İstəyirəm müqəddəs bakirə olasan – Sonuncu Orxandan YENİ ŞEİRLƏR

İstəyirəm müqəddəs bakirə olasan – <span style="color:red;">Sonuncu Orxandan YENİ ŞEİRLƏR
8 yanvar 2018
# 11:30

Kulis.az gənc şair Sonuncu Orxanın yeni şeirlərini təqdim edir.

Dieqo Armando Maradonaya

Gözəl bir qadın olsaydı

Dəli kimi sevib evlənsəydim.

Körpəm olsaydı qucağında

Baxıb-baxıb xoşbəxt olsaydım.

Sonra bir əndamlı iblis məni yoldan çıxarıb,

Ailəmdən soyudub aramıza daş qoysaydı

Soyuyub qadınımdan da, körpəmdən də

Hamını, hər şeyi buraxıb

Boş bir otaqda dinməzcə

içib-içib içimi yesəydim...

Həmdəm olmağa bir əl, bir qucaq, bir sığal olmasaydı...

Yox, özümü bu sonsuz boşluqdan atmazdım

Özümü dəli olmağa da qoymazdım.

Evimə qayıdıb arvadımın ayaqlarını qucaqlayardım

və “bağışla məni” deyərdim.

Bilirəm, o da sakitcə gətirib qabağıma çay qoyub

gülümsəyərdi...

Məni bağışladığından deyil.

Həyatında daha bir alçaq sifəti tanıdığına görə gülümsəyərdi.

Yadınızda qalsın

Gözəl qadınların həyatında alçaq adamlar daha çox olur...

Bağışla, qısqanıram

istəyirəm daş olub düşəsən

arxanca ağzının seliyini axıdan

kişilərin başına.

İstəyirəm şaxlığından yorulub belə asan

bir kişinin baxışına axmayasan

ayaqlarını əllərinə verməyəsən

körpücük sümüyündə şərab içməsin

“Səni sevirəm” deyib boynuna atılmaq istəyən kişilər.

quru bir daş olasan istəyirəm

özünə sirdaş olasan istəyirəm

istəyirəm müqəddəs bakirə olasan

ətəyində namaz qılam.

Mən çox şey istəmirəm

Bircə qadın olma...

Dostum Voşevə

qollarını qoynunda çarpazlayan adam düşün

darıxmır... ağrımır... kədərsizdir...

sakitdir

xoşbəxt deyil

laqeyddir

hərdən çarəsizdir

hərdən də çox ümidli.

hərdən sinəsinin altında vətən sevgisi çiçəkləyir

hərdən dilinə şeir də gəlir, zəhər də.

hərdən də boğazından qalstuku boşaldıb

mahnı oxuyur darıxdığı adamlardan ötrü.

qollarını qoynunda çarpazlayan adam

gözlərini bir nöqtəyə zilləyir hərdən.

və nöqtə boyda yer kürəsində

nəyə lazım olduğunu dərd eləyir.

***

Çox boylanma geriyə

toxunma səni ağrıdan heç nəyə

özünü öldürmə keçmiş deyilən əsir düşərgəsində.

hər şeyi alt-üst elə bir də

möhkəm çığır, möhkəm sevin yenə də.

boylanma geriyə

səni ağrıdan hər şeyin üstünü toz basıb indi.

elə bu zamanın ortasında qal

elə bu dünyanın ortasında qal.

gələcəyə dırmanma

dost kimi deyirəm: evlənmə

hər yataqda birini qucaqla

kitab oxu, şeir yaz

qəmə ağlama, gül

uzan yaşıl otların arasında

gözünü yum

dünya sənindir.

Sadomazoxist

Günün birində - günorta çağı

Evimdən çıxarıb məni təpikləsələr

Ağzımda torpağın tamını hiss etsəm

Məni tənhalıqdan bir az uzaq tutsalar

hər gün gəlib döysələr

döyülməyimi bilib sevinsəm.

tənhalıq da bir azardır

nərdtaxta oynamaq kimi

təsbeh çevirmək kimi

göyərçin uçurtmaq kimi

o da bir xəstəlik növüdür.

Məni tənhalıqdan bir az uzaq tutsalar

hər gün gəlib döysələr

döyülməyimi bilib sevinsəm

hədiyyə almağı gözləyən uşaq kimi...

# 2504 dəfə oxunub

Müəllifin son yazıları

# # #