Əbədi şef

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

10 noyabr 2021
# 10:05

Qazi Mustafa Kemal Paşa Atatürk.

Uşaqlığımdan bu ad mənə maraqlı olduğu qədər həm də qəribə gəlirdi.

Ağlımın kəsməyən vaxtlarında Türkiyənin milli bayramlarında telekanalların bir küncündə qırmızı bayraqla bərabər onun şəklini görürdüm.

Sonralar müxtəlif kitablarda iri şəkilləri qarşıma çıxdı, onun həyatını oxumağa, araşdırmağa başladım.

Gənc yaşlarımda onun "Nutuk" kitabıyla tanış oldum və bu tarixi şəxsiyyətin şücaəti, cəsurluğu məni heyran qoydu.

Böyüdükcə Atatürk haqqındakı təsəvvürlərim daha aydın və əhatəli olurdu.

Ona həsr olunan kitablar, videolentlər, tarixi araşdırmalar və sənədli filmlərlə tanış olduqca Atatürkün bir şəxsiyyət kimi əvəzsiz məziyyətlərini, onu güclü fiqura çevirən səbəbləri özlüyümdə ortaya çıxarır, yeddi əsrlik Osmanlı imperiyasının süqutundan sonra dörd tərəfdən düşmən təhlükəsi ilə üzbəüz qalan, daxili parçalanma və çəkişmələri hər keçən gün sürətlənən gənc dövləti bu qədər odun-alovun içərisində ayaqda saxlamaq və gücləndirməyin heç də asan məsələ olmadığını dərk edirdim.

Ali təhsilimi davam etdirmək üçün Türkiyəyə getdiyim 2016-cı ildə Antalyadakı ilk günlərimdən biri Atatürkün anım gününə təsadüf etmişdi.

Həmin gün dərsdə olduğumuz bir vaxtda fakültə binasının səsgücləndiricilərindən qorxunc bir səs ətrafa yayılmağa başladı.

Müzəffər adlı müəllimimiz əlini ürəyinin üstünə apardı; həmin an sinifdə 20-yə yaxın fərqli ölkədən olan tələbə də onun hərəkətini təkrarladı və biz Kamal Paşanın xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

Sonralar noyabrın 10-da, Atatürkün ölüm saatı kimi tarixə keçən 09:05-də Türkiyənin hər yerində həyatın bir dəqiqəlik dayandığını öyrəndim.

Həmin bir dəqiqə ərzində anım sirenası çalınır, nəqliyyatda hərəkət dayanır, gəmilər aramsız fit verir, insanlar farağat vəziyyətdə baş komandanı anırlar.

Növbəti illərdə mən daha bir neçə anım mərasiminin şahidi oldum. O günlərdə qırmızı türk bayraqları ilə bəzənən və əlvan görünən küçələrdə Atatürkün fotoşəkli əks olunmuş köynəklər geyinmiş insanları görmək təəccüblü deyil. O insanlar sevincdən ağlayır, gözlərindən fəxarət hissi oxunur.

Ən çox təəccübləndiyim şey türklərin Atatürk sevgisini nəsildən-nəslə, uğurla ötürməsi idi.

Türkiyədə milli bayramlar da onu anmadan keçirilmir. Bu bayramlarda "İstiqlal" marşı çalınır, Atatürk və silahdaşları dərin ehtiramla yad edilirlər.

Belə bayramların birində Antalyanın Kaleiçi adlanan və qala divarları ilə əhatə olunmuş ərazisinin "Üç qapılar" hissəsindən geniş prospektə çıxanda bir qrup gəncin ayaq səsləri və xorla oxuduğu Gənclik marşı hələ də gözəl bir an kimi yadımda qalıb:

"Dağ başını duman almış,
Gümüş dere durmaz akar.
Güneş ufuktan şimdi doğar,
Yürüyelim arkadaşlar".

Onlar ayaqlarını eyni anda və sərt qaydada yerə çırpır, marşın bəzi hissələrini alqışlarla birlikdə oxumağa davam edirdilər. Ətrafdakı insanlar sevinclə gəncləri lentə alırdılar. Həyəcanlı izdihamın içərisində təəccüblü simalar da görünürdü. Xarici turistlər ətrafda nə baş verdiyini qavramağa çalışır, alqışlara qoşulurlar.

"Sesimizi yer, gök, su dinlesin;
Sert adımlarla her yer inlesin!"

Gənclər ayaqlarını yerə çırpa-çırpa marşın nəqarət hissəsini oxuyanda artıq bizdən aralıda idilər və onları müşayiət edən şeypur səsi də xeyli uzaqlaşmışdı.

"Yürüyelim arkadaşlar", - gülə-gülə onların arxasınca baxıb təkrar edirəm.

Gənclik marşı kimi tanınan bu məhşur marş Türkiyədə böyük coşquyla oxunan və sevilən marşların başında gəlir. Deyilənə görə, Atatürk və silahdaşları 1919-cu ildə mayın 19-da Samsun istiqamətində hərəkət edəndə yolda bu marşı oxuyublar. 19 il sonra bu marş "Gənclik və İdman bayramı marşı" kimi qəbul edilib.

1934-cü ildə Mustafa Kamala Türkiyə Böyük Millət Məclisinin qərarı ilə "Atatürk" soyadı verilib.

1938-ci ildə Atatürkün ölümündən sonra qurucusu olduğu Cümhuriyyət Xalq Partiyası onu "Əbədi şef" adlandırıb.

1938-ci ildə dünyasını dəyişən Atatürkün nəşi xüsusi kimyəvi prosedurların ardından on beş il Etnoqrafiya muzeyində mühafizə edilib.

Bu illər ərzində onun xatirəsini əbədi yaşatmaq üçün bir mavzoley tikilməyə başlayır.

Anıtqəbir adlı bu mavzoleyin inşası 1953-cü ildə başa çatıb və baş komandan on beş ildən sonra burada dəfn edilib.

Türkiyədə yaşadığım növbəti aylarda mən Ankara səfərlərimin birində dostumla bərabər Atatürkün uyuduğu Anıtqəbir mavzoleyinə getməyi qərara aldım.

Atatürk və Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönünün uyuduğu Anıtqəbir mavzoleyi altı tərəfdən mühafizə olunur.

Hər altı nöqtədə ehtiram növbətçiləri fəaliyyət göstərir.

Ucaboylu keşikçilər iki saatlıq növbələr halında və fasiləsiz şəkildə buranı mühafizə edirlər.

Onları ilk görəndə hamı kimi məni də təəccüb bürüyür.

Onların siması dəyişməz, baxışları anlaqsızdır. Lap heykəl kimi dayanıblar.

Biz orada olanda bu hərəkətsizlikdən heyrətə gələn qonaqlar onlara yaxınlaşır, nəfəs alıb-almadıqlarını yoxlamağa çalışırlar.

Amma bu anlarda belə onların üzündə bir dəyişiklik olmur; donuq və ifadəsiz nəzərlər.

Anıtqəbirin həyətindəki uzun yolda daşlar layihəyə uyğun olaraq nahamar və aralarında müəyyən boşluqlar saxlanılmaqla düzülüb.

Mən bu müşahidəmi dostuma deyirəm, o isə öz növbəsində gizli bir sirri açırmış kimi mənə bunun səbəbini açıqlayır:

"Mavzoleyin qonaqları yeriyəndə yıxılmasınlar deyə başlarını əyir, yolu diqqətlə və asta-asta gedirlər. Bu da kənardan kədərli izdiham görüntüsü yaradır".

Həmin gün mavzoleyin hər nöqtəsini maraqla, aşkar heyrətlə gəzdik, tarixə ekskursiya etdik.

Mavzoleydə üç min kvadrat metrlik ərazidə yaradılan "Atatürk və Qurtuluş savaşı" muzeyi gəzdikcə bitmək bilmirdi. Burada tükürpədən səs effektləri, şəffaf ekranlar, müharibə anlarını əks etdirən tablolar vardı.

Muzeydə müxtəlif metodlarla Atatürk və silahdaşlarının ağır döyüşləri, savaş tarixləri kimi bir-birindən maraqlı səhnələr sərgilənir.

Burada Atatürkün şəkillərinə baxır, mənəvi övladları tərəfindən muzeyə bağışlanan və digər ölkə başçıları tərəfindən sağlığında ona hədiyyə edilən əşyaların sərgiləndiyi şəffaf şüşələri sırayla nəzərdən keçirirdik.

Mavzoleydə Atatürkün iş otağı, şəxsi kitabxanası və müxtəlif qalereyalar da diqqətimi çəkmişdi.

Burada sərgilənməsinə təəccübləndiyim, mənə bir xeyli qəribə gələn şey isə Atatürkün Foks adlı mumyalanmış iti oldu.

Mən Anıtqəbirdən ayrılanda bir daha Atatürk kimi tarixi şəxsiyyətlərin Yer üzünə nadirən gəldiyini düşünürdüm.

57 illik həyat.

11 savaş.

24 medal.

7 döş nişanı.

13 kitab.

Və bir müstəqil ölkə.

Üstəlik, milyonlarla azad insan.

Türkiyənin atası, əbədi şef Qazi Mustafa Kamal Paşa Atatürkü ölümünün 83-cü ilində sonsuz ehtiramla anıram.


# 4668 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #