14 yaşlı qızını ərə verən ata

Mehdi Dostəlizadə, yazar

Mehdi Dostəlizadə, yazar

1 fevral 2022
# 11:00

Kulis.az Mehdi Dostəlizadənin “Ay can alan, candı bizim məhləmiz” adlı yazısını təqdim edir.

Tənqid etmə, çıxış yolu göstər.

Camaat

Gözümü açandan meyxanaya qulaq asmışam. Bizim məhəllədə (Sovetski) meyxanaya qulaq asmayan adam, demək olar ki, yox idi. Həmin vaxtlar heç nə başa düşmürdüm, öz balaca dünyamda Məşədibabaya, Kərimə, xüsusilə də Aydın Xırdalanlıya azarkeşlik edirdim. Bu istedadlı adamların cəsarətinə, hazırcavablığına heyran idim. Yadıma gəlir, xalamoğlu ilə Abbas Səhhətin ədəbiyyat dərsliyindəki “Ayı və şir” təmsilini meyxana kimi oxuyurduq.

Məktəbdə bizə əruzu, hecanı yaxşı başa sala bilməsələr də, mən özüm onları ayırd edə bilirdim. Yaşım artdıqca, əruzun bəhrlərini, qəliblərini, təfilələrini öyrəndikcə gördüm ki, mən elə uşaqlıqdan bunları bilirmişəm.

Əlifbanı öyrənəndən 4-5 il sonra qəzəl yazmağa başlamışdım. Xalamoğlu artıq Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin şeirlərini yox, mənim qəzəllərimi meyxana kimi oxuyurdu. Düşünürəm ki, Sovetski, Kubinka, ümumilikdə Bakı insanlarının əhvalı səri bəhrindədir. Sanki bu adamlar doğulan gündən ölənə qədər “müftəilün müftəilün fAilün” üzərində yaşayırlar.

Yaşım bir az da çoxalandan sonra meyxanaya münasibətim dəyişdi. Aydın Xırdalanlı mənə uşaqlıqda gördüyüm kimi cəsur, savadlı görünmürdü. İctimai probemlərə köklənməli olan etiraz, dost çevrəsi səviyyəsinə enmişdi, hər şey lağlağıdan, bir toyluq əsəbdən ibarət idi.

Deyişmələrdə bəhs edilən mövzuların, əslində, bütün gün məişətdə hamımızın dostları ilə etdiyi söhbətlərdən, zarafatlardan, atmacalardan fərqlənmədiyini hiss etməyə başlamışdım. Meyxanaya sənət deməyə dilim gəlmirdi, onun hər yerdə olan bayağılıqdan fərqlənməməsi xüsusiliyini aradan aparmışdı.

Novruz şənliklərində “Bayramınız mübarək əziz Azərbaycanlılar”, “Keçəlin saçı yoxdur, Kosanın saqqalı yoxdur”, “Ağırlığım uğurluğum odda yansın” tipli söhbətlər edən meyxanaçılar gözümdən düşmüşdü. Hər toyda, məclisdə Sarkisyanın arvadını söyən, şəhidlər və din üzərindən xal toplayan, şabaş yığan adamlar elə bil etiraz sənətinin nümayəndələri deyildilər.

Sonra meyxana dünyasının üfüqündən Vüqar Biləcəri günəşi yüksəldi. Meyxana yeni dövrə qədəm qoymuşdu. Bu dövrün xüsusiyyətlərinə hikmət, savad, elm kimi dəyərlər aid idi. Vüqar Biləcəri Füzulini təkrarlayır, xiridarlar arasında klassika propaqandası aparırdı. Kütlə, deyişmələrdən yox, hikmətli söhbətlərdən zövq almağa başlamışdı.

Əslində, kütlə yenə də heç nə başa düşmürdü, sadəcə olaraq, Vüqar Biləcərinin özünəməxsus xarizması camaatı Füzuli dəyərlərinin arxasınca aparırdı. 16-cı əsrin 21-ci əsrdəki səfiri Vüqar Biləcəri də vəfat etdi. Özündən sonra əruz cərəyanı qoyub gedən ustadın müridləri indi həmin ənənəni davam etdirməyə çalışırlar.

Deyişmə və əruz cərəyanları zahiri olaraq bir-birindən fərqli görünsələr də, mahiyyət etibarilə eyni şeylərdir. Deyişmədə qarşı tərəf alçaldıcı sözlərlə, təhqirlərlə, lağlağılarla nakaut edilməyə çalışılır, əsasında vətən, ata-ana, dostluq, kriminal aləm, Sarkisyanın arvadı və bu kimi mövzular olan bəndlərlə xiridarların könülləri fəth edilir.

Əruz isə başdan-başa anlaşılmayan ərəb-fars sözlərindən (fikrimcə bu cərəyanın bəzi nümayəndələri heç özləri də dedikləri sözləri anlamırlar), din, yenə də vətən, ata-ana, dostluq, kriminal aləm kimi mövzulardan ibarətdir. Bunları bir-birindən fərqləndirən tək şey ölçü, qəlib məsələsidir. Əruzun ritmi meyxana azarkeşlərinin damarına düşür, deyişmələrdə deyilən “peçat” sözlərsə onların ürəyinə yağ kimi yayılır.

Bir neçə ildir trendlərdə köhnə mahnıların, eləcə də meyxanaların remiksləri ön sıralardadır. Şəhərə çıxanda istənilən maşından bu remikslərin səsi gəlir. TikTok şəbəkəsindən istifadə edən gənclik bu remikslərdən qidalanır, həmin mahnıların ritminə uyğun həyat sürürlər.

Bakılılar “müftəilün müftəilün fAilün” üzərində yaşadığı kimi, yeni nəsil də “dıtdı dıtı” (bu ritm “rakka çiko” ritminin müasir, bass versiyasıdır) üzərində yaşayır. Hər yerdə əlini arxaya-qabağa aparan, əcaib rəqslər edən yeniyetmələri görmək mümkündür. Bu yaxınlarda sinif otaqlarını dağıdıb-tökən uşaqların videolarında da həmin “dıtdı dıtı” ritmi və meyxana var idi.

Meyxanaçılar böyük kütlələri idarə edən insanlardır. Dəfələrlə deyiblər ki, camaat bunu istəyir, ona görə də belə edirik. Xeyr, əgər siz əlinizdəki imkanın və edə biləcəkərinizin fərqində olsaydınız, ən əsası isə, nəsə edəcək potensialınız olsaydı, belə şeylər etməzdiniz.

Kütlənin tələblərini qarşılamaq əvəzinə onların tələblərini dəyişərdiniz. Çox xırda nümunə kimi Vüqar Biləcərini göstərirəm, o da çox şey etmədi, amma öz ideallarını kütlənin tələbinə çevirə bildi. İdealın doğru və ya səhv olması başqa məsələdir. Fakt isə budur ki, öz idealını, düşüncəsini kütləyə yeridə bildi, çünki əlindəki imkanın nəyə qadir olduğundan xəbəri var idi.

Məktəb şagirdləri müəllimlərinin sözlərinə qulaq asmırlar. Çünki siz onlara “bezpridellik” aşılamısınız. Hamı bir-birini acılayır, təhqir edir, aqressivdir, çünki siz onlara “peçat” sözləri öyrətmisiniz. Valideyn günahkardırmı? Günahkardır. Təhsil günahkardırmı? Günahkardır. Amma onlar sadəcə olaraq günahkardır, materialı isə siz istehsal edirsiniz, üstəlik bunu sənət adlandırırsınız.

İndi etiraz edin o uşaqlara, indi etiraz edin bu təhsilə, avaraçılığa, xaraba qoyduğunuz hər şeyə etiraz edin. Meyxanalarınızda şagirdlərə yol göstərin, onlara tərbiyə verin, onlar artıq müəllim “priznavat” etmirlər. Onlar yalnız sizin sözünüzə qulaq asırlar, elə isə qaytarın onları getdikləri təhlükəli yoldan. Qaytarın cəmiyyəti bataqlıqdan, döndərin fikrindən 14 yaşındakı qızını ərə verən atanı, axı o ata meyxanaya qulaq asır, ata-babalarına sadiqdir. Alın əlindən bıçağı arvadının başını kəsən ərin, axı o qatil də meyxanaya qulaq asır, axı sizdən namus, qeyrət öyrənib.

Korun cibindən pul oğurlamaq şərəfsizlikdir. Hər hansı səbəbdən, bunun fərqi yoxdur, yaxşını pisdən ayıra bilməyən adamların başını sənət adı ilə aldadıb pullarını oğurlayan sizlər, nə etdiyinizdən xəbəriniz var, yoxsa siz də korsunuz? Cəmiyyət, tarix, insanlıq qarşısında böyük sınaqla üzləşmisiniz. Ya sivil cəmiyyət üçün çalışıb şüurlu ictimai fikir formalaşdıracaqsınız, ya da kütləni hər şeyi dağıdıb-tökən ritmlərlə aldadıb pullarını oğurlayacaq, özünüzə mülk yığacaqsınız. Seçim sizindir.

# 4230 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #