Kulis Sevinc Çılğının yeni şeirlərini təqdim edir.
ZÜLFİYYƏ
“Gülüşə qadağa”
“Ağlama, şükr et”
“Acları düşün”
“Başqalarının dərdi səninkindən böyük”
“Özündən başqa hamını gör anla”
Hər ağızdan bir avaz gəlir
Adamlara nolub, Zülfiyyə?
Mənim ki dərdim məni öldürür
Mənim ki gözlərimdə yaş qurumur
Mənim ki bir parça ürəyimdə yanğın bitmir ki bitmir
Sən ki görürsən
Bəs adamlara nolub, Zülfiyyə?
Hər səhər bir ovuc ümidlə oyanıb
Bu gün hər şeyin yaxşı olacağına inanırıq
Hər axşam nə qədər axmaq və mənasız olduğumuzu anlayıb
Buz kimi çarpayımızda qovruluruq
Uşaqca sevinclərimiz
Ahılca ağrılarımız var
Heç kəs görmür
Axı adamlara nolub Zülfiyyə?
Məsələn mən
Uşaq, ər, iş, ana, pul, paltar, bəzək qayğılarıyla
Məişətə uduzuram
Tıxaclarda şeir yazıram
Sənsə...
Gələcək övlad
Adam kimi adam sevgili
Zövqlü iş
Xəstə ana hayındasan...
Təksən
Təkliyinlə savaşırsan
Özünlə barışmısan
Başın şişir fikirdən
Gözün şişir gizli-gizli ağlamaqdan
Ama sən
Hər səhər gülümsəyirsən
Sussan da danışırsan
Sussam da anlayıram
Və bizi –
Məni ölü arzularım
Səni diri ümidlərin yaşadır
Bunca ağrının içində
Biz yaşaya bilirik
Bu adamlara nolub, Zülfiyyə?
Yaxşı, ağlama, Zülfiyyə
Dur çay dəmlə
Şirin çörəklər almışam
Unudaq yenə
Unudaq hər şeyi
Bir parça ət və sümükdən olduğumuzu
Yeməsək ölərik həqiqətini xatırlayıb
Üz-üzə oturaq yenə
Qaldır masadan ağrıları
Uzun dolaşıq saçlarına qurban olsun hər şey
Bizə nə adamlara nolub, Zülfiyyə
LEYLA
Leyla – mənim canlı sükutum!
Mən ovuclarımda ağrılarımı sıxıb-sıxıb gizlətdikcə
Sənin danışan baxışların üsyan edər
Mən sənə heç vaxt ağrıyan yerlərimi göstərmərəm
Sən mənə susmaq üçün göndərilmisən çünki...
Leyla...
Sən bilirsən adam hamıdan gizli öz içində necə ölür?
bilirsən...
unutmağın qabıq dəyişmək olduğundan xəbərin varmı?
Var, görürsən...
Bəs adamın...
Bəs adamın ölmədən öncə
Yoxluğuna ağlayan dostuna sarılıb “mənə unutmağı öyrət ki ölməyim” pıçıltısını necə, eşidirsən?
Sənə boyalı dırnaqlarımın şəklini yollayaram
Gözəldi deyərsən
Üzümə saatlarca susub
gözlərimin, dodaqlarımın sirrini açarsan
sənə dərdlərimi gizlədən gözəlliyimdən danışaram
özümə danışdığım yalanlara səni də inandırmaq istərəm
sən baxarsan
sən susarsan
gülümsəyib ürəyindən məni bağrına basmaq keçər
keçər, Sevinc, bu da keçər...
Leyla...
Leyla...
Nə gözəl adın var
Adın
üstümə yağdırmadığın suallarına
ən doğru cavabımdı – Leyla...
sən üçnöqtələrin arasında gizlənən həqiqətimi
iliyinə qədər hiss edərsən
və ən dadlı dərmanı – sükutu qoyarsan qanayan ovuclarıma
Leyla, xəbərin varmı
oğlum
bütün dostlarımı “lelaaaa” çağırır
dostun bir başqa adı – leyladır, xəbərin var?...