Kapitalizmə meydan oxuyan meynə ağacı

Kapitalizmə meydan oxuyan meynə ağacı
26 may 2015
# 13:34

Doğma bataqlıqlardan biri də Sovetskidir. Kubinka ilə hələ qırılmayan bağlarım var deyə, dünən nənəmə baş çəkməyə gedəndə Sovetskidən keçməli oldum. Darısqal dalanlardan birində kiçik bir meynə ağacına gözüm sataşdı. Sökülmüş hansısa yuvanın kandarında... Dağıdılmış bir evin igid arxası yerə gəlmiş divarlarının tozu-torpağı arasında... Ağac kəsilib, kökü qoparılmayıbmış. Və hər şeyə inad yarpaqları yenidən cücərib boy atmağa həvəsli, ümidli...

Meynə ağacı Bakı kəndlərinin, dolayısıyla bakılıların simvollarından biridir. Elə bir Bakı bağı yoxdur ki, orda meynə ağacı olmasın. Kubinka, Sovetski kimi məhəllələr də bir növ Bakı kəndi kimi bir şeydir deyə mənim gördüyüm və böyüdüyüm həyətlərin də meynə talvarı olardı. Yaz gələr-gəlməz meynə ağacı qol-budaq atar, yarpaqları həyətin üstündə tavan yaradardı. Mən o xırda budaqların uclarında buynuzabənzər yaşıl çıxıntıları-bığcıqları qoparıb yeyərdim. Turşməzə, ləzzətli olardı. Nənəm (ata nənəm) budağın ən başında bitən xırda, tüksüz yarpaqları dərər, mövsümün nübar yarpaq dolmasını həyətimizin məhsulundan bişirərdi. O talvarın altında köhnə bir masa, ətrafında taxta stullar qoyulardı. Daha evdə, qonaq-qara qabağına deyil, həyətdə işlənə biləcək süfrələr həyət masasına sərilərdi. Səhərdən gecə yerimizə girənə kimi günümüz həyətdə keçərdi.

Nənəmin yazılmamış qanunları vardı. Zəhmli arvad idi. Təmizkar, baxımlı, gözəl qadın idi. Gəlinlər bir sözünü iki edə bilməzdilər. Hörmətdə qüsur etmək onun gözündən düşmək demək idi. Bunusa heç bir gəlin arzu etməzdi. Eltilərlə, qayınlarla, hətta öz ərləri və uşaqlarıyla da yüksək tonla danışmaq böyük qəbahət sayılardı. Bu, həm də qonşulara sayğı demək idi. Anlayacağınız, ağırbatman ailə. Hətta həyətin böyük darvazası da ağır-ağır açılar, qapımızın qabağından quş quşluğuyla belə uçardısa, qanadlarının səsi çıxmazdı. Məhəllə adamlarının ailəmizə xüsusi hörmət və diqqəti də əmilərimin zəhmi, hökmran davranışlarının məhsuluydu.

O yazılmamış qanunlardan biri də yaz-yay aylarında gəlinlərin yuxudan duran kimi həyəti süpürüb-yumalarıydı. Günəş bizim səhər yeməyimizə qədər həyətimizin nəmini qurudar, səhər yeli ağaclarımızın yarpaqlarını oynadardı. Şirin çaylı, yağ-pendirli səhər yeməklərinə nifrət edən mən belə nənəmin və əmiqızıların həvəsinə bu naharı yeməklə anamı təəccübləndirərdim. Sonralar heç vaxt nə şirin çay içdim, nə yağ-pendir yedim (indi elə gözəl anlayıram ki, bunun səbəbini).

Nənəm böyük külfətin yeməyini də yağışlar başlayana qədər həyət mətbəxində bişirər, xörəyin ətri-qoxusu bütün həyəti bürüyərdi. O ətri də, o dadı da xatırlayıram. Nənəmin xörəyi qarışdıran taxta qaşığı da gözümün qabağındadır. Özü oturar, yeməyin inqridientlərini bizə – balaca qız nəvələrinə gətizdirər, bir çox şeyləri də gəlinlərinə buyurardı. Biz də nənəmin arxasınca “indi guya bu xörəyi nənə bişirdi də” deyib gülərdik. Amma əslində nənəm bişirirmiş, indi anlayıram. Çünki sonralar elə biz hamımız – o gəlinlər də, ərə gedən nəvələr də bişirdiyimiz xörəklərdə o nənənin xörəyinin dadını alana qədər xeyli çalışdıq.

Axşamlar həyətin bütün adamları, yəni böyük ailəmiz – başda nənəm olmaqla əmilərim, əmidostular, nəvələr – hamımız o talvarın altındakı masada əyləşər, şam edərdik. Kimin həvəsi olardısa samovarı odlayardı. Limonlu, pürrəngi çayı böyüklərin keçmişdən, maraqlı, gülməli hadisələrdən bəhs edən söhbətlərinə qulaq asa-asa içərdik. Mən o çayın dadını heç vaxt, heç cür izah edə bilməyəcəyəm!

İndi Kubinkada qalan o köhnə həyətlərdən biri də bizim mülkdür. Yenə o üzüm talvarı, yenə o tut ağacımız, əncirimiz yerindədir. Amma... Amma o adamlar yoxdular. Çoxu öz zamanını doldurub mülkü tərk etdi. O hökmran, əzəmətli, ağır və sözü kəsərli əmilərim də qocalmadan qara torpağa gömüldülər. Həyətimizin sütunu olan böyüklərimiz bizi tərk etdikcə böyüdüyümüzü dərk etdik. O həyətin dadı-duzu itdi. Marağı qalmadı. İndi böyümüş biz – dünən həyətdə “klas-klas”, “gizlənqaç” oynayıb ağacların arxasında gizlənən nəvələr həyatın üzünə çıxdıq. İş-güc, ailə və məişət qayğıları, hərənin öz yuvasının problemləri bizi bir-birimizdən uzaq saldı.

Ayda-ildə bir dəfə, yasdan-yasa, toydan-toya görüşmək, arada texnologiyanın sayəsində danışmaq reallığımıza çevrildi. Daha o meyvə ağacının altındakı masanın başında nənəm oturmur. O qolu qüvvətli, ağır kişilər – əmilərimin addım səsləri yoxdu o həyətdə. Qonaqlı-qaralı mülkümüz sönük, sakitdir. Keçmişdən qalan saralmış bir ailə tablosu, köhnə əşyaların arasından tapılan foto kimi bir şeydir.

Nə şirin çay, nə dağlıların isti təndir çörəyinin üzərinə yaxılan yağ-pendir, nə meynə ağacı, nə əncir, nə tut... Heç nə əvvəlki kimi ləzzətli deyil, ola da bilməz. Bu gün o daşın-torpağın arasından yola boylanan balaca meynə ağacı yaddaşımın künc-bucağında ilişib qalan, ilk baxışdan mənasız görünən xatirələrimə toxundu.

Oynaşan yarpaqları uşaqlığımın tozunu sildi. Keçmişə, xatirələrə, yeni tikilən binalara, kapitalizmə və yaşanıb-bitmiş ömürlərə inad məhv olmayan, yenidən qürurla günəşə boylanan bütün meynə ağaclarına təşəkkür edirəm.

# 2605 dəfə oxunub

Müəllifin son yazıları

# # #