Bu gün Beynəlxalq Kişilər Günüdür. Kulis.az bu münasibətlə Oğuz Ayvazın “Kişilər nə istəyir?” yazısını təqdim edir
Erkekler ağlamaz, insanız unutma
Sustururum zamanla içimdeki acıyı...
Nədənsə kişilərdən danışılanda Nilufərin “Erkekler ağlamaz” mahnısı yadıma düşür. Bu gün də beynəlxalq kişilər günüdür. Xatırlamıram ki, kişilərin günü xüsusi şəkildə qeyd edilsin.
Həyatda həmişə bəxtim qarşı cinsdən gətirib. Kişilərlə yola gedə bilmirəm. Həyatımın hər döngəsində həmcinslərimlə didişmişəm. Ağlınıza başqa şey gəlməsin. Elə başa düşməyin ki, cinsi oriyentasiyam dəyişib. Burda da geyləri, homoseksualları aşağılamıram. Günün birində bəlkə homoseksual da ola bilərəm. Nə bilmək olar, hormonlardı. Amma söhbətimiz homoseksuallardan deyil. Freydin dediyini tərsinə oxuyaq: kişilər nə istəyir? Kişiləri üç şeylə xoşbəxt etmək olur: dadlı yemək, seks və sevgi. Bunları bir qadın verə bilirsə, kişi mutlu olur, uşaqlığına qayıdır. Ona görə dünyada kişi mövzusu aktual deyil.
Kişilərin ağlamağı daha dözülməzdir. Atamı bir dəfə ağlayan görmüşdüm. Necə səssiz-səmirsiz ağlayırdı. Amma qadınlar ağlayanda el-aləm bilməlidir. Kişilər göz yaşlarını gizləyər, qadınlar göstərər.
Biz kişilər sevəndə daha ağrılı sevirik. Ağrının dibinə qədər enirik. Biz kişilər sevdiyimiz qadını müəyyən zamandan sonra unuda bilirik, amma qadın unutmur.
Elə bilirsiniz, təkcə qadınlar komplimentdən xoşlanırlar? Biz kişilər də xoş sözlərə ehtiyac duyuruq. Ümumiyyətlə kişi bədbəxt məxluqdur, birmənalı şəkildə. Hərdən damarım tutur, qadınlara qarşı çıxmaq istəyirəm. Damarımı birtəhər basıb yazıram. Görün də, necə də əziyyət çəkirik!
Kişilər ədəbiyyatda, kinoda, idmanda, rəssamlıqda, tarixdə, memarlıqda, aşpazlıqda və digər sahələrdə qadınlardan çox üstündür. Ədəbiyyat deyəndə Tolstoy, Viktor Hüqo, kino deyəndə Tarkovski, Fellini, idman deyəndə Maradona, Messi, rəssamlıq deyəndə Van Qoq, Pikasso və ilaxır. Əslində qadın da dərk edir ki, kişilər ondan çox üstündür. Qadınların məğlub olduğu yer kişilərdi. Təbiət ağa belə buyurub, nə deyim.
İstərdim, bu gün bir kişi kimi qadınlar tərəfindən komplimentlər eşidim. Görürsünüz, necə də sadə bir şey istədim.