[b]Öpdüyüm ovuclarına torpaq yığır indi bu adam – Sevinc Çılğının yeni şeirləri[/b]

[b]Öpdüyüm ovuclarına torpaq yığır indi bu adam – Sevinc Çılğının yeni şeirləri[/b]
27 mart 2018
# 12:29

Kulis.az Sevinc Çılğının yeni şeirlərini təqdim edir.

SƏNİ AĞRI KİMİ XATIRLAMAQ İSTƏMƏZDİM

Səni ağrı kimi xatırlamaq istəməzdim

istəməzdim...

Barmaqlarımın ucunda

ovcumda

baş ucumda

evdə

küçədə

yolda

darda

yaxşıda

pisdə

hər kəsdə səndən bir atımlıq nəsə varkən

səni belə ağrı kimi xatırlamağın özü belə ağrı.

Sən bilməzsən –

qadınların o doğuşdan qabaqkı yalançı sancıları kimi

ürküdür məni sənin bitməyin.

Bəlkə indi daha çox inanıram ölümə

bəlkə yalan pıçıldamaqdan yorulmuşam özümə...

Nə anamın isti çayında

nə atamın duasında

nə də ağlımın harasındasa təsəlli var.

Ömrün qürubu dediklərimi bu?

Dediklərinmi oldu?

Səni bir sevgilidən çox

atam, qardaşım, oğlum, dostum kimi darıxırammı?

nə bilim...

Sən heç acı bibəri şirin bilib rahat-rahat yedinmi?

Sonra hər bibər gördüyündə göynədinmi?

Bilmirəm...

bilmirəm necə deyim

sözlərmi bitib, mənmi bitdim?

heç bilmirəm

sənmi getdin mənmi getdim...

Yerlə göy arasında hansı qatdayam

ağlım almır

Hər şey ölür

amma

niyə xatirələr qocalmır?

Mənim yarımçıq mahnılarım var

Susduğum ağrılarım var...

amma mən səni ağrı kimi xatırlamaq istəməzdim...

GÜL KİMİ ADAMLARIQ, DOSTUM...

Pəncərələrdə çırpınan küləklərdə gedənlərin səsi var

nəfəsi var

ruhumun qapılarına çırpılır.

Həyatımda hər şey aynalara hesablanıb.

Özünə görə bəzənmək həmişə özünü sevmək deyil, dostum

özünü aldatmaqdır bəzən

yaralarına boyalar yaxıb gizlətməkdir

gedənlərin ardından oxuduğun ağıları

oynaq ritmlərdə söyləməkdir

dərdinə əl götürüb oynamaqdır, dostum...

Sözə yenilən adamlar dünyanın ən bədbəxt adamlarıdır.

Bir kəlməyə vurulub

bir kəlmədən vurulan

bir kəlməylə ovunan adamlarıq biz.

Gözlə görüb əllə tutduğumuz şeylərin dəyərini itirdikdən sonra anlarıq

Uzaq xəyallarda uydurduğumuz yalanlar daha əziz, daha şirin

Ayaqlarımız yerdə, amma torpaq umrumuzda deyil

Havalardayıq

Göylə əlləşib buludlarda gəzinirik

Nə bədbəxt adamlarıq, dostum...

Bu gün dünənə görə daha az ağrıdıq

Başımızı kitablar, filmlər qatdı

Daha az ağrıdığımıza sevinirik

ta ki, başımızı balışa atanadək.

Həyatın ən soyuq fəsli unutmaqdır –

bunu da isti yorğanlar altında özümüzə sarılıb hönkürəndə anlarıq.

Keçmişiylə yaşayan adamların nə bu günü var, nə sabahı

Xoşbəxt olmağı unut, dostum

Bizim gül kimi xatirələrimiz var...

BAKILI QIZIN ŞEİRİ

Özünü küləkdən qoru –

yağışda islan,

don şaxtada,

amma özünü küləkdən qoru!

Nə söz eşidər

nə haldan anlar

Uçulmamış dam-daş qoymaz

Gözünün yaşına baxmaz

Külək – Allahın qəzəbi kimi bir şey

Özünü küləkdən qoru!

Hürməz, dişləyər

ilan kimi dolanar boynuna

Sancmaz, boğar

Dimdiyiylə alar səni uçurar

Külək – qartal qoynu...

Özünü küləkdən qoru!

Bağıran laldır

Susan kar

Gözün yumub ağzın açan kordur, kor...

Başında papaq durmaz

Boynunda şərf

Açılar düymələrin...

Bir daldanacaq tap gizlən

Özünü küləkdən qoru!

Yəni nə qədər gec deyil qaç qurtul, ömrümün qonağı, qaç, qurtul...

Adamlar bir az da öz şəhərlərinə bənzər...

özünü küləkdən qoru...

O BİRİ ADAM

Sən mənim qaranlıq üzüm –

aynalarda görünən...

Susduğum

hayqırdığım

günahım

babalım

və ən böyük savabım – özümə...

Yalançı gülüşlərimə inad həqiqətim!

Sən mənim o biri üzüm –

içimdəki gözüm...

Yalanım

gerçəyim

varlığım

heçliyim

nəyim necəm necəliyim

üzümə dirənən doğrum

yaşamadığım hər şeyim... heç nəyim...

İçimdəki adam –

içim adam...

Doğmam

yadım

həvəsim

inadım

olanım-olmayanım

alınmayanım

miladdan öncəki zamanım

əllə tutulmayanım

gözlə görülməyənim

şəkillərdə baxdığım, gülümsədiyim...

dirildiyim

öldüyüm

özümü böldüyüm

aynalardakı gizli üzüm

qaranlıq üzüm

Ey! Özüm!

SEVGİLİ VƏTƏN

İndi qürbətdi bu yataq
ortalıqda bir neçə küçə
gəlmək olmur yolları ölçə-ölçə, vətən...


Burnumun ucu göynəyir
əllərimin üstü sazaq kəsib
günəş gözlərini yumub, vətən,
günəş gözlərini yumub
açmır, neynirəmsə açmır...

Səndə unutmadığım nəsə qalıb
doymadığım nəsə... nəsə...
Adını daşıdım dilimin ucunda hara getdimsə
dadını gizlətdim damağımda
alışa bilmədiyim siqaret qoxusunda axtardım səni, vətən...
amma olmadı... olmur
bu qürbət yataqda
sənin qucağın olmadan olmur...

təkcə adamlar getmirmiş
vətənin də getməyi varmış qürbətə...

YAZILMAYACAQ MAHNI

Yağış düşər salxım-salxım axşama

Pəncərədən süzülər baxışlarım

Bu mahnını hardasa eşitmişəm

Bu ağıya ağlamışam nə vaxtsa

Neçə bahar yola saldım neçə qış

Kandarımda ayaq izin tapılmaz

Hara getdin bu eşqi yaşamamış

O yerlərdə bu sevdadan tapılmaz

Yağış döyər külək söyər həyat bu

Yol çəkməkdən kirpiklərim yoruldu

Nəm torpağa belə bədən qıyılmaz

olmaz, ay adam, day bu qədər olmaz

Duvağına büründüm bu gecənin

Yaşmaqlandı neçə səhər gözümdə

İlmə-ilmə, qarış-qarış hörmüşdüm

Bir toxunuşla süzüldü heç oldu

Dönüb-dolandın ömrümün başına

Yollarına çıxmadın ki çıxmadın

Bir yastıqda qocalmadı bizimki

Bir ocaqda kül olmadı... gec oldu

İndi yuxu daş altında...əbədi...

Mənim gözlədiklərim ki gəlmədi

Başım üstə bir ağac ək, ay bala

Gələn olsa kölgəsində deyinə:

"bu bədbəxt də bir gün üzü görmədi"…

MƏN BU ADAMI TANIMIRAM

Mən dərində çürütməkçün uzatmadım saçlarımı
ilanlar udsun deyə
gözlərimi sürmələmədim
torpağın yox, bu adamın bağrında uyumaq istədim
məni unutmasın deyə ölmədim ki İlahi!


Mən bu səsi tanıyıram – hıçqıran bu səsi
eşitmək istədiklərimi susan,
qulaqlarımı tıxadığım sözləri qusan bu səsi...
öpdüyüm ovuclarına torpaq yığır indi bu adam
bir ovuc torpaq...
yumruqlanır əlləri


Bu nə qəzəb?!
Bu nə hüzn?!
Bu nə peşmanlıq?!
Bəs deyirdin kişilər ağlamır?


Mən bu adamı tanıyıram
Gözlərimdə şəkilləri var qəzəbli, zalım baxışlarının
Bircə təbəssümünü xatırlamıram
bircə TƏBƏSSÜMÜNÜ xatırlamıram...


Ayaqları sözünə baxmayıb
özünə hökm etməyib bu dəfə
görüşə gəlib əli ətəyindən uzun
bir dəstə çiçəyə də qıymayıb
bir dəstə çiçəyi də qıymayıb...


Yolumu azıb?
Ağlımı azıb?
içimdə azıb qalan bu adam
özündəmi azıb?
Dizi yerdə
əli yerdə
özü yerdə...
karıxıb bu adam... gəlib...
darıxıb bu adam... gəlib...
elə hey “bağışla” deyir tanış səsi
amma mən bu adamı tanımıram, ilahi...
mən bu adamı tanımıram, ilahi!

ÖLÜ DOĞULAN ARZULARIN ÜSYANI

Bu mən
Bu köhnə əyin-başım
Bu da nimdaş dərdim...

Əvvəllə son arasında ürək xətləri kimi qarmaqarışıq cızıqlar var
Mən o cızıqlardan atıla-hoppana
Soyub-soyub quyruğunda dayanmışam
Uçurumun bircə addımlığında
Yalnızlığın dibində
Ölümün küncündə
Ayılmışam
Həyata tutunmaq
Yaşamaq hayındayam indi

Bu mən
Bu nimdaş dərdimlə
Bu köhnə əyin-başımdan utanmıram daha
Tanrı məni yenidən yaradarsa
Çılpaq və dəlilər kimi qayğısız yaşayacağam
əynimə biçiləsi donlara üsyanım var
tanrı, məni yenidən yarat
yaşamadığım
ölü doğulan arzularım var
eşidirsən? - Məni yenidən yarat...

***

Mənim üçün dua et bu qızaran göy üzünə
bir az nəğmə
bir az ağı
bir az
lap az...
heç olmasa torpaq altda huzur bulsun ürəyim

***

Həyat qocaman bir “NEYSƏƏƏ”...

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

# # #