Amerika yazıçısı, siyasi fəal, qalmaqallı feministlərdən biri Naomi Vulf haqda ilk dəfə “İnostrannaya literatura” jurnalında oxumuşdum. Onun səs-küyə səbəb olmuş “Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışı yeni baxış bucağından araşdırılır. Müəllif yazır ki, qadının köklüyü heç də onun gözəl olmadığı anlamına gəlmir. Bu, qadınların, onları xurafatın təsirinə salan moda və gözəllik sənayesindən azad olması deməkdir. N.Vulfa görə, kişi dünyası qadını məqsədli şəkildə gözəlliyin əsiri edir. Xarakterli qadınlar kişilər üçün arzuolunmaz adama çevrilir. Kişi dünyası qadın bədəninin və gözəlliyinin birgə olmasını istəmir. Beləcə, gözəllik sosial statusa çevrilir, qadınlar öz arzularını realizə etmək əvəzinə, “gözəllik qurban tələb edir” deyiminə tabe olur, sağlamlığını, zamanını, gücünü, pulunu qurban verir. Müəllif yazır ki, kişi dünyası gözəllik tələbləri ilə qadını çərçivəyə salaraq onun üçün bəlli qəliblər düşünüb. Hər bir qadın bu obraza uyğunlaşmaq üçün əmək verməlidir. Qadın çəkisinə diqqət etmək üçün ac qalmalıdır. Ac qalan insan sağlam düşünə bilərmi?
Yaşlı qadın gözəl ola bilməz, əbədi cavanlıq isə əldə olunmazdır. Gənc qalmaq istəyi qadını kosmetik vasitələrə, estetik əməliyyatlara böyük pullar xərcləməyə vadar edir.
Dinin isə qadına həmişə xüsusi tələbləri olub. Qadın orqanizminin təbii xüsusiyyətləri günah kimi aşılanıb. Sonralar ənənəvi dinin təsiri azalsa da, indi onu gözəllik kilsəsi əvəz edib. Parıltılı qadın jurnalları isə daim gözəllik kilsəsinin müddəalarını, tələblərini xatırladır. Çılpaq ideal bədənlər bizi hər yerdə əhatə edir: reklamlarda, telekanallarda, jurnallarda. Belə fikir aşılanır ki, seksdən həzz yalnız ideal proporsiyalar olduğu halda mümkündür.
Qısası, N.Vulf kitabında amansız gözəllik sənayesinin mahiyyətini açır və ifşa edir.
2007-ci ildə çapdan çıxan “Amerikanın sonu” kitabında isə Vulf Buş hakimiyyətini hədəfə alır. Onun fikrincə, Amerikada demokratiya təhlükə altındadır və ölkə faşizmə doğru gedir. Hətta onun əsəri əsasında eyni adlı sənədli film çəkilib.
Bu yaxınlarda isə Vulfun daha bir mübahisəli, radikal kitabı yayımlanıb: “Vagina. Yeni bioqrafiya”.
Yeni əsərində müəllif qadın seksuallığını mifləşdirir, qadın olmaq nə deməkdir sualına cavab axtarır.
Alman mətbuatına son kitabı ilə bağlı verdiyi müsahibəsində Vulf iddia edir ki, vagina qadın gücünün mərkəzidir:“ Kişi cinsiyyət orqanından fərqli olaraq qadın cinsiyyət orqanı daha çox əsəb sistemi, beyinlə sıx bağlıdır. Eyni zamanda yaradıcılıq və orqazm arasında da əlaqə var”. Tənqidçilər ona əks arqument kimi “Wuthering Heights“ əsərini yazan Emiliy Brontenin bakirə olmasını misal gətirirlər.
Vulf deyir: “Kim deyə bilər ki, Bronte masturbasiya vasitəsilə orqazm olmayıb. İnanıram ki, hər kəs seksuallıqdan nəsə bilir. Hətta rahibələr belə”.
Çox qadının orqazmın nə olduğunu bilmədiyini deyən müəllif bunun səbəbini belə açıqlayır: “Mən 18 əsrin pornoqrafiyasını “Fanny Hill“i (ingilis yazıçısı Con Klelandin əsəri) analiz etdim. Zərif toxunuşlar, oxşamalar mədəniyyəti itirilib. Bunun itirilməsinin əsas səbəblərindən biri də porno saytlar və ordakı kobudluq, vulqarlıqdır. Kitabda yalnız vaginaya fokus etmirəm. Onu da demirəm ki, müntəzəm orqazma ehtiyac var. Bunu deyirəm, tibbi araşdırma göstərir ki, bizə yaxşı məsləhətlər verilməlidir, məsələn, həkimlər tənha yaşayan pasientlərinə masturbasyanı tövsiyə etməlidirlər. Çünki bu, əhvala və sağlamlığın başqa aspektlərinə birbaşa təsir edir, depressiyanın bir neçə formasının qabağını alır. Neqativ seksual mühit vücuda təsir edir. Partnyorunuz sayğısız davranırsa neyron şəbəkə dərhal reaksiya verəcək”.
Müsahibəsində Vulf seksual inqilabla bağlı fikirlərini də bölüşüb: “Seksual inqilab nə deməkdir? Burda söhbət seksdən də artıq bir şeydən gedir. Seksual inqilab olubmu? Kitabımda əsas hədəflərdən biri odur ki, guya Qərb cəmiyyətində seksual inqilab qadınlara azadlıq verdi. Amma elə deyil. Qadınlar hələ də diskriminasiyaya məruz qalırlar. Seksual inqilabda əsas olan budur: biz bir-birimzlə dostca, mərhəmətlə davranmalıyıq. Qadın kimlə sevişməyi bilməli, sərhədləri gözləməli, öz vaginasına hörmət göstərməli, bədənini dərk etməlidir. Çox qadınlar isə bunu bilmir”.
Vulfun əsərində vaginanı fetişləşdirməsi, bütün kitab boyu onun daxili ilahə olduğunu təkrarlaması tənqidlərə tuş gəlib.