Kulis.az Qismətin böyük ingilis şairi Filip Larkin haqqında yazısını və şeir tərcümələrini təqdim edir.
İngilis poeziyasının böyük nümayəndələrindən olan Filip Larkin şeirlərindən birində gələcəkdə bioqrafiyasını yazacaq adamı təsəvvür edib belə yazır:
“Kondisionerli otağında oturacaq, ayağını ayağının üstünə atacaq və deyəcək ki, bu eşşək oğlu eşşək bir ilimi alacaq yəqin, Tel-Əvivə getmək istəyirdim, amma pul lazımdır, bu oğraşın həyatını yazım qurtarım, sonra iki semestrlik icazəm hazırdı – Üsyan teatrını araşdırmaq üçün.”
Ömrünün sonuna qədər kitabxanada işləyən Larkin həm o dövrün araşdırmaçı konyunkturası ilə, həm də özü ilə rahatca zarafatlaşır.
Şeirin son bəndində Larkinin xəyali bioqrafı “Coca-Cola” aparatına tərəf gedərkən dostunun “Bu Larkin necə adamdır?” sualına belə cavab verir: “Əşşi o belə qəribə tiplər var ha, xəstəfason klassik tiplər, onlardandır. Başına heç nə gəlməmiş, durduğu yerdə gicləyən, başa düşdün də, doğuşdan taleyi gətirməmişlərdən”.
Filip Larkin 1922-ci ildə Koventridə dünyaya gəlib, litseyi də orda bitirib. Müharibə illərində səhhətində problem çıxdığı üçün əsgərliyə çağırılmayıb, Oksfordda təhsil alıb. 1943-cü ildə ali məktəbi bitirəndən sonra, İngiltərədəki və İrlandiyadakı əyalət universitetlərinin kitabxanalarında işləyib. 1955-ci ildə “Hull Universiteti”nin kitabxanasına müdir təyin edilib və 1986-cı ildə öləndə hələ də həmin kitabxananın müdiri idi.
Qəribədir ki, Larkin də, elə yaxın dostu Kingsli Amis də universitet illərində yazı-pozunu tamam qeyri-ciddi şey hesab edir, daha çox caz dinləyir, fantastik-detektiv ədəbiyyat oxuyur, populyar mədəniyyətə maraq göstərirdilər, amma bir yandan da yazırdılar.
Sonradan İngiltərənin ən böyük şairlərindən biri sayılacaq Larkin romançı olmaq istəyirdi, şeiri əlavə məşğuliyyət sayırdı.
Oksfordda oxuduğu illərdə Larkinin bir neçə şeiri gənc şairlərin müharibə illərində yazdığı şeirlərdən ibarət poeziya antologiyasına düşür, sonra həmin antologiyanı çap edən naşir ondan ayrıca bir şeir kitabı hazırlamasını istəyir.
1945-ci ildə əksəriyyəti adsız olan, eləcə rəqəmlərlə işarələnmiş qısa şeirlərdən ibarət “Şimal gəmisi” (The North Ship) adlı kitabı dərc olunur.
Larkin və ölənə qədər ən yaxın dostu olan Amis düşünürdülər ki, Yeyts, Pound və Dilan Tomas kimi şeirləri gündəlik həyatdan çox uzaq düşüb, çox qapalı və hədsiz “ədəbi”dirlər, amma qəribədir ki, Larkinin ilk şeir kitabı başdan ayağa Yeyts təsiri ilə doludur.
İlk şeir kitabından sonra, 1946-cı ildə Larkin “Jill” adlı avtobioqrafik bir roman nəşr etdirir, roman qaradinməz Oksford tələbəsi Con Kempdən bəhs edir.
Bir il sonra, 1947-ci ildə Larkin “Qışda bir qız” (A girl in winter) adlanan, İngiltərəyə mühacir kimi gəlmiş Katherine Lindin özgələşməsindən bəhs edən ikinci romanını nəşr etdirir.
Larkinə o vaxtlar gələcəyin böyük romançısı baxırdılar, amma sonralar indiyəcən müəmma kimi qalan səbəblərə görə Larkin nəsrdən uzaqlaşır və “XX şeir” adlı balaca bir kitab dərc etdirib o dövrün məşhur yazıçılarına göndərməyə başlayır. Bu da onu göstərir ki, artıq özünü bir şair kimi təsdiq etdirmək istəyirdi.
Həmin iyirmi şeirdən on üçü başqa şeirlərlə birgə 1955-ci ildə “Daha az aldanan” (The Less Deceived) adlı şeir kitabında dərc olunur. Bu kitabla birgə Larkin öz həqiqi şair səsini tapır və sonraları on ildən bir çap etdirdiyi kitablarında tamam özünəməxsus bir yol yaradır.
50-ci illərdə Larkin o dövrün qabaqcıl ədəbi dalğalarından sayılan “Hərəkat”ın (Movement) öndə gedən simalarından olur. Poeziyada digər önəmli təmsilçiləri KinqsliAmis, Donald Davie, Con Veyn və D.J. Enrayt olan bu dalğanın tərəfdarları deyirdilər ki, Yeyts, Eliot, Paund və Dilan Tomas kimi şairlər soy-kök etibarilə ingilis olmadıqları kimi, həssaslıq baxımından da ingilis deyillər. “Hərəkat”ın təmsilçiləri qapalılıqdan, “intellektualizm”dən qaçan, gündəlik həqiqətlərə və ənənəvi formalara sadiq qalan, hisdən daha çox formaya və mənaya üstünlük verən, kökləri Tomas Hardiyə gedib çıxan daha “yerli” şeiri müdafiə edirdilər.
Adıçəkilən şairlərlə “Hərəkat”ın nümayəndələri arasında düşmənçilik uzun çəkir, belə ki, 1973-cü ildə Larkinin tərtib etdiyi “XX əsr Oksford poeziya antologiyası”nda Eliotun şeirləri candərdi, xala-xətrin qalmasın verilir. Kinqsli Amisin 1986-cı ildə dərc olunan sonuncu romanı (və ən yaxşı hesab edilən romanı) “Qoca şeytanlar”da (The Old Devils) dəhşətli ironiya obyekti olan Uelsli şair Bridan obrazının Dilan Thomasa çox bənzəməsi də düşmənçiliyin nə qədər uzun çəkməsinə sübutdur.
Amma ümumən götürəndə, “Hərəkat”dan Larkin və Amisdən başqa qalıcı nəsə yaradan kimsə çıxmır.
Çağdaşı Ted Hyuzdan daha çox Beovulf-Şekspir-Milton-Vordsvord-Lourens həlqəsinin davamı olduğu kimi, Larkin də üzdən Hardiyə bənzəsə də, kökləri etibarilə Çoser-Conson-Drayden-Poup-Svift xəttinin davamçısıdır.
Larkinin şeirləri pessimistdir. Tənqidçi Terri Vhalen yazır ki, “Daha az aldanan” kitabı “Gənc bir xanımın foto-albomuna misralar” şeirilə açılır, “Aldanışlar”la inkişaf edir və “Təqaüdçülər”lə bitir. Kitabın bu ardıcılığı gəncliyin ümid dolu, enerjili çağından sonra gələn iztirab, xəyal qırıqlığı, ümidsizlik, sonda isə ölüm ərəfəsindəki ahıllığı əks etdirir. Sonrakı kitablarında da bu ardıcıllıq aydın görünür.
Tipik Larkin şeiri əldən çıxmış fürsətlər, yaşanmamış xoş günlər və yaşanıb natamam hesab edilən şəxsi təcrübələr haqqında olur. Amma bütün bu pessimizmin içində mütləq qəhqəhə, ironiya, gülüş var və bu ironiya, sarkazm, gülüş ömrün ötəriliyi, faniliyi haqqında yazılan gözəl şeirləri sıradan, adi olmaqdan çıxarır, onları çoxqatlı edir.
Kinqsli Amis 1976-cı ildə Larkini Londonda ziyarət edir və axşamüstü şam yeməyinə gedəndə taksidə soruşur ki, “Necə fikirləşirsən, Nobel üçün ümid var?”. Larkin cavab verir: “Yox, keçdi artıq. Mən də fikirləşirdim ki, onu mənim kimi heç nə yazmayan, heç nə etməyən, heç nə deməyən bir şair üçün saxlayırlar, yəqin. Amma görmədinmi, keçən il mükafatı heç nə yazmayan, heç nə etməyən italyanın birinə verdilər. Artıq mənə verməzlər.” O, bu sözlərlə 1975-ci ilin Nobel mükafatı laureatı, italyan şair Montaleni nəzərdə tuturdu.
Larkinin poeziyası bizim oxucuya tanış deyil. Amma ümid edirəm ki, onun yaradıcılığından seçib tərcümə etdiyim şeirlər ölkəmizdə çox da tanınmayan bu böyük şairlə, gecikmiş də olsa, tanışlıq üçün bir vəsilə rolu oynayacaq.
Pul
Pul ildə dörd-beş dəfə məni danlayır yaman:
– Məni boş-boş cibində nə üçün saxlayırsan?
Seksə, ya başqa şeyə qalmısansa tamarzı,
Götür bir-iki çek yaz, “olar” elə “olmaz”ı!
Baxıram ki, özgələr pulla necə davranır:
Aydındır, onlar pulu sandıqlarda saxlamır.
Çoxunun iki evi, maşını, arvadı var:
Həyat pula bağlıdır, aydın şeylərdi bunlar.
Çoxdur ortaq yönləri, bir az diqqət etsəniz:
Cavanlığı qocalığa ertələyə bilməzsiz.
Nə qədər atsanız da hər ay puldan qırağa,
Çatmayacaq yığdığınız üzünüzü qırxmağa.
Pulun mahnısına qulaq asıram. Qapının arasından
Baxıram, elə bil ki, bir əyalət kəndinə, aşağıda işaran:
Yoxsul yerlər, kanallar, bəzəkli kilsələrdə dəlilik
Axşam günəşinin altında yarı. Hüzünlü əbədilik.
Dünənki uşaq. (Sally Amis üçün) *
Qönçə,
mənim sənə arzulayacağım
başqalarının deyəcəklərindən fərqlidi,
gözəl olmaq,
ya da sevgi və məsumluq
bulağından qidalanmaqla bağlı
şablon şeylər deyil.
Hamı bunları deyəcək;
Eh, əgər gerçəkləşsə bunlar
deməli, şanslı qız imişsən.
Amma gerçəkləşməsə, onda
arzumdur ki, adi ol,
sənin də başqa qadınlar kimi
üç-dörd qabiliyyətin olsun,
nə çirkin ol, nə gözəl,
tarazlığını itirməyinə səbəb olacaq
fövqəladə cəhətlərin olmasın,
özü bir işə yaramadığı kimi
başqa şeyləri də
namümkün edəcək cəhətləri deyirəm.
Hətta məncə tamam quru adam ol,
əgər ustalıqla, həmişə ayıq olub,
lazımınca elastik olsan,
gözəbatmayan və heyranlıq hissi ilə
xoşbəxtliyi ələ keçirə bildin, bəlkə.
* Uşağı olmayan Larkinin bu şeiri, dostu Kingsley Amisin qızı üçün yazılıb.İngilis şeirində kökü Coleridge, Yeats kimi şairlərdən gələn, “yeni doğulmuş uşaqlar üçün arzular” ənənəsindən gələn şeirdir.
Yaşamağa davam etmək.
Yaşamağa davam etmək – yəni təkrar etmək
oturuşmuş vərdişlərimizi,
zəruri ehtiyaclarımıza görə –
Az qala həmişə nəsə itirmək,
ya da heç nəsiz getmək.
Gah elə, gah da belə.
Ömür – bu maraq, saç və təşəbbüs itkisi –
hə, oyun poker olsaydı,
vəziyyət başqa cür olardı,
bu kartları atıb,
əlimizi yaxşı qurmağı bacarardıq!
Amma ömür şahmatdı.
Və insan yol gedib
öz ağlının sərhədinə çatanda,
gördükləri
bir yükləmə siyahısı kimi
aydın olur.
dünyada bunlardan başqa
sayılmalı nə varsa,
mövcud olmur.
Əlimizə keçən nədir?
Az qala, zaman keçdikcə,
bütün davranışlarımızdakı
kor izi görmək,
izləyə bilmək onu geriyə – mənbəyinəcən,
Amma bu fikrə gəlmək,
o yaşıl axşamda,
ölümümüz başlayanda,
baş verəndə bu,
biz çətin razı düşək,
bilə-bilə ki,
bir dəfə gəlir bu hər kəsin başına,
hamı tək olur öləndə, tək.
sim-sim.az