Mənim incilərim hara daşındı?! - Günün şeiri

Mənim incilərim hara daşındı?! - Günün şeiri
7 may 2026
# 10:10

Bu gün Xalq şairi Musa Yaqubun anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Uzaq... uzaq..." şeirini təqdim edir.



Mənim incilərim hara daşındı?!
Bəlkə yaddaşımdır, bəlkə yaşımdır;
Sellər sal daşımı yudu apardı,
Xatirə gözlərin çıxıb yadımdan,
İllər yaddaşımı yudu apardı -
Gözümdən yaş kimi üzülüb gedib.
Saçın pəncərədə pərdələnərdi
O da qumaş kimi süzülüb gedib -
Sozala-sozala sönüb o çıraq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Xatirə ulduza, xatirə aya,
Necə baxacağam mən bu dünyaya?
Daha səndən sonra şöhrət-şanım yox,
Sənə oxşatmağa bir nişanım yox,
Toranlıq içində bir xəyal sayaq,
Uzaq... Uzaq... Uzaq.. Dünyadan uzaq.

Qalsaydı aynada zərrə şəfəqin,
İşığı mənə də, bəlkə düşərdi.
Ruhun yaşamağı yalandır yəqin,
Olsaydı üstümə kölgə düşərdi -
Nə yerdə xəbər var, nə göydə soraq
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Bilmirəm, haradansa səsin gələrdi,
Deyərdim, yuxuma gəlsin, gələrdi.
İndi gecə uzun, gündüzlər yasaq,
İndi qürub yaxın, indi dan uzaq.

Allah, xatirə də ölərmiş belə,
İllər izimizi silərmiş belə...

Dünyanın sükutu üstümə enir,
Nə yarpaq oxuyur, nə çay danışır,
Nə torpaq diksinir, nə cığır dinir,
Yol duman içində, çöl-bayır sazaq,
Qapanıb o qapı, sönüb o ocaq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Sənli xatirəmi necə ayıldım?
Mən necə qayıdım evə-eşiyə-
Hicrana qayıdım, qəmə qayıdım,
Mən hara qayıdım, kimə qayıdım?
Şimal qütbü kimi xatirə otaq...
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Bələd deyiləmmiş yaddaş sirrinə...
Dözdüm son dözümə, son taba kimi..
Payızlar bənzəmir biri-birinə,
Xınalı barmağın bir xəzəl üstə
O da əriyibmiş kəhrəba kimi -
Kəsilib o budaq, gedib o yarpaq...
Nə xəzan rəngi var, nə yazdan soraq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

Göynədi yaddaşı kor olan sinəm,
Bu hansı özüməm, bu hansı mənəm?
Mən məndən alınıb, cismi-can uzaq,
Nə fərqi, ya dünən, ya min il qabaq,
Məzar növbəsini dəyişdi torpaq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

Payız-2015
Buynuz

# 808 dəfə oxunub

Oxşar xəbərlər

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

15:50 12 avqust 2026
"Dənizdə adam batıb..."  - Xalq şairi Qabilin şeiri

"Dənizdə adam batıb..." - Xalq şairi Qabilin şeiri

15:15 11 avqust 2026
"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

14:00 10 avqust 2026
"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

11:30 10 avqust 2026
"Rayon uşaqlarını  balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir

"Rayon uşaqlarını balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir

10:25 10 avqust 2026
"Bildinmi dünyanın harasındasan?!" - Çingiz Əlioğlunun şeirləri

"Bildinmi dünyanın harasındasan?!" - Çingiz Əlioğlunun şeirləri

14:10 9 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər