“Bakı gecələri” - alayarımçıq, natamam ekran işi

“Bakı gecələri” - alayarımçıq, natamam ekran işi
14 dekabr 2015
# 15:46

Dünyanın ən böyük film arxivi olan Fransız Sinematekasının yaradıcılarından biri Anrı Lanqlua (Bu həmin Lanqluadır ki, 1968-ci il may hadisələrinə gedən yol həm də onun adı ilə bağlı idi. Həmin ilin fevralında onun direktor vəzifəsindən azad olunmasına etiraz edən gənclər nümayişlərə çıxmışdı) insanları, hadisələri iki yerə bölürdü: sinemateka üçün faydalı olanlar və zərərli olanlar.

Onun bu fikrini bir balaca dəyişdirib belə də demək olar: insanlar iki yerə ayrılır-kinonu sevənlər və sevməyənlər.

Bu il “Debüt ” studiyasında çəkilmiş “Bakı gecələri” almanaxına baxanda Lanqluanı xatırladım və mənə elə gəlir ki, mili kinomuzun başında bu sənəti sevməyən məmurlar dayanıb. Əksinə olsaydı, “Bakı gecələri” kimi alayarımçıq, natamam ekran işinin ortaya çıxmasına yol verilməzdi.

Almanaxa daxil olan filmlərin uğursuzluğuna görə məsuliyyəti sənətdə ilk sözünü deyən gənc rejissorlardan çox, ssenari müəllifi İlqar Fəhmi, onun zəif ssenarisini qəbul edən Mədəniyyət Nazirliyinin kino şöbəsi, layihənin bədii rəhbəri, hörmətli rejissorumuz Eldar Quliyev daşıyır.

Almanaxa beş film daxildir.

Birinci film “Yeralti keçid” adlanır. Xədicə Qarayevanın rejissoru olduğu filmin süjeti sentimental xarakterlidir. Filmi qısaca yeraltı keçiddə gənc cütlüyün (Günel Məmmədova və Nicat Əli) söhbətinə qulaq müsafiri olan qocanın (Şahmar Qəribli) gəncliyinə, sevgisinə yenidən nəzər salmağı, ruhən təzələnməsi kimi xatakterizə etmək olar. İdeya pis deyil. Zira gənclər arasındakı məzmunsuz, yorucu dialoq, qocaların bir-birinə qayğısının təsviri, personajların münasibəti, qocanın katarsisi, filmin atmosferinə kimi hər şey saxta görünür. Tamaşaçı ilə ekranda baş verənlər arasında dialoq, səmimi münasibət yaranmır, təsirləndirmir. Əvəzində gənclərdən təsirlənən qoca qarısına gül alıb onu kövrəldir, ardınca da əriştə bişirməyi xahiş edir. Sanki bütün həngamə ondan ötrü imiş ki, axırda qoca arvadından ona əriştə bişirməyi xahiş eləsin. Əhvalatda konflikt yoxdur. Bu heç. Amma filmdən sonra yüngülvarı təəssürat da qalmır.

Cabir Əlioğlunun “İşıq yolu” əsəri layihənin ən zəif həlqəsidir. Əhvalat toydan çıxan kişi (Vidadi Həsənov) və qadın (Pərvin Abiyeva) arasında mübahisədən başlayır.

Kişi və qadın arasında belə söhbət gedir.

- Üç saatdır düşmüsən ortalığa, yüngüllük edirsən. Bəs deyil hələ yenə də istəyirsən?

- Burda nə var ki. Ordakıların hamısı öz dostlarımız, qohumlarımızdır da. Artıq adam vardı ki?

- Oynamaq olar bir dəfə. Cəhənnəm, iki dəfə, üç dəfə. Ortadan çıxmırsan. Elə bil iki-üç saat bir yerdə oturmağa səbrin çatmır. Gah milli rəqs, gah türk, gah rus, gah amerikan, gah hind, daha nə bilim nə. Bircə papuaz rəqsi qalmışdı. Banket zad görməmisən? Bilirsən ki, camaatın nəzəri üstümüzdədir. İndi Allah bilir, nə fikirləşirlər. Ayıbdır, aydıbdır, ayıdbır. Qız uğaşısan. Qız uşağı ağır oturar, batman gələr. Nədi unutmusan? Unutmusan kimin qızısan? Sən professor Cəfərzadənin qızısan. Başa düşürsən, bu, nə deməkdir? Camaat bizə baxrdı.

- Mən öz həyatımı yaşayıram. Sən cavan olmamısan?

Qızı “Sən rəqs edə bilmirsən, paxıllıq edirsən” deyə atasını provakasiyaya çəkir. Finalda ata qızına rəqs edə bildiyini sübuta yetirmək üçün yolun ortasında onunla rəqs edir. Vəssalam.

Göründüyü kimi əhvalat ənənəvi ata-övlad qarşıdurması üzərində qurulub. Hərçənd, ssenarist konflikti arqumentləşdirməyib. Milli mentallıqdan, köhnə düşüncədən qaynaqlanan çox ciddi problemlərimiz var. Ata ilə qızın arasında baş verən səthi, primitiv məzmunlu mübahisə isə film materialı deyil. Əgər motiv parodiya kimi işlənsəydi, onun ironik tonu olsaydı, bəlkə də bədii effekt alınardı.

Atanın “Unutmusan kimin qızısan? Sən professor Cəfərzadənin qızısan” deməsi sovet əxlaqını təbliğ edən sosrealizm romanları ruhundadır. Hər halda onun “sən axı bankir qızısan” deməsi daha inandırıcı səslənərdi. Çünki müasir cəmiyyətdə bankir, vergi müfəttişi professordan daha nüfuzludur. Üstəlik, ciddi, qaraqabaq professorun qızı ilə yolda oynaması həm konfliktin bayağı həlli idi, həm də atanın bu yüngül davranışa gəlib çıxması yetərincə əsaslandırılmayıb.

Bir də əhvalatın dramatizmini artırmaq, həyəcanını saxlamaq üçün personajların ata-bala olduğu sonda açıqlanmalıydı.

“Beş dəqiqə”nin rejissoru Rövşən Ağayevdir. İlk səhnə ordan başlayır ki, jurnalist (Mehriban Zəki) aktyordan (Fəxrəddin Manafov) artıq müsahibə götürüb və onlar arasında müsahibədən sonrakı söhbəti dinləyirik.

Əhvalat ondan ibarətdir ki, aktyor unuda bilmədiyi arzusunun nə olduğunu jurnalistə göstərmək üçün metroya aparır. Məlum olur ki, onun arzusu “İçərişəhər” metrosunun boş platformasına nə vaxtsa gələcək qatarda uşaqlıq sevgisinin gəlişi ilə bağlıdır.

Final səhnəsində aktyor qatarı gözləyir, qatar gəlmir və o, gedir. Reallıqda hamı o boş platformaya qatarın gəlmədiyini bilir. Amma filmdə də bunun təkrarlanması və nəyinsə baş verməməsi bədii təxəyyülün kasıblığıdır. Yəni, bizə “bədii reallıq” yox, həyatın reallığı təqdim olunur. Belə ənənəvi, klassik sevgi əhvalatı tamaşaçıya nə dedi? Ona qalsa Facebook nakam sevgilərlə, duyğusal arzularla, gəlməyən qatarların həsrəti ilə doludur. Üstəlik, əhvalatın hissiyyatı, intonasiyası elə verilib ki, sanki F.Manafovun qəhrəmanı uşaqlıq sevgisini yox, Təhminəni gözləyir. Gəlməyən qatar da beşmərtəbəli evin altıncı mərtəbəsidir.

“Skripkaçı”nin rejissurası Gündüz Yaşara aiddir. Gecə “Torqovıda” heykəllər canlanır. Canlanmış skripkaçı (Rasim Cəfər) öz gözəlliyinə vurğun qız (Dəniz Tacəddin) üçün Paqaninidən ifa edir. Qızsa ona laqeyddir. Skripkaçı köhnə sevgilisinin yanına gedir, o da onu rədd edir. Tənha qalan musiqiçi göyərçinlər üçün çalır. Əhvalatın məqsədi maddiləşmiş dünyamızda yaradıcının tənhalığını göstərməkdir.

Kəmalə Zəkinin “Buludlar” filmində gənc aktrisa (Səbinə Məmmədova) incidilmiş sevgili rolunu məşq edir, onu təsadüfən görən ofisiant (Rafiz Mehdizadə) qıza kömək etmək və intihardan xilas etmək istəyir. S.Məmmədovanın ifası yaxşıdır. Hətta baxmayaraq ki, ağlamağında, əsəbi vəziyyətindəki səs çalarlarında klassik teatr ifaçılarına məxsus süni titrəmələr, pafos nəzərə çarpırdı.

Ümumiyyətlə, bütün ssenarilərdə primitiv sadəlövhlük, həyəcanlandırmayan, düşündürməyən, təəssürat buraxmayan vəziyyətlər var. Əhvalatlar təsirsizdir, toxunmur. Rejissor işində məzmunun hərfi təsviri var, onların gənclik enerjisi, azad, özünəməxsus düşüncəsi görünmür. Yadda qalan kadr, görüntü, mizan, plan yoxdur. Olmazdı ki, ssenari də, operator işi də elə gənclərə tapşırılaydı. Qoy səhv eləsinlər, amma müdaxilə olmadan öz düşündükləri kimi çəksinlər.

Bundan başqa Bakı “Torqovı”dan, dənizkənarı parkdan ibarət deyil.

Bakının Ramanası var, Bakıxanovu var, Binəqədəsi var, gecəqondusu var, yataqxanalarda böyüyən uşaqları var...

Analoji layihə olan “Paris, mən səni sevirəm”də Koel və Etan Koen qardaşlarının filmində amerikalı turist səyahət kitabçasında oxuduqlarının əksini görür, uşaq ona tüpürür, gənc adam onu döyür.

Yəni illah da ki, şəhəri bəzək-düzəklə, saxta obrazlarla göstərməyə ehtiyac yoxdur. Problemləri də göstərmək lazımdır.

Ssenariilərdəki təsvir olunan hadisələr sanki Bakıda yox, hansısa utopik, qeyri-real məkanda baş verir, hamı da niyəsə çox xoşbəxtdir, rahatdır. Elə bil biz gündəlik xəbər portallarında, telekanalların informasiya proqramlarında min cürə məişət, sosial problemlərinin göstərildiyi, Qarabağ məsələsinin olduğu cəmiyyətdə yaşamırıq.

Sonra yadıma düşdü ki, son vaxtlar kino şöbəsi rejissorlardan “happy end”lə bitən pozitiv ssenarilər istəyir və İ.Fəhminin də kəsərsiz ssenariləri onların istəyinə tam cavab verir.

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #