İki Mövluddan biri gəlsin...

İki Mövluddan biri gəlsin...
17 mart 2017
# 12:32

Sevinc Çılğın

- Bəs deyirsən yeganə kişisən ki, Zair məni sənə qısqanmır?

- Hə, düz deyirəm də. Sən kişi deyilsən ki... Mövludsan.

- Onda nöş öpmürsən?

Öpürəm... toyunda daha möhkəm öpürəm. Yanağında qırmızı boya qalır... iki xətt... iki qırmızı xətt...

***

Zairin telefonu evdə qalıb. İşdən zəng edib mesajları arasında nömrə axtarmağımı istəyir. Qarşıma belə bir mesaj çıxır:

“Həyatımı dəyişdirən adam! Səni sevirəm! Ad günün mübarək!”

- Aaa! Zair, bu kimin mesajıdır?

- Vallah bilmirəm. O gün o qədər zəng, mesaj gəldi, heç bilmədim kim kimdi. Zəng elə soruş.

- Yox bir!

Zair inad edir, telefonun o başında gözləyir. İkimiz də anlayırıq ki, bu dəqiqə aydınlaşdırmasaq, qiyamət qopacaq. Tamam, zəng edirəm. Kim açacaq, İlahi?! Telefonun o başından onun səsi gəlir:

- Hə, Zahir?

- Mən:

- Zəhrimar Zair, çor Zair! Ay o..ş! Bu nə mesajdır yazmısan ərimə?! Az qalmışdı lo düşsün.

Zair o tərəfdə, mən burda, Mövlud da orda ürəkdən gülürük.

***

- Gör məni necə çox istəyirsən ki, getdin axırda adımda qız sevdin...

Sevinclərin ancaq adı sevinc olur... Sevinc onun xilası idi, həyatının ən sevilən dönəmi də Sevinc idi... indi Sevinc...

***

- İçmisən? Nə çırparam səni!

- Elə, Sevinc, elə! Vallah çırp! Sən elə... sənə hər şey olar!

***

12-13 yaşında tanıdıq... balaca, şən, gülən gözlərini üzümüzə zilləyən oğlanı... gözümüzün qabağında böyüdü. Zairin balaca oğlanlarından biri... həmişə qorumaq istədiyi, qoşulduğu zay adamlardan uzaqlaşdırmağa çalışdığı Mövlud...

Əşşi heç nə... heç nə yaza bilmirəm. Mövlud da oxumayacaq. Sakitləşmək istəyirəm sadəcə, sakitləşmək((((

***

- İki dənə “Mövlud” azdı, məncə, bir-ikisin də əlavə elə...

İki Mövluddan biri gəlsin... gəlsin((((

***

Səhər bir az pul verir mənə. Öpür evdən çıxanda. Məncə, bu gün daha çox mehribandır. Niyə?!

- Nə məsələdir, Zair? Sən də Mövlud kimi intihar eləyəcəksən?..

Sən bizi xəstə elədin, Mövlud... İndi hamıdan hər şey gözləyirəm... özümdən də((((

# 2589 dəfə oxunub

Müəllifin son yazıları

# # #