Sonuncu Orxan
Yazıya başlamaq istəyirəm, əllərim tilsimə düşür - Mahmudun əlləri kimi. Axırıncı sözü yazıb cümləni tamamlamaq istəyəndə hər şey silinir beynimdən, bir də başa qayıdıram, təzədən beynimin düymələrini açıram... açıram... sonuncuda əllərim düyünlənir, tilsimə düşür...alovlanıram...
Yox, necə olsa yazıya başlamalıyam... bitirməliyəm. Ürəyimin yükü ağırdı, çəkib qurtaram gərək.
Ya hər şey bu qədər sadədir...ya da bu qədər dolaşıq.
Sualla başlayım deyirəm. Kitabın axırlarına yaxınlaşanda iki sual yarandı içimdə: kor-koranə bir ibadət, aşiqin divanə məhəbbətindən, təmiz mənəviyyatından yüksəkdə dayana bilərmi?! Ürəyində Allah sevgisi gəzdirdiyi “həqiqət”inə inanan zahid başqa birinin ölümünü arzulaya bilərmi?!
Yox, bu ibadət deyil, bu Allahı sevmək deyil, bu öz inancın naminə hər şeyi heçə saymaqdır. Məhz hər şeyi!
Qızının müsəlman ümmətindən olan biriylə izdivacını dinə xəyanət hesab eləyən keşiş düşünün. Məryəmi, yəni qızını “Müqəddəs Ev”ə aparmaqla dinsiz adlandırdığı Mahmuddan xilas edəcəyini düşünür, bir xristianın ancaq başqa bir xristianla ailə qura biləcəyi “həqiqət”inə inanır. Onun üçün dünyanın ən təmiz, günahsız adamlarının(Mahmudla Məryəmin) içindəki burulğanlar, sevmək, qovuşmaq arzusu boşdur və hər şey onun çürük məntiqindən aşağıda dayanır. Qulluq elədiyi din, dinin tələbləri naminə hər şeyi tapdalamağa hazırdır. Ancaq ömründə bircə şeyin təəssübünü çəkir: pənah gətirdiyi dinə, inandığı Tanrıya heç vaxt, heç bir halda “xəyanət” etməsin.
Amma çox keçmir, həyat göstərir ona öz yerini. Həm də pənah apardığı o “Müqəddəs Ev”də, müqəddəs bildiyi qoca keşiş göstərir ona yerini: “Günün birində başını qaldırıb görəcəksən ki, qırx illik ibadətin boyunca əslində bu dünyada kor kimi yaşamısan, səni əhatə eləyən dünyanı-meşələri, dağları, çayları, başının üstündəki səmanı, günəşi duymamısan. Yazıq insan, miskin insan! Gərək “Müqəddəs Ev”in qapıları üzünə açılmayaydı. Çünki sən iki haqq aşiqini bir-birindən ayırırsan”.
Çifayda. İnancının əsirinə çevrilmiş adamın qulağı kar, gözü kor olar. Çünki onun məntiqinə görə dünyadakı hər şey xristianlığa, onun peyğəmbərinə, Tanrısına xidmət eləməlidir. Qalan hər şey puçdur və dünya ibadət etdiyi hücrədən kənarda mövcud deyil.
...və elə Mahmudla Məryəm də onun Allaha “sevgi”sinin qurbanıdır...