Bu gün məşhur isveçrəli rəssam Arnold Böklinin doğum günüdür.
Kulis.az "Palitra" rubrikasında boyakarın "Ölülər adası" əsəri haqqında materialı təqdim edir.
İsveçrəli simvolist rəssam, XIX əsrin sirli və təsirli vizual sənətkarlarından olan Arnold Böklin Bazel şəhərində anadan olub, Düsselldorf İncəsənət Akademiyasında təhsil alıb.
O, dövrünün dominant akademizm və naturalizm prinsiplərindən uzaqlaşaraq mifologiyanı, ölüm mövzusunu, mistik mənzərələri və insan psixologiyasının qaranlıq qatlarını öz sənətinin mərkəzinə yerləşdirib.
Rəssamın yaradıcılığı alleqorik obrazlar, antik miflərin müasir psixoloji yozumu, fani dünyanın sükutu və dəniz mistikası ilə sıx bağlıdır.
Böklin xüsusi parlaq və doyğun tempera rənglərindən, dramatik işıqlandırmadan və memarlıq-təbiət sintezindən istifadə edərək və tamaşaçını dərin xəyallara apararaq ölümün mistik gözəlliyini seyr etməyə dəvət edib.
1901-ci ildə İtaliyanın Fyezole şəhərində vəfat edən ustadın sirli yaradıcılığı XX əsrin Sürrealizm (xüsusilə Corco de Kiriko və Salvador Dali) və Metafizik rəngkarlıq cərəyanlarına böyük təsir göstərib.
_1792153976.jpg)
"Ölülər adası"
Arnold Böklinin yaradıcılığının zirvəsi və XIX əsr simvolizminin əhəmiyyətli əsərlərindən hesab olunan bu tablo 1880-ci ildə ərsəyə gətirilib.
Əsər dul qalmış gənc qadın Mari Bernanın təkidi ilə "xəyala dalmaq üçün bir rəsm" istəyi ilə çəkilməyə başlanıb.
Böklin İtaliyanın Florensiya və Neapol sahili yaxınlığındakı qaya adalarından, eləcə də ingilis qəbiristanlığı motivlərindən ilham alaraq ölümün əbədi sükutunu kətana köçürüb.
Rəsm işıq üzü görən kimi bütün Avropada fəlsəfi dərinliyi ilə böyük əks-səda doğurub.
Orijinal variantlardan biri hazırda Bazel İncəsənət Muzeyində, digər məşhur versiyası isə Berlin Dövlət Muzeyində nümayiş olunur.
Tablonun mərkəzində tünd, tutqun dəniz sularının ortasında şaquli şəkildə ucalan qayalıq və onun mərkəzində sıx bitmiş sərv ağacları yer alır.
Qayaların üzərində antik sərdabələri xatırladan qapılar və pəncərələr oyulub.
Adadan bir qədər aralıda, suya tərəf yavaş-yavaş yaxınlaşan balaca bir qayıq görünür.
Qayıqda avarçəkən fiqurla yanaşı, tamamilə kəfənə bürünmüş və qarşısında ağ tabut qoyulmuş tənha bir ruh obrazı dayanır.
Böklin bu əsərdə işığı və rəngi daxili gərginliyi əks etdirəcək şəkildə işləyib: səmanın tünd, fırtınalı tonları ilə bəyaz kəfənli fiqurun və qayaların üzərinə düşən solğun işıq kəskin kontrast yaradır.
Suyun dalğaları yoxdur; o, əbədi sükutun, Xaronun Stiks çayındakı son səyahətinin simvoludur.
Sərv ağaclarının şaquli düzülüşü həyatla ölüm arasındakı keçidi və fani dünyanın sonunu nümayış etdirir.
Boyakar bu rəsmlə ölümü qorxu kimi yox, əbədi hüzur, dincəlmə və ruhun sığınacağı kimi təqdim edərək simvolizmin dərin vizual fəlsəfəsini yaratmağa nail olub.