Kulis.az Qismətin "Hekayə haradadır?" adlı yeni yazısını təqdim edir.
Təxminən beş il bundan qabaq, gülərüz bir yaz günü, qapalı qrupda dostlara belə bir mesaj yazdım: “Nə deyirsiniz, Akademiya parkında, göyərçinlərin yanında görüşüb günəşin şərəfinə sarışın içkilər içməyə gedəkmi? Kim razıdırsa, qrupa qısaqol köynək fotosu atsın.” Beş dəqiqə keçməmiş, hamı bir-birinə bir köynək də yaxın oldu.
Həmin gün sarışın içkilər şöləninə gedərkən, köhnə “Jiquli”sinin baqajında “duty free” siqaretlər satan dayıya dəymək üçün yolüstü Cavid prospektiylə kəsişən küçələrdən birinə buruldum, ancaq dayını yerində görmədim. Əvəzində, hər gün görsəm də, həmin gün sanki ilk dəfə gördüyüm “Əbdülrəhim bəy Haqverdiyev küçəsi” sözü içimdə başqa cür bir xəritə açdı; həmin xəritədə Bakı vergül döngələri, bəzən nidaya, bəzən suala oxşayan şair heykəlləri və bir-biriylə kəsişən, yüzlərlə sənətçinin adını daşıyan küçələriylə böyük bir Mətn idi!
Məsələn, görəsən, Bakıdan başqa dünyanın hansısa şəhərində Qoqol küçəsi Tolstoy küçəsiylə kəsişirmi? Həmin gün ağlıma bir ideya gəldi: esseylə sənədli filmin sərhədində bir layihə. O vaxt bu layihənin adını şərti olaraq “Küçələr” qoydum, ancaq sonra inkişaf etdirmədim. O vaxtlar zahirən heç cür bir-birinə yaxın gəlməyən esse ilə filmi birləşdirmək, film-esse tipində bir janrın mümkünlüyü haqqında düşünürdüm, bu gün “Mockumentary” – yəni “saxta dokumentalistika” deyilən istiqamət həmin ideyaya çox yaxındır. Fərq odur ki, mən sənədli material ilə bədii film arasında yeni əlaqələr haqqında düşünürdüm, “mockumentary”də məzmun fiksiyadır, forması sənədli filmin təqlididir.
Haqverdiyev küçəsində xatırladım ki, vaxtilə İsi Məlikzadə və Sabir Əhmədov onun “Mirzə Səfər”, “Papaq” və “Bomba” hekayələri əsasında “Evlənmək istəyirəm” adlı filmin ssenarisini yazmışdılar. Ancaq həmin filmin ilk epizodlarında gecəyarı camaatın qapısını döyüb lağlağı axtaranlar “Uca dağ başında” hekayəsindən götürülüb. “Uca dağ başında” hekayəsinin canında amansız, eyni zamanda, unikal bir mövzu durur: adamlar darıxmamaq üçün hər dəfə bir nəfəri dəli ediblər oynadırlar ki, başları qarışsın... Ümumiyyətlə, mənə elə gəlir ki, şəhər fırıldaqçılarından bəhs edən yaxşı bir kommersiya filminə ehtiyac var. Ancaq bir şərtlə ki, bu, yüngül yumor üstündə olan, karikaturaya yuvarlanan personaj vasitəsilə təqdim edilməsin. Nə vaxtsa, könlümə belə bir ssenari yazmaq düşmüşdü. Adını bir az Molla Nəsrəddinin məlum lətifəsinə, bir az da 90-cı illərdə baş tutan məşhur muncuq fırıldağına eyhamla “Muncuq oyunu” qoymaq istəyirdim.
Gəlin xatırlayaq: Mollanın iki arvadı olur. Birinə göy muncuq verib deyir, o biri bilməsin, sonra eynilə bu birinə də göy muncuq verib, deyir o biri bilməsin. Arvadlar arasında münaqişə düşür ki, Molla hansımızı daha çox sevir? Molla deyir, göy muncuq kimdədirsə, onu.
90-cı illərdə baş tutan məşhur muncuq əməliyyatını yəqin çoxları bilir. Bir qrup fırıldaqçı şəhərin mərkəzində bir ofis tutub elan verirlər ki, gəlib bizdən ucuz qiyməti muncuq alın, sonra bu muncuqla müxtəlif şeylər düzəldib bizə gətirin, ikiqat-üçqat pul qazanın.
Nəzərə alsaq ki, bizim prozamızın mayası tənqidi realizmlə yoğrulub, elə bilirəm, mərkəzinə, onurğasına bu cür ikonik bir əhvalatı qoymaqla, tutalım, klassikadan Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”ndakı, müasir ədəbiyyatdan Şərif Ağayar “Xanım T.” kitabındakı yığcam hekayətlərdəki fırıldaqçıları və Mübariz Örənin “Oğru” hekayəsini sintez edərək, maraqlı, yaddaqalan bir film çəkmək olar.
Yadıma gəlir, “Milli kitab mükafatı” keçirilən ərəfədə Əjdər Olun məşhur portret-hekayələri haqqında deyirdilər ki, bunlar daha çox sənədli nəsrə yaxındır, halbuki, biz həmin hekayələrdəki adamları – fantast yazıçı Namiq Abdullayevi, şair Əlisəmid Kürü, yazıçı Rafiq Tağını, şair Adil Mirseyidi və başqalarını – tanıdığımız üçün bu cür reaksiya veririk. Bu, tipik klişedir. Məsələn, haradan bilirik, Tomas Bernhardın hekayələrindəki personajların real qarşılığı var, ya yox? Bu suala heç ehtiyac da yoxdur, çünki hər hansı personajın real həyatda prototipi olsa da, ədəbi mətnin dünyasına düşən kimi o artıq başqa adamdır. Məncə, Əjdər Olun portret-hekayələrindən, təxminən, Cim Carmuşun “Dünyada bir gecə”si formatında bir film toplusu çıxarmaq olar.
Çağdaş Azərbaycan hekayəçiliyində qiymətli nümunələr var, lakin onların hamısı kino üçün yararlı deyil, çünki ya dil ustalığı üstündədir, ya da vizual imkanları müəllif tərəfindən tükədilib. Bu mənada dünya təcrübəsində geniş istifadə edilən ayrı-ayrı müəlliflərin bir yox, bir neçə hekayəsinin kollajı ilə vasitəsilə yaxşı bədii film ssenarisi yazmaq olar. Belə ki, Ataqamın, Fəxri Uğurlunun, Həmid Piriyevin, Seymur Baycanın hekayələrindən müəyyən parçaları kino materialına çevirmək olar.
Şübhəsiz ki, çağdaş hekayəçiliyimizdə dil ilə məzmun arasında uçurum da var, belə ki, mədəni fon kimi paytaxt və onun konfliktləri demək olar ki, yazılmır. Əksər hekayələrdə bir ezamiyyət ovqatı, konfort zonasında qalmaq refleksi var; sujetin vektoru əvvəldən şəhərdən kəndədir, özü də qloballaşan dünya ilə siması dəyişən çağdaş kəndə yox, yaddaşdakı idillik, nostalgik kəndə. Bu da ədəbi dil ilə məzmun arasında uçurum yaradır, məkan yaddaşdakı idillik məkandır deyə dil də folklora, etnoqrafiyaya dartınır, beləcə, indinin dili, konflikti fasiləsiz şəkildə əldən çıxır. Bu gün dünyanın nüfuzlu ədəbiyyat mükafatlarında qalib olan, adı siyahılardan düşməyən xeyli müəllif var ki, onlar elə əyaləti, öz kəndlərini, həndəvərlərini yazırlar, ancaq məhz indiki əyaləti, indiki vəziyyəti ifadə edilər, qloballaşmadan əvvəlki idillik məkana ekskurs var, nostalgiya yoxdur.
Bizim Yaradıcılıq Fakültəsindəki hekayə emalatxanalarında daim deyirəm ki, uzağa boylanmamışdan qabaq ətrafınıza baxın. Məsələn, son illərdə həyatımıza daxil olan, pandemiya ilə birlikdə artıq oturuşan çatdırılma xidmətləri, onların hər gün bütün şəhəri qət edən kuryerləri olduqca maraqlı mövzudur. Müxtəlif əhvalatları bir-birinə bağlamaq üçün gündə şəhərin bu başından o başına gedən, neçə-neçə evə girən, yüzlərlə adamla ünsiyyət quran bu kuryerlərdən daha yaxşı hansı personajı tapmaq olar? Bir az daha dərin, fəlsəfi qatda baxsaq, Yol ən böyük və əbədi mövzulardandır.
Məncə, həm kinomuz, həm də ədəbiyyatımız üçün hələlik xammal şəklində olan mövzulardan biri də “ofis planktonu”, “plaza insanı”dır. Kameramız tragik, həyati, nəbzi döyünən temaları, məncə, şüşələri par-par yanan holdinqlərin, plazaların, mall-ların içində də axtara bilər.
Ən böyük arzumu isə sona saxlamışam: tələbəlik həyatından bəhs edən bir roman, bir film. Qapıçısı, xadiməsi, dekanı, müəllimləri, bufetçisi ilə hər gün qaynayan bu eko-sistem hələlik ədəbiyyatımızda və kinomuzda öz layiqli əksini tapmayıb.
Təxminən beş il bundan qabaq, gülərüz bir yaz günü, günəşin şərəfinə sarışın içkilər içmək üçün toplaşdığımız göyərçinli parkda inandım ki, hər şey yaxşı olacaq!
“Fokus” jurnalı, 2022, 10-cu nömrə.