Filə uçmaq əmr olunsaydı VÜSALƏ VƏ ÜLVİNİN I NAĞILI

Filə uçmaq əmr olunsaydı VÜSALƏ VƏ ÜLVİNİN I NAĞILI
26 sentyabr 2013
# 11:03

Mənim altı yaşlı bir dostum var. Üç yaşından nağıla qulaq asmağı sevən bir dostum. Böyüyüb bizim kimi olacağından qorxduğum üçün hər nağıl istəyəndə onu məni böyüdən nağıllardan uzaq tutmağa çalışdım, yeni nağıllar uydurmaqla... Zamanla o da mənə qoşuldu. İndi nağılları bir yerdə uydururuq. Dialoq kimi... Sonra kağıza köçürəndə ortaq müəllif sayılırıq. Öyrətmək kimi olmasın, Siz də yoxlayın. Sevdiklərinizlə bir yerdə nağıl qoşmaq dadı izah olunmayacaq bir ləzzətdir.

MÜMKÜNSÜZÜ İSTƏYƏN ŞAHIN NAĞILI

Biri var idi, biri yox idi, yer üzündə çox sıx bir meşə var idi. Bu meşənin ağacları nə qədər sıx idisə, heyvanları da o qədər çox idi. Heyvanlar hara getsələr ya bir-biri ilə kəllə-kəlləyə gəlməli olurdular, ya da tıxaca düşürdülər. Bir gün şiri meşəyə yeni şah seçirlər və o meşəni gəzməyə çıxır. Şah ilk səfərindən tıxaca düşdüyündən qəzəblənib, meşədə təcili iclas çağırır:

-Niyə mən sahibi olduğum meşədə rahat gəzə bilməməliyəm? Niyə mən şah ola-ola tıxacda dayanmalıyam? Niyə mən darısqallaqdan kəllələşən heyvanların davasını görməliyəm? Axı mən şaham! Mənim qarşımda bütün yollar açıq olmalıdır! Əmr edirəm! Sabahdan bir heyvanın ayağı yerə dəyməyəcək! Zəhmət çəkib hamınız meşənin üstü ilə uçun!

Təşvişə düşmüş heyvanlar bir ağızdan etiraz etməyə başlayırlar:

-Şahım, istəyirsiz bizi başqa meşələrə sürgün edin, amma uçmaq deməyin. Bu axı mümkün deyil. Biz necə uşa bilərik? Bizim axı qanadımız yoxdur....

Şah onları dinləmir. Qərarını elan edən kimi dönüb getmək istəyəndə, vəziyyətin gərgin olduğunu başa düşən tülkü tez çıxışa başlayır:

-Şahım, siz bu günə qədər bu meşəyə şahlıq edən ən ağıllı şirsiz! Mən sizin ağlınızla qürur duyuram. Bu qərarı ki, siz verdiz, ağlınıza heyranam. Haqlısız, meşəmiz çox sıxdır, həyatımız tıxaclarda heyif olub gedir. Amma siz deyən kimi, hamımız uçmağa başlasaq, bu həm bizə, həm də doğma meşəmizə xeyir olacaq!

Fil qəzəblənir:

-Axmaq-axmaq danışma, tülkü. Bizim uçmağımızın meşəyə nə xeyri ola bilər? Mən heç bir heyvanın xətrinə dəymək istəmirəm, elə özümü deyirəm. Məsələn, mən uçub hansı ağacın budağına qonsam o ağaca xeyir vermiş olacam? Mənim ağırlığıma hansı ağac dözər?

Çaqqal:

-Hə, tülkünün başı işləmir. Ağlı-fikri o qədər quşların yanındadır ki, istəyir hamımızı göyə uçura. Deyir bəlkə göydə özünə yer tapmayan quşlar yerə enə və onun bəxti açıla.

Çaqqalın bu sözlərinə bütün heyvanlar gülməyə başlayanda tülkü pərt olur və pərtliyini gizlətmək üçün yenə başlayır şahın tərəfini saxalamağa:

-Haqlısız şahım, heç rəvadırmı ki, sizin kimi şah sahib olduğu meşəni gəzən vaxt yoluna çaqqal-çuqqal çıxsın? Bu ədalətsizliyi aradan qaldırmaq üçün bütün heyvanların uçması vacibdir. Şahımız meşədə rahat gəzməlidir!

Çaqqal daha da qəzəblə:

-Çuqqal özünsən! Fırıldaqçı! Mən də bu meşənin bir parçasıyam. Şah olmaq üçün şirin məndən heç bir üstün cəhəti yoxdur. Hər şeyi sadəcə bir hərf həll edir. Şah sözü də “Ş” ilə başlayır, şir sözü də. Bax əgər mənim adım paqqal olsaydı, özüm bu meşənin padşahı olardım və onda sənə göstərərdim çuqqal necə olur.

Şah çaqqalın özünü ona tay tutmasından lap qəzəblənir:

-Yaxşı-yaxşı. Boş-boş danışmayın. Elə gəzintiniz də belə boş, mənasızdı deyə yollarda yubanırsız, hamını da yubadırsız. Tülkü, bu işləri sənə tapşırıram. Sabah mən gəzintiyə çıxanda bütün heyvanları göydə uçan görüm. Bu məsələ bir də müzakirə olunmayacaq! Etiraz edəni özüm parçalayacam!

Tülkü:

-Şahım, sizin qərarlarınızı icra etmək mənim üçün fəxrdir. Amma bu bir günün işi deyil. Heyvanların uçması üçün biz gərək quşlar səltətindən mütəxəssis çağıraq. O da gəlib bu başı boşlara təlimlər keçsin. Bu isə xeyli bahalı təlimlərdir...

-Qiymətinə görə narahat olma. Meşədəki bütün heyvanların uçması üçün nə qədər vəsait lazımdırsa, xərcləməyə hazıram. Təki mən meşəmi gəzəndə əl-ayağıma dolaşan olmasın.

Şah heyvanların bir ağızdan etiraz etməsini dinləmədən tülküyə son tapşırıqlarını verib gedir. Tülkü isə şaha qısa müddətdə bu işi həll edəcəyinə dair söz verir. Şir gedən kimi heyvanlar düşür tülkünün üstünə. Elə az qalmışdılar ki, onu didib-parçalasınlar, tülkü tez şirin dilini işə saldı:

-Sizə yaxşılıq yoxdur. Görmürsüz mənim burda bir xeyrim yoxdur? Mən də sizin üçün çalışıb vuruşuram! İndi əgər qısa müddətə bir şey düşünüb tapmasam, sizə heç nə olmayacaq, amma mənim dərimi boğazımdan çıxaracaq.

Heyvanlarla tez dil tapan tülkü “Mənə fikirləşmək üçün bir az vaxt lazımdır” deyib, onlara tapşırıq verir ki, bundan sonra şahın gəzinti vaxtlarında hamısı qaçıb meşənin kənarında gözləsin. O da şirə deyəcək ki, heyvanlar dərsdədir, uçmaq öyrənirlər.

Beləcə iki ay keçdi. Bir gün tülkü şirin yanına gəlib bütün heyvanların uçuşa hazır olduğunu bildirdi. Şah qürurla heyvanların toplandığı əraziyə gələndə gördü ki, bütün heyvanlar bir- birlərinə zəncirlənib. Zəncirlər isə ağaclara bağlanıb.

Şah təəccüb ilə bunun nə demək olduğunu soruşanda tülkü şirin qulağına pıçıldamağa başladı:

-Bu zəncirləri açan kimi hamısı uçacaq. Meşə büdcəsindən xeyli vəsait ayırıb dələdən, sincabdan tutmuş, filə qədər hamısına uçmağı öyrətmişik. Amma sonra bir problem yaranıb.

-Bir elə pul xərcləmişik ki, problem yaradasız?

-Problemi biz yaratmamışıq şahım. Problem öz-özünə yaranıb.

-Öz-özünə problem yaranar? De ki, nəyinsə öhdəsindən gələ bilməmisiz? Nə məsələdir?

-Şahım, qorxuram bu heyvanlar səmaya qalxandan sonra geriyə qayıtmasınlar. Axı indi hamısı uça bilir, göyə qalxandan sonra biz onları meşəyə necə qaytara bilərik? Hamısı uçub dünyanın ən yaxşı meşələrinə gedəcəklər. Bizim meşə isə qalacaq bomboş.

-Tülkü, fil sənə axmaq deyəndə haqlıymış. Heyvansız meşədə şahlıq etməyin nə mənası var? Ağaclara şahlıq edəcəm?

-Əlbəttə, şahım! Nə qədər qüdrətli şah olsaz da, boş meşədə faydası olmaz. İndi nə məsləhət görürsüz, uçmamaları üçün heyvanları zəncirdə saxlayaq?

-Boş-boş çərənləmə! Mən heyvanların düşməni deyiləm ki, onları zəncirdə saxlayam. Biz necəsə edib onlara uçmağı öyrətdiyimiz kimi, elə də tərgitməliyik!

-Bu mümkündür şahım. Bunun üçün xüsusi içkilər hazırlayırlar. Əgər hərəsi bircə qurtum içsə, uçmaqla bağlı yadlarında nə qalıbsa silinib gedəcək.

-Onda nə durmusan? Tez o içkidən tap!

-Şahım, siz çox ədalətli və səxavətlisiz. Amma axı bu təlimlərə xeyli pul xərcləmisiz. Dediyiniz içkilər isə təlimlərdən qat-qat bahadır!

-Meşəmiz zəngindir, fikir eləmə! Nə qədər bahalı olursa olsun, onlara uçmağı unutdurmaq lazımdır.

-Şahım, amma...

-Yenə amma?

-Axı yenə siz gəzəndə əl-ayağınıza dolaşacaqlar...

Şir artıq başa düşmüşdü ki, qarşındakından mümkünsüzü istəsən, onu tamamən itirəcəksən. Ona görə də tülküyə belə cavab verib getdi:

-Dolaşsınlar! Mən tıxacda gözləməyə razıyam, nəinki heyvansız meşəyə şahlıq etməyə.

Şir gözdən itən kimi tülkü heyvanları zəncirdən açmağa başladı:

-Gördüz? Sizə meşədə istədiyiniz kimi dolaşmaq icazəsi aldım. Artıq heç nədən qorxunuz yoxdur. Sizə görə öz həyatımı riskə atdım, bunun üçün mənə təşəkkür etməlisiz. Bundan sonrakı bütün qazanclarınızdan mənə pay verəcəksiz!

Nağılımız burda bitdi. Tülkünün başına gələnləri, hiyləylə topladığı pulların aqibətini isə sabahkı nağılımızda öyrənəcəyik.

Vüsalə Məmmədova

Ülvi Hüseynzadə

# 3959 dəfə oxunub

Müəllifin son yazıları

# # #