Üst-üstə dörd milli serial haqda yazmışam. Növbəti serialı izləmək üçün seçimə başladım: “Məhkumlar”, “Həkimlər”, “Qağayı”.
Bir az götür-qoydan sonra “Məhkumlar”ın (ssenari müəllifi Vüsal Nuru, rejissor Yaşar Əhmədov) üzərində dayandım. “Oscar film production” tərəfindən ekranlaşdırılan serialın ilk 10-15 dəqiqəsindən anladım ki, söhbət qadın haqlarından, ailədaxili zorakılıqdan, yoxsulluğun çətinlikləri ilə üzləşən insanlardan gedir.
Göründüyü kimi, serialda ciddi, cəmiyyətin aktual problemlər çözümünə cəhd edilir. Müəlliflər birdən-birə çox problem qaldırır, ağır yükün altına girirlər. Bu isə serialın təbiətinə, xarakterinə yaramır. Çünki serial çox sərt çəkilməməlidir, dramaturgiyasında bir qədər yumşaqlığı ehtiva etməlidir.
“Məhkumlar”dakı hadisələr günümüzün reallığına, faktlara əsaslanır. Ona görə də material sənədli və ya bədii film üçün daha yararlıdır.
Ümumiyyətlə, qadının ailədə, cəmiyyətdə yeri mövzusunda ən yaxşı serial çəkən rejissorlardan biri Kudret Sabançıdır. Onun “Zərda”, “Aliyə” seriallarında qadın problemləri araşdırılsa da, rejissor bayağılığa getmədən melodramatik elementlərdən istifadə edərək onları beyin üçün saqqıza çevirir.
Öncəki yazımda dediyim, milli seriallardakı qaramatlıq “Məhkumlar”a da xasdır. Bu səbəbdən də serialı axıra kimi izləmədim.
Və ATV telekanalı ilə “ZZ- Production”-nun birgə layihəsi olan “Həkimlər”ə (ssenari müəllifi Kəmalə Qasımova, rejissorlar Natiq Axund və Yusif Duran) keçid aldım.
Amerikadan tutmuş Avropayadək tibb işçilərinin fəaliyyəti haqda seriallar çəkilib: “İtalyansayağı ehtiraslar”, “Doktorlar”, “Təcili yardım” və s.
“Həkimlər”də tibb işçilərinin fəaliyyəti fonunda müxtəlif hadisələr nəql edilir.
Vurğu həm də həkimlərin (təbii ki, hər yerdə olduğu kimi burda da vicdansızlar var) fədakarlığına edilib.
Qısaca desək, analoji serialların hazır kalkası götürülərək, Azərbaycan mühitinə uyğunlaşdırılıb. Bilmirəm, mövzu tamaşaçı üçün nə qədər maraqlıdır? Və ya ona səmimi gəlirmi? Ya da belə deyək, serial nəyə hesablanıb?
Əhalinin çox narazı olduğu həkim zümrəsinin müsbət imicinin formalaşdırılmasına? Əlbəttə ki, milli səhiyyə sistemində çox savadlı və vicdanlı həkimlər çalışır. Amma onlar az qala istisnaya çevrilir. Səhv müalicələr, yanlış diaqnozlar problemli insanların kütləvi şəkildə İrana, Rusiaya, Türkiyəyə axışmasına səbəb olur.
Elə isə belə bir serial tamaşaçıya maraqlı gələ, onu inandıra bilərmi? Bu mənada layihə müəlliflərinin zamanın nəbzini düzgün tuta bilməyi ilə bağlı şübhələrim var.
Nəsə, “Həkimlər”dən də vaz keçib, “Qağayı”ya üz tutdum.
A.Çexovun eyni adlı əsərinin motivləri əsasında ekranlaşdırılan “Qağayı” ( ssenari müəllifləri Firudin Məhərrəmli və Ələkbər Həsənzadə, rejissor Elvin Mirzəyev) serialının ilk bölümündən bəzi hissələri izləmişdim, maraqlı gəlmişdi.
Sonra bir neçə bölümünə baxdım. Baxdım deyirəm, amma “özumü zorladım” ifadəsi daha dəqiqdir.
Əvvəla, serialın tempi yorucudur, astadır, saxta teatrallığı var, əsas ifaçılardan biri Sara (Nigar Həsənzadə) infantilə oxşayır, əski dövr aktrisalarının pafosulu-lirik intonasiyasında danışır. Müğənni Nazpəri Dostəliyevanın isə “Qağayı”ya heç bir dəxili yoxdur. Bildiyimə görə, serial N.Dostəliyevanın bağ evində çəkildiyindən, yəni çəkiliş heyəti imarətə kirayə haqqı ödəmədiyindən, razılaşmaya əsasən baş rollardan biri müğənniyə həvalə edilib.
N.Dostəliyeva fakturaca hind aktrisalarına yaxındır. Xüsusən də, hind aktrisaları sayağı üz-gözünün, qaşının hərəkəti, mimikası.
Nə Çexovun əsəri, nə Ayşad Məmmədov, nə Vidadi Həsənov kimi peşəkar aktyorlarla tərəf müqabili olması onu tipik hind melodramatizmindən xilas etmir.
Çexova rəhmət oxuyub, bu serialdan da yarımçıq ayrılıram.
...Hər dəfə milli serial izləyəndən sonra Verner Herzog demiş, təmiz kadr görmək, katarsis üçün ciddi filmə ehtiyac duyuram. Həmin gün də Robert Oltmen və ya Marko Ferreriden bir filmə baxmağı planlaşdırırdım.
Serialların enerjisi kinoya baxmaq istəyimi elə öldürdü ki, daha bu mövzuda yazmamağı düşündüm. Əlbəttə ki, istənilən halda peşəkarlıq məsələsi, yəni serialın xoşa gəlib-gəlməməyindən asılı olmayaraq, onu izləmək, münasibət bildirmək lazımdır. Fəqət, milli seriallarımızı izləməyə iradəmin gücü yetmir, əsəblərimə pis təsir edir, passiv enerji ilə yükləyir, hər şeydən çox isə vaxtın hədər, boş keçməsinə təəssüflənirəm.
Xüsusən də, masamdan, hələ izləməyə macal tapmadığım A.Xodorovskinin, K.Keslevskinin diskləri boylanınca təəssüfüm günah hissinə çevrilir.
“Məhkumlar”, “Həkimlər”, “Qağayı”... TƏHLİL
17 noyabr 2012
08:30
4071 dəfə oxunub