak partiyasının üzvü idi.

Nərimanov acı kinayə ilə o faktı da vurğulayır ki, onu kommunist ideyalarından uzaqlaşmaqda ittiham elən insanlar - keçmiş müsavatçılar, menşeviklər, eserlərdi - Mirzə Davud Hüseynovdu, Əliheydər Qarayevdi, Ruhulla Axundovdu.

Məlumdur ki, XI Qızıl Ordu Azərbaycana soxulanda və Bakını işğal edəndə Nərimanov ölkədə deyildi. Bununla yanaşı, bir çox tədqiqatçılar hesab edirlər ki, onun adından yazılan bir çox məktublar və bəyanatlar onun xəbəri olmadan üzə çıxırdı.

16 may 1920-ci ildə Nərimanov Bakıya gəlir:

“Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar və görünür, mənim gəlişimə çox sevinirdilər. Onlar belə dedilər: “Bəlkə sizə qədər olan biabırçılığa son qoyula. Azərbaycanı başdan-başa qarət edirlər, sağa-sola güllələyirlər”. Məsələlərlə tanış olandan sonra mən İnqilab Komitəsi Rəyasət Heyətinin iclasını təyin elədim və faktiki olaraq bütün idarəçiliyi öz əlində cəmləşdirmiş yoldaş Pankratovu da dəvət etdim. Mən heç kəsin İnqilab Komitəsinin sanksiyası olmadan güllələnməməsi məsələsini qaldırdım. Hüseynov Mirzə Davud və Qarayev buna qarşı çıxdılar”.

Bu cəsarətli qərarla, Nərimanov qan hərislərinin istəyinə qarşı çıxmaqla, bir çox görkəmli azərbaycanlıların həyatını Pankratov baltasından qoruyaraq xilas edib. Güllələnmə siyahısından Üzeyir Hacıbəylinin, qocalmış H.Z.Tağıyevin, Pişnamazzadənin soyadları çıxarılıb. Nərimanov onun gəlişinə qədər Firudin bəy Köçərlinin və həkim kimi tanış olduğu Xudadat bəy Rəfibəylinin edamından dərindən kədərləndiyini bildirib.Və böyük riskə gedərək generallar S.Mehmandarovu və Ə.Şıxlinskini xilas edib.

Nərimanovun bu dövr fəaliyyəti Azərbaycan xalqının mənəvi maraqlarının təminatına yönəlmişdi - Azərbaycan dilinin dövlət dili elan olunması, kadr siyasəti, hətta M.Ə.Sabirə abidə ucaltmaq qərarı rəhbərlikdəki - xeyli azərbaycanlı da daxil olmaqla - anti-Azərbaycan qüvvələrinin kəskin müqavimətiylə qarşılanırdı. Nərimanovun Genuya konfransına getməsi ilə əlaqədar Bakıda olmamasından istifadə edən Azərbaycan kommunistləri məktəblərdə türk (Azərbaycan) dilinin öyrənilməsinə ayrılan saatların miqdarını azaltdılar və qəzetlərdə də zərərli milli meyillər haqqında məqalələr yayımladılar. Nərimanov Bakıya qayıdandan sonra dil tədrisi saatlarını bərpa etdi və onu millətçilikdə ittiham edənlərin cavabını verdi, amma bu onu günahlandıranların əlində daha bir dəlil oldu.

Nərimanovu millətçilikdə günahlanhıran yerli kommunistlər təklif edirdilər ki, onu partiyadan xaric etsinlər, Nərimanovun avantüristlər adlandırdığı Ağazadə qardaşları hətta onu güllələməyi tələb edirdilər.

Axıra qədər Nərimanovun tərəfini saxlayan Mövsüm Qədirli, (İsrafilbəyov), kommunist yazıçı Tağı Şahbazi və qismən də S.M.Əfəndiyev olub. “Tarixin acı dərsləri ondan ibarətdir ki, Nərimanovun ölümündən on iki-on üç il keçəndən sonra, Azərbaycanın məsul işçilərinin hamısı, Nərimanovun tərəfdarları da, rəqibləri də, azərbaycanlılar da, ermənilər də (Mikoyanı çıxmaq şərtilə) repressiyaya məruz qaldılar və güllələndilər. Orconikidze və Kirov öldürüldü.

Nərimanov çox gözəl başa düşürdü ki, həmin o son dərəcə radikal Azərbaycan bolşeviklərinin arxasında daşnak kommunistlər - Mikoyan, Mirzoyan, Sarkis durur.

Bir vaxt Sovet Azərbaycanının məsul işçilərindən sayılan Hacıyev Nərimanova qarşı çıxışlarının birində deyib: “Şəxsən mən Azərbaycanın qazançı fəhləsiyəm, amma bu vaxta qədər yoldaş Nərimanov kimi diktator kommunist görməmişəm. Bir halda ki, o bu cürdü, onu nəinki seçmək, heç namizədliyini də irəli sürmək olmaz. Axı, o ən yaxşı yoldaşlara - Mikoyana, Sarkisə və başqalarına qarşıdır...”

“BEKA” - Azərbaycan Kommunist partiyasının Bakı Komitəsi Sovet Azərbaycanında ikinci və bəlkə də birinci hakimiyyət sahibi idi və bir qayda olaraq ona ermənilər başçılıq edirdi.

Nərimanov yazır: “Azərbaycanda “BEKA” -hər şeydi, Mikoyandan sonra Sarkisi “BEKA”-nın katibi eləyirlər, Sarkisdən sonra Mirzoyanı. Ehtimal ki, Mirzoyandan sonra da Kasparov olacaq və s. və i. Fəhlələri Sarkis kimi yoldan çıxaran, partiyanı Mirzoyan kimi içindən pozan ikinci adam ola bilməz”.

Əgər azərbaycanlı ultra-radikalların arxasında Mikoyan, Sarkis, Mirzoyan dururdusa, onların da arxasında Kirov və əsas etibarilə Serqo Orconikidze dururdu. Nərimanov yazır: “Kirovun başına salmışdılar ki, Mirzoyanla əlbir hərəkət etsin, lap bu onun ağlına batmasa da, o bu kompaniyanın təsiri altına düşəcəkdi, çünki onun daxili aləmi bu kompaniyaya tuş gəlir”.

Nərimanov Serqo Orconikidze haqqında daha sərt danışır. O yazır ki, Mərkəz ona - Nərimanova yox, Serqoya inanır, “Serqo da Azərbaycanda milli meyllərdən dəm vuran, öz vəzifələrini qorumaq üçün onun qarşısında nökər kimi dayanan cılız insanlara inanır. Bu Serqonun çox xoşuna gəlir... Serqo özünü elə aparır ki, guya biz hamımız onun tabeçiliyindəyik... o özünü Qafqazın canişini kimi aparır”.

Nərimanov sual edir: “Serqo Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, kiçik Azərbaycan əhalisini vaxtaşırı məhv etmək də olar, amma onda respublika kimlərdən ibarət olacaq? Məni Azərbaycandan uzaqlaşdırmaq Serqoya ona görə lazım idi ki, özünün “Qafqaz” siyasətini yeritmək üçün hər cür maneələri aradan qaldırsın. O məsləhət üçün Mirzoyana müraciət edir, Mirzoyan deyir: “Biz yalnız sənin razılığını gözləyirik ki, Nərimanovu uzaqlaşdıraq”. Serqo cavab verir: “Razıyam”. Və həqiqətən də məni SSRİ MİK-nə sədr seçirlər. Moskvada yüksək vəzifəyə təyin edərək aradan çıxarırlar. Mirzoyan və Serqo bunu bayram eləyirlər, məni çıxartdılar və heç nə də baş vermədi, Azərbaycanda nəinki üsyan, heç Nərimanovun adını belə tutmağa cəsarət edən yoxdur”.

Hələ 1921-ci ildə Orconikidze Leninə və Stalinə məlumat verirdi: “Nərimanovun dəstəsi əhatəyə alınıb... Nərimanovun devrilməsi məsələsi qoyulub”.

Bu “devrilmə” üç il sonra baş tutdu; Nərimanovun vəzifəsinin böyüdülməsi və Moskvaya göndərilməsi ilə.

Amma Nərimanovun öhdəsindən gəlmək o qədər də asan deyildi, onun nüfuzu çox yüksək idi. Kimin arxasında kimin durmasını məntiqlə təhlil edib anlayan Nərimanov daha bir cəsarətli addım atmaq qərarına gəlir: birbaşa bəyan edir ki, Serqonun arxasında Stalin özü durub. “Serqo və Stalin bizə, türklərə inanmır, Azərbaycanın taleyini erməni daşnaklarına etibar edir”.

Həm də o bunları Stalinə ünvanlanmış məktubda yazır. “Mərkəzi Komitəyə, yol. İ.V.Stalinə, Surətləri: yol. L.D.Trotskiyə, yol. K.V.Radekə məktubunda Qafqazdakı vəziyyətin geniş xülasəsini verən Nərimanov, Azərbaycanı Şərqdə nümunəvi Sovet respublikasına çevirmək istəyindən, bu müqəddəs vəzifələri yerinə yetirərkən ona kimlərin mane olmasından yazır: “Bu kompaniyanın fəaliyyəti məhz ona yönəlib ki, Azərbaycanı tamamilə simasızlaşdırsınlar. Bir tərəfdən kommunizm bayrağı altında daşnak fəaliyyəti gedir, digər tərəfdən keçmiş eserlər sakitcə Sovet hakimiyyətini ayağının altını qazırlar”.

Nərimanov ona qarşı tətbiq olunan mübarizə üsullarından faktlar gətirir. “Bakı partiya təşkilatının işinə gözəl nümunə Serqodu, Serqonun siyasətini dəstəkləyən isə Stalindi, - deyə o Stalinin özünə yazır və məktubunu bu ifadə ilə tamamlayır: Bundan o yanası yoxdur. Təkrar edirəm, bütün bunları namuslu işçilər, Azərbaycandakı kommunist türkləri unutmayacaqlar”.

Leninə məktubu daha faciəvi xarakter daşıyır.

Hələ Azərbaycanda işləyəndə Nərimanov söhbət əsnasında deyib ki, tezliklə Azərbaycanda bir o qalacaq, bir də Cümə. (müsəlmanların müqəddəs günü - Cümə gününün hələ də istirahət günü kimi saxlanmasını nəzərdə tuturmuş) Lenin zarafatla deyib: Deməli, Siz Robinzonsunuz?

Bir zamanlar Nərimanov bütün varlığı ilə azadlıq haqqında çağırışların səmimiliyinə inanırdı və mədəni səviyyəsi aşağı xalqların daha mədəni xalqlarla qaynayıb-qarışması naminə inqilabın güclənməsi və inkişafı üçün təbii yollar axtarırdı. Əslində isə respublikanın neft sərvətinə “Sovet Azərbaycanını saymayan Serobrovski” sahibkar çıxırdı.

Nərimanov yazır: “Əziz Vladimir İliç, doğrudanmı “Müstəqil Azərbaycan” sözü Sizin ağzınızdan çıxmayıb? İndi vəziyyət belədir: həmişə Denikini dəstəkləyən Ermənistan müstəqillik, əlavə olaraq da Azərbaycanın ərazisini qazanır. Azərbaycan Sovet Rusiyasının qoynuna ilk atılan üç respublikadan biridir və günbəgün öz müstəqilliyini və ərazisini itirir. Mən müraciət edirəm ki, buna diqqət göstərəsiniz. Əgər qısa bir müddət ərzində Mərkəz daşnak kommunistlərin iyrənc hərəkətlərinə son qoymasa, bütün müsəlman Şərqi Sizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi bəyan və xahiş edirəm, əzilən Şərqin maraqları Sizin üçün vacibdisə, bu məsələ ilə ciddi məşğul olasınız”.

Müqəddəs sadəlövhlük!

1935-ci ildə respublikaların müstəqilliyi haqqında saxta sözlərə ehtiyac qalmayanda Stalin və Molotov Azərbaycan Kommunist partiyasına təbrik teleqramlarında tamamilə aydın yazırdılar: Sovet Sosialist Respublikaları İttifaqı Azərbaycanın qara qızılı - neftlə yaşayır. Azərbaycanın pambıq plantasiyaları bizim ölkəmizin toxuculuq sənayesinə ildən-ilə daha çox pambıq verir”.

1925-ci ildə Nərimanov bir neçə günlüyə Bakıya gəlir. Keçmiş hümmətçi, kommunist, Sovet hakimiyyəti illərində məxfi olaraq “Müsavat” partiyasına keçmiş Əhməd Əhmədov (1928-ci ildə həbs olunub və güllələnib) etiraf edir ki, Nərimanov gələndə təmayülçü adlandırılanlar onun mənzilində toplaşırdılar. Onlar və xüsusən də Nərimanov özü Mərkəzin “qırmızı imperializm” siyasətinə görə dərin məyusluq keçirirdilər. Təmayülçülər hələ hökumət və kommunist partiyasında məsul vəzifələr tutmalarına baxmayaraq, Nərimanovun ölümündən sonra da o mənzilə yığışırmışlar və əlbəttə bu görüşlər gizli siyasi xarakter daşıyırmış. Əhmədov qeyd edir ki, hətta gizli Hümmət partiyası yaratmaq ideyası da meydana gəlmişdi.

Tarixin daha bir paradoksu - Sovet Bakısında yalnız ittihadçılar və müsavatçılar yox, həm də milli-təmayülçü yarlıqlı kommunistlər gizli fəaliyyətə keçmişdilər.

Leninin sağlığında Nərimanovun şəxsi toxunulmazlığına zəmanət olsa da, İliçin ölümündən sonra o müəmmalı şəkildə vəfat etdi.

Nərimanovun “qəddar dostu” Orconikidze onu Bakıdan göndərilmiş yarpaq dolmasına qonaq edir. Nahardan sonra onu kəskin dispersiya və diareya diaqnozu ilə xəstəxanaya aparırlar. Ölümündən əvvəl o bu sözü deməyə macal tapıb: “Məni Serqo zəhərlədi”.

Bununla belə onun tabutu yanında təntənəli sözlər gurladı. Həmin o Serqo həyəcanlı nitqində onu Kommunist partiyasının Şərqdə ən böyük təmsilçisi adlandırdı. Nərimanovun dəfn günü Moskvanın və Sovet İttifaqının digər şəhərlərinin müəssisələrində iş dayandırıldı... Nərimanov Kremlin divarı yanında dəfn olundu. Nərimanovun məzarına partiyanın MK-si adından qoyulan əklilin lentində yazılmışdı: “Şərq xalqlarının imperializm qandalından tam xilas olması naminə mübarizə aparmış inqilabçı rəhbərə”.

Belə görünürdü ki, ölmüş Nərimanov daha heç kim üçün təhlükəli deyil. Amma sən demə, bu da illüziya imiş. Onun milli-təmayülçü yarlıqı ilə birlikdə ölməsindən bir qədər sonra Serqo dövriyyəyə “Nərimanovçuluq” ifadəsini buraxdı, daha bir “köhnə qafqazlı dostu” Mikoyan isə təklif etdi ki, bir millətçi kimi onun külünü Qızıl Meydandan götürsünlər. Amma Stalin buna etiraz etdi: “Nərimanova toxunmayın”. O, hətta bir dəfə M.C.Bağırova belə deyib: “Nərimanov bizim aramızda ən hörmətli insan idi. Naxoşlayanda hərdən bizi müalicə edirdi, həkim möhürünü cibindən çıxardıb resept yazırdı”.

1925-ci ildə Nərimanovun ölümündən dərhal sonra onun adını vaxtaşırı tarixdən silməyə başladılar. Tamamilə Oruelsayağı - guya heç belə bir şəxsiyyət, ümumiyyətlə, olmayıb. Azərbaycan bu məsələdə xüsusilə canfəşanlıq göstərdi. Əgər hardasa (Həştərxanda, Kazanda, Özbəkistanda) inzibati orqanların unutqanlığından Nərimanovun adını daşıyan küçələrə rast gəlmək olardısa da, Azərbaycanda ondan heç bir iz qalmamışdı.

Və yalnız üstündən uzun illər keçəndən, Stalin öləndən və Bağırov güllələnəndən sonra Nərimanov mənəvi bəraət aldı və Bakıda Heydər Əliyevin iradəsi ilə ona monumental abidə ucaldıldı.

Amma yenə də uğursuz tale onun xatirəsini rahat buraxmadı - bazar iqtisadiyyatı dövründə düz onun heykəlinin qarşısında, onun önünü kəsən bina ucaltdılar, zirək tarixçilər isə ona qarşı hücuma keçdilər, onun yanlışlıqlarını axtarmağa başladılar.

Nərimanovun həyatını əks etdirən sonuncu sənədə - oğluna yarımçıq məktubuna keçməmişdən qabaq, onun bizim xalqımız qarşısında daha bir xidmətini - Qarabağın Azərbaycanın tərkibində qalması üçün apardığı mübarizəni yada salmaq istəyirəm.

4 iyul 1921-ci ildə keçirilən RK (b) P MK-nın Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olunur.

Protokoldan:

a) Qarabağı Azərbaycanın tərkibində saxlamaq. Lehinə səs verənlər: Nərimanov, Maxaradze, Nazaretyan. Əleyhinə: Orconikidze, Myasnikov, Kirov Fiqatner.

b) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək. Lehinə: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

v) Yoldaş Nərimanovun bəyanatı: Qarabağ məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq onun son həllini RKP MK-ya keçirməyi vacib hesab edirəm.

Qərar: Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək. Qarabağ haqqındakı məsələ ciddi fikir ayrılığına səbəb olduğuna görə RKP MK Qafqaz bürosu onun son həllini RKP MK-ya keçirməyi vacib sayır”.

Nərimanov bütün sərtliyi ilə Stalinə və Orconikidzeyə müraciət edir: “Mən yol vermərəm ki, Qarabağ erməni tapdağı altında qalsın. Bu gecə mən ya Qarabağı qaytaracağam, ya da məsələni başqa cür həll edəcəyəm”.

Görünür ki, o gecə Nərimanova Leninlə əlaqə yaratmaq və onun razılığını almaq müyəssər olub, yoxsa ertəsi gün Qafqaz bürosu başqa qərar çıxarmazdı.

Protokoldan: Dinlənildi: Qarabağ haqqında ötən Plenumda çıxarılmış qərarın nəzərdən keçirilməsi haqqında Orconikidze və Narazetyanın qaldırdığı məsələ. Qərara alındı: müsəlmanlar və ermənilər arasında milli barışığın vacibliyini və Dağlıq Qarabağın və Aran Qarabağın iqtisadiyyatının bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona Muxtar Vilayətin tərkibinə daxil olan inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin.

Səs verdilər: Lehinə 4, əleyhinə 3”.

XX yüzilliyin 80-ci illərinin axırında Qarabağ problemi baş qaldıranda ermənilər bu protokola istinad edərək sübut etmək istədilər ki, Qarabağı Azərbaycana Stalin verib. “Saxlanılsın” feilinin əvəzinə “verib” feilini işlətmək qumarbazlıq, daha doğrusu “kartbasanlıq”, cığallıqdı. Qərarda deyilir ki, Qarabağ Azərbaycanın tərkibində saxlanılsın, o deyilmir ki, Azərbaycana verilsin (burda bütün kursivlər mənimdi-A.)

Nəriman Nərimanov 19 mart 1925-ci ildə, Moskvada 55 yaşında ürək çatışmazlığından (bəzi ehtimallara görə zəhərlənərək) vəfat etdi.

Onun ölümündən bir ay on doqquz gün qabaq oğlu Nəcəfə yazdığı yarımçıq məktub çox kədərli vəsiyyət kimi səslənir: “Əziz oğlum Nəcəf! Mənim ömrüm tamamilə qayğılar içində keçib. Mən artıq 20 yaşımdan qardaş və bacılarımın ailələrinin yükünü çiynimə almışam. 30 il ərzində 11 uşaq böyütmüşəm, onlardan səkkiz qızı ərə vermişəm, üç qohumumu isə az-maz maaşımla dolandırmışam. Bütün bunları ona görə sənə yazıram ki, məni insanlıq naminə az işlər görməkdə qınamayasan...

Mən sosial-demokrat olmuşam, amma bu təşkilat idealdan günbəgün uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnuniyyətlə qəbul etdim, ona görə ki, mənim proqramımın, yer üzündə köləliyi məhv etmək proqramının məhz onda həyata keçəcəyini gördüm və görürəm: Ola bilsin, sən bu sətirləri o zaman oxuyacaqsan ki, daha bolşevizm olmayacaq (!-A). Amma bu o demək deyil ki, bolşevizm yararlı deyil, bu o deməkdir ki, biz onu qorumağı bacarmadıq, biz onu lazım olan qədər dəyərləndirmədik, bu işdən möhkəm yapışmadıq. Açıq söyləmək lazımdı: biz hakimiyyətdə o dərəcədə lovğalandıq ki, boş şeylərlə, dedi-qodu ilə məşğul olaraq, əsas məsələni əldən verdik. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: nəhəng bir ölkənin taleyini öz əlinə almaq qərarına gələn və diktatorluq edən bir çox görkəmli, kifayət qədər yaxşı işçiləri hakimiyyət tamamilə korladı... İlk vaxtlar bunları etmək vacib idi, amma bu qaydada bu günə qədər davam etmək, o deməkdir ki, bolşevizm iflasa yaxınlaşır.

İndi, mən bu məktubu sənə yazanda, bizim işlərimiz elə bir vəziyyətə gəlib ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun “qanunu varisi” adlandıranlar, dövlət idarəçiliyində müşahidə olunan qanqaraldıcı nöqsanlar barədə bir-birilə danışa bilmirlər.

Bütün bunlar barədə mənim MK-dəki geniş məruzəmdən biləcəksən. Bu məruzə sənə imkan verəcəkdir ki, bütün bunları ayırd edə biləsən və sən anlayacaqsan ki, sənin atan o şeyləri deməyə özündə cəsarət tapır ki, bir çox başqaları hakimiyyəti və vəzifəni itirmək qorxusundan bunu etmirlər...

Əzizim Nəcəf! Hakimiyyət dalınca düşmə, çünki o insanı korlayır”...

Nəcəf Nərimanov İkinci Dünya müharibəsində, cəbhədə qəhrəmancasına həlak olub.

Tarixi hadisələrin sonrakı inkişaf mərhələləri göstərdi ki, Nərimanovun amalı nəinki Azərbaycanla, hətta Qafqazla da, Rusiya ilə də və Şərqlə də məhdudlaşmır. Onun ideyalarına uyğun təmayüllər ortadoksal kommunistlər tərəfindən revizionizm, milli kommunizm kimi damğalansa da “insan sifətli sosializmin” rüzgarı Avropa ölkələrində də əsməyə başladı./525.az/

news-inner-user

17079 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazırlar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020