Şənbə günü dərsimi deyib universitetdən çıxmışdım. Gah yağıb, gah kəsməsi ilə adamın yadına "tərəddüd" sözünü salan qəribə bir yağış yağırdı. Xırdalandan "20 yanvar"a adamın birini bir manatdan aparan taksilərdən ilk rastıma çıxanına oturdum. Şoferin yanındakı oturacaqda əyləşmiş enlikürək oğlan ovcundakı sonuncu tumları da çırtlayıb pəncərədən atandan sonra arxaya çevrilib məndən soruşdu:
"Hikməti tanıyırsan, qardaş?"
"Yox, tanımıram."
"Hündürboy, yaraşılqı oğlandı, xalaoğlumdu."
"Yox, tanımıram."
"Çeşkası da var..."
"Yox, məncə tanımıram..."
"Göyçək oğlandı, 18 yaş var, ingilis dilindən birinci yerə çıxıb".
"Mən təzə işləyirəm burda, bəlkə üzdən görmüşəm, bilmirəm..."
"O da təzə girib bura. Sən hansı bölmədə oxuyursan ki?"
"Mən müəlliməm, dərs deyirəm - ədəbiyyatdan..."
Elə bildi ki, yalan deyirəm, azca pauza verib davam elədi:
"İnandırım səni, xalaoğlumdu deyə demirəm, indidən o da dərs deyir, özü də müəllimlərə".
"Mənə deməyib".
Çox keçmədi ki, şoferin canfəşanlıqla car çəkdiyi "Bir manatdan 20 yanvara" nidasına bir müştəri də gəldi. Təzə "qurban" yanımda oturan kimi, qabaqdakı qardaş ciblərinin Marian çökəkliyində son bir neçə tum dənəsi tapmaq ümidlə bir az qabağa dartıldı, sonra isə qəfil üzünü maşına yeni əyləşən oğlana tutdu:
"Hikməti tanıyırsan, qardaş?"
"Yox, tanımıram"
"Hündürboy, yaraşıqlı oğlandı, xalaoğlumdu".
"Tanımıram".
"Çeşkası da var..."
"Tanımıram".
"Hamı tanıyır axı onu?"
"Hansı fakultədə oxuyur ki?"
"Dəqiq bilmirəm vallah, amma hamı onu tanıyır".
"Tanımadım nəsə..."
Taksi sonuncu müştərini də götürdü və yola düşdük. Çox getməmişdik, artıq hamımızın tanıdığı Hikmətin qohumu yenə arxaya çevrilib məndən soruşdu:
"Qardaşoğlu, ədəbiyyat müəllimisən, şeirdən başın çıxar, Yetim Eyvazın şeirlərinə qulaq asmısan?"
"Belə də... bir-ikisinə" - mızıldandım.
"Şeiri elə yazarlar e, yoxsa ağızlarına gələni yazırlar."
Arxada düz yanımdakı razılıqla dilləndi:
"Halaldı ona, yaradır da!"
Şofer də söhbətə qoşuldu:
"Şeir gərək adamı tərpətsin, qafiyə bilmirlər, heca bilmirlər, elə nə gəldi yazırlar..."
Hikmətin qohumu təsdiqlədi:
"Düz diyirsən, gedib qulaq assınlar Pərviz Bülbüləyə, Rəşad Dağlıya, elə Ağamirzənin özünə, dəryadılar e!"
20 yanvarda yağış, elə bil, tərəddüdlərə son qoyub, yağmaq qərarına gəlmişdi. Bir manatımı verib düşdüm. Fikirləşdim ki, nə gözəldi, oxuyan da, oxumayan da - hamı bilir şeiri necə yazmaq lazımdı.
Nə var belə ölkədə şair olmağa?