Facebooku siqaret kimi tərgitmək

Facebooku siqaret kimi tərgitmək
14 yanvar 2015
# 14:03

Bir də ayıldım ki, depressiyanın dibindəyəm. Səbəbsiz-filansız darıxıram. Aqressiv, kobud, əsəbi olmuşam. Çatana çatır, çatmayana daş atıram. Hamı, hər şey, hər kəlmə qıcıqlandırır. Ya münasibət bildirib qarşımdakını incitməli, ya da susub gərginliyi içimə atmalıyam.

Bir neçə gün əvvəl doğum günümü qeyd etdim. İki gün öncədən təbrik yağışı başladı. Günün yarısınadək Facebook səhifəmdə 500-dək təbriki saya bildim. Gerisinə hövsələm çatmadı. İnbox aşdı-daşdı. Ancaq like etməyi, uzaqbaşı “mersi” yazıb yanına təbəssüm smaylikləri atmağı çatdırırdım. Gün bitdi, təbrik bitmədi. Bir gün sonra da elə hey təşəkkür etmək məcburiyyətində qaldım. Ümumi bir status yazıb hamıya təşəkkür etmək istədim. Hisslərim, fikirlərim elə qarışıq idi ki, dəyərli vaxtını mənə ayırıb təbrik yazan, könlümü xoş tutmağa çalışan bu qədər insana lazımınca diqqət yetirmədim.

Sabahı gün toydan bir şəkil paylaşdım. İki saat keçmədi ki, 750 like göründü. Aman allahım! Telefonun batareyası çatdırmırdı. Ən pisi isə telefon əlimdən düşmürdü. Başımı qaldırıb ətrafımdakı insanlara məhəl qoymaq imkanım yox idi. Başımı qaldırsaydım belə, hamını özüm kimi görürdüm – hamı, hər şey MONOTON! Geyimlərimiz fərqli olsa da, görkəmlərimiz eyni idi. Hətta əlimizdəki telefonlar, siqnalları da birə-bir eyni! Biz, yəni mən və ətrafımdakı insanlar fincan dəsti kimi bir şey idik.

Gələn bildirimlərə dur demək olmaz. Məntiqsizdir. Sən şəkil paylaşmısan, insanlar sənə zaman ayırır, münasibət bildirir. Necə demək olar ki, daha bəsdi, mənə yazmayın, like etməyin, əsəblərimə toxunur.

Mənim bircə yolum qaldı – Facebooku deaktiv etmək! Bütün gücümü toplayıb etdim. Daha əvvəllər də etmişdim, ancaq uzağı 3 gün tab gətirə bilmişdim. Dostluğumdakı insanlar, paylaşımları üçün darıxıb, Watsappa yazılan “Hardasan? Darıxırıq gəl!” mesajlarına ciddi əhəmiyyət verib geri dönmüşdüm. Yenidən həmin hamam, həmin tas...

Virtual adam olmaqdan bezdim. Hədsiz diqqət, münasibətdən yoruldum. Diqqət mərkəzində olmaq, hər gün yüzlərlə insanla ünsiyyət, yazışmaq, kiminin dərdini eşitmək məcburiyyətində qalmaq, kiminin sevincinə qoşulmaq, virtual enerji alış-verişləri, ötürülən gərginlik, əsəb, kin, nifrət, sevgi, heyranlıq, paxıllıq, qısqanclıq, ikiüzlülük...saysız-hesabsız hiss mübadiləsindən İYRƏNDİM! Başımı telefondan qaldırdım və daha real adam olmaq istədim. Baxdım ki, özümdən başqa real adam təkcə nənəmdir – o da müasir texnologiyanın dilini bilmir deyə.

Gün boyu “salam, necəsən” və s. kimi hal-əhval tutan, mənimlə maraqlanan dostlar qeybə çəkildilər birdən-birə. Aha, nə məktub yazan var, nə zəng edən. Virtualda məşhur, güləyən, zarafatlaşan, sözü dəyərliymiş kimi hər gün açıqlamalar verən, bütün məsələlərə, gündəmin mövzularına münasibət bildirən, statusları xəbərə çevrilən, sorğularda ilk ağla gələn, müsahibə üçün gündə bir jurnalistə vəd verən MƏN hara buxarlanmışdım? Nə səhifəmdə əlində mışka tutub, paylaşımlarımı like etməyə tələsən o izləyicilərdən, nə qurban-sadağa gedən heyranlarımdan, nə bir zamanlar real olan, əllə toxunub, gözlə gördüyüm, masalar arxasında yeyib-içdiyim dostlardan, nə də özümdən xəbər-ətər var idi. Çox ciddi bir sualla üz-üzə qaldım – MƏN KİMƏM? Bu suala olduqca ciddi cavablar vermək olardı. 31 illik ömür yolum üçün ən azından kiçik bir abzaslıq cavab... Amma müasir dünya, virtual həyat üçün mən daha HEÇ KİM idim. Mən ÖLMÜŞDÜM! Və bu ölüm olduqca rahat həzm olunmuşdu. Nə ağlayanım, nə üzülənim var idi. Adi bir fayl kimi Ctrl+A ilə qeyd olunub DELETE düyməsinə tuş gəlmişdim. Bu qədər sadə və bəsit ölüm...

Altını cızaraq xüsusi vurğulayıram – mən bu ölümdən sonra AYILDIM! Təmiz havanı ciyərlərimə çəkdim. Dünya boşalmış, iki cüt bir tək adamla mən tək qalmışdım. Bomboz, mənasız, sakit idi hər şey. Mənə bir anlıq elə gəldi ki, hər şeyi sıfırdan başlayıram. Evdə beş-altı cümləni güc-bəla söyləyən iki övladım, deyingən anam vardı. Ərim isə... ərim isə bir parça çörək üçün məndən beşbetər planşet, telefon və kompüterlərinin əlində əsir-yesir... Reallaşmaq, insanlarla canlı ünsiyyət qurmaq, danışmaq, eşitmək, göz-gözə baxmaq, toxunmaq, qucaqlaşmaq, öpmək... necə gözəl şeylər imiş...

İlk işim ən real dostuma üz tutmaq oldu. 15 ildir həyatımın ən yaxın həyanına. Qəribədir, ikimiz də sosial şəbəkələrdə olsaq da, heç vaxt virtual dost olmamışdıq. Virtualda bir-birimizdən qıcıqlanırdıq deyə bu cəhdimiz baş tutmamışdı. Dostluğumuzu, sevgimizi adiləşdirməmək, bir-birimiz üçün milyonlardan biri olmamaq üçün bu addımı atmadıq. Və budur – virtual dünyadan uzaqlaşınca ilk ağla gələn ən real dostum oldu.

Mən indi illərdən bəri davam edən vərdişimdən qurtulmaqla məşğulam. Siqareti qəfil tərgidən adamlar məni yaxşı başa düşər. Hələ də bir çatışmamazlığın fərqindəyəm. Hardasa, kimsə məni gözləyir... kiminsə mənə sözü var... kimsə nəsə deyəcək... kimsə nəsə istəyəcək... kimsə məni görmək istəyir... Amma mən indi hər kəsi GÖRMƏK, EŞİTMƏK istəyirəm. Həyatımdakı adamlara toxunmaq, insanlarla göz-gözə gəlmək, real enerji mübadiləsi istəyirəm.

Bu kiçik zaman kəsiyində anladığım ən əsas şey – virtual insanların saxta, ikiüzlü və mənasız olduğudur. Xırda-para istisnalar nəticə tablosundan heç nəyi azaltmır. Və zaman hamını yenidən öz yerinə düzəcək. Birazdan hamı layiq olduğu yerdə görünəcək.

Və anladım ki, mən və ətrafımdakı bütün adamlar robotlaşıb. Heç nə elə-belə olmur. Bütün bunlar düşünülmüş, dünyanı kiçiltsə də, insanları yadlaşdırmaq, uzaqlaşdırmağa hesablanmış YENİLİKLƏRDİR! Mən YENİ DÜNYANIN bir parçası olmaqdan imtina etdim. İndi real dünya mənə cəngəllik kimi görünür. Və mən “meşəyə insan gəlib” havalarındayam hələ ki. Bu QÜRBƏTDƏ nə qədər tab gətirəcəyimsə bəlli deyil. Sizə yenidən qaynayıb-qarışmaqdan qorxuram. Facebook bəlkə də “o dünya” dedikləri məkandır. Mən o dünyaya gəlmək istəmirəm. Yaşamaq, yaşamaq, yaşamaq istəyirəm... Bəlkə də çox ciddiyə alıram. Bəlkə hədsiz həssasam. Ancaq nəsə mənə elə gəlir ki, bugünlərdə çoxunuzun görə bilmədiyini görürəm. ÖLMƏK, sizə – milyonlara qarışmaq istəmirəm.

Məni elə unutduğunuz yerdə saxlayın...

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #