“7 oğul”un Qəqənisi: “Dördümüz qalmışıq”

“7 oğul”un Qəqənisi: “Dördümüz qalmışıq”
29 avqust 2013
# 07:45

Əməkdar Artist Fərhad İsrafilov. “Qəqəni” (“Yeddi oğul istərəm”), Mahmud bəy (“Evlənmək istəyirəm”), Şamil (“Nekroloq”), Milis rəisi (“Dolu”), Fərhad (“Ərazi”), Cəfər (“Dəvətnamə”)…

Yolboyu Fərhad müəllimlə yaratdıqları xarakterlər barədə elə söhbət edirik, sanki, onlar ümumi tanışlarımızdır. Hər birinin öz ağrısı, yükü var. Lap elə dərinə getsən hərəsi bir cür bədbəxtdi bu tipajların. “Nekroloq”un qəhrəmanı da, “Dəvətnamə”nin qaragünlüsü də, Parijin kafe şantanlarının həsrətin çəkən o cahil də, “Can üstə” olan da, “Yar”da intihar edən kişi də… Təkcə Qəqəniyə bədbəxt deməyə qıymır adam.

- Fərhad müəllim, ailənizdən, uşaqlığınızdan danışın. Bildiyim qədər beş qardaş olmusunuz...

- Hə, beş qardaş idik. Bu sənəti böyük qardaşım Ağakərim başlamışdı. Özü də çox gözəl aktyor ola bilərdi. Biz ona baxıb həvəsləndik. Sonra o Politexnik İnstitutuna getdi. Bizdən böyük idi, dedi ki, ailəni birdən yıxmaq olmaz. Ondan sonra İsrafil (Akademik Milli Dram Teatrının direktorudur), sonra Cəbrayıl İncəsənət sahəsini seçdi. İsrafil müəllimi tanıyırsız, Cəbrayıl da xeyli müddət Lənkəran teatrında işlədi, sonra da Yuğ Teatrının direktoru oldu. Mən də Moskvada Kinematoqrafiyanı bitirdim.

- Qardaşlarınızın məsul işlərdə çalışması sizə əlavə üstünlük veribmi?

- Yox, əvvəla mənim sahəm kinodur. Həm də mən işlədiyim teatrı yaradanlardan olmuşam və demişəm ki, başqa teatra getmərəm. Yuğ Teatrını nəzərdə tuturam. Orda şüşə də silmişəm. Studiya vaxtından orda olmuşam.

- Yuğ Teatrında “Yar” tamaşasında bir rolunuz vardı. Orada kişi özünü asmaq istəsə də eləcə

qurdalana-qurdalana danışa-danışa prosesi uzadırdı. Dəhşət təsirli idi. Niyə uzadırdı bu işi o adam?

- “Yar”da hamı Könüllü Edam Mərkəzinə toplanır. Hərə bir bəhanə tapıb aradan çıxır. Bir qadın və mənim qəhrəmanım qalır. Əslində mənim qəhrəmanım da intihar etmək istəmir, sadəcə o qadından utanır... Zaman udmaq istəyir. Hər saniyə, hər an çox dəyərlidir. Deməli qəti qərara gəlməyib. Müəyyən bir psixoloji vəziyyətin olur, deyirsən ki, bu da həyatdır? Bu da yaşamaqdır? Amma elə o zəhəri içməzdən qabaq bir neçə saniyə qazanmaq, təmiz hava udmaq istəyirsən. Qəhrəmanım deyir ki, iki dəfə intihar etdim, güllə yan keçdi. Bu, çox parodoksaldı, təsəvvür eləyin ki, tapançanın lüləsini gicgahına sıxıb tətiyi çəkirsən, amma güllə dəymir, yan keçir... Bu necə ola bilər? Deməli özün ölmək istəmirsən...

- Bir dəfə iki dostumuz mübahisə edirdi. Biri sizin oyununuzu ştamp hesab edirdi. O biri isə sadəcə ştamp, qaydalarla yaşayan insan xarakterlərini daha yaxşı yaratdığınızı dedi...

- Ştamp oynamaq? (düşünür) Özümə bəraət qazandırmıram. Bir belə hiss edib (barmaqlarını açır), bir belə göstərirəm (barmaqlarını yığır). Bilirsiniz, mən artistlik eləməyi bacarmıram. Bunu bir müsahibəmdə də demişdim. Əgər mən bir insanın bioqrafiyasını, həyatını, ağrısını, sevincini tapmasam, onu oynaya bilmərəm. Bilməliyəm ki, bu adam kimdi, nəçidi, evində hansı problemlər var, hansı ağrılar var... Yuğ Teatrının qabağında zibil yeşikləri var. Bir dəfə teatrın pəncərəsindən baxanda gördüm ki, iki bomj zibil yeşikləri üstündə dalaşırlar. Bir həssas adam kimi, yaradıcı adam kimi buna biganə qala bilmirəm, sarsılıram. O üstündə dalaşdıqları çürümüş kolbasanı adam yesə o dəqiqə ölər. Amma onun üstündə dava edirlər... Təsəvvür edirsiniz?

- İndiki kimi çətin dövrdə Yuğ Teatrı kimi mənəvi bir məkanı saxlamaq nələrin bahasına başa gəldi? Axı siz dediyiniz kimi, əvvəlinci yuğçulardansız...

- Canımız, qanımız bahasına. Səhərdən axşamadək işləmişik ki, belə bir məkan olsun. Səhər girirdik zala, axşam çıxırdıq. Qaldı maddiyyata... Bir qonşum var, məndən soruşdu ki, nə qədər maaş alırsan? Dedim, bu qədər. Soruşdu ki, günə? Dedim, yox, aya. Kişi mat qaldı. Dedi ki, bəs nə cür yaşayırsan? Dedim, elə o cür! Mən tamada getmirəm, sürücülük bacarmıram. Bu yaşadək etməmişəm. Sufi deyiləm, amma bir parça çörəyimi yeyib yaşayıram. Nə etməli? Burada budur. Mənə villa lazım deyil, “Prado” lazım deyil. Lazımdır ki, əlahəzrət mədənin tələbatını ödəyim. 44 ildir bu sənətdəyəm, indiyədək başqa sahəyə getməmişəmsə, indən belə də gedəsi deyiləm.

- Qəqəni sizin ilk böyük və uğurlu rolunuz oldu. Nə deməkdi Qəqəni?

- Qazaxda bir-birinə belə ayamalar qoşurlar. Mənasını Yusif Səmədoğludan soruşdum, dedi ki, dəcəl, diribaş adama deyirlər.

- Filmin çəkildiyiniz, amma nəyəsə görə kəsilmiş epizodları olubmu?

- Yox, yadıma gəlmir.

- “7 oğul istərəm”in heyəti çox maraqlı, istedadlı, yumoru olan insanlar idi. Çəkiliş zamanı maraqlı əhvalatlar yaşandımı?

- Olub əlbəttə. O filmə çəkiləndə on beş yaşım vardı. Hamısı məni sevirdi, qayğıma qalırdılar (Susur) ...Bu yaxınlarda bu filmin qırx illiyi keçirildi. Bir az ağrılı oldu. Dörd nəfər qalmışıq: Rafiq Əzimovdu, Şeyx Əbdüldü, Ənvər Həsənovdu, bir də mən. Hamısı dünyadan getdi. O filmə çox ağrı ilə baxıram. Mənim ən yaxın dostum Şahmar (Ələkbərov) yoxdu, ustadımız, müəllimimiz Həsən Turabov yoxdu. Mirpaşanı oynayan Elçin Məmmədov yoxdur. Amma bir vaxtlar biz filmdən sonra görüşərdik. İndi onlar yoxdu. Bu da bir işarədir. Biz dünyanı tutub durmuruq ki...

- “Nekroloq” teletamaşasında yaratdığınız obraz-tipajın söylədiyi xeyli vaxt sitat oldu: “Kişi ölüb begəm? Ölücey də...”. Bu obrazı necə “yoğurub” tamamladınız? Həyatda tanıdığınız bir prototipi varmı?

- Aqşin Babayevlə bizim salam-əleykimiz elə bu dialoqdu. Əslində “Nekroloq”u oxuyandan sonra Ramiz Həsənoğluna demişdim ki, mənlik deyil. Rejissor Ramiz Həsənoğlu mənə bir həftə vaxt verdi, bir də oxuyub fikirləşməyə. Birinci növbədə elə Aqşin Babayevin yerişini götürüb saldım obraza. Və o tipaj yavaş-yavaş alınmağa başladı. Şair Qabilin dilindən təsadüfən eşitdiyim ifadəni, danışıq tərzi ilə birgə ora saldım. Bilirsiniz, elə-belə müşahidə edib, bəyəndiyin jesti obraza salmaqla deyil, mütləqdir ki, onu qəhrəmanın bioqrafiyası ilə əlaqələndirəsən. Yoxsa mücərrəd bir şey olacaq.

- “Dolu” filmində vətənpərvər, vətənə, torpağa, insanlara görə qanunu belə adlaya bilən bir polis rəisini oynayırsınız. Belə polis rəisi tanıyırsınız indi?

- Mən o filmə çəkiləndə demişdilər ki, bu obrazın prototipi var. Çəkilişdə Aqil Abbas dedi ki, eynən o adam kimi yeriyirsən. O filmdə belə epizod var idi: ikinci katib Polyaniçko milis rəisini yanına çağırıb deyir: “Caniləri yığıb silah vermisən. Bu nə deməkdir? Səni azad edirəm”. O da cavab verir ki, sən kimsən məni azad edəsən? Bu epizod çəkilmişdi, amma çıxarıldı. Bu epizod onun xarakterin açırdı. Heyf çıxarıldı. Tanımağa gəlincə... İnanmaq istəyirəm ki, belələri var. Tovuzlu bir polis tanıyırdım, öldürüldü. Adını unutmuşam. Məsələn, o.

- Fərhad müəllim, hazırda hansısa filmə çəkilirsinizmi?

- Yox, teatrda “İtki” adında bir tamaşa olacaq, orda oynamalıyam. Qısametrajlı bir filmə çağırmışdılar, amma imtina etdim. İki dəfədir məni polis rəisi roluna çağırırlar. Nə xəbərdi bəyəm? Ştamp elə belə yaranır da... Həm də gərək tərəf müqabilində enerji alasan.

- Kimlə oynamaqdan zövq almısınız?

- Səidə Quliyeva ilə, Afaq xanımla, Yaşar Nuri ilə.

- Yaradıcılıq arzularınız.... Oynamaq istədiyiniz...

- Vaqif müəllim sağ olanda ümidlər var idi, o dünyadan getdi və bu ümidlər puça çıxdı. Mənim üçün puça çıxdı.

- Universitetdə aktyorluqdan dərs deyirsiniz. Tələbələriniz var. Nə düşünürsünüz onlar haqda?

- Pantomim Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyənləri, filmə çəkilənləri var. İstedadlıları da var, istedadsızları da, istedadlı tənbəllər də. Gərək öz üzərində işləyəsən. Yoxsa pul qazanmaq dalınca düşdünsə, o istedadı limon kimi sıxıb, atacaqlar. Birdəfəlik şpris kimi...

- Jurnalistlərlə bağlı sizi qıcıqlandıran klişe hansıdır?

- Bir jurnalist zəng eləmişdi, deyir ki, yazdığımızı oxudunuz? Dedim, yox. Deyir, oxuyaydınız da... Deyirəm, bilməmişəm. Dedi ki, camaat hədiyyə alır, çox sağ ol deyir, siz oxumursunuz. Mənə çox pis təsir etdi. Bir də adamın rollarını bilmirlər, işlədiyi teatrın adını bilmədən gəlirlər müsahibəyə. Nə deyim ona? Belədirlər də...

- Siz də hamısını bu gözdə görürsünüz?

- Yox. Elə yanaşmıram. Baxın, bərk soyuqlamışam, amma sağalmağımı gözləmədən müsahibəyə gəldim. Yoxsa elə bilərsiniz ki, sizi aldadıram...

# 3711 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #