AzTV- informasiyasız teleqəzet

AzTV- informasiyasız teleqəzet
26 may 2011
# 10:58
İstirahət günlərindən birində dənizkənarı parkda dostlarla gəzəndə Az.TV-nin keçmiş sədri Nizami Xudiyevlə rastlaşdıq. Xudiyev əylənən uşaqlara elə məsum nəzərlərlə baxırdı ki, sanki Az.TV-də uzun müddət dişsiz siyasəti həyata keçirən bu şəxs olmayıb.

Yanımda dayanan Qan Turalı qulağıma zarafatla pıçıldadı: “Bəlkə yaxınlaşıb ondan Az.TV-ni niyə pis kökə salmasını soruşaq?”

Hərçənd Nizami Xudiyevin yerinə təcrübəli, televiziya sahəsində peşəkar sayılacaq adamı da Az.TV-nin başına gətirsən heç nə dəyişən deyil. Hər halda dövlət televiziyasında çoxlarının müsbət şeylər gözlədiyi son rəhbərlik dəyişikliyin nəticələri də bu aksiomanı bir daha təsdiqlədi.

Az.TV-nin yeritdiyi siyasət Amerikanın heç zaman dəyişmək bilməyən xarici siyasətinə bənzəyir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, nəsə baş vermir. Hər gələn rəhbər özündən öncəki adamın siyasətini davam etdirir.

...Bir neçə həftə davamlı olaraq dövlət televiziyasını izlədim. Kanal müstəqillik qazandığımız 20 il ərzində özünün statik vəziyyətindən çıxa bilmir. Ən pisi isə odur ki, yerindən dəbərmək üçün cəhd də göstərmir.


Amma statikliyə rəğmən bir neçə normal verilişlə də rastlaşdım. Bu haqda az sonra.

Az.TV tamaşaçıya teleməhsul yox, standart, informasiyasız teleqəzet təklif edir. Yəni efirdə yer alan proqramların çox böyük əksəriyyətinin formatı belədir: bir adam danışır, sonra ekrana təbiət mənzərələri, ya da Azərbaycanın hansısa şəhərlərindən birinin heç nə ifadə etməyən görüntüləri və s. gəlir, kadrarxası lirik musiqi səslənir, arada bir qocaman diktorların, məsələn, Roza Tağıyevanın həzin, kədərli səsi eşidilir.

Sonra kadrda başqa bir adam görünür, o da nəsə danışır və beləcə “veriliş” ərsəyə gəlir.

Məsələn, “Yurd yeri” adlı veriliş Azərbaycanın bölgələrindən bəhs edir. İşğaldan azad olunmuş torpaq haqda “yağı nəfsi üstündən götürüldü”, Cənubi Azərbaycan haqda “ruhumuzun yolları çox uzundur” tipli mətnlər və onların müşayiət etdiyi təbiət kadrları Az.TV-nin “brendi”dir.


Yaxud “Azərbaycan tarixi” adlı proqramında aparıcı Kərim Şükürov studiyadaki bir qonaqla tarixi hadisələri müzakirə edir. Əslində, buna “müzakirə” demək doğru deyil. Çünki qonaq danışır, aparıcı onun dediklərini təsdiqləyir və ya əksinə. Anlayıram ki, veriliş maarifləndirmə xarakterlidir.

Fəqət problem ondadır ki, müasir televiziya standartlarına cavab verməyən proqram-dərs darıxdırıcı mühazirələri xatırladır. Tamaşaçı, təbii ki, forma axtarışlarının olmadığı verilişi izləməyəcək.

Tamaşaçını ekrana hər şeydən əvvəl diskussiya, intriqa cəlb edir.
Yoxsa ki kimsə televizorun qarşısında oturub K.Şükürovun “dərslərini” dinləmək həvəsində deyil.

Nümunə üçün deyim ki, ANS-də Nadir Bədəlovun “Dahilərin divanı” adlı telelayihəsində tarixi şəxsiyyətlər müxtəlif mövqeli insanlar tərəfindən müzakirə edilirdi. Həm intriqa vardı, həm də tamaşaçı informasiya alırdı.

Bu qəbildən olan “proqramlar” Az.TV-nin “marka”sıdır, yəni onu xarakterizə edir. Ona görə biri digərinin zövqsüz, anlamsız variasiyası olan ayrı-ayrı verilişlərin geniş analizinə ehtiyac yoxdur.




Diqqətimi çəkən proqramlardan yazmışdım. Az.TV-nin efirində Kann kinofestivalı ərərfəsində Kann şəhəri haqqında 15-20 dəqiqəlik maraqlı filmi izlədim. Orxan Əliyevin “Təmas nöqtəsi” adlı proqramı diqqətdən kənar qalan, başqa kanalların qapısını üzünə açmadığı gənc rəssamlarla, heykəltəraşlarla və onların əsərləri ilə tanış edir. Az.TV standartlarına uyğun gəlməyən - Sevinc Muradovanın “Səadət” qadın proqramını da əlavə etmək olar.

Amma bütün bunlar Az.TV-nin nəhəng boz, süst obrazının kölgəsində qalır.

İnformasiya texnologiyaları dövründə Az.TV formatında verilişlərin hələ də mövcudluğu absurddur.

Azərbaycan telekanalları nə qədər bərbad vəziyyətdə olsa da, onların hansısa tamaşaçı auditoruyasını hədəfləyən proqramları var. Az.TV-nin isə auditoriyası və hədəfləri bəlli deyil.
# 3399 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #