Qanlı televiziya

Qanlı televiziya
7 aprel 2011
# 13:56
Hər şey ötən il aldığımız mebeldən başladı. Yorucu mübahisələrdən sonra içinə parıltılı qablar yığılan “qorka” deyilən şkafı alınacaq cehizlərin siyahısından çıxartdırdım və tam iki ildən sonra axtarıb-axtarıb iki tərəfi dərin rəfli, gözləri kitab yığmağa yararlı olan şkaf, ortası isə plazma televizor üçün nəzərdə tutulmuş modern dizaynlı, elə də baha olmayan bir mebel aldıq.

Pəh! Guya biz intellektual ailəyik və guya biz ata-analarımızdan qonağa göstərmək üçün olan parıltılı qab-qaşığı yox, kitabı dəyərli bilib rəflərə düzürük. Guya biz dəhşət müasirik. Və həm də yaradıcıyıq, incəsənətsiz yaşaya bilməyənlərdənik. Mebelin ortasına qoymağa televizorumuz yox idi.

Belə televizorun babatı - 500 manatadır. Ora şərti olaraq Paul Killenin təsadüfən kəşf etdiyim və gerçəkdən çox sevdiyim «Qızıl balıq» əsərinin çərçivəyə saldığımız surətini qoyduq və tez tez divanda kəmali-dəblə oturub gözünü bu tabloya zilləyib fikrə gedəndə Robinzon Kruzo kimi bir-birimizdən zarafatla soruşduq: «opyat pro more?» yəni, yenə dəniz barədə göstərirlər?

Bununla da ürəyimizdə televizor arzusunu oyadıb xərclərimizə daxil etdik. Bir xeyli müddətdən də sonra onun üçün pul yığa bilməyəcəyimizi dərk edib özümüzü kredit kimi müasir əjdahanın ağzına atdıq. Nədi? Nədi, bizə televizor lazımmış…

Telekritika

Ötən il deyib-gülən, küsüb-barışan, umu-küsü edən mili kanallarımızı bəyənməyib bir türlü tənqidlər qaralamışdım. Bu tənqidlərdə gün-gündən artan, «toy olsun» deyən, «elgizli cümə axşamları»ndan ağlaşan, qışqırışan, yemək bişirən, qonaq gedən, saqqız çeynəyən, kökələn, arıqlayan, müğənnilərin qarderoblarına girən, kriminal verilişlərində müsahibələr verən adamları görməkdən yorulub «televiziya nə göstərir?» deyə sorurdum.

Televiziya ictimai funksiyasını itirmişdi. O əksərən ictimai çəkisi olmayan adamları, fərdləri göstərir, fərdi faciələri, əhvalatları, önə çəkirdi. Bu, adamı qıcıqlandırırdı.

İndi isə al sənə televizor- üstündə üç dörd xarici telekanal- Rusiya, Türkiyə, Avropa kanalları. E… e… hələ görəcəklərim qabaqdaymış.

Televizor necə göstərir?

Bu, qohum qonşunun televizora «mübarəkdi» deyə dil-ağızlarından sonra verdiyi suallardandı. Adətən cavabında bu məişət cihazının texniki parametrlərini sadalayırıq. Amma sualın yenə də analitik qatları var. Bunu çox sonra biləcəkdim. Gün ərzində çox olsa ikicə saat baxdığım kanallarda onlarla təbii fəlakət, onlarla avtoqəza, onlarla qətl, zorakılıq səhnələri, insan cəsədləri, qəbirlər daha nələr, nələr gördükdən sonra. Bəs tamaşaçının beyni seriallarda rahatlıq tapmazmı?

Teleetika

Demək olar ki, bütün telekanallar xəbər buraxılışlarında bir neçə ölü, bir neçə damcı qan göstərir. Nə deməli? Reallıqdır!

Təbii fəlakətlər heç, kütləvi çaxnaşmalar da heç, amma fərdi faciələrin təfərrüatlarına nə deyirsiz? (Türkiyə telekanalları bəzən bu kadrları düzəlişlə, yəni konkret detalları örtərək göstərir) Və ya məşhurların dəfnlərinin təfərrüatlarına nə ad vermək olar?

Bir neçə telekanal mərhum müğənninin qəbirə qoyulma mərasimini göstərdi. Bir teleetika deyə bir şey var. Məşhurların qarderobların ev əşyalarını eşələyəcək, adamların yemək süfrəsi üstündə dalaşdıracaq, söyüşdürəcək qədər “ədəb nümayiş etdirən” televiziyanı evimizə gətirən cihazı mənzilin ən görkəmli yerinə qoymuşuq və ona görə hələ nə qədər pul xərcləməliyik…


Mənim yuxularım

Yazının əvvəlində, axırında cümlə başı «mən» demək də bir yazar etikasından kənardır. Gərək bağışlayasınız, amma mövzunu açmaq üçün bundan tutarlı üslub tapmadım. Heç olmasa bir atalar sözünü xatırladım. –«Televiziya dəhşətli silahdır». Deməli, o bizi evimizin içində tək-tək öldürür. Deyə bilərsiniz ki, ona baxıb-baxmamaq öz əlimizdədir. Amma yox! Televiziya sürreal bir şeydir. Televiziya cəmiyyətin yuxularıdır. Yuxudan imtina etmək olmaz. Ona təsir etmək ola bilər. Dəyişməksə yox.
Son zamanlar yuxularım dəhşətli olub- əlində silah olan adamlar məni qovur.

Bədəni qan içində olan ölülərin arasında gizlənirəm, məni adamlar gözüm baxa-baxa kəfənləyib qəbirə sallayırlar, adamlar əllərində silah bir-birinin gözünün qanını şorhaşor axıdırlar.. Onun günahlarıdır. Amma mən ondan imtina edə bilmirəm.

Səhərlər içimdə ləng bir həyəcan təzə televizorun düyməsini basıram: «Pis yuxu görmüşəm, görəsən ölkədə nə baş verib?». On beş dəqiqədən sonra söndürürəm- İki gecəlik dəhşətli yuxu üçün materialım var. Bax belə!

Bəs sizin televizorunuz necə göstərir? Yuxularınızda nə görürsüz?
# 2892 dəfə oxunub

Oxşar xəbərlər

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

12:45 29 sentyabr 2025
Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

18:05 26 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər