Baş nazirin yoxsul xanımı

Baş nazirin yoxsul xanımı
10 noyabr 2016
# 13:53

Kulis.Az Sonuncu Orxanın “Rahşan Ecevit” yazısını təqdim edir.

Ötənlərdə bir şair dostumuz Bülent Ecevitin ölüm gününün xatirəsi münasibətilə feysbukda Can Dündarın çəkdiyi “Ecevit belgeseli”ni paylaşmışdı. Bu belgesel haqqında əvvəl eşitmişdim, nəsə həvəsim olmamışdı baxmağa. Amma “Can Dündar belgeseli” kimi yaddaşımın bir yerində saxlamışdım. İmkan, həvəs olan kimi baxacaqdım. Amma indi bekar idim, bu belgesel öyrənməyə bir şey axtarmaq həvəsimlə üst-üstə düşmüşdü.

Əvvəlcə videonu açıb belgeselin nə qədər davam edəcəyinə baxdım. Tam tamına üç saat yarım yazılmışdı! Əvvəlcə həvəssiz yanaşdım, çünki vaxt uzun, üstəlik də bir siyasi liderin həyatından bəhs edən film ehtimalıma görə o qədər maraqlı ola bilməzdi. Bir xeyli tərəddüd elədim. Amma içimdən bir hiss mənə diktə elədi ki, bu, Can Dündar belgeselidir. Hələm-hələm ələ düşən şey deyil. Onun bundan qabaq Nazim Hikmətlə bağlı çəkdiyi belgeselə baxmışdım, necə sanballı olduğunu bilirdim. Qərar verdim, nə olur-olsun bu belgeselə baxacam!

Film Ecevitin bu misralarıyla başlayır:

Burada bitsin mi hikaye?
Başlasam mı yeniden her şeye…

Yine Tanrı mı olsam, yaratsam mı kendimi
Ateşle, havayla, suyla mı
Yalnız eniyle, boyuyla mı, neyle kursam

Boş mu versem tanrılığı
Bir başıma otursam…

Necə gözəl giriş eləmişdi Can Dündar!

Hə, bu misraları yazan adam sonralar başbakan olacaqdı…

On altı yaşında R.Taqordan tərcümələr eləmişdi. Şeirə, sənətə sonsuz sevgisi vardı.

Kollecdə oxuduğu vaxtda Rahşan adında bir xanımla tanış olur. Rahşan xanım rəssam idi. Bir-birilərinə qarşı dərin, sonsuz, əbədi sevgi hiss edirdilər. Evlənmək qərarına gəlirlər. Rahşan xanımın atası bu münasibətə heç cür razılıq vermir. Çünki Ecevitin qəzetdə işlədiyi müddətdə gündəlik qazancı 2 lira olurdu.

Rahşan xanım beş ay dayanmadan hər gün ağlayır, valideynləri qızının üzülməyini görüb, əlacsız bu münasibətə razılıq verirlər.

Bir qarnı ac, bir qarnı tox evlənirlər. Təkcə pulları üzük almağa çatır. Heç bir dəbdəbəli toy mərasimi olmur…

Ecevit deyir ki, bilirdim, Rahşan buna görə problem yaradan insan deyildi.

Ona görə ki, onlar sevirdi, ona görə ki, onları sənət adlı dəyər birləşdirmişdi, könülləri tox idi, görünüşcə sadə, mənəviyyatca uca adamlar idi…

Ecevit London böyükelçiliyində (səfirliyində) xırda bir işə girir, ona görə Londona köçməyə məcbur qalır, amma Rahşansız. Bir müddət keçəndən sonra Rahşan xanım da bu həsrətə dözə bilməyib onun arxasınca Londona gedir. Kirayə pulu ucuz olsun deyə şəhərin kənarında bir ev qaralayırlar. Aldıqları pulun da çox hissəsini kitaba verirlər, ona görə günlərinin əksəriyyətini ac-susuz keçirirlər. Çox çətin vaxtları olur, amma heç vaxt ümidsiz olub ruhdan düşmürlər, həmişə bir-birinin yanında olurlar, ümidlərini bir varlığa - Tanrıya bağlayırlar!

Türkiyədə yenə işlər qarışmışdı, CHP iqtidardan düşmüşdü. Ecevit bu xəbərdən çox üzülür və birbaş Türkiyəyə qayıtmağı qərara alır.

İkisi də Türkiyəyə qayıdandan sonra CHP-yə üzv yazılırlar. Ecevitin əvvəllər heç xəyalına belə gətirə bilmədiyi siyasi karyerası burdan başlayır. Addım-addım başbakanlığa doğru.

İlk dəfə 1961-ci ildə CHP-nin millət vəkili seçilir. On bir il sonra 1972-ci ildə İsmet İnönünün yerinə CHP genel başkanı vəzifəsinə seçilir. İki il sonra koalisyon hökümət qurulur və başbakan vəzifəsində işinə davam edir. Bundan sonra da bir dəfə hökumət başçısı seçilir...

1982-ci ildə Kenan Evren darbesi nəticəsində aktiv siyasətdən uzaqlaşdırılır, üç dəfə üst-üstə 9 ay həbs cəzası alır. Həmin vaxtlar Ecevitlər ailəsində ağır maddi çətinliklər baş verir. Yenə aclıq qapını kəsdirir. Rahşan xanım ev əşyalarını satmağa başlayır. Tək qadın üçün bu nə qədər dözülməz, ağır həyatdır, bunu bir Allah bilir, bir də o əzabı çəkən adamlar… Amma yenə ümidini heç nədən üzmür, Ecevitin yolunu ümidlə, həsrətlə gözləyir.

Həbsdə olanda bir-biriylə məktublaşırlar. Məktublarında bir-birlərinə elə ürəkdən təsəlli verirlər ki, o təsəllinin istisində yeddi milyard adam qızınardı.

Ecevitin uzun müddət siyasətlə məşğul olmaq qadağası ona yenidən partiya yaratmağa imkan vermir. Bu məsuliyyəti həmin o dəyanətli qadın - Rahşan xanım üzərinə götürür və beləcə DSP (Demokratik Sol Partiyası) qurulur. 1987-ci ilin referendumu ilə Ecevitin üzərindəki siyasi qadağalar götürülür və təzədən aktiv siyasətə qayıdır.

Amma bu çox uzun çəkmir, Ecevit siyasətdən getdiyini bəyan edir. Qəzet, jurnal işi ilə məşğul olmaq, yenə şeirə, sənətə könül bağlamaq istəyir. Amma alınmır, təzədən siyasətə qayıtmalı olur. 1999-cu il seçkilərində yenidən başbakan vəzifəsinə seçilir. Partiya daxilində xeyli çəkişmələr olur, onu başbakanlıqdan uzaqlaşdırmaqdan ötrü hər şeyə əl atırlar. Hətta bir dəfə xəstələnib xəstəxanaya düşəndə həkimlər ona 8 ay işə çıxmamaq qadağası qoyurlar. Bu Ecevitin başbakanlıqdan getməsi demək idi!

Rahşan xanım şübhələrə düşür, həssas yaradıcı ürəyi ilə hiss edir ki, bu Eceviti vəzifədən kənarlaşdırmaq cəhdidir. Rahşan xanım Ecevitin həkimlərini və yatdığı xəstəxananın yerini dəyişdirir.

Bu dəfə də Rahşan xanım Tanrı kimi xilaskardır, bu dəfə də o Ecevitlə çiyin-çiyinə mübarizə meydanındadır. Hə, bu dəfə də Rahşan xanım onu işinin başına qaytarmağa müvəffəq olur.

Belə… İndi bizim qadınlara sual vermək istəyirəm. Rahşan xanım olmaq və ya ola bilmək çətindirmi? İnsanları bir-birinə dəyərdən, sevgidən, hörmətdən başqa hansı məfhum bağlaya bilər?

# 1512 dəfə oxunub

Müəllifin son yazıları

# # #