“Mənim filmimdən sonra toy verilişlərini qadağan elədilər”

“Mənim filmimdən sonra toy verilişlərini qadağan elədilər”
7 noyabr 2014
# 15:09

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “Gəl, təzədən evlənək”

Çəkildiyi il: 2011

Xronometaj: 80 dəqiqə

Rejissor: Ceyhun Şüküroğlu

Ssenari müəllifi: İmir Məmmədli

Operator: Fərmayıl İsmayılov

Rollarda: Əmirqulu Cümşüdov, Zülfiyyə Alhüseynova, Şəfəq Əliyeva, Fərhad İsrafilov və başqaları.

İstehsalçı şirkət: “Carçıfilm” Yaradıcılıq Birliyi

Süjet: Kənddə yaşayan Teymur və Xırdaxanım təzə evlənib. Həyatın yeknəsəq keçdiyi kənddə ailənin yeganə əyləncəsi televiziyada toy verilişini izləməkdir. Verilişdə evlənənlərin sosial problemi həll edildiyi üçün Teymur arvadını da ora göndərmək qərarına gəlir. Və Xırdaxanım verilişdə özünü subay xanım kimi təqdim edir.

Dosye: Ceyhun Cümşüdov 1973-cü ildə Dəvəçidə anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001). Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, AzTV-də və İctimai TV-də rejissor vəzifəsində çalışıb. Hazırda İctimai Televiziyada böyük rejissordur.

Rejissorla söhbəti təqdim edirik.

- Mirzə Cəlilin “Saqqalı uşaq” hekayəsini ekranlaşdırmısız. Sizcə, nə qədər müasir adaptasiyadır?

- Rejissor ssenarisində hekayəyə əlavələr eləmişik. Mən narahat edən orda nə idi? Adamların kitaba olan biganəliyini göstərmək istəmişəm. Filmdə gənc satıcı yazıb-oxumağı, dükanda işləyən qadın hesabı bilmir.

- Belə anladım ki, filmlə yazarların “kitab oxuyun” çağırışına dəstək vermək istəmisiniz. Amma bu gün hamı ən ibtidai səviyyədə belə yazıb –oxumağı, hesablamağı bilir. Yəni 19-cu əsrdə bu, aktual ola bilərdi, amma indi təhsilin problemləri başqadır.

- Təbii aktual deyil. Amma bu gün bizim millət olaraq, faciəmiz ondadır ki, satıcılar elementar hesab qaydalarını bilmirlər. Kalkulyatorla hesablayırlar.

- Bütün dünyada kalkulyatorla hesablayırlar.

- Qəhrəmanım kalkulyatorla da hesablaya bilmir. Onun savadsızlığı göstərilib. Naibə Allahverdiyeva da rolunu gözəl oynayıb.

- “Üç görüş” filminin materialı maraqlıdır. Mənə elə gəlir ki, situasiya filmi daha çox əsəbi intonasiyada çəkməyi diktə edirdi. Siz isə lirik, poetik çəkmisiz ki, tamaşaçı asan həzm eləsin?

- Ümumiyyətlə, daha çox komediya çəkmişəm. Deyilənə görə pis alınmır. Üstünlüyü də daha çox bu janra verirəm. “Üç görüş”də bir az dramatizm, melodram elementləri də var. Əslində tamaşaçını çox düşündürməyi sevmirəm. Bundan qaçan adamam. İstəmirəm ki, filmə baxan tamaşaçı düşünsün. Məsələn, Vaqif Mustafayev komik situasiyaları ilə düşündürücüdür. Ona görə daha yüngül çəkirəm. Filmdə qızla hər görüş qəhrəmanın həyatını bir səmtə aparır. Burda göstərirəm ki, təsadüflər insan həyatını tamamilə dəyişə bilər. Dram Teatrının aktyoru Elnar Qarayev də rolunu yaxşı oynayıb.

- Bu filmdə belə ifadə var: telekanallarda hava proqnozundan başqa nəyisə düz demirlər. Televiziya filmində bunu demək cəsarət göstəricisi sayıla bilər.

- Ssenarini Ramiz Rövşən yazmışdı. Onu oxuyanda bir az tərəddüd elədim. Ramiz müəllimə də dedim ki, buna ehtiyatlı yanaşmaq lazımdır. Ramiz müəllim dedi ki, mənim fikrimdir, çıxara bilərsiniz. İsmayıl Ömərov da etiraz eləmədi.

- “Gəl təzədən evlənək” filmindən danışın. Filmin ideyası aktual məsələyə toxunur.

- İmir Məmmədlinin ssenarisidir. O vaxt İsmayıl Ömərov dedi ki, belə maraqlı ssenari var, bax, qısa müddətdə işlə. Yeni ilə kimi çatdırmaq lazımdır. Ssenari mənə də maraqlı gəldi. Həm aktuallığına görə, həm də məni narahat edən məsələlərə toxunmuşdu. Azərbaycanda toy verilişlərinə çox baxırdılar. Özüm də çəkilişlərə hazırlaşanda toy verilişlərinə on gün səbirlə baxdım. Çünki filmdə belə formatlı veriliş çəkməliydik. Çox əsəbi halda baxırdım ki, 70 yaşında kişi qızını ora ərə verməyə çıxarıb. Bir növ bazara oxşadırdım. Ağrılı məqamları filmdə verdik. Əlavələr də elədim. İmir müəllimlə də məsləhətləşdim. Pis-yaxşı alındı.

- Sizə irad tutmadılar ki, milli-mənəvi dəyərlərə ziddir film?

- İlk baxışda elə gələ bilər. Amma əslində elə deyil. Janr etibarilə komediya olsa da bir ailənin faciəsidir. Obrazların düşdüyü vəziyyət komediyaya gətirib çıxarır. Çoxları yazdı bu filmdən. Youtube-da ən çox baxılan filmlərdəndir. Əsas qəhrəmanlardan biri Teymuru nə qədər adam söydü. Hətta mənə də zənglər gəlirdi ki, bu, nə filmdir çəkmisən, get, Koroğludan, Babəkdən çək. Baş qəhrəmanlar - Teymur, Xırdaxanım rollarına aktyorları düzgün seçdiyimiz üçün yaxşı alındı. Efirə gedəndən sonra heç bir ay keçmədi ki, toy verilişlərinin ikisi də bağlandı. “Gəl, təzədən evlənək” maarifləndirici filmdir.

- Çəkilişlər harda getdi?

- İsmayıllı və Sabirabadda.

- Niyə fərqli rayonlarda çəkdiz?

- İnteryeri çəkdim İsmayıllıda, naturanı çəkmək istəyəndə qar yağdı. Dedilər ki, ancaq Muğan bölgələrində qar az yağıb. Orda çəkdik.

- Teymur rolunun ifaçısı xüsusən koloritlidir. Aktyorları necə seçdiniz?

- Böyük çıxmasın, tanınmış aktyorların arxasında gizlənməyi sevmirəm. Çalışıram ki, peşəkar aktyorlarla işləməyim. Təcrübəsi az olan aktyorla işləyənə əlində xammal olur. Tanınmışlarla işləyəndə daha çox əziyyət çəkirsən, nəinki cavanlarla. Teymuru oynayan Əmirqulu Şabran Mədəniyyət evində işləyir. Xırdaxanım obrazının ifaçısı Zülfiyyə isə Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Hər dəfə kastinqdə sınaq çəkilişləri edirdim. Sonda Əmirqulunun üzərinə dayandım ki, Teymur budur.

- Aktyorlarla necə işləyirsiz?

- Tələb olunan vəziyyət var, mənə nəyin lazım olduğunu deyirəm. Bir-iki məşq, bir neçə dubl...

- Alınmayanda neyləyirsiz?

- Alınmayanda .. Onda zəif rejissoram.

Mən aktyora necə oynamağı göstərmirəm. Lütfi Məmmədbəyli müəllimim olub. Deyirdi ki, heç vaxt aktyora vəziyyəti göstərməyin, izah edin. Mizanı göstərə bilərsən. Vəziyyəti göstərirsənsə deməli, onu aça bilmirsən aktyora. Çox teatr aktyoru üçün filmdə oynamaq çətindir. Çünki səhnədə oynayır, hər hərəkəti qabarıq göstərir. Onu filmə gətirəndə bu, oyunçuluğa gətirir, mübaliğəli görünür. Amma yaxşı improvizələrə imkan verirəm.

- Müstəqil filminiz olubmu?

- İndi müstəqil film çəkmişik. Novruz Nəcəfoğunun “Yollara uzanan gün” ssenarisi əsasında. Maliyyə dəstəyi olmadan. Montajdadır. Janrı da melodramdır. Tammetrajlı publikaya hesablanmış filmdir.

# 4862 dəfə oxunub

Müəllifin son yazıları

# # #