Qonşumuz həyat yoldaşı ilə boşanmışdı. Hamı onun dalınca danışıb “binamus” deyirdi. Böyüyəndə bildim ki, qonşular ona arvadının evə başqa kişi gətirdiyini deyib. Bunun üçün də o arvadını öldürməliydi, çünki bunu ona məhəllə kişiləri məsləhət görmüşdülər. Axı, namusu qan təmizləyir. Ancaq o öldürməmişdi. Sadəcə söz-söhbətə son qoymaq üçün həyat yoldaşını boşamışdı. Bununla bərabər uşaqlarından da imtina etməmişdi. Yeni ailə qurub və yenidən ata olmuşdu. Maraqlıdır qonşumuz “məhlə kişilərinin” sözünə qulaq asaraq xəyanətdə günahlandırılan qadınını öldürsəydi, nəticə necə olacaqdı?
Hamınız bilirsiniz...
Bir insan (ana) öləcəkdi, bir insan (ata) dəmir barmaqlıq arxasında öz cavanlığını məhv edəcəkdi və daha iki insan (övladlar) öz valideynlərinə həsrət qalacaq, onun-bunun qapısında ya da yetimxanada yaşamalı olacaqdı. Ancaq bu qorxunc nəticə olmadı. Həmin qonşumun hərəkəti bir neçə insanı məhv olmaqdan qorudu. O başqalarının arxasınca nə danışdıqlarını qulaq ardına vurdu. Onun ikinci həyat yoldaşı bir dəfə əri haqqında nalayiq danışan bir qadına ərinin əsl kişi kimi addım atdığını, o qadının yalnız ərinə xəyanət etdiyini, ərinin isə onu öldürdüyü halda allaha xəyanət edəcəyini demişdi.
İndi isə əxlaqsızlıq adı verilən günah bağışlanmır, baltalanır. Əvvəl onları çoxları qəhrəman kimi qəbul edirdi. Həmin anda yaxşı bir iş gördüklərini düşünürlər. Axı onlar namuslu kişilərdir. Daha sonra dəmir barmaqlıqlar... Və onlar sıradan bir cinayətkar kimi illərlə hamıdan təcrid olunurlar. Heç kimin yadına düşmürlər. Azadlığa çıxanda isə nə yaş o yaş olur, nə onları böyük həvəslə gözləmirlər. Bəs axı onlar qəhrəman idi...
Beləliklə illərlə törətdiyi cinayətin digərlərindən fərqlənmədiyini başa düşməyə başlayırlar. Amma buna baxmayaraq özlərini sındırmırlar. Onlardan “nə üstündə yatdıqlarını” soruşanda isə cavab belə olur “namus üstündə”. İçlərində isə sadəcə bir insanı deyil, yaxınlarını öldürdükləri üçün qovrulurlar.
Mən əsla qadın xəyanətinə don geyindirmək istəmirəm. Əxlaqsızlığın xoşa gələn tərəfi ola bilməz. Sadəcə xəyanət və qadın əxlaqsızlığı adı altında günü-gündən çoxalan cinayətlər artıq saya-hesaba gəlmir. Və bu cinayətlər cəmiyyət üçün maraqlı bir hadisə olmamalı əksinə insanları narahat etməlidir
Statistika dəhşət doğurur
Son illər “namus cinayətləri” çoxalmaqdadır. Demək olar ki, hər həftə ya paytaxtda, ya da hər hansı bir regionda ər arvadını, ata qızını, oğul anasını, qardaş bacısını, sevən sevdiyini öldürür. Səbəbini isə əksər hallarda “namussuzluq” olduğunu iddia edirlər.
“Namusu təmizləmə” adı verilən cinayət təəssüflər olsun ki, bir insana görə deyil, ətrafımızda olanların təsir və basqısı ilə həyata keçirilir. Cinayətin baş verməsində öldürəndən çox onu bu işə sürükləyənləri daha böyük günahkar hesab etmək olar. Onları öldürməyə vadar edirlər. Onlar öldürməsə, başı dik gəzə bilməzlər...
Namus nədir?
Bir toplumun namus dedikdə başa düşdüyü məna digər bir toplum üçün çox qorxunc və ya gülməli ola bilər. İnsanların yaşadıqları bölgəyə, malik olduqları mədəniyyət və əqidəyə görə namus anlayışı dəyişir. Statistikaya baxsaq, namus cinayətlərinin silsilə şəkildə Şərqdə baş verdiyini görərik. Qərb insanı üçün namussuzluğa görə insan öldürmək qorxunc qəbul olunsa da bir şərqli üçün öldürməmək qorxaqlıq və binamusluq kimi qəbul edilir.
Birləşmiş Millətlər Təşkilatının statistik göstəricisində hər il 5000-ə yaxın qadın və qızın namus cinayətlərinin qurbanı olduğu göstərilir. Namus cinayətini kişilərin qürurumuzu (kişiliyimizi) zədələdikləri gerçəyi ilə qadına qarşı törətdikləri zorakılıq və ölümlə nəticələnən addım kimi tərif etmək olar.
Bəs, bu namus nə üçün tək qadına aid edilir? Əslində namus qavramı daha geniş məna verir. Sadəcə şərq kişisi üçün namus onun sahib olduğu qadının (ana, bacı, sevgili, qızı) bədəni ilə çərçivələnir. Əslində qadın və kişi ayırmadan insan əxlaqını, dürüstlük, doğruluq mənasını daşıyan namus bizim cəmiyyətimizdə ancaq qızın bakirəliyi, kəbinlə yaxınlığı, qadının düzgün davranışı, qapalı geyimi, adət-ənənəyə uyğun olması kimi məna daşımağa məhkum edilib. Namus ancaq qadının başı üzərindən asılan Domokl qılıncına çevrilib. Xəyanət və namusa ləkə vurmaqda günahlandırılan qadınlar öz yaxınları tərəfindən ölümlə cəzalandırılır.
Bu günlərdə Lent. az saytında Azərbaycanda son altı ayda zorakılığa məruz qalan qadınların sayını oxuduğum zaman dəhşətə gəldim. 773 cinayət hadisəsi və zərər çəkən 790 qadın. İlin 11 ayı ərzində 30 qadının öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyi, 17 qadının isə müxtəlif xəsarətlər aldığı yazılıb. Bu qadınların əksəriyyətini namussuzluqda ittiham ediblər. Onları xəyanətə sürükləyən səbəblər isə cəmiyyət üçün maraqsızdır. Maraqlı olansa sadəcə günahlandırmaqdır.
Bu günlərdə qızını və arvadını baltalayan atanın “ailəmin namusu hər şeydən üstündür” deməsi ilə çoxları tərəfindən alqış ilə qarşılandı. Bəs hanı həmin ailə? Məhv oldu...
Xəyanət və cəza həyat normasına çevrilib
“Ədalət” qəzetinin baş redaktoru İradə xanım Tuncay baş verən xəyanətlərin və ya qadınların zorakılığa məruz qalmasının qarşısını almaq üçün cəmiyyətin durulmasının vacib olduğunu düşünür. Mənəvi dəyərlərin dəyərsizləşdirilməsinin də yol verilməz olduğunu deyir: “Baş verən cinayətlərdə hər iki tərəfin günahı olur. İnsanlar harın təfəkkürdən qurtulmaq istəməsələr, bu cinayətlər artacaq. İnsan övladı var olandan xəyanət mövcuddur. Bunu öncəyə, sonraya bölmək düzgün deyil. Amma indi bu həyatın normasına çevrilib sanki. Çünki cəmiyyət içində belə bir fikir yaranıb ki, bədən istismarı ilə hər bir problemi həll etmək olar. Yəni qadınlar fikirləşir ki, niyə zəhmət çəksin, elə kiminsə istəyi ilə soyunsa vəssalam dərdinin çarəsi tapılacaq. Kişi də fikirləşir ki, onun imkanları genişdirsə, niyə özünü məhrum etsin nədənsə. Bunun nəticəsində də namus cinayətləri baş verir.
Sovet dövründə ictimai qınaq və ictimai əxlaq anlayışı azdan-çoxdan olduğu üçün insanlar çəkinirdilər. Əgər hansısa ailədə qadının xoşagəlməz hərəkəti baş verərdisə, xəbərin ictimailəşməsi həmin insanın taleyinə böyük zərbə vura bilərdi. Onun üçün də bu hadisələr ört-basdır edilirdi. Qadınına qarşı zorakılıq edən kişi partiya biletini, işini itirə bilərdi. İndi bunlar yoxdur deyə hamı ilk baxışda rahat görünə bilir”.
İradə xanım qadının xəyanətinə həmişə ağır münasibət olduğunu deyir: “Bu qədimdən gələn bir şeydir. Qadının xəyanəti ailəyə, tayfaya yad toxum gətirə bilər. Patriarxal dövrlərdən gəlir bu düşüncə. Amma indi bunlar da qarışıb bir-birinə. Mən əsas səbəbi harınlamaqda və sevgisizlikdə görürəm. Öz ailəsində sevgi görməyənlər “ac” olur və onu başqa yerdə axtarırlar. Nəticə də ağır olur. Xəyanət hər zaman olub, qadağalar da, öldürmək də. Bunun qarşısını almaq çətindir. Kişilər üçün xəyanət unudulacaq, sağalacaq bir yara deyil . Onlar üçün bu ağır dərddir”.
Quran öldür demir
İslam dininə inanan insanların əksəriyyəti allahın da zinakar qadını “öldür” əmrini verdiyini deyirlər. Amma Quranda belə bir əmrin olmadığını bilməlidirlər. Bir çox saytlarda Şərq ölkələrində zina edən qadınları asılaraq, daşqalaq edilərək öldürüldükləri videoları insanları həqiqətən də allahın bunu buyurduğuna inandırır. Doğrudanmı allah bunu buyurur? İlahiyyat fakültəsinin məzunu Zahid Əliyev dinimizdə başqa dinlərdə olduğu kimi zinaya münasibətin mənfi olduğunu və qarşılığında müəyyən cəza verildiyini deyir. Amma bu cəzanın ölüm olmadığını da deyir: “Nisə surəsinin on beşinci və on altıncı ayələrində zinaya yol verənlərə veriləcək cəzadan danışılır: “On beşinci ayədə deyilir ki, qadınlarınızdan zinakarlıq edən varsa, bunu sübut üçün dörd nəfər şahid gətirin öz içinizdən. Şahidlik etsələr, beləsini evdə tutub saxlayın ölüncəyə qədər yaxud Allah ona bir yol açıncaya qədər. On altıncı ayədə deyilir ki, içinizdən iki nəfər zinakarlıq edərsə, əziyyət verin onlara. Tövbə edib islah olunsalar, əl çəkin onlardan. Tövbələri qəbul edəndir, Rəhimdir Allah”. İslamda zina edənləri ölümə məhkum olunmuş sayanlar ən azından Nisə surəsini oxumalıdırlar. Göründüyü kimi, burada öldürməkdən söz getmir. Hətta on beşinci ayədə “Allah bir qapı açıncaya qədər” sözləri hansısa güzəştin olmağına, “tövbə edərlərsə, əl çəkin onlardan” isə bağışlanmağa bir işarədir. Quranda yazılır ki, zinanın isbatı üçün dörd şahid tələb olunur, kimsə zinada suçlayır, amma dedikləri təsdiqlənmirsə, ona da cəza olaraq 80 kötək vurun”.
Belə çıxır ki, kimlərinsə sözü ilə sadəcə ətrafdakılardan “kişidir” alqışı almaq naminə ailəsində olan qadını baltalayanlar heç də Qurandan xəbərdar deyillər.
Bu cinayətlərin şahidi olan gənclər özlərini xəyanətdən və cinayətdən sığortalamaq üçün anasına, bacısına, arvadına, qızına, digər yaxın qohumlarına daha ciddi nəzarət etməyə başlayırlar. Qadına qarşı daha sərt davranırlar, onu tək harasa göndərməməyi, mobil telefonundakı danışıqları izləməyi, işləməyə qadağa qoymağı vacib bilirlər. Geyiminə nəzarətin isə ən asan yolu onları hicab taxmaq olur. Özləri də bilmədən bu darıxdırıcı sərtlik, sevgisizlik, qadağalarla qadını özlərindən və ya ailədən, evdən soyudurlar. Əgər ciddi nəzarət nəticə verməzsə və ailədəki qadınlardan hansısa “namussuzluq” edərsə o zaman nümunə götürdükləri “cinayətkar”ın izi ilə gedərək öldürürlər. Deməli bu cinayətin cəmiyyətimizdə yaxşı təşviqatı aparılır.
Bəs bu cinayətlərin azalmasına görə nələr edə bilərik. Əvvəldə qeyd etdiyim kimi, əslində çoxları başa düşür ki, öldürmək olmaz. Sadəcə biz ətrafımıza görə yaşamamalıyıq. Ailədəki qadınları ilə aralarına sədd çəkənlər özlərinə “kişiyəm”,-deyib qadınlarının başına cəllad kəsilərək onlardan bir xoş sözü əsirgəyənlər sonra xəyanətə uğrayanda günahı özlərində də görməlidirlər. Ya da ən azından bir qardaş, bir ata qızının, bacısının həyatını çərçivəyə salanda onun nəticəsinə də qatlanmalıdır.
Xəyanətin yaxşı heç bir tərəfi yoxdur. Sadəcə həyatımızı elə qurmalıyıq ki, nə xəyanət etsinlər, nə də cəzalandıraq. Məntiqsiz adət-ənənələrə fikir verməməklə, normal təhsil almaqla, gəncliyini azad yaşayan, müasir dünya görüşünə malik insanın cinayət törətməyə səbəbi yoxdur. Bunun üçün cəmiyyət savadlanmalıdır. Cəmiyyət hər kəsin intim həyatına hörmətlə yanaşmağı bacarmalıdır. İntim həyata hörmət etmək heç də namussuzluğu dəstəkləmək demək deyil. Hər kəsin azad sevməyə də sevilməyə də ehtiyacı var. Ümumiyyətlə namusun mənasını qadın bədəni ilə kiçiltmək ən azı namusa hörmətsizlikdir. Namusu qadın bədəninin barmaqlıqlarından çıxarmaq lazımdır. O zaman namus cinayətləri də azalar.
Sevinc Qocayeva
Namus cinayətləri...
17 noyabr 2012
08:45
2221 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024