Müəllim məni depressiyadan necə xilas etdi?

Müəllim məni depressiyadan necə xilas etdi?
16 noyabr 2016
# 15:54

Kulis.Az Sonuncu Orxanın “Müəllim” yazısını təqdim edir.

Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər.

M.K.Atatürk

Bu sözlərin müəllifini hamımız yaxşı tanıyırıq. Vətəni, milləti uğrunda hansı savaşlara girmişdi, ölümə necə sinə gərmişdi, dağılmaqda, məhv olmaqda olan bir ölkənin taleyükünü necə çiyinlərində daşımışdı, azdan-çoxdan hamımız bilirik.

On nəfərdən biri oxumaq-yazmaq bilən bir xalqı qaranlıqdan aydınlığa çıxarmışdı, onlara dünyəvilik, demokratiya, insan hüquq və azadlıqları kimi bəşəri dəyərləri qazandırmışdı, millətini intibaha aparmışdı. Yetmiş milyonluq bir xalqa atalıq eləmişdi Atatürk.

Atatürkdən çox danışmaq olar, amma məqsədim bu deyil əslində. Niyə bu böyük şəxsiyyətdən söz saldım?! Heç özüm də bilmədim.Yəqin ki, son vaxtlar onun haqqında çox maraqlandığımdandır-beynimdə onunla bağlı xeyli düşüncələr var idi. Bu da ol səbəbdən indi yazdığım yazıya sirayət eləmişdi. Bəlkə də indi haqqında danışacağım adamla hansısa paralellər aparmaq istəyimdən yaranmışdı.

Hə, dostlar, yəqin hamımızın həyatının müəyyən məqamında bizə yaxşı mənada təsir edən müəllimlər olmuşdur. Biz onları həmişə ruhumuzun bir yerində hiss edirik. Onların ziyası ən çətin vaxtlarımızda gün işığı kimi üzümüzdə bərq vurur, bizə təsəlli olur, ürək-dirək verir, bir sözlə toxtaxlıq tapır adamın ürəyi.

Bu yazını yazmağa səbəb məni və mənim kimi yüzlərlə insanı qaranlıq dünyadan aydınlığa çıxaran, bizə insan olmağı, mədəni, hörmətcil, səmimi olmağı ali bir dəyər kimi öyrədən müəllimimə təşəkkür etməkdir. Təşəkkür borcunu hiss etmişəm həmişə, amma sözlər bunu ifadə eləməyə kifayət eləməmişdi. Bəlkə bu yazıyla əziz müəllimim zəhmətini qiymətləndirmiş olaram.

Universitetə təzə qəbul olmuşam, təxminən ikinci kursun əvvəlləridir.

Yeniyetməlik, içimdəki qorxular, ziddiyətlər...

Sevdiyim qızdan ayrılmış, depressiv vəziyyət içində başımı itirmişdim.

Üstəlik bizə maddi varlıq kimi baxan müəllimlərin ürəkbulandırıcı mühazirələri, tələbələri universitetdən qovmaq təhdidləri... Nifrət qarışıq bir ümidsizliyə qapılmışdım. Halbuki universitet həyatını başqa cür -mədəni, sivil həyat bilmişdim.

Oysa bütün xəyallarım bir an içində darmadağın olmuşdu, mənim kimi emosional insanı birdən-birə acı gerçəkliklə üz-üzə qoymuşdu. Bu bitmək bilməyən qara günlər mənə intəhasız boşluq kimi görünürdü. Hətta bir dəfə o qədər bezmişdim ki, ərizə verib universitetlə birdəfəlik sağollaşmaq istəmişdim. Elə bilirdim dünya hər tərəfdən üstümə gəlir.

Bu qara günlərin ömrü az olacaqdı. Biz, ehtiraslı bir ümidlə qaranlıq dünyamızı aydınladacaq o işığı gözləyirdik...O gün gəlib çatmışdı. İkinci kursun əvvəlləri... Bizə dünya ədəbiyyatını tədris edəcək adam nəhayət ki gəlib bizi tapmışdı. Hə, özü də qətiyyətli, ciddi, ağırbaşlı bir adam görkəmində...

Tez bir zamanda tələbə yoldaşlarımla həmin müəllimə isinişə bilmişdik. İçimizdə bir ümid cücərmişdi. Artıq daha da pozitiv olmuşduq, dərslərimizə həvəslə gedib-gəlirdik. Deyəsən ümid mexanizmi işə düşməyə başlamışdı.

Biz istədiyimizi tapmışdıq... Sonralar başa düşəcəkdik ki, əslində bizim tapdığımız təkcə işıqlı müəllimə deyilmiş, həm də bizim dostumuz, sirdaşımız, əzizimiz imiş. Haqqında danışdığım adam Sevinc Həmzəyevadır. Hal-hazırda Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsində çalışır.

İndi bu yazını yaza-yaza düşünürəm ki, niyə yuxarıda Atatürkdən sitat gətirmişdim.

Atatürk o vaxta kimi qaranlıqlar içində boğulan, elmsiz, sivil dünyadan təcrid olunmuş, xalqına dünyəvi dəyərləri tanıtmışdı. Millətinin istiqlalı üçün nələrdən keçməmişdi ki...

Sevinc müəllimə də bildiyimiz, gördüyümüz, eşitdiyimiz müəllim streotiplərini dağıtmışdı, ənənəvi müəllim obrazını dəyişmişdi gözümüzdə. Özümüzü ifadə üçün bizə geniş meydan vermişdi, tələbələri ilə səmimi ortam yaratmışdı. Bizimlə savaşmışdı, öyrətmişdi, öyrənmişdi, əylənmişdi, sonuna kimi yanımızda olmuşdu. Heç vaxt bizi qırıb incidəcək bir kəlmə belə işlətməmişdi.

Atatürk millətini hər şeydən çox sevmişdi, o da tələbələrini, Atatürk bu müqəddəs yolda bir dəfə də olsun geri çəkilməmişdi, Sevinc müəllimə də bu cür qətiyyətli idi, yorulmurdu, əzmkar idi, ümidsizlik onun üçün yad məfhum idi. Hər ikisi müqəddəs savaşa girmişdi; biri xalqının istiqlalı üçün, biri tələbələrinin işıqlı gələcəyi üçün. Sonunda hər ikisi savaşı qazanmışdı.

Bu yazdıqlarım əfsanə deyil, tam mənası ilə gerçəklikdi. Bunu həqiqətən görmək, bilmək istəyən varsa SDU-nun tələbəsi olmağa ehtiyac yoxdur. Sadəcə Filologiya fakültəsinin tələbələri ilə beş dəqiqə əlüstü söhbət etmək kifayət edər.

# 1376 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #