news-inner
clock14:00 calendar-gray 16 Oktyabr 2014 view-gray895 dəfə oxunub
view-gray895 dəfə oxunub

Gürcü teatrşünas: “Yazılarımıza qonorar vermirlər”-MÜSAHİBƏ

Kulis.az Aliyə Dadaşovanın “Tiflis günləri” rubrikasından gürcü teatrşünas Laşa Çxartaşvili ilə müsahibəsini təqdim edir.

- Tiflisdə təxminən neçə teatr var: dövlət, qeyri-dövlət, zirzəmi? Hamısı bir yerdə...

- Tiflisdə 30-a qədər teatr var. Bunlardan 20-si dövlət (bələdiyyə də daxil olmaqla), 10-a yaxını özəl teatrdır. Özəl teatrlardan yalnız 2-si intensiv işləyir: “Azad teatr” və “Teatr korolevskovo kvartala”. Bu iki teatr nəinki Tiflisdə, hətta bütün Gürcüstanda ən yaxşı teatrlardandır. Orada həmişə teatr prosesi gedir, eksperimentlər aparılır.

Qaldı zirzəmi teatrlarına, Tiflisdə indi zirzəmi teatrları yoxdur. Biz o mərhələni artıq keçmişik. Dövlət teatrlarından 4-ü bələdiyyədir, onların kuratorları Mədəniyyət Nazirliyi yox, Tiflis bələdiyyələridir. Bizim teatr haqqında qanunumuza görə, teatrların bədii rəhbərlərini yeni qayda ilə təyin edirlər: Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə münsiflər (onlar yalnız teatrşünaslardan ibarətdir) iştirakçını seçir və onun namizədliyini nazirə təqdim edirlər.

- Teatrların maliyyələşməsi sistemi necədir?

- Həm dövlət, həm də özəl teatrlar Tiflis İcra Hakimiyyətindən qrantlar alır. Bizim dövlət proqramımıza görə müstəqil teatr layihələrinə Tiflis İcra Hakimiyyəti baxmalıdır. Hər bir rejissor müsabiqədə iştirak edə bilər və ona maliyyə ayrılıb-ayrılmaması haqda qərarı komissiya üzvü olan teatrşünaslar verir. Maraqlı layihə qrant alır. Özəl teatrlar bu pullarla işləyir. Hətta dövlət teatrları da belə qrantlar alırlar. Bu pullarla çoxlu tamaşalar hazırlanıb ki, onlar gürcü teatrında bir mərhələ olub. Həm də bizim teatrların yaxşı menecerləri var. Onlar beynəlxalq qrantlar alıb, tamaşa üçün pul əldə edə bilirlər.

- Bəs gürcü teatrının əsas problemləri nədir?

- Əsas problem maddi-texniki bazadır. Xüsusən də regionlarda... İşıq, səs rejissoru, səs operatoru, rejissor assistenti kimi kadrların azlığıdır. Bu problemlərə çox diqqət yetiriblər, amma bəs etmir. İnsanlar bu işlərdə işləmək istəmirlər, çünki teatrda məvacib azdır. Amma yaradıcılıq barədə problem demək olar ki, yoxdur. Dövlət teatrında tamaşa qoymaq imkanı olmayan, maraqlı ideyaları olan perspektivli rejissor tapmazsınız, yəni, maraqlı işləri olan adamın karyera imkanları böyükdür.

- Teatra gələn çoxdur?

- Teatrın tamaşaçısı həmişə var. Tiflisdə bütün tamaşalar, demək olar ki, anşlaqla keçir. Problem bölgələrdədir. Orada teatra gedən azdır. Yalnız premyeralara gedirlər. Ona görə də bölgələrdə daha çox işləmək lazımdır. İlə 4 premyera bəs etmir, daha çox lazımdır ki, yeni məhsul olsun. Amma bunun üçün maliyyə resursları kifayət etmir. Dövlət büdcəni artıra bilmir.

- Tbilisidə tamaşaçı əsasən hansı təbəqədəndir? Məsələn, yaşına və ya sosial statusuna görə.

- Orta nəsil də, tələbələr də teatra çox gəlir. 45 yaşadək olan insanlar daha çox gəlir. Müasir Gürcü Teatrı Araşdırmalar Mərkəzi hər il sosioloji sorğular edir və bu sorğularla biz tamaşaçının nə istədiyini bilirik. Teatr heç vaxt tamaşaçısını itirmək istəmir və ona görə tez-tez komediyalar, melodramlar hazırlayır. Amma hər teatrın repertuarında mütləq cəmiyyətimizdə bizi narahat edən problemlərdən danışan tamaşalar var. Bəzən alınır, bəzən alınmır, bu təbiidir. Hər teatrın öz tamaşaçısı, öz tamaşaçı tipi var. Teatra hər kəs gəlir, bizdə biletlər elə baha deyil. Bəzi teatrlar hətta baha olmayan biletlərə də endirim edir, ya da xüsusi veb səhifələr var ki, oradan ucuz biletlər almaq olar.

- Hansı janrlar, teatr formaları, hansı mövzular Tiflis teatrları arasında populyardır?

- Bizdə müxtəlif üslublar və janrlar var, deyə bilmərəm ki, yalnız verbal janr populyardır, ya da əksinə. Rejissorlarımız bütün janrlarda işləyirlər, amma tamaşaçı komediyanı sevir. Əlbəttə, olur ki, psixoloji dramlar da anşlaqla keçir, çünki bədii keyfiyyət komediyadakından yüksəkdir. Tamaşaçının həmişə zövqü var və o, bilir, nə keyfiyyətlidir, nə yox. Populyarlığa qalanda Marcanaşvili Teatrının məşhur olduğunu deyə bilərəm. Marcanaşvili xalq teatrıdır, ora hamı gedir, amma, məsələn, şəxsi teatrlara yalnız gənclər, Pantomima Teatrına və Qabriadzenin teatrına əcnəbilər gedir. Gənc Tamaşaçılar Teatrı, demək olar ki, dramatik teatra çevrilib. Uşaqlar da, böyüklər də bu teatra gedir. Orada Şekspiri də, müasir dramaturqları da tamaşaya hazırlayırlar, uğurlu da alınır. Yalnız qorxulu budur ki, Gənc Tamaşaçılar öz istiqamətini itirir, öz seqmenti üzrə işləmir.

- Bir mütəxəssis kimi teatrınızda, ümumiyyətlə teatr prosesində hansı stereotipləri, kompleksləri görürsünüz?

- Ən böyük kompleks forma axtarışıdır, xüsusən yeni nəsildə... Gənclər nəsə orijinal, ənənəvi olmayan bir şey hazırlamaq istəyirlər, amma nəticədə səfeh bir şey alınır, daxili yox, vizual yenilik olur. Problem axtarmaq problemi…

Bəzən tamaşa hazırlayırlar və bununla nə demək istədiklərini bilmirlər. Sual qoyurlar amma sualın altında hansı problem var – o, gözə dəymir. Bax bu, kompleksdir. Hamısı da ya Rustaveli Teatrında, ya da Marcanaşvilidə tamaşa qoymaq istəyirlər. Halbuki onların birdən birə bu teatrlarda tamaşa hazırlamaq təcrübəsi yoxdur.

- Bəs teatrşünasların problemləri nələrdir?

- Teatrşünasların problemi çoxdur, ən böyüyü də, öz fikirlərini yazmaq üçün yer yoxdur. Teatr haqqında yalnız iki jurnal ildə 6 dəfə çıxır, mətbuata, redaksiyalara teatr haqqında məqalələr maraqlı və lazım deyil, bunlara qonorar verilmir. Əgər sən yalnız teatrşünassansa bununla yaşaya bilməzsən. Teatrşünasların hamısının paralel olaraq başqa bir peşəsi var: ya universitetdə, ya televiziyada, ya Mədəniyyət Nazirliyində, ya da başqa bir yerdə. Tənqidçilər entuziazmla işləyirlər, heç kim işinə görə pul almır. Nə nazirliyə, nə fondlara teatr haqda, incəsənət haqda aylıq qonorar verən peşəkar bir jurnal çap etmək maraqlı deyil. Bu, bizim əsas problemimizdir ki, indiyədək bir nazir də həll etməyib. Yalnız 6-8 nəfər teatrşünas kimi işləyə bilir, bizim resurslarımız çoxdur, amma onlara yer yoxdur, ona görə də onlar paralel başqa işlərlə məşğul olurlar…

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020