Bir nəslin xəzan çağı - Bahar Bərdəlinin hekayəsi

Bir nəslin xəzan çağı - Bahar Bərdəlinin hekayəsi
1 iyun 2026
# 16:05

Kulis.az Bahar Bərdəlinin "Bir nəslin xəzan çağı" hekayəsini təqdim edir.

Qəfil zəng onu çox duyğulandırmışdı. Səhərdən özünə yer tapa bilmirdi. İşə getməli idi, amma evin ortasında fırlana-fırlana qalmışdı. Bir tərəfdən vaxtın, zamanın, ömrün belə tez, amansız keçməsi Könülün dünyasını qapsamışdı... Yaşlı görkəmi ilə heç cür barışmaq istəmirdi. Digər tərəfdən isə tələbə yoldaşlarını görəcəyinə sevinirdi. Gəncliyi, o gözəl dövrlərini yad edəcəkdilər. Yəni yenidən o günlərə - arzularla, xəyallarla coşub-daşdıqları o gəncliyə birlikdə qayıda biləcəkdilər. Görəsən kim nə qədər o arzuladığı, xəyalını qurduğu həyatı yaşaya bildi?

Üç qrup - bir potok – altmış nəfər idilər. Sanki bir qrup idilər. Çünki mühazirələr seminarlardan çox olduğu üçün az qala daimi bir yerdə-mühazirə zalında cəm olurdular. Odur ki, ya qrup yoldaşı, ya da potok yoldaşı fərq eləmirdi. Hər kəs, hamı qaynayıb qarışmışdı. Onların əksəriyyəti kasıb, çoxuşaqlı ailələrin ilk övladı idi. Bu altmış tələbənin ikisi Bakıdan, qalanı isə rayondan idi və bütün bölgələri təmsil edirdilər. Hər rayondan yalnız bir nəfər olmaqla sanki xüsusi seçilmişdilər....

Zəng edən Araz müəllim tələbə vaxtı təşkilatçılığı ilə fərqlənirdi və bu gün də önə çıxmışdı. Qırx beş ildən sonra tələbə yoldaşlarını bir-bir axtarıb tapmış və bir araya gətirmək üçün institutun həyətində görüş təşkil etmişdi. Demək, üç gün sonra şənbə günü - mayın otuzu... görüş günü idi. Xüsusi hazırlaşmaq lazımdı...

...Hamıdan tez gəlmişdi. İnstitutun qarşısında, “Saatin altı” deyilən görüş yerində hələ heç kim yox idi. Yalnız bu günkü tələbələrdi, dəstə-dəstə gəlib geçirdilər. Burda gözləməyib binaya daxil oldu. Qapıda dayanmış mühafizəyə sənədini göstərib ikinci mərtəbəyə qalxdı. Həyətə baxan boş otaqlardan birinə daxil oldu. Otaq o qədər tanış, doğma gəlirdi ki… Həəə… Diplomu bu otaqda almışdılar axı. İlahi, necə sevinirdilər…

- Bu diplomu almaq üçün dörd il sürünmüşük... Onu bir iplə belimə bağlayıb arxamca sürüdəcəm... - kimsə yanğılı-yanğılı dedi. Hamı ürəkdən güldü... Sonra Sahil bağına çıxdılar. Dəniz qırağı bağ onların ixtiyarında idi... Şəkil çəkdirən kim, dondurma yeyən kim... Sanki dünyaya- bu azad dünyaya azad olaraq yeni gəlmişdilər. Zarafat deyildi, kasıb ailələr onları dörd il oxutmaq üçün nə əziyyətlər çəkmişdi. Özləri yeməmiş, geyməmiş... onları saxlamışdılar.. İndi də növbə onların idi. Valideynlərin yükünü azaltmaq lazım idi. Axı onlardan sonra digər bacı-qardaşlar da vardı... onlar da oxumalı, təhsil almalı idilər... Ağıllı, düşüncəli, məntiqli, lakin əksərən savadsız valideynlər çalışırdılar ki, bütün övladları ali təhsil alsın, yaxşı yerlərdə işləsin.

- Təyinat sənədinizi götürdünüzmü? Kim hara, hansı məktəbə düşdü, bilirmi? - Araz idi. Təyinatı hər kəs öz rayonuna almışdı. Hansı məktəbi isə Rayon Təhsil Şöbələri müəyyən edəcəkdi. Dəxli yox idi. Əsas o idi ki, iş yerləri də hazır idi. Sentyabrdan məktəblərdə gənc müəllim kimi fəaliyyətə başlayacaqdılar! Amma tarix fakültəsini bitirmişdilər deyə çoxunun könlündən rayonda Birinci katib olmaq da keçirdi. Olsun...niyyətin hara, mənzilin ora, demişlər.

Könül pəncərədən həyətə boylandı. “Saatın altı”na dörd-beş nəfər yaşlı kişi yığışmışdı. Birinin əlində çəlik güclə dayanmışdı. Sakit-sakit nəsə danışırdılar. Əhəmiyyət vermədi. Hava gözəl idi. Bakıda hər vaxt ələ düşməyən may günəşinin şəfəqləri və axıb gələn sərin meh insanın ruhunu oxşayırdı. İydə, akasiya çiçəklərinin qoxusu da mehə qarışmışdı. Dərindən nəfəs aldı. Xəzərdən əsən Gilavar Sahil bağının ətrini deyəsən onun olduğu otağa daşıyirdı.

- Salam, qardaşlar! – Gur səs onu xəyaldan ayırdı. Srağagün telefonda eşitdiyi Araz müəllimin səsi idi. Tez aşağı baxdı. Kök, yaşlı kişi o biri kişilərlə əl verib görüşürdü. Saç-saqqalı ağarmış bu kişilər...yoxsa tələbə yoldaşları idi?! Əslində nə saçları vardı, nə də saqqalları. Ağarmış üzlərində qaşlarına, bığlarına da elə bil ağ rəng çəkmişdilər.... Az keçmədən çəlikli kişilərin sayı artdı. Sonra başları bağlı, uzun ətəkli qadınlar gəlməyə başladı. Sanki yas yerinə yığışırdılar – sakit, səssiz, ləngərli addımlarla, yavaş-yavaş. Heç kim bu görkəmdə bir-birini tanımırdı. Araz müəllim dərdli-dərdli gülümsədi: - Onsuz da özümüz tanımayacağıq, mümkünsə, adlarınızı da deyin... - Hər kəs bir-birinə ürək ağrısı ilə, hüznlə baxırdı... Otuz nəfər olardılar. Hələ gözləyirdilər. Axı onlar altmış nəfər idilər. Araz müəllimin ağrılı səsi eşidildi:

- Dostlar, bircə Könül müəllimə gəlməyib.... qalanını gözləməyin... onlar dünyalarını dəyişiblər. - Dərin sükut çökdü... – Hə, bir-bir evlərinə zəng etmişəm, uşaqları ilə danışmışam...

Demək, qırx beş ildə çox sellər-sular axmışdı... hamı beləcə qarıyıb, qocalmışdı... çoxu isə həyatdan köçmüşdü.... Qadın müəllimlərdən kimsə hönkürdü:

- Amma çox teziydi axı... heç yetmiş yaşa çatmayıblar ki...

- Görünür həyatları, yaşayışları ağır olub... - Araz müəllim təsəlli vermək istədi.- Bilirsiz, rəhmətlik Sərdarın necə ağıllı, gözəl uşaqları var? Oğlu məşhur klinikada baş həkimdi... Rəhmətlik Səyəvuşun qızı jurnalistdi. Televiziyada işləyir. Rəhmətlik Aqşinin oğlu polkovnikdi... Rəhmətlik Sevilin qızı... – Könül müəllimənin qulaqları uğultu verirdi... səslər qarışmış, uzaqlaşmışdı... Rəhmətlik...rəhmətlik...
Dədə-babalar Dünyanın yalançı, talançı, ədalətsiz, etibarsız, vəfasız olduğunu nahaq yerdən deməyiblər ki... Hər kəsin bir dünyası və bu dünyanın da bir sonu vardır...

Telefon zənginə ayıldı. Araz müəllim idi. Onu axtarırdı...Yəqin ki gecikdiyini deyəcəkdi... Əlləri, qolları, bütün bədəni elə bil pəncərəyə yapışmışdı... donmuşdu ya şokdaydı bilmirdi... telefonu açmadı, aça bilmədi... Qışqırmamaq üçün, yerlərə, göylərə, hər şeyə etiraz etsə də, dişlərini bərk-bərk sıxdı... səsini, sözünü ürəyinə axıtdı... Bir nəslin xəzan çağı idi... Amma Könül müəllimə bunu qəbul etmək, həzm etmək istəmirdi... Nə vaxtsa oxuduğu, heç fərqinə varmadığı bir şeiri xatırladı:

Bizim nəslin xəzan çağı,
Qış bürüyüb solu, sağı...
Bir vaxt aşıb-daşan dünya,
İndi olub namərd yağı...

... Dəstə Sahil bağına tərəf yol aldı... Bəlkə də çoxları üçün son dəfə Xəzərin sahilində birlikdə addımlayacaq və xatirələrini bölüşəcəkdilər...

# 100 dəfə oxunub

Oxşar xəbərlər

"Dərindən sevdiyimiz hər şey bizim bir hissəmizə çevrilir" - Amerikalı yazıçıdan sitatlar

"Dərindən sevdiyimiz hər şey bizim bir hissəmizə çevrilir" - Amerikalı yazıçıdan sitatlar

12:30 1 iyun 2026
"Paxıllıq qabiliyyətin yoxluğundan doğar..." - Abbasqulu ağa Bakıxanovun aforizmləri

"Paxıllıq qabiliyyətin yoxluğundan doğar..." - Abbasqulu ağa Bakıxanovun aforizmləri

15:00 31 may 2026
Dirilmə - Xuan Karlos Onettinin hekayəsi

Dirilmə - Xuan Karlos Onettinin hekayəsi

12:30 30 may 2026
“Vəhşi istedad”ın təhdidedici mahiyyəti...  - Onu niyə bağışlamırlar?

“Vəhşi istedad”ın təhdidedici mahiyyəti... - Onu niyə bağışlamırlar?

12:00 30 may 2026
Qlobus -  Zaur Bayramoğlunun hekayəsi

Qlobus - Zaur Bayramoğlunun hekayəsi

11:30 29 may 2026
"Yaşlandıqca daha müdrik olduğumuz barədə mifə inanmaq istərdim..." - Patrik Vayt

"Yaşlandıqca daha müdrik olduğumuz barədə mifə inanmaq istərdim..." - Patrik Vayt

12:30 28 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər